Elmar İskəndərov: “Erməniləri indoneziyalıların gözündə heçə endirəcəyəm”
Tarix: 02.04.2014 | Saat: 20:42:00 | E-mail | Çapa göndər


Vətəndən kənarda ali təhsil alan gənclərimizin üzərinə böyük məsuliyyət düşür. Onlar uğurlu təhsil almaqla yanaşı, ölkəmizi müvəqqəti yaşadıqları ölkələrdə də layiqincə təmsil etməlidirlər. Ancaq elə öncül tələbələrimiz var ki, onlar nəinki uğurlu təhsil alır və Azərbaycanı lazımi səviyyədə təmsil edir, bu fəxr ediləsi gənclər həm də diplomatların, diasporların gördüyü işləri belə görürlər. Belə bacarıqlı gənclərdən biri İndoneziyada təhsil alan Elmar İskəndərovdur. Elmar son aylarda bir neçə uğurlu fəaliyyət xətti seçib ki, bununla da o, hətta mətbuatımızın gündəminə çevrilə bilib. Bu istedadlı gənclə olan müsahibəni oxuculara təqdim edirik.
- Elmar, öncə təhsil aldığınız və İndoneziya haqqında biliklərinizi region üzrə bir mütəxəssis kimi oxucularımızla bölüşərdiniz...
- İlk növbədə məlumat üçün onu deyim ki, İndoneziya arxipelağı ekvator boyunca şərqdən-qərbə 5 min150 km ərazidə uzanaraq Asiya və Avstraliya qitələri, Sakit və Hind okeanı arasında yerləşir. Ərazisi isə 1 milyon 908 min kvadratkm-dir. Ölkənin təbii irsi özünün unikal tropik iqlimi, 17508 adadan ibarət nəhəng arxipelağı, eyni zamanda, Kanada və Avropa İttifaqından sonra dünyada 3-cü ən uzun sahil xəttinə (54716 km) malik olması ilə öyünə bilər. İndoneziya dünyanın yalnız adalarda yerləşən ən böyük ərazi və əhaliyə malik olan ölkəsidir.
İndoneziya istər ərazisinə, istər əhalisinə, istərsə də iqtisadiyyatına görə Cənub-Şərqi Asiya regionunun lider dövlətidir. 17 mindən çox adadan təşkil olunan ölkə dünyanın ən böyük arxipelaq dövlətlərindən biridir. Ölkə Sakit və Hind okeanı arasında strateji yerdə yerləşir. Əhalisinə görə, (250 milyon nəfər-red.) dünyada Çin, Hindistan və ABŞ-dan sonra 4-cü yerdədir. Əhalisinin 90%-nı müsəlmanlar təşkil edərək İndoneziya dünyanın ən böyük müsəlman ölkəsi sayılır. Əhali çox qonaqpərvər, hər zaman üzündə təbəssüm olan səmimi və istiqanlı insanlardır. İndoneziya dünya iqtisadiyyatına və siyasətinə birbaşa təsiri olan nəhəng iyirmilik (G-20) ölkələr qrupuna daxildir və iqtisadiyyatının sürətli artım tempinə görə bu qrupda Çindən sonra 2-ci yerdədir. Ölkənin Ümumi Daxili Məhsulunun həcmi bir trilyon dollardan çoxdur. Dünya iqtisadiyyatı ədəbiyyatlarında İndoneziya, Malayziya, Sinqapur iqtisadiyyatlarının sürətlə artımına nail olduqları üçün “pələng dövlətlər” adlandırılırlar. Proqnozlara görə də yaxın gələcəkdə İndoneziyanın dünya iqtisadiyyatında payı daha da artacaq və bu, ölkə iqtisadiyyatının artım tempinə və həcminə görə ilk onluqda uzun müddət qərarlaşacaq.
- Bəs, Azərbaycan-İndoneziya münasibətləri haqqında gənc diplomat kimi nə deyə bilərsiniz? Ümumiyyətlə, İndoneziyada Azərbaycan haqda nə bilirlər və orada azərbaycanlılara münasibət necədir?
- Öncə, İndoneziya Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 28 dekabr 1991-ci ildə tanıyıb və iki ölkə arasında diplomatik münasibətlər 24 sentyabr 1992-ci ildə qurulub. Son dövrlərdə İndoneziya və Azərbaycan arasında münasibətlər daha da intensivləşib. Bircə onu qeyd etmək kifayətdir ki, son 2013-cü ilin statistikasına əsasən iki ölkə arasında ticarət dövriyyəsi təxminən 2 milyard dollar təşkil edib və bununla İndoneziya Azərbaycanın xarici ticarət payında 2-ci ən böyük ticarət tərəfdaşına çevrilib. Bu gün bu göstərici durmadan artır və qeyd olunan rəqəmin iki ölkə arasında daha da yüksəlməsi üçün böyük perspektivlər var. Siyasi müstəvidə də istər BMT, istərsə də İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü kimi İndoneziya bütün beynəlxalq təşkilatlarda Azərbaycanı dəstəkləyir.
