“İdman və bilik yarışında Ukrayna çempionu olmuşam”
Tarix: 14.03.2014 | Saat: 19:18:00 | E-mail | Çapa göndər


Aysel Nağıyeva: “Mən və ailəm Azərbaycanla sanki “qırmızı iplə” sıx bağlıyıq”

“Palitra” oxucuları xaricdə yaşayan, təhsil alan, istedadlı, bacarıqlı, savadlı və aktiv gənclərlə tanış etməkdə davam edir. Budəfəki müsahibimiz Ukraynada yaşayan fəal gənclərdən olan Aysel Nağıyevadır. Bu aktiv gənclə olan maraqlı müsahibəni oxuculara təqdim edirik.
- Aysel xanım, özünüz və fəaliyyətiniz barədə məlumat verərdiniz.
- Mən Nağıyeva Aysel Ramiz qızı, 17 iyul 1990-cı ildə Ukraynanın ən gənc şəhərində – Slavutiçdə anadan olmuşam. Məktəb illərim Slavutiç Şəhər Şurasının himayədarlığında olan 1 nömrəli liseydə keçib. Liseyi bitirdikdən sonra Kiyev şəhərində Milli Aviasiya Universitetinə qəbul oldum. İdarəetmə və logistika fakültəsində iqtisadiyyatın idarəolunması ixtisasını qırmızı diplomla bitirdim. 2012-ci ildə "Ən yeni intellekt-Ukrayna 3000" Ümumukrayna müsabiqəsində 1-ci yeri tutdum. Bununla əlaqədar, Kiyev vilayət dövlət administrasiyasının qərarı ilə Yekaterina Yuşşenko Fondunun diplomuna layiq görüldüm. 13 il gimnastika ilə məşğul olmuşam və tramplində tullanmaya həvəsli olmuşam. 2009-cu ildə tramplində sinxron tullanmalar üzrə Ukraynanın çempionu oldum. Tələbəlik illərində KVN-nin və Ukraynada ən baxımlı “1+1” kanalındakı "Aparıcını döy" tele-şou layihəsinin iştirakçısı olmuşam. Kiyevə köçməyimin əsas meyarı Ukraynada Azərbaycan gənclərinin təşəbbüslü ideyalarının əsas mühərrik mərkəzinə çevrilən Ukrayna Azərbaycanlıları Gənclər Birliyi (UAGB) olub. 2012-ci ildə “İRƏLİ” İctimai Birliyinin təşkilatının keçirdiyi "Sığortalanmış gənclər" qış oyunlarının iştirakçısı olmaq da mənə nəsib olub.
- Ukraynada doğulub, orada boya-başa çatsanız da, doğma dilinizi unutmamısınız. Bu, yəqin ki, ailənizin Vətənə bağlı olmasından irəli gəlir?
- Tale elə gətirib ki, valideynlərim yaranmış ailə vəziyyətinə görə Ukraynaya gəliblər və sonradan da burada yaşamağa başlayıblar.
Bəli, mən Ukraynada doğulmuşam və bu ölkə ilə məni çox şeylər bağlayır: ailəm, məktəb və tələbəlik həyatım, idman, yaxın dostlarım. Amma dostlarım barəsində sonra danışacağam. Elə alındı ki, bu gün öz yolumu Azərbaycanda deyil, Ukraynada qururam, amma bu mənə öz tarixi Vətənim olan Azərbaycanı unutmağım üçün heç bir əsas vermir. Uşaqlıqdan hər il səbirsizliklə 21 martı gözləyirəm. Həmin gün tanıdığımız bütün azərbaycanlılarla evimizdə toplaşır və paxlava, plov və rəqslərlə milli bayramımız olan Novruzu qeyd edirik. Mən və ailəm Azərbaycanla sanki “qırmızı iplə” sıx bağlıyıq. Qohumlarımızın hamısı Ukraynadan uzaqda yaşayır və bu da bəzən mənim və valideynlərim üçün mənəvi cəhətdən müəyyən dərəcədə ağırdır. Amma xoşbəxtlikdən texnika sürətlə inkişaf edir və “Skype” bizə Bakıda və onun hüdudlarından kənarda yaşayan qohum və yaxınlarımız üçün darıxmağa imkan vermir. Mən qürurla özümü xoşbəxt insan adlandırıram, çünki mənim kiçik, amma nail olmaq istədiyim, bəzilərinə isə nail olduğum şəxsi müvəffəqiyyətlərimi paylaşa bildiyim insanlar var. Bu, mənim ailəm və bu yaxınlarda dostlaşdığım, amma artıq həyatımın bir hissəsi olan dostlarımdır.
