Maarifçilik işi
Tarix: 31.03.2014 | Saat: 22:11:00 | E-mail | Çapa göndər


Seyran Quliyev |

Maarifçilik məsələsindən söz açacağam. Oxuyacağınız yazı, haqqında danışılan anlayışın mahiyyətindən, Şərq coğrafiyasında görünməsindən (məğzin açılmasını təmin etmək məqsədilə qısaca olaraq), xüsusən bizim coğrafiyada hansı formada təzahür etdiyindən, ən nəhayət o gündən bu günə biz nə qədər maariflənə bilmişik və eyni zamanda daha çox maariflənə bilməkçün başqa nələr etməliyik? kimi suallara aranan cavablardan ibarət olacaqdır.
Maarifçilik sözünə diqqət etsək görərik ki, kökündə ərəb dilindəki maarif kəlməsi dayanır. Azərbaycan dilinin izahlı lüğətində maarif - əhali arasında savad, bilik, mədəniyyət yaymaq üçün mütəşəkkil surətdə həyata keçirilən tədbirlər sistemi kimi mənalandırılır. Maarifçi isə xalq arasında maarifi, mədəniyyəti, bilikləri yayan, xalqı savadlaşdıran şəxs formasında izah olunur. Məlumdur ki, arif sozu də eyni kökdəndir. Bu ifadəyə də dilimizdə rast gəlinir və geniş düşünə bilən, geniş görə bilən, dərin zəkalı şəxslərə arif deyilir. Buraya irfan, ürfan sözlərini də aid edə bilərik. Türkiyə türkləri maarifçiliyi “aydınlanma” ilə ifadə edərkən ingilislər “enlightment” (işıqlandırma, aydınlatma ) formasında qeyd edirlər. Ruslar isə adətən buna “просветительство” söyləyirlər və elə bu da göstərilən mənalarla uyğunluq təşkil edir. “Maarifçilik deyilərkən nə nəzərdə tutulur?” sualına cavab verməyə çalışsaq deyə bilərik : O, insanı, cəmiyyəti düşüncələrə xitab etməklə tərəqqiyə doğru aparan, insan zəkasının qaranlıq güşələrinə işıq saçıb onu aydınladan, loru dillə desək gözünü açan, insanların, cəmiyyətlərin əlindən tutub onları bu və ya digər şəkildə xoşbəxtliyə doğru sürükləmək olub, öz mütərəqqi fikirləri ilə cəmiyyətin bütün sferalarına nüfüz edə bilən, elmi, mədəni, ictimai, siyasi fəaliyyətdir. Maarifçilik – insanları gerçəkilyə adekvat baxış bucağından baxmağa dəvət edən, onları mütərəqqi fikirlərlə silahlandıran dünyabaxışdır. O, ictimai-siyasi cərəyan kimi XVIII əsr Fransasında ortaya çıxsa da demək olar ki, qısa müddət ərzində dünyanın bir çox güşəsinə yayıla bilmiş, hansı ölkəyə qədəm qoymuşsa, mütləq həmin ölkədə yeni nələrəsə imza atmaği başarmışdır. Cəmiyyətdə ənənəçilikdən tutmuş idarəçiliyə kimi hər bir sahə maarifçi mütəfəkkirlərin tənqid atəşinə tuş gəlmişdir. Maarifçilik hərəkatı harada peyda olmasından asılı olmayaraq hazırki düzənə boyun əymək istəməmiş, reallığa müxalif mövqe sərgiləmişdir. Filosof Səlahəddin Xəlilovun təbirincə desək onun əsas qayəsi ayrı-ayrı fərdləri deyil, cəmiyyətin ümumi inkişaf səviyyəsini yüksəltməkdir.