Ölkəmizin burda tanınmasına gəldikdə isə Azərbaycanı son dövrlərə kimi burda çox zəif tanıyıblar. Yalnız siyasi dairələrdə Azərbaycan haqqında tam məlumat var idi. İlk dəfə İndoneziyaya gəlişim 2008-ci ildə olub. Bu, İndoneziya Xarici İşlər Nazirliyinin Azərbaycana səfəri zamanı Azərbaycan Dillər Universitetində ilk indoneziyaşünas tələbələr ilə görüşü zamanı ən yaxşı tələbəyə İndoneziyada Xarici İşlər Nazirliyi xətti ilə İndoneziyanın dili, mədəniyyəti və incəsənətinin öyrənilməsi üçün 3 aylıq dövlət təqaüdü ilə kursda iştirak etmək üçün şərait yaratması ilə baş tutdu və o vaxtdan bu proqram hər il keçirilir. 2008-ci ildə Azərbaycandan olduğunu deyəndə Türkiyə, Rusiya və Xəzər dənizi regionunda yerləşdiyini də qeyd etmək zəruri idi. Çünki çox insanın, əsas da gənc nəslin Azərbaycan haqqında təsəvvürü belə yox idi. 2012-ci ildə İndoneziya Təhsil Nazirliyinin dövlət təqaüdünü yenidən qazandım və hazırda beynəlxalq münasibətlər və siyasi elmlər üzrə aparıcı universitetlərindən birində magistratura təhsilimi davam etdirirəm. O gündən ölkəmizin burda tanınması cəhətdən çox böyük dəyişikliklər baş verib. Əlbəttə ki, bu ilk növbədə ölkəmizin regionda və dünyada qazandığı uğurlar və ev sahibliyi etdiyi bir sıra beynəlxalq miqyaslı tədbirlərin, forumların və konfransların keçirilməsi ilə əlaqəlidir. Burda təhsil aldığım müddətdə istər İndoneziyada, istərsə də regionun digər ölkələrində keçirilən dövlət və beynəlxalq səviyyəli bütün konfranslarda Azərbaycanı layiqincə təmsil etməyə çalışmışam. 2013-cü ildə İndoneziyanın 32 aparıcı universitetində təhsil alan 150 beynəlxalq tələbə arasında İndoneziya dilində keçirilən debat yarışlarında mənim təmsil etdiyim universitet və rəhbərlik etdiyim komanda qalib gəldi və bütün qitələrdən mindən çox beynəlxalq tələbəni özündə birləşdirən İndoneziya Beynəlxalq Tələbələr Assosiasiyasının vitse-prezidenti seçildim. Bu hadisə istər İndoneziya mediasında, istərsə də Azərbaycan mediasında geniş işıqlandırıldı. Çünki bu təşkilata azərbaycanlı ilk dəfə rəhbər seçilmişdi. Bununla da, istər İndoneziya cəmiyyəti arasında, istərsə də sosial və siyasi həyatın bütün sahələrində daha da aktiv iştirak etməyə davam etdim. Çox sevindirici haldır ki, artıq İndoneziya xalqı arasında azərbaycanlı olduğumu deyəndə böyük hörmət və fərəhlə qarşılayırlar. İndoneziya xalqı üçün Azərbaycan dost ölkədir.
- Dağlıq Qarabağ həqiqətlərinin İndoneziyada daha da tanıdılması üçün təşkilat sədri olaraq fəaliyyətiniz nədən ibarətdir? Hansı tədbirlər keçirmisiniz?