- Bəs, xaricdə yaşayan soydaşlarımızın bəzilərinin öz dilini unutmasına münasibətiniz necədir?
- Ukraynada həqiqətən də, elə ailələr və gənc insanlar var ki, müəyyən səbəblərə görə Azərbaycanla olan əlaqələrini itiriblər və bu da onların öz doğma dillərini unutmaları üçün əsas səbəblərdən biri olub. Hazırda, Ukraynadakı Azərbaycan Gənclərinin Birliyi çərçivəsində (UAGB) Azərbaycan dilini tədris edən dil kursları var və biz də öz həmvətənlərimizi öz əhatəmizə qəbul etməyə və onlara unutduqları Azərbaycan dilini xatırlamağa və ya sıfırdan öyrənməyə yardım göstərməyə hazırıq.
- Bir qədər də son günlər dünyanın diqqət mərkəzində olan Ukrayna haqda danışardınız.
- Qeyd etdiyim kimi, Ukrayna həyatımda xüsusi yer tutur. Xoşbəxtlikdən 23 yaşıma kimi mən tənhalıq hissini heç vaxt hiss etməmişəm. Çünki bu ölkədə xeyirxah və açıq qəlbli insanlar yaşayır. Ukraynalılar azərbaycanlılara və Azərbaycana bütünlüklə həssaslıqla yanaşırlar. Buna səbəb isə azərbaycanlıların qonaqpərvərliyi və qonaqları qarşılayarkən üzümüzdə olan təbəssümdür. Və bu qonaqpərvərlik qonaqlara armudu stəkanda çay və nəlbəkidə mürəbbə aparmağımızda da əks olunur. Qısası, oxşar cəhətlərimiz çoxdur deyə inanın ki, sadalamaqla bitməz.
- Ukraynanın təhsil sistemi sizi qane etdimi?
- Mən Ukraynada 2 ali təhsil almışam və hazırda aspirantam. Bir dəfə də olsun ali təhsil sistemi seçimim barəsində təəssüflənməmişəm. Ukrayna diplomunu almağımın səbəblərindən biri də Avropa təhsil standartlarına müvafiq olan bir sıra amillərdir, məhz bütün dünyada diplomun tanınması, təhsildə praktik nöqteyi-nəzərlərin vurğulanması, həmçinin bütün dünyada yaxşı iş perspektivlərinin olmasıdır. Buna görə də, əgər Ukraynada da keyfiyyətli təhsil ala bilərəmsə, nəyə görə oxumaq üçün xaricə gedim. Günümüzdə Ukraynanın Taras Şevçenko adına KNU, XTU, KPİ kimi ali təhsil müəssisələri Avropanın ən yaxşı təhsil müəssisələri siyahısına daxildirlər.
- İxtisasınız iqtisadiyyatın idarəolunmasıdır. Azərbaycanda iqtisadi durum bəllidir. Gələcəyin iqtisadçısı kimi Ukrayna iqtisadiyyatını necə dəyərləndirərdiniz?
- Gənc iqtisadçı kimi gurultulu bəyanatlar və müqayisəli analizlər verməyəcəyəm, çünki bu, düzgün deyil. Yalnız onu qeyd edəcəyəm ki, hər bir inkişaf edən ölkənin iqtisadiyyatının həm yüksəlişi, həm də enişi olur. Bu tendensiyanı ölkənin inkişafının sağlam gedişi hesab edirəm. Əgər Ukraynanı bütövlükdə Avropa ölkələri ilə müqayisə etsək, o zaman cəsarətlə deyə bilərəm ki, Ukrayna nəyə müvəffəq olmaq istədiyini bilir və o, bunu kiçik, amma müvəffəqiyyətli addımlarla edir.
- İctimai işlərdə necə, daim aktiv olursunuzmu?