Şərqdə maarifçi-islahatçı fikirlər
Maarifçilik deyilərkən daha çox onun Qərb həyatında özünü necə göstərməsindən söz açılır. Əlbəttə, bir dalğa kimi maariğçilik hərəkatı qərbdə meydana çıxıb, haqqında daha çox danışılmağa laiq işlər görüb. Amma unutmaq olmaz ki, onun XIX-XX əsr şərqində də təzahürü maraqlı hadisələrlə yadda qalmışdır. Məsələn Hindistana nəzər salaq. Burada Ram Mohan Rayın islahatçılılq görüşləri diqqətləri çəkir. O, ətrafındakılarına qərbyönümlü, Qərbə meyilli fikirlər təbliğ edir, Avropa sisteminə uyğun təhsilin zərurliyini vurğulayırdı. Bu dönəmdə Ran Mohan əlindən gələni edir ki, təmsil etdiyi xalq Avropa mədəniyyətinə yiyələnsin. Həmçinin Mohan cənabları kasta qruluşunu sərt tənqid edir, sistemin hindusları parçaladığını söyləyirdi. O, dində də islahatların keçirilməsinin xususi önəm kəsb etdiyini bildirirdi və islam şərqində Cəmaləddin Əfqani kimi dinin əlavələrdən təmizlənməsini istəyirdi. Bu münasibətlə yazırdı: “Mən bütpərəstliyin müdafiəçilərinə qarşı çıxış etdim. Göstərməyə çalışdım ki, brahmanların bütpərəstliyi onların sələflərinin praktikasına, qədim kitablarının prinsipinə ziddir”. Ram Mohan Rayın maarifçilik hərəkatını daha mütəşəkkil həyata keçirtmək üçün “Brahmo Samac” adlı təşkilat yaratması da məlumdur. Təşkilat dinindən, milliyyətindən və sosial mənsubiyyətindən asılı olmayaraq bütün insanlar üçün açıq idi. Bu, o dövr Hindistanı üçün çox önəmli hadisə hesab olunmalıdır. Ran Mohan islahatçı, maarifçi fikirlərini irəli sürərkən Avropanı örnək alır, Hindistanın xilasını Qərb sivilizasıyasına qovuşmaqda görürdü. Əlbəttə, yeni baxışlar hind cəmiyyəti tərəfindən heç də birmənalı qarşılana bilməzdi. Elə buna görə də çox keçmir ki, Brahmo Samasçılara qarşı "Dharma Sabha" təşkilatı yaradılır.


Çində vəziyyət necə idi?
Maarifçilik dalğası Çin mühitində də özünü göstərmiş, bir sıra mütəfəkkirlər bu mövqedən maraqlı mülahizələr irəli sürmüşlər. Belə mütəfəkkirlər sırasında XIX əsrdə yaşamış Van Taonun adını xüsusi qeyd edə bilərik. O, bir sıra xarici ölkələrdə səyahətlərdə olmuş, Çinə qayıtdıqdan sonra ölkəsinin islahatlar yolu ilə dəyişdirilməsinin mümkünlüyündən söz açmışdır. Düzdür, o, Çinin avropalaşmasının əleyhinə olsa da idarəetmədə ingilis tipli monarxiyanın tətbiqindən yana idi. Van Tao ölkənin güclü inkişafı üçün qərbin elmi nailiyyətlərindən faydalanmağı məsləhət görür, xaricin müsbət keyfiyyətlərindən bəhrələnməklə onların Çində tətbiq edilməsinin zəruriliyini bildirirdi.

Müsəlman Şərqində maarifçi fikirlər
Bu ərazilərdə maarifçilik ideyalarının yayılması müstəmləkəçiliyə qarşı hərəkatların genişlənməsi, Cəmaləddin Əfqani və Məhəmməd Abduhun simansında isə islam islahatçılığı ideyasının gündəmə gəlməsinə səbəb olur. Hər nə qədər yeni baxışlar ruhanilər və hakimiyyət başında oturan bəzi fiqurlar tərəfindən birmənalı qarşılanmasa da belə fikirlər islam aydınları tərəfindən rəğbətlə qarşılanırdı. Onlardan Cəmaləddin Əfqani müsəlman şərqinin düşdüyü vəziyyəti təhlil edərkən çox önəmli məsələlərə toxunurdu. Qısaca bunlardan bir neçəsini qeyd etmək istəyirəm:
“Qəribə burasıdır ki, islam üləmaları elmi iki yerə bölmüşlər: müsəlman elmləri ve Avropa elmləri. Bununla da onlar müsəlman xalqını faydalı elmləri mənimsəməkdən çəkindirirlər. Onlar başa düşmürlər ki, insanı şərafətli edən ayrıca elm heç bir xalqa mənsub deyil, kim ona yiyəlnsə onundur”. Daha sonra Əfqani bu məsələrlə bağlı əşağıdakı fikirlərini dilə gətirirdi :
