Saymon Rayt: “Azərbaycan yeni inkişaf səviyyəsinə yüksəlib”
Tarix: 12.03.2014 | Saat: 22:47:00 | E-mail | Çapa göndər


Bakıda “2020 və sonrakı illər: iqtisadi inkişafın sürətləndirilməsi” mövzusunda Azərbaycan İnvestisiya Sammiti keçirilib. Respublikamızın perspektivdəki iqtisadi inkişafı üçün imkanların müzakirə edilməsi məqsədilə Azərbaycan İnvestisiya Sammitində bir çox ölkədən təşrif buyurmuş təşkilatların rəhbərləri, sərmayəçilər, iqtisadi siyasətin həyata keçirilməsinə cavabdeh olan şəxslər və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Sammiti açan “The Economist” jurnalının sənaye sektoru üzrə redaktoru Saymon Rayt Azərbaycanın son illərdəki uğurlu inkişafından və perspektivlərdən danışıb. O qeyd edib ki, böyük neft-qaz ehtiyatlarına malik olan Azərbaycanın əldə etdiyi mənfəət respublika iqtisadiyyatında ikirəqəmli artıma səbəb olaraq ölkəni yeni inkişaf səviyyəsinə yüksəldib. Neft hasilatı sabit səviyyədə qaldığı üçün Azərbaycan iqtisadiyyatını şaxələndirməyə üstünlük verir.

Turizmdən əldə edilən gəlirlər 56 faiz artıb
Sammitdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Azərbaycanda turizm sektoru sürətlə inkişaf edib. Son illər turizm sektorunda çalışanların sayı iki dəfə artıb. Nazir qeyd edib ki, son 10 ildə dünyada turizmdən əldə edilən gəlirlər 10-13 faiz, Azərbaycanda isə 56 faiz artıb: “Azərbaycanda yol və digər infrastrukturun inkişafı turizmin inkişafına yol açıb. Azərbaycanda Turizm İnstitutu da var. Bu institutda tələbələr iki diplom alırlar. Avstriya Turizm İnstitutunun proqramına əsasən hər il orada bizim üçün 30-40 məzun hazırlanır və Avstriyanın Turizm İnstitutunun diplomunu alırlar”. Ə. Qarayev Azərbaycanda bir çox mədəniyyət tədbirlərinin keçirildiyini qeyd edib: “Bəzən bizə deyirlər ki, siz çox gözəl ölkəsiniz, niyə bunu dünyaya tam çatdıra bilmirsiniz? Biz Azərbaycanı dünyaya tanıtmaq üçün müxtəlif texnologiyalardan istifadə edirik, ancaq dünyada 7 milyard insanın hamısına bu məlumatları çatdıra bilmərik. Şəxslər arasında əlaqələr çox vacibdir. Digər tərəfdən, Azərbaycan müharibə vəziyyətində olan ölkədir. Azərbaycana gələn insanlar ilk vaxtlar qorxurdular ki, bu ölkə müharibə vəziyyətindədir. Ancaq gəlib ölkəmizi gördükdən sonra bu qorxular aradan qalxmağa başladı. Azərbaycan artıq BMT Təhlükəsizlik Şurasının üzvüdür. Elə bir ölkəyik ki, bütün ölkələrin insanları burada yaxşı münasibətlə qarşılaşırlar”.

“15-20 il əvvəl Azərbaycandan gedən mütəxəssisləri ölkəyə qaytarmaq istəyirik”

Xarici işlər nazirinin müavini Hafiz Paşayev isə çıxışında bidirib ki, Azərbaycanda məktəblərin maliyyə strategiyası dəyişməli, bu məqsəd üçün fərqli maliyyə mənbələri təklif olunmalıdır. Onun sözlərinə görə, məktəblərdə kurrikulumların təkmilləşdirilməsi davam etməli və araşdırma fondları yaradılmalıdır: “Belə olan halda təhsil əlçatar olacaq. Bundan Azərbaycan universitetləri yararlanmalıdır. Bunlar Azərbaycan təhsil sistemini daha da genişləndirəcək”.
H.Paşayev onu da bildirib ki, 15-20 il əvvəl Azərbaycandan gedən mütəxəssisləri ölkəyə qaytarmaq istəyirik: “ Xaricdən istedadlı mütəxəssisləri Azərbaycana dəvət etmək çox asandır, ödəniş edirsən, Azərbaycan Diplomatik Akademiyasına gəlirlər”. H.Paşayev 100 il əvvəl Azərbaycanda universitet qurulduğunu, Rusiyadan Razumovskinin rektor kimi dəvət edildiyini xatırladıb: “Bu universitet Landau kimi professorlar yetişdirib. Sonra sovet sistemi gəldi, yüksək olan savadsızlıq səviyyəsinin aradan qaldırılması üçün işlər görüldü. Sovetlər dağılanda isə ən yaxşı mütəxəssislər xaricə axışdı. İndi biz təhsilin yenidən qurulması üçün xaricdən yüksək savadlı mütəxəssislər dəvət edirik. Biz dünyanın ən qabaqcıl təcrübəsini öyrənməyə çalışırıq. Ən çətin iş odur ki, 15-20 il əvvəl Azərbaycandan gedən mütəxəssisləri ölkəyə qaytarmaq istəyirik və bunu edirik. Artıq 15 alimi geri gətirmişik və onlar bizim fakültələrdə əsas kadrlardır. Yeni iş başlayanda inqilab etməyə çalışırıq”.

