“Vokal sənəti musiqinin elə sahəsidir ki, onun xüsusi auditoriyası var”
Tarix: 31.03.2014 | Saat: 23:18:00 | E-mail | Çapa göndər


Nərgiz Hüseynova:“İndi dünyanın bir sıra aparıcı opera teatrlarında gənc, lakin çox istedadlı azərbaycanlı vokalçılar fəaliyyət göstərir”

Müsahibimiz Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nərgiz
Hüseynovadır:


-Nərgiz xanım, Azərbaycanda vokal sənətinin inkişafı və bu sənətə gənclərin münasibəti hansı yöndədir?
- Bilirsiniz, Azərbaycanda incəsənətin digər sahələri kimi vokal sənəti də özünün inkişaf mərhələsindədir. Artıq, 20 ilə yaxındır ki, mən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Solo oxuma və opera hazırlığı kafedrasında çalışıram. 15 ildir pedaqoji fəaliyyətlə məşğulam. Bir pedaqoq kimi onu deyə bilərəm ki, Azərbaycanda incəsənətin bir çox sahələri kimi vokal sənətinin də kökləri çox dərindir. Bu sənətin təməli Şövkət Məmmədova, Bülbül tərəfindən qoyularaq Ağababa Bünyadzadə, Hüseynağa Hacıbababəyov, Firəngiz Əhmədova, Lütfiyar İmanov, Rumiyə Kərimova, Mürsəl Bədirov, Firudin Mehdiyev və digər görkəmli sənətkarlar tərəfindən şərəflə davam etdirilib. Sonrakı mərhələdə Azərbaycan vokal sənətinin ən parlaq nümayəndələri- Fidan və Xuraman Qasımova bacıları bu sənəti daha yüksək zirvələrə qaldırdılar. Xüsusilə qeyd edim ki, Qasımova bacılarının yaradıcılığı vokal tarixində özünəməxsus iz salmışdır.
Bu köklərlə dayaqlanan Azərbaycan vokal sənəti hazırda inkişaf yolundadır. Bu gün də çox istedadlı vokalçılar var. Onların bir çoxu Opera və Balet Teatrında fəaliyyət göstərirlər, bəziləri solo ifaçılıqla məşğul olurlar. Onlardan Qənirə Abdullayeva, Azər Zeynalov, Gülnaz İsmayılova, Əkrəm Poladov, Səbinə Əsədova, Zemfira İsmayılova, Samir Cəfərov, Fidan Hacıyevanın adlarını çəkmək olar. Bilirsiniz, vokal sənəti musiqinin elə sahəsidir ki, onun xüsusi auditoriyası, dinləyicisi var. Ona görə də çox zaman vokalçıların yaradıcılığı, onların nailiyyətləri, uğurları həmişə olmasa da əksər hallarda kölgədə qalır. Məsələn, indi dünyanın bir sıra aparıcı opera teatrlarında gənc, lakin çox istedadlı azərbaycanlı vokalçılar fəaliyyət göstərirlər. Rusiyanın Böyük teatrında çalışan iki istedadlı vokalçılarımız var. Hansı ki, onların peşəkarlığı çox yüksək qiymətləndirilir. Onlar müasir Azərbaycan vokal məktəbini layiqincə təmsil edirlər. Elçin Əzizov və Dinara Əliyeva-onların hər ikisi Azərbaycanın Əməkdar artistləridir. Lakin neçə ildir ki, Böyük Teatrın truppasında çalışırlar. Həmçinin mütəmadi olaraq nüfuzlu konsert salonlarında ən tanınan orkestrlərin müşayiəti ilə çıxış edirlər. Sizə bir xoş xəbər də verim. Bu yaxınlarda Roma Opera teatrının səhnəsində C. Puççininin “Manon Lesko” operası tamaşaya qoyuldu. Baş rollardan birini isə azərbaycanlı tenor Yusif Eyvazov ifa edirdi. Bu, çox böyük uğurdur və biz bununla fəxr edirik. Sevinirik ki, onlar Bakı Musiqi Akademiyasının yetirmələridir. Bir haşiyə çıxım ki, bir neçə məzunumuz təhsillərini xaricdə davam etdirdikdən sonra yenidən Vətənə qayıdırlar. Onlardan Azər Rzayev, İlham Nəzərov və digərlərinin adlarını çəkmək olar.
