Uşaq və gənclərin fiziki və mənəvi inkişafı üçün yaradılan şəraitdən necə istifadə etməli?
Tarix: 31.03.2014 | Saat: 22:32:00 | E-mail | Çapa göndər


Hər bir dövlət və millət üçün uşaq və gənclərin fiziki və mənəvi inkişafı olduqca böyük önəm kəsb edir. Bu baxımdan qəzetimizin Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun dəstəyilə sözügedən mövzuda layihə həyata keçirməsi məqsədəuyğundur.
Məlum olduğu kimi, Azərbaycanda uşaq və gənclərin fiziki və mənəvi inkişafı məsələlərinə son dövrlərdə dövlət tərəfindən olduqca böyük diqqət yetirilir. Məsələn, bu gün fiziki inkişafla bağlı görülən tədbirlər sırasında idmanın inkişafına strateji yanaşma fonunda yeniyetmə və gənclər üçün yaradılan hərtərəfli şəraiti qeyd edə bilərik. Bu gün Azərbaycanın ən ucqar rayonlarında belə ən müasir standartlara cavab verən idman zalları və qurğuları dövlətin maliyyəsi və dəstəyi hesabına vətəndaşların, əsasən də yeniyetmə və gənclərin istifadəsinə verilir. Bundan başqa, ölkənin bütün bölgələrində 40-a yaxın möhtəşəm, ən yeni idman texnologiyalarını ehtiva edən olimpiya komplekslərinin tikilib istifadəyə verilməsi də bu baxımdan xüsusi qeyd edilə bilər. Bütün bunların nəticəsidir ki, bu gün Azərbaycan beynəlxalq arenada, ən mötəbər yarışlarda əldə etdiyi idman uğurlarına görə idman ölkəsi imicini qazanıb. Ölkədə xeyli müddətdir start götürən və hər il daha əlamətdar uğurlarla yadda qalan olimpiya hərəkatı da bundan xəbər verir. Bununla yanaşı fiziki inkişaf məsələsi olduqca aktual olduğu üçün bu barədə geniş müzakirələrə, ekspertlərin fikir və rəylərini, tövsiyələrini öyrənməyə və işıqlandırmağa dəyər. Bu baxımdan KİV-in maarifləndirici funksiyasını yerinə yetirməsi olduqca səmərəlidir. Bu baxımdan idmanın müxtəlif sahələrində ciddi uğurlar qazanmış, istedadlı insanlarla müsahibələr də olduqca maraqlı olardı...
Bundan başqa, uşaq və gənclərin mənəvi və əqli inkişafı da eyni dərəcədə önəm və aktuallıq kəsb edir. Onların hər hansı əqli sahədə istedadlarının üzə çıxarılması, inkişaf etdirilməsi, təhsil şüurunun inkişaf etdirilməsi və sair məsələlər bu baxımdan üzərində dayanılası məsələlərdir. Xüsusən də yeniyetmə və gənclərin təhsil şüurunun artırılması, gələcəkdə cəmiyyətə yararlı, aktual ixtisaslara yiyələnmələri üçün öz üzərlərində çalışmalarını aşılamaq çox vacibdir. Bu barədə bu yazıda bir qədər geniş şəkildə bildirmək də yerinə düşər. Belə ki, Azərbaycanda ali təhsil almaq, ali ixtisaslara yiyələnmək istəyənlərin sayı çoxdur. Bu barədə motivasiya hələ də qalır. Bununla belə, bu sahədə sovet dönəmindən qalmış sosial-psixoloji vəziyyət müsbətə doğru bir o qədər də dəyişməyib. Bu barədə yeniyetmə və gənclərin, ümumiyyətlə cəmiyyətin mənəvi-kulturoloji görüşlərinin ciddi şəkildə inkişaf etdirilməsinə ehtiyac var. Belə ki, Azərbaycan müstəqil olandan sonra ölkədə keçid dövrü bir müddət davam etdi. Sonra isə azad bazar iqtisadiyyatı başladı. Azad bazar, azad rəqabət şəraiti isə öz növbəsində yeni çağırışlar diktə edirdi. Bu çağırış və tələblər birinci növbədə elə intellektual əmək bazarına aiddir. Aparılan araşdırmalar və müşahidələr göstərir ki, ölkə ali təhsillilərinin, eləcə də müstəqillik dönəmində məzun olmuşların çoxu yeni dövrün tələb və çağırışlarına cavab vermir və nəticədə intellektual əmək bazarında rəqabətdə uduzurlar. Onlar əllərində diplomları ola-ola digər sahələrə üz tutmağa məcbur olurlar. Az sayda xarici təhsil almış məzunlarla müqayisədə əksəriyyətin geridə qaldığı daha qabarıq nəzərə çarpır. Bu cür hallar göstərir ki, əhalinin, xüsusən gənclərin indiki zamanda daha çox vacib olan intellektual potensialının xeyli hissəsi itirilmiş olur. Araşdıranda bu ali təhsilli gənclərin nəinki mütəxəssis, hətta müasir göstəricilər baxımından savadlı olmaması da üzə çıxır. Bu da birinci növbədə onların çağdaş kriteriyalara cavab verməməsi ilə bağlıdır. BMT standartlarına görə, dünyada müasir savadlılıq kriteriyaları əsasən bunlardır: 1) Yazıb-oxumağı bilmək, 2) Əsas kompyuter proqramlarında işləməyi bacarmaq, 3) Hər hansı geniş yayılmış xarici dillərdən birini bilmək, 4) Sosial hüquqlarını bilmək, 5) Bütün sadalanan