- Hazırda ictimai işlər həyatımın bir hissəsini tutur. Ukraynada Azərbaycan Gəncləri Birliyi (UAGB) ictimai təşkilatındakı işim buna sübutdur. Təşkilatımız tərəfindən Ukrayna cəmiyyətini zəngin Azərbaycan mədəniyyəti və ənənələri ilə tanış edən müxtəlif tədbirlər aparılır. UAGB Dağlıq Qarabağ münaqişəsi reallığına həsr olunmuş tədbirlərə xüsusi diqqət yetirir. Odessada keçirilən UAGB 3-cü Ümumukrayna Forumu haqqında xatirələr hələ də təzədir. Təşkilatımızın işinin hərtərəfliliyi özünü müxtəlif növ tədbirlərin, o cümlədən xeyriyyə aksiyalarının, sərgilərin təşkilinin, tibbi və hüquqi seminarların aparılmasında göstərir. UAGB-nin nailiyyətlərindən biri də odur ki, mövcud olduğumuz 3 il ərzində həm Ukrayna, həm də Azərbaycan ictimaiyyətinin hörmət və rəğbətini qazanmışıq. Mənim üçün ən böyük nailiyyət UAGB-ni İRƏLİ “Sığortalı gənclik” qış universitetində, həmçinin Beynəlxalq ekologiya forumunda təmsil etməyimdir.
- İdmana da böyük marağınız olub. Hətta tramplindən tullanma üzrə Ukrayna çempionu da olmusunuz. Bu maraq haradan yaranıb sizdə?
- İdmana olan marağımı oyadan əsas insan atamdır. İdman həyatım bədii gimnastika ilə başladı, idman akrobatikası ilə davam etdi və batut üzərində tullanmalarla qurtardı. İlk vaxtlar idman valideynlərim üçün enerjimi səmərəli şəkildə sərf edə biləcəyim bir yer idi, amma sonradan bütün bunlar şəxsi nailiyyətlər əldə etdiyim böyük idmana keçdi. Əsas müvəffəqiyyətə batut üzərində tullanmalarla nail oldum. 2005-ci ildə mən Kiyev vilayətinin çempionu oldum, bundan sonra məni Kiyev və Kiyev vilayətinin komanda yığmasına qəbul etdilər. 2007-ci ildə mən sinxron tullanmalar sahəsində Ukrayna çempionu oldum və bununla da Ukrayna yığmasının ehtiyatda olan idmançılar siyahısına düşdüm. 2007-ci il mənim üçün adi il olmadı, çünki məhz bu ildə mən universitetə daxil olmalı idim və buna görə də idmanı buraxmalı oldum, amma bu, mənə idmanı unutmağa mane olmadı. Amma idman həyatımı idmançı kimi deyil, məktəbəqədər yaşlı uşaqların məşqçisi kimi davam etdirdim.
- Ukrayna çoxmillətli ölkədir. Belə bir ölkədə millətimiz düzgün istiqamətdə təbliğ edib tanıtmaq və ya Qarabağ problemini cəmiyyətə çatdırmaq üçün hansı tədbirlər görülməlidir? Aktiv gənc kimi nələri təklif edərdiniz?
- Bəli, şübhəsiz, Ukraynanı çoxmillətli ölkə kimi misal göstərmək olar. Xoşbəxtlikdən Ukrayna digər milli azlıqların nümayəndələrinə sülhpərvərliklə, rəğbətlə və tolerantlıqla davranan postsovet ölkələrindən biridir. Buna görə mənə - fəal şəkildə ictimai işlərə cəlb edilən Azərbaycan gənclərinin nümayəndəsinə UAGB qismində koloritli və zəngin mədəniyyətimizin bütün gözəlliklərini Ukrayna cəmiyyətinə heç bir çətinlik olmadan çatdırmağımız faktı yaxşı təsir buraxır. Bütün bunlar UAGB-nin çoxsaylı layihələrində də öz əksini tapırlar. Məsələn, biz, müxtəlif növ sərgilər, mədəniyyət gecələri, gənc Ukrayna nəslinin nümayəndələrinin, Ukrayna ziyalılarının, həmçinin Ukraynanın ATM professorlarının iştirak etdiyi seminarlar keçiririk. Elə şeylər var ki, hər bir azərbaycanlı yaşadığı yerdən asılı olmayaraq xatırlamalı və keçmiş hadisələrin gerçəkliyini çatdırmalıdır. Şübhəsiz ki, bu, hamının haqqında danışmağı vacib bildiyi Dağlıq Qarabağ münaqişəsidir. UAGB “Xocalı üçün ədalət” kampaniyası çərçivəsində hər il Xocalı genosidi ilə bağlı Ukraynanın müxtəlif şəhər və vilayətlərində bir sıra etiraz aksiyaları keçirir. “Xocalı ayı” çərçivəsində qanvermə aksiyaları, həmçinin Dağlıq Qarabağ münaqişəsinin gerçəkliyinin çatdırılmasında əsas təkanverici qüvvə olan müxtəlif növ tədbirlər keçirilir.