“Təəccüblüdür müsəlmanlar Aristoteli o qədər rəğbətlə oxuyurlar elə bil o, əsl müsəlmandır. Amma Nyutonu, Qalileyi, Kepleri kafir hesab edirlər. Elmin atası, anası və sübutu dəlildir. Burada əsas Aristotel yaxud Qaliley deyildir. Haqqı, həqəqəti sübüt edən elmi bizim üləmalar qadağan edirlər. Elə bilirlər ki, bununla islamı qoruyub saxlayırlar. Belə adamlar əslində islamın düşmənləridir.” ( Əfqaninin vurğuladığı məqamlar o dönəmin Azərbaycanı üçün də səciyyəvi idi. Bu haqda yazının“ Maarifçiliyin ölkəmizə gəlişi” adlı hissəsində ətraflı danışacağam.) Əfqani “islam islahatçılığı” ideyası irəli sürərək müsəlmanları dünyanın qabaqcıl elmi nailiyyətləri ilə yaxından maraqlanmağa çağırır, əzbərçi islam “alimlər”ini topa tuturdu, onları yalançı təfsirlərə yol verməkdə günahlandırırdı. Və o, bildirirdi ki, islam yaşadığı rəzil vəziyyətdən yalnız hz. Məhəmməd dönəmindəki dinə qayıtmaqla çıxa bilər. Onun ardıcılı Məhəmməd Abduh da islam islahatçılığı mövqeyindən çıxış edir, islamı biliklərə çağdaş günümüzün elmi biliklərinə əsaslanaraq yanaşılmasının vacibliyini göstərirdi. Həmçinin o, tədrisdə modern düşüncəyə söykənən yeniliklərin həyata keçirilməsinin zəruriliyindən danışırdı

Maarifçilik hərəkatının ölkəmizə gəlişi
XIX əsrin əvvəllərində Azərbaycan digər Şərq ölkələri kimi geriləmə mərhələsini yaşayırdı. Bu dövrdə dünyəvi elmlər demək olar ki aşılanmır, əsasən “Quran” və şəriətə aid bilgilər səthi olaraq öyrədilirdi. O dönəmin ümumi mənzərəsinin necə olması haqda əyani olaraq ən yaxşı formada “Dəli Kür” ( məsələn, Qori seminariyasına şagird yığılması epizodu və s ) filmindən müəyyən qədər məlumatlana bilərik. Filmdə cahilliyin real mənzərəsi böyük ustalıqla canlandırılıb. Cəlil Məmmədquluzadənin “Ölülər”i və yaxud M.Ə.Sabirin “Oxutmuram əl çəkin” deməsi də cahilliyin ifşası baxımından mühüm hadislələrdir. Bu kimi nümunələrin sayını çoxaltmaq olar. Amma məqsəd bu deyil. Göstərmək istədiyim o dur ki, belə halların mövcudluğu rus və Qərbi Avropa maarifçiliyi ilə tanış olan ziyalılarımızı heç cür dindirməyə bilməzdi.
İlk azərbaycanlı maarifçilər sırasında A.Bakıxanov, M.F.Axundov, H.Zərdabi, Mirzə Kazım, Ə.Ağaoğlu, Ə.Hüseynzadə, Ə.Topçubaşov, M.Ə.Rəsulzadə, C.Məmmədquluzadə, S.M.Qənizadə, H.Mahmudbəyov, H.Z.Tağıyev kimi mütəfəkkir və maarifpərvərlərin adlarını böyük fərəh hissi ilə qeyd edə bilərik. Açığı müstəmləkə olmağımız ilə heç cürə razılaşa bilməsəm də, çar hökumətinin maarifçilik sahəsində gürdüyü işləri alqışlamaq istəyirəm. 1830-cu ildə Şuşada, bunun ardınca Şəkidə, Bakıda, Gəncədə, Şamaxıda və Naxçıvanda qəza məktəbləri açması, burada coğrafiya və şəriət fənləri ilə yanaşı Azərbaycan və rus dillərinin də öyrədilməsi xalqımızın maarifçilik tarixində önəmlilərdən sayılmalıdır. Həmçinin, bu da qeyd olunmalıdır ki, 1876-cı ildə Qori seminariyasının açılması, 1879-cu ildə isə elə orada Azərbaycan şöbəsinin fəaliyyətə başlaması bu işdə əlindən gələni əsirgəməyib. Seminariyada hesab, həndəsə, təbiyyat, səhiyyə, tibb, tarix, coğrafiya, ana dili, pedaqogika, psixologiya, hüsn-xətt, rəsm, musiqi və nəğmə də öyrədilib. Ziyalılarımızdan C.Məmmədquluzadə, N.Nərimanov, Ü.Hacıbəyov, M.Maqomayev, F.Köçərli və b. məhz bu mərkəzin yetirmələridir.
