Naxçıvan tarixinə dair ilk ümumiləşdirici əsər
Tarix: 14.03.2014 | Saat: 23:56:00 | E-mail | Çapa göndər


Azərbaycan öz müstəqilliyini bərpa etdikdən, xüsusilə 1996-cı ildə keçirilən “Uluslararası qaynaqlarda Naxçıvan” beynəlxalq simpoziumundan sonra Naxçıvan tarixinin öyrənilməsi sistemli xarakter almış, müstəqilliyin verdiyi imkanlardan istifadə edərək Naxçıvan tarixinin müxtəlif dövr və problemlərinə dair geniş tədqiqat işləri aparılmışdır.
Yüksək dövlət qayğısı ilə əhatə olunmuş naxçıvanlı alimlər bölgə tarixinin tədqiqi ilə əlaqədar müəyyən uğurlar qazanmışlar. Bu işdə dövlət tapşırıqları, xüsusilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun imzaladığı sərəncamlar istiqamətverici dövlət sənədləri kimi çox mühüm əhəmiyyət kəsb etmişdir. Alimlərimiz tərəfindən Ordubad rayonundakı Gəmiqaya abidəsi ətraflı tədqiq olunmuş, bununla əlaqədar çoxlu kitablar, monoqrafiyalar, məqalələr yazılmış, muxtar respublika ərazisindəki tarix-mədəniyyət abidələri pasportlaşdırılmış (1202 ədəd), bu abidələr əsasında Azərbaycan və ingilis dillərində “Naxçıvan abidələri ensiklopediyası” hazırlanmış, Naxçıvan bölgəsinin tarixi coğrafiyasını, qədim zamanlardan Azərbaycan ərazisi olduğunu aydın şəkildə əks etdirən “Naxçıvan tarixi atlası”, Azərbaycan və ingilis dillərində “Naxçıvan: tarixi və abidələri” və s. sanballı nəşrlər elmi ictimaiyyətin ixtiyarına verilmişdir. Naxçıvanın tarixi, arxeologiyası, etnoqrafiyası, epiqrafikası, numizmatikası və s. ilə əlaqədar elmlər doktoru və fəlsəfə doktoru dissertasiyaları müdafiə olunmuş, çoxlu sayda monoqrafiyalar, kitablar və məqalələr nəşr etdirilmişdir.
Tarix və mədəniyyətimizə hörmət və ehtiramla yanaşan, bu sahəyə daim diqqət və qayğı göstərən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutuna əlavə vəsaitlər ayrılması nəticəsində bütün Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında aparılan arxeoloji tədqiqatlar geniş miqyas almışdır. Artıq bir neçə ildir ki, bölgədə yerli tədqiqatçıların iştirakı ilə 10-a yaxın arxeoloji ekspedisiya, o cümlədən ABŞ və Fransa arxeoloqlarının iştirakı iki beynəlxalq ekspedisiya tədqiqatlar aparır. Ali Məclis Sədrinin dəstəyi ilə 2013-cü ildən isə AMEA Naxçıvan Bölməsinin arxeoloji ekspedisiyası fəaliyyətə başlamışdır. Aparılan son tədqiqatlar sübut etmişdir ki, Naxçıvanda insanlar ən qədim zamanlardan - Ovçular təpəsində 500-300 min il, Qazma mağarasında 120 min il bundan əvvəl yaşamış, bölgə ilkin şəhər mədəniyyətinin yarandığı ərazilərdən biri olmuş, əsası bir yaşayış məskəni kimi daha əvvəllər qoyulmuş Naxçıvan 5000 il bundan əvvəl şəhər kimi formalaşmağa başlamışdır. Yüksək inkişaf yolu keçən Naxçıvan bölgəsi “Eneolit mədəniyyəti”nin, “Kür-Araz mədəniyyəti”nin və “Boyalı qablar mədəniyyəti”nin yarandığı mərkəzə çevrilmişdir. Naxçıvanın orta əsrlər, yeni və ən yeni dövr tarixinə aid də geniş tədqiqatlar aparılmış, uğurlu nəticələr əldə olunmuşdur.
