“Liderlik insanın özündən başlayır”
Tarix: 28.03.2014 | Saat: 00:07:00 | E-mail | Çapa göndər


İsmayıl Vəliyev: “Məqsəd lider olmaq yox,
bu həyatda nə və kim olmaq istədiyini təyin etməkdir”


İnsanın həyatda uğur qazanması üçün ona ilk növbədə güclü iradə və həvəs lazımdır. Bunun üçün də insan gərək qarşısına məqsəd qoya və planlı fəaliyyətə başlaya. Müsahibimiz İsmayıl Vəliyev keçirdiyi treninq və seminarlar, eləcə də yazdığı kitablarla gənclərə bu istiqamətdə dəstək olur. Xatırladaq ki, İ. Vəliyev Xəzər Universitetinin məzunudur, həmçinin İstanbulda Boğaziçi Universitetində də təhsil alıb. Hazırda “Baku Shipyard”da insan resursları sahəsində çalışır. Fərqli qəzet, jurnal və internet saytlarında müntəzəm məqalələri çıxır və “YouTube” da “Şəxsi effektivlik, özünü inkişaf” mövzularında videolarla öyrəndiklərini oxucular və izləyicilərlə paylaşır.

- Bu yaxınlarda “Özünü kəşf et” adlı yeni kitabınız çapdan çıxıb. Sizcə, bu kimi kitabların gənclərə həyatda uğur qazanması üçün nə dərəcədə köməyi var?
- Əslində gənclərin arzularını reallaşdırmaq, uğur qazanmaq və xəyallarına çatmaq üçün onlara lazım olan hər şey bu və bənzər kitablarda, seminarlarda, təlimlərdə axtardıqları hər şey, həm də tam orijinallığı ilə onların özlərində mövcuddur. Bunu ruhlandırmaq məqsədi ilə demirəm və ciddi, həm də tam inanaraq deyirəm. “Özünü kəşf et” kitabı və bənzər digər bütün kitablar bizə sadəcə bizdə olanı göstərir, potensialımızın, gücümüzün dostların, tanışların, valideyn və müəllimlərin inanclarına, düşüncələrinə görə aysberqin görünən tərəfinin görünməyən hissəsinə nisbəti kimi olduğunu xatırladır.
- İnsandan özünü kəşf etməsi üçün əsas nə tələb olunur?
- Bu suala cavab vermək burada bir neçə cümlə ilə çətindir, amma qısa desək:
1. Arzu.
2. Cəsarət.
3. Sarsılmaz qətiyyət.
4. Elastiklik.
Arzu olmadan bu, yarıda qalacaq və tamamlanmayacaq bir prosesdir. Cəsarət isə özünü kəşf etmək dediyimiz bu prosesin vaciblərindən biridir. Çox sadə və qısaca bir şey deyəcəyəm: İnsan, özünü kəşf üçün bəzən əlində olan yaxşı nə varsa hamısından vaz keçə bilməlidir, çünki ən yaxşının düşməni yaxşıdır. Ohn Maxwell bunu çox əla izah edir. Bir çox “yaxşı” lara “yox” deyə bilməli, onlardan vaz keçə bilməliyik ki, “ƏN YAXŞI”ya çata bilək. Amma bu, çox da asan bir şey deyil. Cəsarət həm də ona görə önəmlidir ki, özünü kəşf sürüdən ayrılmaqla mümkündür, sürüdən ayrılmaq isə başlanğıcda həddən artıq ağrılı, acılı və çətin bir qərar və prosesdir. Buna dözmək və vaz keçməmək üçünsə sarsılmaz qətiyyət lazımdır. Və bu, bir neçə cəhdlə də mümkün olacaq bir iş deyil, illərcə davam edəcək, sonu gəlməyən bir macəradır. Və bu macərada ən normal olan səhvlər etməkdir. Burada qətiyyəti elastikliklə yoğurmaq və elə davam etmək lazımdır. Yəni sadəcə bir yolu, metodu seçib sadəcə o cür davam etmək qətiyyət deyil. İnandığımız hər hansı bir şey işə yaramaya bilər, uğursuz ola bilərik və bunlar çox normaldır və daim olacaqdır da. Qətiyyət, effektliliyinə ürəkdən inandığın, amma praktikada istədiyin kimi nəticə verməyən yol, vasitə, metod, hər nədirsə, artıq ondan vaz keçib başqa bir neçə şeyi cəhd etmək və qalibiyyətə qədər bu cür davam etməkdir. Dəfələrlə nokaut olsan da, yenidən qalxmaq və savaşmaqdır, amma öncəki səhvləri analiz edərək və onlardan ibrət alaraq.
- Sizcə, gənclər liderlik bacarığını artırmaq üçün nə etməlidir?
- Liderlik insanın özündən başlayır. “Liderlik” deyərkən başqa insanları idarə etmək, onlara göstərişlər, əmrlər yağdırmaq, hansısa yüksək vəzifədə olmaq anlaşılmamalıdır. Əsl liderlik özünə liderlikdir. Özünə liderlik edə bilməyən digərləri üçün də lider ola bilməz. Müdir olar, departament rəhbəri ola bilər, amma sözün əsl mənasında lider ola bilməz. Liderlik bacarığını artırmaq üçün ilk iş insanın göstəriş, titul, yüksək vəzifə və sairlərdən fokusunu özünə, öz üzərinə çevirməlidir. Liderlik üçün ilk iş mükəmməllik üçün işləməyə başlamaqdır - öz üzərində işləmək. Liderlik özünü mükəmməlləşdirmə, ən yaxşı versiyasını ortaya çıxarmaqla başlayır.