Yuxarıda qeyd etdiyimiz kimi, maarifçilik qədəm qoyduğu ölkələrdə yeniliklərə imza atmaqla yadda qalıb. Ölkəmizdə isə ilk belə yenilik Mirzə Fətəli Axundovun simasında görüntüyə gəlir deyə bilərik. Bu dövrdə Axundov ərəb əlifbasının yararsızlığı ideyasından çıxış edərək onun yeni əlifba ilə əvəz edilməsini təklif edir. Bundan başqa, Axundov komediyaları ilə gündəmə gəlir ki, bununla da o, Azərbaycan ədəbiyyatında realist dramaturgiyanının əsasını qoyur. Bu komediyalarında, həmçinin “Kəmalüddövlə məktubları” əsərində islam şərqindəki cahillik və gerilikdən söhbət açılmış, islam ehkamları tənqid edilib. 1875-ci ildə Həsən bər Zərdabi tərəfindən “Əkinçi” qəzetinin əsasının qoyulması ilə maarifçilik yönümündəki işlər bir qədər də genişləndirilmişdir. Zərdabi dəfələrlə vurğulayır ki, Əkinçinin məqsədi xalqın gözünü açmaqdır. Bundan ehtiyatlanan çar höhüməti çox keçmir ki, 1877-ci ildə qəzetin fəaliyyətinə xitam verir. Həsən bəy Zərdabi ənənələrini davam etdirən Nəriman Nərimanovun 1894-cü ildə Bakıda müsəlman əhalisi üçün ilk xalq qiraətxana-kitabxanası təşkil etməsi, bir sıra Şərq ölkələrinin mütərəqqi qəzetləri ilə əlaqə yaratması və həmin ölkələrdən qiraətxana üçün ədəbiyyatlar alması onu bu dönəm maarifçiliyinin zirvəsinə ucaldır. Əhməd bəy Ağayev (1909-cu ildə İstanbula muhacirət edənə kimi Ə.Ağayev) də öz növbəsində maarifçilik mövqeyində dayanır, islahatçı fikirlər irəli sürür. Məsələn, o, islama rasional mövqedən yanaşır, islamda qadın hüquqlarından bəhs edir və qadınların da seçkidə iştirak edə bilmək haqqlarının olduğunu bildirirdi. Məhz bu kimi fikirlərinin nəticəsi idi ki, 1918-ci ildə Şərqdə ilk Demokratik Cumhuriyyət (ADR) yarandıqdan sonra qadınlara da seçki hüququ verilmişdi.
XIX əsrin axırları XX əsrin əvvəllərində əhalini maarifləndirmə yönümündə gördüyü işlərə görə bir sıra mətbu orqanların və elmi cəmiyyətlərin rolu da mühümdür. Belələrinin sırasında “Molla Nəsrəddin”, “Füyuzat”, “Həyat”, “İrşad” kimi mətbu orqanların və “Nəşri-maarif” , “Nicat” , “Səfa” və “Bakı Müsəlman Qadın Xeyriyyə Cəmiyyəti”ni göstərə bilərik. Bunlardan mətbu orqanların auditoriya kütləsinin nisbətən geniş olmasına rəğmən elmi cəmiyyətlərin fəaliyyət sahəsi əsasən Bakı ərazisi idi. Məsələn yuxarıda adını qeyd etdiyim və H.Z.Tağıyevin də maddi dəstəyi ilə ərsəyə gəlmiş təhsil ocaqlarından Nəşri maarif cəmiyyəti bəyan edirdi ki, məqsədi Bakı şəhərində və quberniyasında hər növ maarifçilik fəaliyyətini dəstəkləmək, müsəlmanlar arasında elmin inkişafını təmin etmək, xüsusən ibtidai təhsili azərbaycan və rus dilində təqdim etməkdir. “Nicat” cəmiyyətinin qurulmasında məram və gördüyü işlər də təqdirəlayiqdir. “Baki Müsəlman Qadın Xeyriyyə Cəmiyyətinin fəaliyyətini isə xüsusi vurğulamaq istəyirəm. Adından da göründüyü kimi cəmiyyət xeyriyyəçiliklə də məşğul olmuş başılıca xətti müsəlman qadınlar arasında maarifi yaymaq olmuşdur. Milyonçu Murtuza Muxtarovun xanımı Liza xanım sozügedən cəmiyyətə sədrlik etmiş və Bakıda yoxsul qızlar üçün peşə məktəbi açmışdır.