Tariximizin müxtəlif problemləri ilə əlaqədar Naxçıvan şəhərində keçirilən Respublika və Beynəlxalq miqyaslı yığıncaqlarda Naxçıvan tarixi ilə əlaqədar çoxlu sayda məruzələr dinlənilərək müzakirə olunmuş, əldə olunan nəticələr təhlil edilmiş, bundan sonra qarşıda duran vəzifələr müəyyənləşdirilmiş, həmin elmi məclislərin materialları ayrıca kitab şəklində nəşr olunmuşdur.
Ancaq bütün bu əsərlər Azərbaycan tarixinin tərkib hissəsi kimi Naxçıvan tarixinin ayrı-ayrı problemlərinə həsr olunmuşlar və bütövlükdə bölgə tarixi haqqında ümumi təsəvvür yarada bilmirlər. Təəssüflə qeyd etmək istərdik ki, indiyədək Naxçıvan tarixinin bütün dövrlərini və problemlərini özündə əks etdirən akademik nəşr işıq üzü görməmişdir. Muxtar respublikanın hərtərəfli inkişafı, həmçinin Dağlıq Qarabağ problemi ilə əlaqədar yaranmış şərait belə bir əsərin nəşr olunmasını aktual bir məsələ kimi qarşıya qoyur. Ermənilərin Naxçıvan bölgəsinə ərazi iddialarının gücləndiyi hazırkı dövrdə bölgə tarixi ilə bağlı erməni alimlərinin beynəlxalq elmi ictimaiyyəti saxtakarlıqla dolu kitab və məqalələri, yalan informasiyaları ilə aldatmaları məsələnin aktuallığını daha da artırır. Ona görə də Naxçıvan tarixi ilə əlaqədar aparılan bütün tədqiqatların sistemləşdirilməsi və onun obyektiv şəkildə xalqa, beynəlxalq ictimaiyyətə çatdırılması üçün sanballı ümumiləşdirici əsərin yaradılmasına böyük ehtiyac var idi.
Məhz bütün bunları, xüsusilə muxtar respublikada yaradılan zəngin elmi- tədqiqat bazasının və kadr potensialının belə bir əsərin hazırlanmasına və nəşrinə imkan verməsini nəzərə alaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 06 avqust 2012-ci ildə “Naxçıvan tarixi” çoxcildliyinin hazırlanması və nəşr olunması barədə” sərəncam imzalamışdır. Çox mühüm dövlət sənədi olan sərəncamda 2012-2015-ci illərdə “Naxçıvan tarixi” çoxcildliyinin hazırlanması və nəşr edilməsi nəzərdə tutulmuş və bu işin həyata keçirilməsi AMEA Naxçıvan Bölməsi və Naxçıvan Dövlət Universitetinə tapşırılmışdır. Sərəncamın imzalanması ilə Naxçıvan tarixinin öyrənilməsi istiqamətində yeni, məsul bir mərhələnin başlanmasına start verilmişdir. Sərəncamın kütləvi informasiya vasitələrində elan olunmasından və dərcindən sonra AMEA Naxçıvan bölməsində çoxcildliyin hazırlanması ilə əlaqədar tədbir keçirilmiş, qarşıda duran vəzifələr müzakirə olunmuşdur. İlk növbədə çoxcildliyin planı hazırlanmış, redaksiya heyəti və müəlliflər qrupu təsdiq edilmiş, hər cildin əhatə etdiyi dövr, hər kəsin işləyəcəyi fəsil və ya yarımfəsillər müəyyən edilmişdir.
