Səməd Vurğun yaradıcılığında Azərbaycan ailəsi və ailə məişəti
Tarix: 31.03.2014 | Saat: 21:57:00 | E-mail | Çapa göndər


Bəşəriyyətin bədii təfəkkür tarixində elə dahilər yetişmişdir ki, onlar mənsub olduqları xalqın şan-şöhrətini artırmış, öz istedad və dühasını hamıya təsdiq etdirmiş, öz millətlərinin yaradıcılıq qüdrətini dünyaya bəyan etmişlər. Bu cür dahilər son dərəcə milli və orijinal sənətkarlar olmaqla bərabər, milli çərçivəyə və müəyyən dövr çərçivəsinə sığa
bilməmişlər.

Onlar milli zəmində inkişaf edərək milli mənlikləri ilə bütün qabaqcıl bəşəriyyətin ən yaxşı düşüncə və arzularını, maddi və mənəvi mədəniyyətlərini, ailə məişətini, adət-ənənələrini, həyat mübarizəsini öz əsərlərində tərənnüm etmişlər. Ona görə də belə dahilər dünyanın bütün xalqları içərisində böyük hörmət və məhəbbət qazanmışlar. Homer və Dante, Firdovsi və Nizami, Rustaveli və Nəvai, Hafiz və Füzuli, Şekspir və Höte, Tolstoy, Puşkin və Qorki, Vaqif, Sabir, Seyid Əzim Şirvani, Cavid və s. bu cür dahilərdəndir. Belə dahilərdən biri də əlli illik ömrünün otuz ildən çoxunu şeirə, sənətə həsr edən, ictimai fəaliyyətində xalqımızın mədəniyyətini zənginləşdirən Xalq şairi Səməd Vurğundur.
S.Vurğunun əsərlərində toplanmış zəngin etnoqrafik materiallar xalqımızın real həyat tərzini, məişət və mədəniyyətini tarixi-etnoqrafik baxımdan daha dolğun əks etdirərək XX əsrin birinci yarısında mövcud olan bu məişət və mədəniyyətin öyrənilməsi üçün dəyərli mənbə rolunu oynayır. Onun yaradıcılığında Azərbaycan etnoqrafiyasının öyrənilməsi vacib olan problemlərindən biri - ailə və ailə məişəti məsələləri də yetərincə işıqlandırılmış, şair bu barədə özünün xüsusi mülahizələri ilə daim diqqət mərkəzində olmuşdur.
Tədqiqatlardan məlumdur ki, ailə tarixi kateqoriya olub, insan cəmiyyətinin özəyini, onun tərkib hissəsini təşkil edir. İnsan cəmiyyəti ilə ailə bir-biri ilə dialektik vəhdətdədir. Ailəsiz şüurlu insan cəmiyyəti mümkün olmadığı kimi, insan cəmiyyəti də olmadan ailə mövcud deyildir. Tarixi inkişafın hər bir mərhələsində ailə cəmiyyətin maddi həyat şəraiti ilə üzvi surətdə bağlı olub və fəal bir başlanğıc kimi, heç vaxt bir yerdə dayanıb durmamış, cəmiyyət aşağı pillədən yüksək pilləyə doğru inkişaf etdikcə, o da aşağı formadan yüksək formaya keçmişdir.
Hər hansı bir tarixi mərhələdə mövcud sosial-iqtisadi quruluşun məhsulu olan ailə həmin formasiyanın həm də mədəni səviyyəsini özündə təcəssüm etdirir. Ailə insanlar arasında: kişi ilə qadın, yaşlılarla uşaqlar arasında, ümumiyyətlə, müxtəlif yaşlı, müxtəlif cinsdən, bəzən də müxtəlif millətlərdən olan adamlar arasında münasibətlərdir. Ailə münasibətləri özünün xarici görkəmi ilə daha çox dostluq, yoldaşlıq, adi ümumbəşəri həmrəylik münasibətlərini xatırladır. Bir çox hallarda ailə münasibətlərinin yoldaşlıq, dostluq münasibətlərinin davamı kimi olması da onları bir-birinə yaxınlaşdırır.
Ailə bəşəriyyətin davamının, başqa sözlə desək, onun sonrakı varlığının əsas rüşeymi, əhali artımının ictimai formasıdır. Ailə insanların xüsusi ictimai mütəşəkkil birliyidir. Ailə və nikah münasibətləri ilə bütün adət normaları onları doğuran və yaşadan sosial-iqtisadi amillərdən irəli gəlir. İstehsal üsulunda baş verən mühüm dəyişikliklərlə əlaqədar olaraq nikah və ailə də dəyişikliyə uğrayır, müxtəlif formalarda təzahür edir. Cəmiyyətin ilkin sosial-iqtisadi özəyi olan ailə, xüsusi mülkiyyət əsasında təşəkkül tapmış ailə, istehsal vasitələrinin ictimai mülkiyyətə keçməsi dövründə (sovet dönəmində) nəinki aradan qalxmış və yox olmuş, əksinə, bu zaman o, daha da təkmilləşmiş və öz funksiyasını tamamilə müsbət mənada həyata keçirməyə başlamışdır. Sosial ədalətin az-çox zəfər çaldığı tarixi dönəmlərdə cinslərin tam bərabərliyinə əsaslanan ailə, monoqam (təkkəbinli) ailə kimi daha da möhkəmlənmiş, tədricən köhnəliyin qalığı olan zərərli adətlərdən azad olmuşdur.