İndi bir məsələ məni ciddi düşündürür : bu qədər çabalardan sonra biz yolun harasındayıq? Nə qədər maariflənə bilmişik? Maarifləndirmə zonasını genişləndirmək və maariflənmə dalğasnı daha çox yaya bilməkçün başqa nələr etmək lazımdır?

Vaxtilə Həsən bəy Zərdabi (1842, Zərdab – 1907, Bakı) tərəqqipərvər insanlara üzünü tutub deyirdi: “ Yadda saxlayın ki, gələcəkdə bu xalq maariflənəcək. O, maariflənmə yoluna möhkəm ayaq basacaq və elmlərə yiyələnəcək. Və yaddaşlarında saxlayaraq, tarix səhifələrindən sizin tərəfinizdən məruz qaldığı əzabları öyrənəcək, sizi böyük əzabkeş adlandıracaq, sizi lənətləməyəcək, ruhunuza hər zaman rəhmət oxuyacaqlar”. Demək istəyirəm bəli, bu günki nəsil əldə etdiyi müəyyən nailiyyətlərə görə sizlərə rəhmət oxuyur cənab dahi. Keçdiyiniz yol fədakarlıqlarla doludur. Avamlıq, dini xurafat, bilgisizlik və savadsızlıq kimi şeylərin belini qırmaq rahatcasına olmayıb. Məsələn Nicat Cəmiyyətin Maştağa kəndində böyük çətinliklə açdığı qiraətxananın taleyi buna əyani sübutdur. Məlumunuz olsun ki, cəmiyyətin Əhməd Dövlətoğlu adlı maarifpərvər kənd sakininin mülkündə kirayəyə götürülmüş bir otaqda açmış olduğu qiraətxana kənddə qarışıqlığa səbəb olduğundan çox keçmir ki, bağlanır. Qarışıqlığa səbəb isə kənd camaatının məhəllə mollasına qiraətxanaya gedib oradakı qəzetləri oxumağın şəriətə uyğun olub-olmamasına dair sualına mollanın verdiyi cavab olur. Cavabında molla demişdir ki, qəzet oxumağın yerinə qəza namazını qılın, qiraət öyrənin, şəriətlə biz müsəlmanlar Qurandan başqa heç bir şey oxumamalıyıq. Müsəlman olan şəxs heç bir başqa əcnəbi yazı-pozu ilə tanış olmamalıdır. Əgər olarsa, o kafirdir.
Milli mətbuatımızın 135 illiyi ilə əlaqədar BDU-nun Sosiologiya kafedrasının müdiri, professor İzzət Rüstəmov Əkinci qəzetininin fəaliyyətinə həsr etdiyi yazısında maraqli bir məqamı vurğulayır. Bizim məqsədimiz ilə yazı üst-üstə düşdüyündən onu olduğu kimi təqdim edirəm:
“Həsən bəy Zərdabi elmin, maarifin yayılması zərurətini əsaslandırmaq üçün "Əkinçi"də də müxtəlif üsullardan, yazı janrlarından istifadə edirdi. İstəyi də bu idi ki, onun səsi müsəlman dünyasının hər bir guşəsinə çata bilsin. Bu cəhətdən "Əkinçi" qəzetinin 19 avqust 1876-cı il tarixli nömrələrindən birində dərc olunmuş bir yazını, çox maraqlı olduğuna görə müəyyən ixtisarlarla nəzərinizə çatdırmaq istərdim: "Bizim Qafqaz vilayətinin bir şəhərində iki şəxs bir-biri ilə belə söhbət edir:
Sual: Əmi, eşitmisənmi ki, Badkubədə bir ildir filankəs "Əkinçi" ismində bir qəzet çıxardır, tazə xəbərlər yazır, hikmət ilə hər bir şeyi aşkar edir?