“Naxçıvan tarixi” çoxcildliyinin hazırlanması və nəşri ilə əlaqədar 15 yanvar 2013-cü ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilmiş, müşavirədə qarşıda duran vəzifələr müəyyən edilmiş, konkret tapşırıqlar verilmişdir. Müşavirədə diqqəti Naxçıvan Muxtar Respublikasında aparılan tarixi tədqiqatlar nəticəsində əldə olunan uğurlara yönəldərək “Naxçıvan tarixinin müxtəlif dövrlərinə və problemlərinə dair xeyli sayda elmi-tədqiqat materiallarının nəşr olunması və keçirilmiş arxeoloji ekspedisiyalar nəticəsində yeni materialların əldə edilməsi “Naxçıvan tarixi” çoxcildliyinin hazırlanması üçün əsas yaratmışdır” - fikrini söyləyən Ali Məclisin Sədri həm də vurğulamışdır ki, “”Naxçıvan tarixi” çoxcildliyində yalnız etibarlı mənbələr və öz elmi təsdiqini tapmış nəticələrə istinad olunmalıdır”.
Ali Məclisdə keçirilən müşavirədən sonra çoxcildliyin hazırlanması işi daha sistemli şəkil almış, aparılan işlər gücləndirilmişdir. Müəlliflər heyəti kitabı ilkin variantda hazırlayaraq müzakirə üçün təqdim etmişlər. Bununla əlaqədar Bölmədə müəlliflərin iştirakı ilə yığıncaqlar keçirilmiş, fəsillər ayrı-ayrılıqda təhlil olunmuş, çatışmazlıqlar qeyd olunmuş, cildin səviyyəsini yüksəldəcək təklif və qeydlər verilmişdir. Nəhayət, Naxçıvan tarixinin I cildi hazırlanaraq 2013-cü ilin sonunda “Əcəmi” nəşriyyatında yüksək poliqrafik səviyyədə 2000 nüsxə tirajla nəşr olunmuşdur.


Giriş, müəlliflər haqqında məlumat, Naxçıvanın təbii-coğrafi şəraitinin izahı, 7 fəsil və əlavələrdən ibarət olan, ən qədim zamanlardan XVIII əsrin ortalarınadək, başqa sözlə desək xanlıqlar dövrünədək zaman çərçivəsini əhatə edən kitabın əvvəlində - 6-7-ci səhifədə “Naxçıvan tarixi” çoxcildliyinin hazırlanması və nəşr olunması barədə” Naxçıvan MR Ali Məclisi Sədrinin sərəncamı verilmişdir.
Girişdə Naxçıvanın ən qədim zamanlardan xanlıqlar dövrünə qədər olan tarixi ilə əlaqədar indiyədək görülən işlərdən bəhs edilir, ayrı-ayrı tədqiqatçıların bu sahədə xidmətləri qeyd olunur, həmçinin müstəqillik dövründə Naxçıvanda aparılan tədqiqatlar şərh olunur və kitabın hər fəslində bəhs olunacaq məsələlər qısa şəkildə təhlil edilir.
Kitabın əvvəlində Naxçıvanın təbii-coğrafi şəraiti haqqında geniş məlumat verilir və qeyd edilir ki, müxtəlif landşaft kompleksləri və iqlim tiplərinə, zəngin təbii sərvətlərə malik olan qədim Naxçıvanın tarixinin formalaşmasında coğrafi amillər mühüm rol oynamışdır.
Kitabın ilk fəsli Naxçıvanın qədim dövr tarixinə həsr olunmuşdur. Burada ilk növbədə fəslin mənbəşünaslıq bazası (arxeoloji, yazılı, etnoqrafik mənbələr) təhlil edilmiş, ərazinin Daş dövründən başlayaraq Son Tunc, Erkən Dəmir dövrünə qədər olan tarixindən bəhs olunmuşdur. Fəsildə bölgənin XIX əsrin 70-ci illərindən başlanan və indiyədək davam edən arxeoloji tədqiqinə, xüsusilə Gəmiqaya təsvirlərinə, qədim duz mədənlərinə, ilkin şəhər mədəniyyətinin yaranmasına geniş yer ayrılmışdır. Elmin son nailiyyətlərinə əsaslanaraq Naxçıvanda ilkin şəhər mədəniyyətinin 5000 il bundan əvvəl yaranması, Naxçıvan şəhərinin isə bu sahədə ilk mərkəz olduğu fikri vurğulanmışdır.