bilgiləri digərlərinə ötürməyi bacarmaq. Göründüyü kimi, daha çox orta təhsillilərə aid olmalı olan bu kriteriyalara əksər ali təhsillilərimiz cavab verə bilməzlər. Üstəgəl, onların öz sahələri üzrə mütəxəssis kimi tələblərə tam cavab verə bilməməsi də əsas çətinlik yaradır. Bu, ümumi təhsil şüurunun aşağı səviyyədə olmasından irəli gələn məqamdır. Təhsillə bağlı uşaq və gənclərin, ümumilikdə cəmiyyətin şüurunun təkmilləşdirilmə zərurəti buradan da görünür. Artıq aksiomdur ki, ictimai şüurda hələ də təhsil almaq yox, “diplom almaq” prinsipi önəm kəsb edir. Hələ də belə fikirləşirlər ki, “əldə diplom olarsa, harasa işə keçmək olar”. Ola bilsin ki, bu, kimlər üçünsə “işləyən variantdır”. Amma əksəriyyət üçün yox. Yaxud da bu gün bütün “dejurnı” ali məktəblərdə, ya da pedməktəblərdə külli miqdarda gənc qızların “oxuduğunu” görürük. Qızlar bir neçə il bu cür məktəblərə “müəllim olmaq” üçün vaxt sərf edirlər, daha doğrusu itirirlər. Onların əksəriyyəti savadsız mütəxəssis kimi yetişir ki, bu da sonradan təhsil prosesində, onların müəllim fəaliyyətində mənfi təsirini göstərir. “Valideynləri sanki qızlara diplomu cehizlik üçün verir” - bu deyim vəziyyəti aydın təsvir edir. Beləliklə, qeyd edilənlər göstərir ki, gənclərin və ümumilikdə cəmiyyətin təhsil şüuru hələ də keçid dövrü səviyyəsindən fərqlənmir. Halbuki Azərbaycanda keçid dövrü başa çatıb - bu, rəsmən də elan edilib. Azərbaycan sürətlə inkişaf edən qabaqcıl ölkə kimi xarakterizə edilir, ölkədə yeni-yeni iş yerləri və istehsal müəssisələri açılır. Ölkəyə ən yeni texnoloji sahələrdə işləmək üçün savadlı kadrlar lazımdır. Bu boşluğu doldurmaq üçün birinci növbədə uşaq, yeniyetmə və gənclərin təhsil motivasiyalarını düzgün yönləndirmək, onların keyfiyyətli təhsil almaqla bağlı şüurunun inkişaf etdirilməsi, düzgün ixtisas seçiminə istiqamətləndirilməsi zəruridir.
Bu sahədə olan problem də göstərir ki, yeniyetmə və gənclərin təhsil şüurunun inkişafı və düzgün ixtisas seçiminə həvəsləndirilməsi də onların mənəvi inkişafının zəruri bir hissəsidir. Konkret olaraq təhsil şüurunun inkişafı ilə bağlı yeniyetmə və gənclərin təhsil şüurunun inkişafına, yeniyetmə və gənclərin düzgün ixtisas seçimi etməsinə, müasir texnoloji və intellektual vərdişlərə yiyələnməsinə yardımçı olmaq, onları yeni ixtisas sahələri, vacib və cəmiyyətimizin inkişafı üçün daha aktual olan ixtisaslarla bağlı bilgiləndirmək, bu sahədə müvafiq dövlət qurumları və QHT-lərlə yeniyetmə və gənclər arasında təhsil məlumatlılığını artırmaq üçün informativ əlaqə və münasibətlərin qurulmasına yardımçı olmaq olduqca aktualdır. Bütün bu məsələlərdə isə KİV-in rolu əvəzolunmazdır. Bu cür məsələlərlə bağlı KİV-də, eləcə də qəzetimiz tərəfindən sözügedən layihənin həyata keçirilməsi uşaq, yeniyetmə və gənclərin fiziki və mənəvi inkişafına müsbət təsir göstərəcək, onların müxtəlif məsələlərlə yanaşı, həm də təhsil şüurunun güclənməsinə, yaradıcılıq motivasiyasının güclənməsinə və reallaşdırılmasına səbəb olacaq. Onlar, eləcə də onların valideynləri bu kimi məsələlərlə bağlı qəzetimizin həyata keçirdiyi layihə çərçivəsində maariflənmək və bilgilənməklə yanaşı, həmkarları və ictimaiyyət arasında əldə etdikləri bilikləri ötürə və təlqin edə, bununla bağlı virtual məkanda, sosial şəbəkələrdə informasiyalar yaya, fiziki və mənəvi inkişaf məsələlərinin təbliğ edilməsinə diqqəti, qoşulmaq həvəsini önəmli dərəcədə artıra bilərlər.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
05.12.2019
“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün daha optimist işarələrə ehtiyac var”
03.12.2019
Milli qəhrəmanlarımıza sonsuz ehtiramın nümunəsi
02.12.2019
Rusiya XİN: “Biz münaqişənin siyasi-diplomatik yolla həllinin tərəfdarıyıq”
28.11.2019
“Qafqaz regionuna terroru erməni siyasi təşkilatları gətirib”
26.11.2019
Münaqişənin həlli üçün Ermənistan qoşunları işğal edilmiş ərazilərdən çıxarılmalıdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11400

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
3 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
4 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info