Cavab: Filankəs Şirvan vilayətinin Zərdab qəryəsinin sakini filankəsin oğlu, filankəsin nəvəsi deyilmi? Mən elə bilirdim ki, o qəzeti İvan ya Karapet çıxardır. Pəs onu filankəs çıxardırmış. Mən onun ata-babasını tanıyıram. Qoy getsin. Ev buzovundan öküz olmaz.
Sual: "Əkinçi" qəzeti deyir ki, zəmanəmiz dəyişilib. İndi elm təhsil etmək gərək. Ona binaən lazımdır elm kitabları gətirdib, öz dilimizdə elm öyrənmək.
Cavab: O elmləri öyrənmək bizə lazım deyil. Niyə ata-babalarımız o elmsiz yolla getdilər, biz gedə bilmədik? Bizim öz elmimiz bizə bəsdir və əgər hər kəs o elmləri öyrənmək istəsə, getsin xarici dillərində öyrənsin...
Sual: "Əkinçi" qəzeti deyir ki, qəzet və jurnal oxumaq insanı dünyadan xəbərdar edir, öz dilini öyrədir, məzhəbində qaim edir.
Cavab: Bunlar hamısı ... pul tələsidir. Mən öz dilimizi məgər bilmirəm? Məzhəbdə qaim olmağa qəzet ya jurnal oxumaq nə lazım? Kəlmeyi-şəhadət və beş vaxt namaz bəsdir".
Bəli, bütün bunlar, yazılanlar və qeyd olunanlar keçdiyimiz yolun hansı çətinliklərdən çıxaraq bu günə gəlib çatdığını bir daha gözlər önünə sərir.
O vaxtdan bu günə bəs nə dəyişib ?
Sözsüz ki, o dövrün abı-havasi ilə tanış olduqca, müəyyən şeyləri müqayisə etdikcə, nailiyyətlər göz qabağındadır. Amma yol hələ tam qət edilməyib, çatışmazlıqlar durur, maariflənməyə, bilgilənməyə, aydınlanmaya hələ də ehtiyac var. Çünki hələ də qız övladını təhsil vermək məqsədilə böyütmək istəyənlərdən daha çox erkən yaşda ərə verməkçun böyüdənlərə rast gəlinir. Şərt o deyil ki, qız uşağını böyüdüb ali təhsil verəsən. Düzdür, bu olsa lap əla olar , amma şərt o dur kı, heç olmasa orta məktəbi düz əməlli oxuması üçün əlindən gələni edəsən. Şəhərlərdə bu sarıdan vəziyyət nisbətən normaldır. Fəqət eyni sözləri rayonlar, qəsəbələr və kəndlər üçünsə söyləmək absurddur. Əlbəttə bu zaman unutmaq olmaz ki, onun da oz subyektiv və obyektiv səbəbləri var. Rayonlarda qızlar (bəzən şəhərlərdə də. istisnalar xaric ) müəyyən yaşa çatdıqdan sonra heç özləri də dərslərlə maraqlanmırlar, oxuduqları, bildikləri isə mənasız sevgi şeirlərindən başqa heçnə olmur. Mənim sözüm bu kimi xanımlarımızadır. Heç olmasa orta məktəbi normal oxuyun, bir dunyagörüşünüz azacıq formalaşsın, sabah-birigün ana olanda övladınızın hər hansısa sualı qarşısında cavabsız qalmayasız. Heç olmasa müəyyən yaşadək uşaqlarınıza xüsusi müəllimlər tutmağa ehtiyac duymayasız. Anlamalısız ki, sizlərin orta məktəbi normal oxumanız gələcək həyatınız və gələcək saglam nəslin yetişməsi üçün nə qədər önəmlidir. Bilginiz olsun , araşdırmalar göstərir uşaqların əqli potensiala sahiblik dərəcəsi anaların əqli səviyyəsindən çox asılıdır. Orta təhsilin yüksək təşkili olduqca mühümdur. Hamı orta məktəb bilgilərinə normal səviyyədə sahib olmalıdır. Bundan sonra sənət arxasıyca gedən sənəti ilə, elm arxasıyca gedən elmlə məşğul olmalıdır. Həmçinin də qızlarımız, ailə haqqında yalnız bundan sonra düşünməlidirlər. Maarifləndirici işlər belə halların qarşısını müəyyən qədər ala bilər. Bir qədər öncə, daha dəqiqi martın 17-də qrup yoldaşım Əligül Ağayevin “ Erkən nigahlara qarşı maarifləndirmə