II fəsildə e.ə. IX - b.e. II əsrlər dövründən bəhs olunmuşdur. Arxeoloji tədqiqatlar nəticəsində sübut olunmuşdur ki, Dəmir dövründə Naxçıvan güclü müdafiə sisteminə malik olmuşdur. Burada diqqəti çəkən əsas məsələlərdən biri indiyədək elmə ancaq müdafiə qalası kimi məlum olan Oğlanqalanın e.ə. I minilliyin əvvəllərində şəhər dövlətin mərkəzi olmasından, bu dövlətin urartulara qarşı mübarizəsindən bəhs olunmasıdır. Fəsildə qeyd olunur ki, Oğlanqala, bütövlükdə Naxçıvan ərazisi heç bir vaxt Urartunun tabeliyinə düşməmiş, ərazi e.ə. IV - b.e. III əsrlərində mövcud olan Atropatenanın tərkibində olmuşdur.
III fəsil “Naxçıvan əhalisinin etnogenezi” tarixinə həsr olunmuşdur. E.ə. VI - b.e. I minilliklərini əhatə edən bu mövzu ilə əlaqədar indiyədək sistemli tədqiqat aparılmamışdır. Fəsildə As, Naxər, Türükkü, Kuti, Lulubi, Kas, Su, Subər, Tal, Koman, Tur, Pal, Tus və s. tayfalar, onların yayıldığı ərazilər, Azərbaycan xalqının formalaşmasında bu tayfaların rolu nəzərdən keçirilir və qeyd olunur ki, prototürk inanc və tayfa adlarını özündə yaşadan bu qədim torpaq 8 min illik bir tarixi dövrdə protoazərbaycanlıların ana yurdu olmuşdur. Fəsildə həmçinin Naxçıvan sözünün mənşəyi nəzərdən keçirilir, bu haqda mövcud olan fikirlər təhlil olunur və toponimin Nuh peyğəmbərin adı ilə əlaqədar yarandığı əsaslandırılır.
Təxminən 700 illik bir dövrü əhatə edən və “Naxçıvan erkən orta əsrlər dövründə” adlanan IV fəsildə Naxçıvanda feodal münasibətlərinin yaranması, türk tayfalarından hunların, xəzərlərin, kəngərlərin, bulqarların, neçeneqlərin və s. buraya yeni axınlarından və ərazidə məskunlaşmalarından və Sasanilərin hakimiyyəti altına düşməsindən, islamaqədərki dövrdə Naxçıvan və çevrəsində etnik mədəni münasibətlərdən bəhs olunur. Həmçinin, fəsildə ərəblərin bu ərazini tutmasından, əhalinin islamlaşdırılmasından, xilafət dövründə Naxçıvanın idarə sistemindən, şəhərlərdən, sənətkarlıq və ticarətdən, həmçinin ərəblər dövründə Naxçıvanın mühüm inzibati mərkəz olmasından, epiqrafik abidələrdən bəhs olunur. Ərazidə indiyədək qalan toponimlər (Babək qalası, Babəki kəndi, Babəki qəbristanlığı və s.) əsasında bölgənin Xürrəmilər hərəkatının mərkəzlərindən olması fikri əsaslandırılır.
Kitabın “Naxçıvan X-XIII əsrin I rübündə” adlanan V fəslində xilafətin parçalanması ilə əlaqədar yaranan Azərbaycan feodal dövlətləri, Naxçıvanın Sacilər, Salarilər və Rəvvadilər dövlətinin tərkibində olmasından söhbət açılır. Fəsildə həmçinin Rəvvadilər dövlətinin tərkibində olarkən ondan yarımasılı vəziyyətdə olan və 80 ilə yaxın yaşayan Naxçıvanşahlıq adlı kiçik feodal dövlət qurumundan bəhs olunmuşdur. Fəsildə maraqlı məsələlərdən biri Səlcuq türklərinin bu əraziləri tutması, bölgənin 1136-1225-ci illərdə mövcud olan və paytaxtı bir müddət Naxçıvan şəhərində yerləşən Azərbaycan Atabəyləri dövlətinin tərkibində olmasından bəhs olunmasıdır. Sənətkarlıq, ticarət və şəhərlərdən bəhs olunan fəsildə həmçinin, bəhs olunan dövrdə iqtisadi həyat və mədəniyyət haqqında məlumat verilir, Azərbaycan memarlığının şah əsərləri olan Naxçıvan memarlıq abidələrindən, onların təsir dairəsindən bəhs olunur.