Azərbaycan İraq və Türkmənistan qazını da Avropaya çıxara bilər

Sammitdə çıxış edən «BP-Azerbaijan» şirkətinin təhlükəsizlik üzrə vitse-prezidenti Hüseyn Məmmədov bildirib ki, bu il BP Azərbaycan və regionda fəaliyyətə başlamasının 20 illiyini qeyd edəcək. Onun sözlərinə görə, 20 il bir ölkədə olmaq, bu ölkənin həmin şirkətə inamı və etibarının göstəricisidir. «BP-Azerbaijan» Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) tərəfdaşıdır və bundan sonra da bütün sahələrdə Azərbaycan dövlətinin yanında olmaq və onun tərəfdaş olduğu layihələrə dəstək verməyə hazırdır: «BP bundan sonra 25 il də Azərbaycanda olacaq. Bura «Şahdəniz» yatağının işlənilməsi aiddir». H.Məmmədov qeyd edib ki, Cənub Dəhlizi qaz layihəsi üzrə 45 min insan işə götürülüb və bu rəqəm 150 min yeni iş yerinin yaradılmasına imkan verəcək: «Bu layihədən ölkə iqtisadiyyatına böyük investisiyalar cəlb olunacaq». H.Məmmədov deyib ki, Azərbaycan İraq qazını da öz boru xətlərinə qoşmağa hazırdır. Bunun üçün bütün infrastruktur hazırdır: «Biz təkcə İraq qazı deyil, həmçinin Türkmənistan qazının ixrac həcmini artırmaq niyyətindəyik».

Bu il yeni neft-qaz quyuları qazılacaq

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidentinin müavini Vitali Bəylərbəyov çıxışında bildirib ki, Azərbaycanda ÜDM-in 40%-i neft sektorunun payına düşür, halbuki əvvəllər rəqəm 66% olub. Onun sözlərinə görə, bu il Azərbaycan yeni quyuların qazılmasını həyata keçirəcək: «Həmçinin, köhnə quyular təmir ediləcək. «Abşeron» yatağında intensiv işlər aparılır. Bu yataq böyük həcmdə qaz verəcək və ölkə iqtisadiyyatına böyük həcmdə investisiya gətirəcək».
V. Bəylərbəyov deyib ki, ARDNŞ hazırda «Ümid» yatağında kondensat hasil edir: «Bu yataq da inkişaf etdiriləcək. Gələcəkdə bu və digər yataqlardan da hasil olunan qaz BTC-yə vurulacaq. Bu resurslar 2020-ci ildən sonra istifadə oluna bilər. Bu da ölkənin neft-qaz sektorunu daha da inkişaf etdirəcək». ARDNŞ rəsmisi deyib ki, bu gün Xəzər dənizindəki bir çox yataqlar 1950-ci ildən istifadə olunur: «Gələcəkdə «Kəpəz» yatağı da orada olan problemlər həll edildikdən sonra istifadəyə veriləcək. Ancaq hələ orada heç bir iş aparılmır».

“Peşə təhsili Azərbaycanda çox vacibdir”