Hazırda Ü. Hacıbəyli adına BMA-nin vokal bölməsində kifayət qədər təhsil alan tələbələr var. Əlbəttə, zaman keçdikcə onlar da Azərbaycan vokal sənətinin ənənələrini, bu məktəbin yolunu davam etdirəcəklər. Azərbaycan mədəniyyətini gələcəkdə dünyada layiqincə təmsil edəcəklər. Biz buna ümid edirik .
- Müasir vokal tədrisində hansı yeniliklər mövcuddur, vokal sənətində yeni düşüncə tərzi axtaranlar varmı?
- Vokal ifaçılığı elə sənətdir ki, burada hər şey səslə bağlıdır. Klassik vokalda necə yenilik axtarmaq olar? Bu, qeyri-mümkündür. Burada həm təlim yolu, həm dərs prosesi bir istiqamətdə aparılır. Düzdür, sovetlər dönəmində tədris 5 illik idi. İndi isə Boloniya sisteminə keçmişik. Bu sistemin də özünəməxsus tələb və çətinlikləri var. Tədris sistemində nə qədər yeniliklər olsa da, klassik vokal təliminin yolu birdir. Ən əsası səsin düzgün qoyulması, düzgün nəfəs, səsin aparılmasıdır, oxuma tərzidir. Vokal oxuma mədəniyyəti əsrlərdən bu günümüzə qalan zəngin xəzinədir.
Klassik musiqi hər zaman əlçatmaz olub. Bu, elə bir sənət sahəsidir ki, onun xüsusi dinləyici, pərəstişkarları olub.
Yeri gəlmişkən qeyd edim ki, mən də 1994-cü ildə Bakı Musiqi Akademiyasının Vokal şöbəsini bitirmişəm. Professor Kamal Kərimovun sinfində təhsil almışam. Elə həmin ildən Akademiyada işləyirəm. Vokal kafedrasının dosentiyəm. 2010-cu ildə “Azərbaycan opera sənətində milli vokal məktəbinin təşəkkülü və inkişafı” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişəm. Elmi-tədqiqat işim opera sənətimizin, milli vokal məktəbinin keçdiyi bir əsrlik tarixi mərhələni əhatə edir.(elmi rəhbərim prof. İ. Əfəndiyeva). İşlədiyim kafedrada bakalavr və magistraturada dərslər aparıram. Kafedra hörmətli professorumuz, Xalq artisti Xuraman Qasımovanın rəhbərliyi altında səmərəli fəaliyyət göstərir. Xuraman xanımın özünün də gənc vokalçıların yetişməsində müstəsna rolu var. Qeyd edək ki, müasir dövrdə imkanlar daha genişdir. Tələbələrimiz mütəmadi olaraq Beynəlxalq müsabiqələrdə, festivallarda, dövlət tədbirlərində iştirak edir, tanınırlar. Ən istedadlı tələbələr təhsillərini magistratura pilləsində davam etdirirlər.
Əlbəttə, gələcəkdə həmin gənclərin arasından özünəməxsus səs tembri, ifa tərzləri olan vokalçılar çıxacaq.
- Sizin bu sənətə gəlişiniz necə oldu? Siz də vaxtilə “Bənövşə” uşaq xorunun üzvü olmusunuz və sizin uşaq xorunda solo ifalarınızda vokal imkanlarınızı eşitmişik. Bununla bağlı söhbət açmağınızı istərdik.