Yaradıcılığına etnoqrafik baxımdan müraciət etdiyimiz xalq şairi S.Vurğunun zəngin poeziyası və ictimai fəaliyyətində ailə və ailə münasibətləri, ailə məişəti məsələləri bütün çalarları ilə diqqətimizi cəlb edir. Qeyd etmək maraqlıdır ki, S.Vurğunun yaşadığı dövr kapitalizm ictimai-iqtisadi formasiyasının bolşevik inqilabı nəticəsində yeni quruluşla - sosializm quruluşu ilə əvəz edilməsi dövrü olmuş, təbiidir ki, yuxarıda qeyd etdiyimiz kimi, sosial-iqtisadi münasibətlərin dəyişikliyə uğraması ilə ailə münasibətlərində də dəyişikliklər baş vermişdir. XX əsrin əvvəllərindən başlayaraq ailədə yeni münasibətlər formalaşmağa başlamışdır.
Öz yaşadığı dövrün fəal tərənnümçüsü və təbliğatçısı olan S.Vurğunun yaradıcılığında ailə və ailə məişəti mövzusu həmişə «keçmişdə» və «indi» məntiqilə saf-çürük edilir, hər iki dövrdə ailə məişəti şair-etnoqraf gözü ilə müşahidə edilərək olduğu kimi təsvir olunur. Biz bunu şairin «Salam», «Şərq qadınlarına», «Anamın dərdi» şeirlərində, «Macəra» və «Bəsti» poemalarında aydın görürük. Bu dövrdə ailə məişəti məsələsinin özü də çox çətin və mürəkkəb idi: «köhnədən nəyi götürmək?», «yeni»yə nəyi əlavə etmək?», «nəyi tərənnüm etmək?» - kimi suallar hələ də cavabsız qalmışdı. S.Vurğun bütün yaradıcılığı boyu bu problem mövzu ətrafında düşünmüş, hətta əllinci illərdə yazdığı «Aygün» poemasında bu məsələni bütün təfərrüatı ilə həll etməyə girişmiş, yeni dövr ailəsinin quruluşu, funksiyası, həyat tərzi, ailədə ər-arvad münasibətləri, ailə tərbiyəsi, övlad qayğısı və s. kimi məsələlərə öz münasibətini bildirmişdir. Bu poema haqqında danışan akademik Məmməd Arif Dadaşzadə yazırdı ki, «Aygünün simasında şair özünün qadın və ana haqqındakı ən yaxşı duyğularını əks etdirmək istəmişdir. Aygün bizim qarşımızdan bir ana, bir vətəndaş, bir sənətkar kimi keçir, öz yüksək əxlaqı, insaniyyəti və nəcabəti ilə rəğbətimizi qazanır…».
S.Vurğunun tərənnüm etdiyi ailə yeni tipli ailədir. Sovet quruluşunun iflasına baxmayaraq, onun mövcud olduğu illərdə ailə və ailə məişəti əsl demokratik xəttlə inkişaf etmiş, bu günümüz üçün zəruri olan bərabərhüquqlu, azad ailə münasibətlərinin yaranmasında bu cəmiyyət böyük rol oynamışdır. S.Vurğun öz poeziyasında və ictimai fəaliyyətində həyati faktlarla, müqayisələrlə dövrün ailəyə, ailə münasibətlərinə gətirdiyi yenilikləri romantik bir pafosla tərənnüm etmişdir. Onun yaradıcılığında ailə və ailə məişəti mövzusu sanki qırmızı bir xəttlə keçir. Bolşevik inqilabından əvvəl Azərbaycan qadınının ağır güzəranı, hüquqsuzluğu, məhdud dünyagörüşü, ailədə qul vəziyyəti nə qədər ağır duyğularla tərənnüm olunmuşdursa, yeni cəmiyyətin bütün cəbhələrində fəal mübariz olan Azərbaycan qadınının çarşabdan sıyrılıb çıxması, dinc və qurucu əmək cəbhəsində böyük uğurları, yeni cəmiyyətdə təşəkkül tapan ailənin şən və məzmunlu həyat tərzi bir o qədər yüksək pafoslu şairanəliklə qələmə alınmışdır. Şairin qadın qəhrəmanları - Bəsti, Aygün, Manya, Xumar, Gülzar, Səhər və b. - çadrasız, boyasız bu Şərq qadınları ağ günlər eşqilə yaşayıb-yaradan sadə insanlardır. Müəllif onların simasında Azərbaycan qadınının tipik obrazını yaratmış, qadın vəfasını, qadın ismətini, qadın əməyini, qadın ləyaqətini müqəddəsləşdirmiş, «Mən öpürəm ağbirçəkli anaların üzündən!» - deməklə ana qüdsiyyəti qarşısında baş əymişdir.
S.Vurğun öz dövrünün ailə və ailə məişəti problemlərinə toxunarkən həmişə güclü müqayisələrdən istifadə etmişdir. XIX əsrdə və XX əsrin əvvəllərində ailədə qadının vəziyyətini S.Vurğun «Bəsti» poemasının başlanğıcında çox sərrast şəkildə qələmə almışdır. Şair keçmişdə ailədə qız doğulmasının böyük həqarət olmasını dövrün müsibəti kimi təsdiqləyir. Adətə görə, keçmişdə ailədə qız doğulmasını istəməz, nəslin davamçısı olan oğlan uşaqlarının dünyaya gəlməsini arzulayardılar.
(ardı var)
Fəzail Vəliyev
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info