Təhsil naziri Mikayıl Cabbarov çıxışında bir sıra məqamlara toxunub. O, bildirib ki, təhsil sahəsindəki islahatların sürəti sistemin dəyişikliyə hazırlığından asılıdır: “ Bəzən çox sürətlə inkişaf etmək yavaş inkişaf etməkdən təhlükəli olur. Bunu nəzərə almalıyıq”. M. Cabbarov deyib ki, əsas məsələ təhsillə həyatda uğur arasındakı əlaqənin təmin olunmasıdır: “İnsanlar həyatda uğur qazanmaqda təhsil almağın əsas şərt olduğunu görəndə inkişaf geri dönməz olacaq”. Təhsil naziri peşə təhsilindən də danışıb: “Peşə təhsili Azərbaycanda çox vacibdir. Hazırda Azərbaycan iqtisadiyyatının peşə təhsili olan kadrlara ehtiyacı var. Almaniya və İsveçrənin peşə təhsili modellərindən istifadə etməyi düşünürük. Ən vacib məsələ məzmundur. Bütün imkanları bir səbətə qoymuruq, bu üsulların özünü necə göstərdiyinə baxmaq istəyirik. Necə olursa olsun, peşə təhsili bizim üçün ən vacib prioritetlərdən biridir”. M. Cabbarov ali təhsil sahəsində xaricdəki nüfuzlu ali məktəblərlə əməkdaşlığın da vacib olduğunu vurğulayıb: “Məsələn, Azərbaycan Diplomatik Akademiyası nüfuzlu ali məktəblərdən biri ilə əməkdaşlıq edir”.
Nazir bildirib ki, təhsil sektoru ilə biznes sektoru arasında boşluq var: “Bu boşluq aradan götürülməlidir, ancaq dilemma qarşısındayıq. Bir çox məzunlar üçün iş yerləri mövcud deyil. Əsas məsələ odur ki, biz bunu necə edə bilərik. Burada çeviklik əsasdır. Minlərlə azərbaycanlı tələbə xaricdə təhsil alır, onlardan yüzlərlə kadr Azərbaycana dönür, iqtisadiyyat və digər sahələrdə işləməyə başlayırlar. Neft Fondu təhsil sahəsində görülən işlərə dəstək verir. Bəs sonra necə olacaq? Xaricdən yüksək səviyyəli kadrlar dəvət olunur ki, Azərbaycanda kadrlar yetişsin. Biz nəyisə dəyişdiririksə, bunun hansısa nazirdən asılı olmadığına əmin olmalıyıq. Biz hər şeydə davamlılığı əsas götürməli, kiminsə edəcəyinə arxayın olmamalıyıq. Biz böyük şirkətlərin imkanlarından yararlanırıq. Kadr sahəsində problemlərin tam olaraq neçə il sonra aradan qaldırılacağını isə söyləyə bilmərəm”.
Nazir deyib ki, təhsil sahəsində qarşılaşdığımız əsas çətinlik təhsil sistemi və strukturunun sovetlər dönəminin ehtiyacları üçün nəzərdə tutulmasıdır: “Təhsil sahəsinə yeni baxış, müstəqil Azərbaycanın məqsəd və ehtiyacların müəyyənləşdirilməsi lazım idi. İlk növbədə insan kapitalını nəzərə almalıyıq. Biz bir çox problemlə qarşılaşırıq, bunlar Təhsil Strategiyasında da yer alıb. İnkişaf üçün təhsilin məzmunu, təhsil sisteminin idarə edilməsi, müəllimlər, maliyyə qaynaqları, resurslar vacibdir. Bu sahələrdə bir çox iş görülüb. Son 10 ildə məktəblərin 60 faizi tam təmir edilib”. M. Cabbarov təhsilin iş bazarını kadrlarla təmin etməli olduğunu da qeyd edib.
Nazir onu da qeyd edib ki, dövlət başçısının bütün çıxışlarında vurğulandığı kimi, ümummilli maraqlara zidd olan ən birinci mövzulardan biri də korrupsiya hallarıdır. Nazirin sözlərinə görə, təhsil sistemində təhsilalanlar və təhsilverənlər arasında münasibətin, ümumiyyətlə təhsil ab-havasının paklığı xüsusilə ona görə mühümdür ki, təhsil sistemində şəxsiyyət formalaşır: “Statistikaya diqqət yetirsək və təhsil alanların mütləq əksəriyyətinin gənc və yeniyetmələr olduğuna nəzərə alsaq, onların şəxsiyyət və vətəndaş mövqeyinin formalaşmasında təhsilin rolu əvəzsizdir. Bu prizmadan da biz təhsil sistemində şəffaf və münbit ab-havanı təmin etməliyik. Düzdür, ağrılı bir proses olacaq, müəyyən müqavimətlə rastlaşacağıq. Bu məlumdur, amma biz bunu edəcəyik. Korrupsiya ilə mübarizə istiqamətində işlər davam etdiriləcək. Bizim tədbirlərimiz yalnız korrupsiya hallarına reaksiya ilə məhdudlaşmaqdan ibarət deyil, həmçinin bu işlər sistemli şəkildə elə qurulmalıdır ki, korrupsiya üçün məkanı mümkün qədər daraltsın. Məqsəd inzibatçılıqda asılılıq, qeyri-şəffaflıq məsələsi, qərarın şəffaf müəyyən olunmuş amildən deyil, bir şəxsin istəyindən asılılığı kimi meyarları sistemli şəkildə aradan qaldırmaqdır”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info