- Aktiv idmanla məşğul olmuş xanım kimi Azərbaycanda keçiriləcək Avropa Olimpiya Oyunları barədə nə düşünürsünüz? Ümumiyyətlə, ölkəmizin uğurları bizi beynəlxalq tədbirlərin mərkəzinə çevirirmi?
- Bu gün Azərbaycan öz regionunda və bütün postsovet məkanında iqtisadiyyat nöqteyi-nəzərindən sürətlə və dinamik inkişaf edən ölkələrdən birinə çevrilib. Hər il o, öz vətəndaşlarının və qonaq gəlmiş turistlərin gözünün önündə başqa şəkildə görünür. Biz həm mədəniyyət sahəsində, həm də ölkənin idman həyatında aparıcı Avropa müsabiqələrini qəbul edirik. Bütün dünyanın gözlədiyi növbəti hadisə 2015-ci ildə Bakı şəhərində keçiriləcək ilk Avropa Olimpiya Oyunlarının yaxınlaşmasıdır. Bakının seçilməsi təsadüfdən yaranmadı. Təhsilli olduğuma görə onu deyə bilərəm ki, Azərbaycanda Prezidentin rəhbərliyi altında ölkənin inkişafı üçün vacib olan islahatlar aparılır ki, bu da onu yeni səviyyəyə çıxarır. 2012-ci ildə Azərbaycan iqtisadi yüksəlişinə görə MDB ölkələri arasında liderlik edib. Buna Avropa və dünya ekspertlərinin Azərbaycanın hər il yüksəldiyini göstərən çoxsaylı müqayisə cədvəlləri sübutdur. Tendensiya göstərir ki, adambaşına düşən həm ÜDM, həm də milli gəlirin adambaşına düşən həcmi artır, buna görə də bu, ölkənin inkişafını göstərən yaxşı göstəricidir. Günümüzdə Azərbaycan, xarici investisiyalara ehtiyacı olan ölkədən öz regionunda və onun hüdudlarından kənarda böyük investisiyalar qoyan dövlətə çevrilib.
- Bugünkü Azərbaycan gəncliyini necə xarakterizə edərdiniz?
- Müxtəlif tədbirlərdə fəal iştirak edərək qürurla deyə bilərəm ki, bugünkü gəncliyin düzgün və səmərəli yolla irəliləyən məqsədi var. Qeyd etmək lazımdır ki, stimul olduqda nəticə də olur. Azərbaycan hökuməti forumlar keçirərək gəncliyə lazımi diqqət yetirir. ASAİF-in forumları buna parlaq misaldır. Şəxsi ideyalarının həyata keçirilməsi üçün gənclərə çoxsaylı qrantlar ayrılır. Bugünkü gəncliyimiz ictimai işlərdəki fəallığı, ideyalarının kreativliyi və işdəki təşəbbüskarlıqları ilə fərqlənir.
- Xaricdə, xüsusən də Ukraynada təhsil almaq istəyən gənclərimizə hansı məsləhət və tövsiyələriniz olar?
- Gördüyümüz kimi, Ukraynanın təhsil müəssisələrində xarici tələbələrin sayı ildən-ilə artır. Fikrimcə, Ukraynadakı ali təhsil sistemi yaxşı inkişaf edib və çoxsaylı təhsil müəssisələri ilə təmsil olunub. Ukraynadakı ali təhsil strukturu dünyanın əksər inkişaf etmiş ölkələrinin təhsil strukturuna müvafiqdir. Ukrayna təhsili bütün dünyada qəbul edilib və qiymətləndirilir və o, inkişaf üçün çevik və açıqdır. Ukrayna bir çox cəhətdən cəlbedici ölkədir. Bura istirahət etmək, tarixi və maraqlı yerlərə ekskursiya etmək, kurortlarda müalicə olunmaq üçün gəlirlər. Ukraynaya yaşamaq və oxumaq üçün gəlirlər. Bu ölkədəki həyat və təhsil yüksək keyfiyyətli olmasına baxmayaraq bahalı deyil. Buna görə də, mənim şəxsi məsləhətim belədir - xaricdə keyfiyyətli və əlverişli təhsil almaq istəyənlərə cəsarətlə Ukraynada təhsil almalarını məsləhət görə bilərəm.
- Gələcək planlarınız barədə də söz açardınız...
- Böyük planlarım yoxdur, amma can atmaq üçün həmişə bir məqsədim var. Yaxın vaxtlarda ictimai işlərimi davam etdirməyi planlaşdırıram, sonra isə həyat nə göstərərsə, o da olacaq.
Tural Tağıyev














 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info