Kitabın VI fəsli Naxçıvanın XIII-XV əsrlər tarixinə həsr olunmuşdur. Burada Azərbaycan Atabəyləri dövlətinin son dövrlərindən, Xarəzmşah Cəlaləddinin Naxçıvanı ələ keçirməsindən, monqol hücumlarından, hücumların nəticələrindən, 1258-ci ildə Hülakülər dövlətinin yaranması ilə Naxçıvanın bu dövlətin tərkibinə daxil olmasından, “Naxçıvan tüməni” inzibati-ərazi vahidinin yaradılmasından bəhs olunur. Naxçıvan bölgəsinin Çobanilər və Cəlairilərin hakimiyyəti dövründəki vəziyyətindən söhbət açılan fəsildə, həmçinin Əmir Teymurun və Toxtamış xanın Azərbaycana, o cümlədən Naxçıvana hücumlarından, Əlincəqalanın Teymur qoşunlarına qarşı müqavimətindən, Naxçıvanda fəaliyyət göstərən sufiliklə bağlı mərkəzlərdən, Hürufilik təlimi və onun Azərbaycanda - Naxçıvanda yayılmasından bəhs olunur. Fəsildə eyni zamanda XV əsrdə - Qaraqoyunlular, sonra isə Ağqoyunlular dövlətinin tərkibində olan Naxçıvanın vəziyyəti, ictimai-iqtisadi həyatı təhlil edilir. Burada mədəniyyətə (maarif, elm, ədəbiyyat, epiqrafik abidələr, memarlıq və s.) də ayrıca yer ayrılmışdır.
Kitabın Naxçıvanın Səfəvilər dövrü tarixinə həsr edilmiş VII fəslində qeyd olunur ki, Naxçıvan ərazisi Səfəvilər dövləti yarandığı andan onun tərkibinə keçmiş və çox böyük tarixi yol keçmişdir. Fəsildə diyarın siyasi tarixindən, onun müharibələr meydanına çevrilməsindən, böyük dağıntılara məruz qalaraq, xüsusilə “Böyük sürgün” zamanı güclü zərər çəkməsindən, buna baxmayaraq müharibələrarası fasilələr zamanı iqtisadi cəhətdən müəyyən dərəcədə inkişaf etməsindən, kənd təsərrüfatının, sənətkarlığın, ticarətin vəziyyətindən, şəhərlərdən (Naxçıvan, Culfa, Azad, Ordubad, Əylis və s.), aparılan quruculuq işlərindən bəhs olunmuşdur. Fəslin sonunda Səfəvilər dövlətinin süqutu ilə əlaqədar Naxçıvanın Əfşarlar dövlətinin tərkibinə keçməsindən bəhs olunur. Burada həmçinin bəhs olunan dövrdə Naxçıvanda mədəniyyət, onun müxtəlif sahələri və epiqrafik abidələr haqqında məlumat verilmişdir.
Kitabın sonunda tarixi-siyasi xronologiya və fəsillər üzrə istifadə olunmuş mənbə və ədəbiyyatların, bundan sonra bəhs olunan dövrə aid ümumi ədəbiyyatın siyahısı verilmişdir. Axırda verilən əlavələr, o cümlədən Naxçıvan tarixinin müxtəlif dövrlərinə aid rəngli xəritələr, arxeoloji maddi-mədəniyyət nümunələrinin, memarlıq, epiqrafik və s. abidələrin foto-şəkilləri, qrafik təsvirləri, görkəmli şəxsiyyətlərin rəsmləri Azərbaycan tarixinin tərkib hissəsi kimi Azərbaycançılıq ideologiyası əsasında yazılan əsərin dəyərini daha da artırır.
Fəxrəddin Səfərli
AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10143

1 Yalnızlıq qorxusu
2 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
3 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
4 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
5 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info