- İndoneziyada Beynəlxalq Tələbələr Assosiasiyasının vitse-prezidenti olmaqla yanaşı, həm də Azərbaycanlı Tələbələr Assosiasiyasının sədriyəm, bu etimadı mənə İndoneziya Respublikasının Təhsil Nazirliyi göstərib. O cümlədən, hazırda Azərbaycanın İndoneziyadakı səfirliyində təcrübə keçirəm. Qeyd etməliyəm ki, hər il İndoneziyaya gələn azərbaycanlı tələbələrin sayı artmaqdadır. İndoneziyada təhsil alan minlərlə beynəlxalq tələbəni özündə birləşdirən İndoneziya Beynəlxalq Tələbələr Assosiasiyasına rəhbərlik etdiyim müddətdə həm İndoneziya cəmiyyəti, həm də xarici tələbələrin də Azərbaycana qarşı müsbət münasibətinin, yüksək rəyinin yaranmasına şahid ola bilərsiniz. Dağlıq Qarabağa və Xocalıya həsr etdiyim bir sıra tədbirlərdə xarici tələbələr də yaxından iştirak edib və Azərbaycana dəstək olublar. Tədbirlər arasında beynəlxalq tələbələrin və qlobal sülh fəallarının iştirakı ilə İndoneziyada kütləviliyi ilə seçilən “Voices for Karabakh” və “Justice for Khojaly” – “Xocalıya ədalət” kampaniyaları çərçivəsində İndoneziyada və Malayziyada keçirdiyim tədbirləri göstərmək olar. Ölkəmizin ən ağrılı hadisəsi olan Dağlıq Qarabağ və Xocalı soyqırımı haqqında həm İndoneziya cəmiyyətini, həm də beynəlxalq tələbələri məlumatlandırmaq üçün tədbirlər keçirirəm və hər il səfirliyin keçirdiyi tədbirlərə də qatılaraq xarici tələbələri də dəvət edirəm. Bundan əlavə, tez-tez yerli televiziya və radio verilişlərinə də dəvət olunuram və Azərbaycan haqqında məlumatlar verirəm. Dağlıq Qarabağ münaqişəsində İndoneziya birmənalı olaraq hər zaman Azərbaycanın haqq işini dəstəklədiyini vurğulayıb. Bu ölkədə hər il Xocalı soyqırımının anım günü qeyd edilir və hətta bunu ölkə parlamentində də müzakirəyə çıxarmağa nail olmuşuq. Xocalı soyqırımı İndoneziyada dövlət səviyyəsində bu ölkənin qanunverici orqanı olan İndoneziya parlamenti tərəfindən rəsmən tanınır və bu məsələyə İndoneziya hər zaman bütün beynəlxalq konfranslarda öz qətiyyətli mövqeyini və dəstəyini bildirib. İndoneziyanın bu qətiyyətli mövqeyi, İndoneziya Parlamentinin Xalq Nümayəndələr Palatasının sədri cənab Marzuki Alie tərəfindən bir sıra beynəlxalq konfranslarda səslənib və bu məsələdə onun kəskin bəyanatları onunla bu il İndoneziyanın ən nüfuzlu beynəlxalq tələbə təşkilatına rəhbərlik etdiyim üçün məni qəbul etdiyi görüşümüz zamanı da bir daha səsləndi və o, çox dəyərli bəyanatlarla yadda qaldı. İndoneziya parlamentinin Xalq Nümayəndələr Palatasının sədri cənab Marzuki Alie dünya ictimaiyyəti tərəfindən beynəlxalq səviyyədə tanınmış Azərbaycanın ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığı prinsipini dəstəklədiyini vurğuladı. Cənab Marzuki Alie sonda bildirdi ki, İndoneziya xalqı Dağlıq Qarabağ münaqişəsində və Xocalı soyqırımı məsələsində Azərbaycan xalqının mübarizəsini və haqlı mövqeyini bütünlüklə dəstəkləyir. Bu, İndoneziyanın dövlət və beynəlxalq konfranslarda səsləndirdiyi rəsmi mövqeyidir.
Bundan əlavə, Azərbaycanı İndoneziyada layiqincə təmsil etmək üçün orta məktəblərdə, universitetlərdə tez-tez Azərbaycan haqqında təqdimatlar nümayiş etdiririk, digər ölkələrin də iştirak etdiyi mədəniyyət festivallarında Azərbaycan stendi öz milli keyfiyyətləri ilə hər zaman fərqlənir. İstər İndoneziya cəmiyyəti, istərsə də xarici tələbələr tərəfindən bayramlarımız və milli geyimlərimiz, xüsusilə Novruz bayramı çox böyük maraqla qarşılanır. Azərbaycan və türk dilinə çox böyük marağın yarandığı üçün təhsil aldığım universitetdə könüllü Azərbaycan və türk dilləri kursları keçirik.
Qarşıda duran vəzifələrdən biri də istər İndoneziya mətbuatında, istərsə də beynəlxalq mətbuatda və sosial şəbəkələrdə ermənilərin işğalçılıq siyasətini təbliğ edib hər yerdə gözdən salmaqdır. Bundan sonra da Dağlıq Qarabağın işğalı və Xocalı soyqırımı məsələsini burda olduğum müddətdə hər dəfə gündəmə gətirəcəyəm və erməniləri İndoneziya xalqının və beynəlxalq tələbələrin gözündə bir heçə endirəcəyəm.
(ardı var)

Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“BANM-ın tələbələri məzun olan kimi ən yaxşı şirkətlərə işə qəbul ola bilir”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info