- Musiqiyə həvəs məndə məhz bu xora gəlişimdən sonra yaranıb. Sözsüz ki, burada Əfsər müəllimin böyük rolu var. Orta məktəbin 4-cü sinfində oxuyurdum. Əfsər müəllim məktəbimizə gəlmişdi. Bildirdi ki, “Bənövşə” uşaq xoruna üzv olmaq üçün müsabiqə elan olunur. Onu da qeyd edim ki, o dövrdə xorun konsertləri sistematik olaraq efirə gedirdi. Hamı bu kollektivi yaxşı tanıyırdı. Əfsər müəllimin işinə olan həvəsi, mehriban davranışı biz uşaqları həvəsləndirirdi. Uşaqların musiqi materialını mənimsəməsinə böyük səbir göstərirdi. Əfsər Cavanşirov “Bənövşə” uşaq xorunu ailəsi kimi görürdü. Mən xorun üzvü olduğum müddətdə musiqiyə olan sevgim, marağım daha da artdı, formalaşdı. İllər ötdükcə xorun aparıcı solistlərindən biri oldum. Televiziya və Radionun Qızıl Fondunda xorla, vokal qrupu tərkibində, həmçinin solist kimi çoxlu lent yazılarım var idi.
Orta məktəbi bitirdikdən sonra Əfsər müəllim mənə məsləhət gördü ki, sənədlərimi Konservatoriyaya verim. Bu təklif mənim üçün gözlənilməz oldu. Orta məktəbdə də yaxşı oxuduğum üçün heç kim təsəvvür etmirdi ki, mən musiqi sahəsinə gedəcəyəm. 1985-ci ildə Konservatoriyanın nəzdində musiqi təhsili olmayan gənclər üçün hazırlıq kursları açıldı. Əfsər müəllim məni Kamal Kərimovun yanına gətirdi. O vaxt Kamal müəllim həm də Vokal kafedrasının müdiri idi. Səsimi və musiqi qabiliyyətimi yoxladılar. İmtahanları müvəffəqiyyətlə verib Kamal Kərimovun sinfində təhsil aldım. Ali məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra məni Konservatoriyada saxladılar. O gündən mənim həyatım bu təhsil ocağına bağlandı.
Böyük fəxrdir ki, bir çox korifey sənətkarlarla ünsiyyətdə olmuşam, hazırda da onlarla birlikdə çalışıram. Mənim üçün fəxrdir ki, dahi Üzeyir bəyin yaratdığı bu ali məktəbdə böyük məsuliyyət və məhəbbətlə tələbələrə dərs deyirəm. Əlbəttə, Əfsər müəllimə borcluyam ki, o, mənim həyat yolumu düzgün müəyyənləşdirdi.
- Nərgiz xanım, Azərbaycan vokal sənətini gələcəkdə necə görürsünüz?
- Yuxarıda sadaladığım uğurlardan görürük ki, Azərbaycanda vokal sənətinə maraq böyükdür. Xalqımız çox istedadlıdır. Musiqi bizim canımızda, qanımızdadır. İllər keçir, nəsillər nəsilləri əvəz edir. Bu, təbiidir. İnanırıq ki, Şövkət Məmmədova, Bülbül, Rəşid Behbudov, Müslüm Maqomayev və b. yaratdığı klassik vokal sənətinin ənənələrini gələcək nəsillər də uca tutacaqlar. Həmçinin, zəngin Azərbaycan mədəniyyətini bütün dünyada daha geniş təbliğ edərək tanıdacaqlar. Dövlətimiz bu istiqamətdə böyük işlər görür. Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli hər zaman istedadlı gənclərdən öz köməyini əsirgəmir, onları dəstəkləyir. Dahi Ü. Hacıbəylinin yolunu inamla davam etdirir. Sonda bu müsahibəyə görə sizə və qəzetin rəhbərliyinə təşəkkürümü bildirirəm!
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info