"Təmiz Şəhər" ASC gənc nəslin ekoloji maarifləndirilməsi məqsədi ilə 4 ildən çoxdur ki, bir sıra universitetlərlə əməkdaşlıq edir. Bu müddət ərzində müxtəlif universitetlərdə "Təmiz Şəhər" ASC tərəfindən keçirilmiş mühazirələr, "dəyirmi masa" və müzakirələrin əsas məqsədi gənc nəslin ekologiya sahəsində məlumatlılıq səviyyəsinin artırılması, onların diqqətini ətraf mühitin mühafizəsinə yönəltmək olub.
ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, bu əməkdaşlığın davamı olaraq "Təmiz Şəhər" ASC tərəfindən Xəzər Universitetində təhsil alan tələbələrə "Bərk məişət tullantılarının idarə edilməsi" mövzusunda mühazirə oxunulmuş, tələbələrə Bakı şəhərində tullantıların idarə edilməsi sahəsində mövcud vəziyyət, əldə olunan nailiyyətlər, eləcə də "Təmiz Şəhər" ASC-nin fəaliyyəti haqqında məlumat verilmişdir. Mühazirələr tələbələr tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, "Təmiz Şəhər" ASC tərəfindən gənclərin bu sahədə bilik səviyyəsinin artırılması və tullantıların idarə edilməsi sahəsində maraqlı olan hər kəsin məlumatlandırılması üçün Balaxanı qəsəbəsində fəaliyyət göstərən Bakı Bərk Məişət Tullantılarının Yandırılması və Bərk Məişət Tullantılarının Çeşidlənməsi zavodlarına mütəmadi turlar təşkil edilir. Tədris olunan mühazirələrin effektivliyinin artırılması, əyani tanışlıq və nəzəri biliklərin möhkəmlənməsi üçün Xəzər Universitetində təşkil edilmiş mühazirədə iştirak edən tələbələrin də zavodlara praktiki turlarının təşkil olunması nəzərdə tutulur.
Bu cür səmərəli əməkdaşlığın gələcəkdə də davam etdirilməsi planlaşdırılır.
Tural
|