İkinci olaraq demək istərdim ki, əgər kimsə sırf lider olmaq üçün (yəni ad olsun deyə, insanlar onu izləsin deyə) lider olmağa can atır, kitablar oxuyur, seminar, təlimlərə gedirsə, yenə də alınmayacaq. Çox gülünc nəticələr ortaya çıxacaq. Bu gün bizlərin tanıdığı, həyatının bir çox detallarını bildiyimiz və əsrlər öncə də yaşamış olsalar, hələ də adları yaddaşımızda olan liderlər etdikləri o möhtəşəm işləri nə vaxtsa lider olmaq üçün, insanlar onlar öldükdən sonra onları xatırlasınlar deyə, ona lider desinlər deyə etməyiblər. Yəni əsl liderlərin heç birinin dərdi lider olaraq tanınmaq, bilinmək, pərəstiş edilmək və s. olmayıb. Onları lider edən liderliyə duyduqları arzular olmayıb. Onları lider edən başqa bir səbəb olub. Məhz liderlikdə bu səbəbi tapan və bunu reallaşdırmaq üçün uzun illər sərf edilən ağır zəhmətin təbii, normal bir nəticəsidir. Bu, həyatdakı missiyasını tapmaqdır. Sevdiyi işi, kim olmaq istədiyini kəşf etməkdir. Cəmiyyətin alqışladığı işləri yox, hər kəs qarşı çıxsa da ürəyinin, arzularının arxasınca getmək cəsarətini göstərmənin bir nəticəsidir. Bunun üçün də məqsəd lider olmaq yox, bu həyatda nə və kim olmaq istədiyini tapmaq, təyin etməkdir. Bunun qaçılmaz nəticəsi isə həqiqi liderlikdir.
- Hər kəsdə liderlik bacarığı ola bilər, yoxsa bu, insanda xarakterik xüsusiyyətdir?
- Bu sual neçə illərdir mübahisə olunur və hər iki iddianı da dəstəkləyənlər kifayət qədər çoxdur. Mənim inandığım isə az öncə vurğuladığım kimi, liderlik, həyat amalını kəşf edən və bunun üçün uzun illər mübarizə aparan hər kəsin hər gecənin səhərində Günəşi seyr etməsi kimi, həyatında seyr edib yaşayacağı bir nəticə olacaq. Biz insan olaraq öyrənmək və dəyişmək istədikdən sonra kifayət qədər bacarıqlı və elastik yaradılmışıq. Əsas məsələ bunu istəməkdir. Bir çox kitablarda göstərilənlər, hər birimizin öyrənib həyatımıza tətbiq edə biləcəyimiz vərdişlərdir. Mənim çox bəyəndiyim (səhv etmirəmsə Brian Tracyyə aiddir) bir söz var: “Bütün biznes istedadları öyrənilə bilən istedadlardır”. Amma bir şey var ki, insan olaraq hər birimiz çox unikalıq, bir-birimizdən fərqliyik və hansısa liderlik kitabındakı qaydaların hamısını mütləq həyatımıza tətbiq etməliyik, yoxsa “bizdən lider olmaz” düşüncəsi həddən ziyadə yanlışdır. Hər insanın dünyaya öyrədəcəyi nələrsə var. Oxumalı və faydalı olan bilgiləri, qaydaları həyatımıza tətbiq etməliyik, lakin orijinallığımızı da itirməməliyik. Ekspertlərdən öyrənmək başqa şeydir, onların oxşarı olmaq başqa. Liderliyin ən vazkeçilməzlərindən biri də orijinallıqdır.
- Sizin təlimlərdə iştirak edən gəncləri əsas nə maraqlandırır?
- Təlimlərdə iştirak edən gənclərin hər birində adətən sadəcə bir arzu olur. Bir ifadə və bu ifadəni eşitmə arzusu. Onlar özləri də bunu özlərinə deyirlər, amma adətən səssizcə, qorxaraq və kimsəyə eşitdirmədən özlərinə deyirlər. Bəzən də inanmadan deyirlər. Ən çox məhz bunu eşitmək, buna inanmaq və bir də bunun yolunu, metodunu öyrənmək üçün gəlirlər. Çünki o səs, o ifadə onlar üçün oksigen kimi həyatidir. Bu ifadə isə çox sadə və iki sözdən ibarətdir. Bu ifadə budur: “Sən bacararsan!” Bəzən də buna sinonim olacaq “Sənə İnanıram! ”dır.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Belarusa səfər Prezident İlham Əliyevin xarici siyasət istiqamətində növbəti uğurudur”
21.11.2018
Ukrayna NATO və Avropa İttifaqına üzvlüyə hər an yaxınlaşır
20.11.2018
Yeni Azərbaycan Partiyası: iqtisadi və siyasi müstəqilliyi möhkəmləndirən ideyalar məktəbi
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info