layihəsi” ( Gənclər Fondunun dəstəyi ilə ) çərçivəsində bu məsələ ilə bağlı cənub bölgələrimzdən Masallı rayonunda bir təlim keçirdik. Bunun davamı kimi isə “ Erkən nigahlanma, erkən maariflən” devizi altında ( daha geniş şəkildə sırf Masallı və Lənkəran rayonlarını əhatə edəcək ) digər layihəm nəzərdə tutulub ki, bu da aidiyyatı qurumlara göndərilib cavab gözləyirik. Bu işdə orta məktəblərin və Təhsil Nazirliyinin də yükü ağırdır. Rayonlarda təhsilin keyfiyyəti ürəyaçan deyil. Xüsusi müəllim yanında hazırlaşmadan ali məktəblərə daxil olmaq müşkül məsələdir az qala. Bəzi müəllimlər daşıdıqları peşənin ciddiyətini sanki anlamazlıqdan gəlib təhsilə barmaqarası baxırlar. Auditoriyalarda yalnız vaxt öldürməylə məşğuldurlar. Saytların birində müzakirələr zamanı özünü müəllim adlandıran şəxslərdən biri bu kimi halların mövcudluğunu təhsil xadimlərinə kəsilən maaşla əlaqəndirmişdi. Bu məncə doğru yanaşma deyil. Hər nə qədər maddiyyat önəmli olsa da elə şeylər var ki, onunla ölçülə bilməz. Təkcə orta təhsillə iş yekunlaşmamlıdır. Oxumağa, bilgilənməyə çağırış hər zaman olmalıdır. Bu məslədə KİV-lər də əllərindən gələni etməlidirlər. Televiziyalarda hər yaş qrupu üçün intellektual tipli verilişlərin olması müəyyən qədər yardımcı ola bilər məsələn. Bu tip proqramlara zaman-zaman ekranlarda rastlamışam. Son zamanlar isə daha çox şit, bayağı, əyləncə tipli verilişlər qarşıma çıxır . Halbu ki, belə verilişlərə daha çox yer verilməkdənsə hər kanalda intellektual tipli proqramların olması istənilən yaş qrupundan olan insanlarda müəyyən stimul yarada bilər oxuyub bilgilənməyə. Bu zaman internet resuruslarından da istifadə etmək olar. Saytlar imkanları daxilində və profilləri çərçivəsində müsabiqələr təşkil edərək müəyyən istəyin yaranmasına səbəb ola bilərlər. Məsələn fəlsəfə sahəsində son zamanlara qədər Azərbaycan Fəlsəfə və Sosial Elmlər Assosasiyasında diskusslar təşkil olunurdu. Mərkəzin rəsmi internet saytı həftənin müzakirə mövzusu elan edirdi və buna müxtəlif sahənin insanları öz düşüncələrini bildirirdilər. Mütəxəssislər tərəfindən ən yaxşı fikir sahibləri müəyyən edilib mükafatlandırılırdı. Eyni zamanda da həmin şərhlər rəsmi jurnalda dərc olunurdu. Bununla da kifayətlənmirdilər, mövzü haqqında dəyirmi masalar təşkil edirdilər. Nə gözəl idi. Çox təəssüflər olsun ki, səbəbini bilmədiyim səbəblər üzündən indi həmən diskusslar təşkil olunmur. Sözüm onadır ki, həqiqətən vaxtında olan stimul çox şeyə səbəb ola bilir. Mən bunu öz üzərimdə görmüşəm. Tələbə vaxtı haqqında danışdığım Assosasiya ilə tanış olmağım məndə belə bir stimulu yaratmışdı. Həmən mərkəzlə əlaqəm sayəsində və eyni zamanda da hörmətli müəllimim Nəriman Süleymanlının ( Qocaturk ) ideyasından bəhrələnməklə Fəlsəfə Akademiyası ( philosophy academy ) yaratmışdım. Bu işdə müəyyən qrup yoldaşlarım da bacarıqlarını əsirgəməmişdilər. Təhsil aldığımız BDU-nun Sosial Elmlər və Psixologiya fakültəsindən oxumağa həvəsli gənclər ətrafimıza yığışırdı. Bununla fakültə həyatına rəngarənglik qatmağı başarmışdıq. Müxtəlif mövzulu təlimlər, treninqlər, professorların mühazirələrini təşkil etməyimiz bizim üçün əsl inqilab idi. Ora yığışan hər kəs öz sahəsini daha mükəmməl öyrənməyə can atırdı. Bir qığılcımdan böyük alov cıxdığı kimi xırda bir stimuldan da müəyyən işlər törəyə bilər. Ona görə hər kəs əlindən gələni etməlidir. Dama-dama göl olar demişlər . Qayıdaq maarifçilik məsələsinə. Yuxarıda qeyd olunanlardan savayı yeniyetmə və gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün hər rayonda, hər qəsəbədə modern mərkəzlər daha çox qurulsa urəyimcə olardı. Burada hər cür xidmətlə yanaşı müasir oxu zalları, müzakirə mərkəzləri, şahmat mərkəzləri, teatr səhnələri, idman zalları və b. şeylərin yer alması düşünürəmki müsbət nəticələr hasil edər. Fikrimcə belə yerlərin mövcudluğu həmdə yeniyetmə və gəncliyi bir çox bəlalardan da qorumuş olar. Bu yaxınlarda doğulub boya-başa çatdığım Masallı rayon Boradigah qəsəbəsinə getmişdim. Dövlət sərəncamı ilə ərsəyə gəlmiş və ölkədə alternativ enerji ilə işləyən ilk kompleks hesab olunan “ Boradigah Olimpia İdman kompleksi” ilə tanış oldum. Yeniyetmələr üçün əsl bayrama çevrilmişdi bu. Ard-arda ora böyük sevinclə axışıb gələn uşaqları görüncə mən də xoşhal olurdum. Ən azından bu mərkəz yeniyetmələr arasında müəyyən qədər avaraçılığın qabağını önləmiş olacaq. Necə ki, “avaralanmaqdan qorx, o bütün çatışmazlıqların ən pisidir. Dünyada avaraçılıqdan qorxulu heçbir yaramazlıq yoxdur” deyirdi A. Bakıxanov .
Hərdən özüm-özümə düşünürəm, kaş çoxlu kitablarım olaydı bütün çayxanalara kitab rəfləri yerləşdirərdim. Ən azından bu da təbliğatdı. Heç olmasa çayxanaya vaxt öldürməyə gələn cavanından, gəncindən, orta yaşlısından bir nəfəri nərd-domino yerinə ya da qiybət qırmaq yerinə maraqlı gələn bir kitabı oxudu, evinə apardı da gördülər. Ümumiyyyətlə maariflənmə haqqında çox şey demək olar, çox danışmaq olar. Bu iş sistemli şəkildə düşünülməli, kompleks formada iş görülməlidir. Zərbəni bir yerə vurmaq lazim deyil. Maariflənməli olduğumuz sahələr çoxdur. Bunların ən başına elə dini maariflənməni qoymaq lazımdır. Dinin mahiyyətini bilməzlikdəndir ki, ekstremist qruplar insanlarımızın başını yeyir, din pərdəsi altında bizə yad ideologiyalar soxuşdurulur və öz ardıcıllarını tapır. Sonda onu da qeyd edək ki, maariflənmə yönundə dövlətin gördüyü işlər də göz qabağındadır. Kitabların latın qrafikasi ilə yenidən nəşri söylədiyimə bariz nümunədir. Amma bu məsələdə əlindən gələni etmək hər bir vətəndaşın borcu olmalıdır unutmamalıyıq. Hər kəs təbliğat aparmalıdır, bacardığını etməlidir. Tələbə bilgisini ətrafındakılarla paylaşmaqla, müəllim elmini vicdanla öyrətməklə, valideyn övladlarının təhsilinə diqqət etməklə, yaşlı nəsil nəvəsini yanında otuzdurub ona nağıl oxumaqla, əlindən tutub uşaq teatrına apararaq bir tamaşa izlətməklə yəni kim nəyi bacarırsa o formada əlindəki imkanlardan istifadə edərək millət üçün bu müqəddəs yolda xərcləməlidir.





 
Müəllifin son yazıları

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10950

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
4 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
5 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info