“Muğamlarımızın gənc nəslin mənəvi inkişafındakı rolu danılmazdır”
Tarix: 02.04.2014 | Saat: 22:03:00 | E-mail | Çapa göndər


Ramiq Bayramov: “Muğam müsabiqələri mənəvi inkişafımızda mühüm rol oynayan musiqimizin qorunmasında, daha da yüksəklərə qaldırılmasında böyük rol oynayır”

Gənclərin mənəvi inkişafında milli musiqimizin də mühüm rolu var. Milli musiqimizi, o cümlədən də muğamı yaşatmaq üçün gənc nəsil bu sənəti daha dərindən öyrənməli, yaşatmalı və onlar da gələcək nəsillərə çatdırmalıdırlar. Bu gün gənclərimiz də musiqi tariximizdə önəmli yer tutan muğamı unutmur, bu sənətin ardınca gedir, ölkəmizdə təşkil olunan muğam müsabiqələrində iştirak edərək onu qoruyub yaşatmağa
çalışırlar.

Ölkə başçısı da bildirib ki, gənclərin milli musiqiyə çox böyük marağı var: “Ölkəmizdə keçirilən müsabiqələr, festivallar bu marağı daha da artırır. Canlı efirdə göstərilən muğam festivalları, muğam müsabiqələri cavanları da, gəncləri də bu istiqamətə sövq edir. Muğamın vətəni Azərbaycandır. Biz ilk növbədə çalışmalıyıq ki, bu nadir sənətimiz daim yaşasın, digər tərəfdən dünya da bunu bilsin. Çünki muğam sənəti ümumdünya musiqi sənətinin zirvəsidir. Biz elə etməliyik ki, gənc nəsil milli ruhda böyüsün, vətənpərvər, Vətənə sadiq olsun, Vətən üçün işləsin, çalışsın. Bunu etmək üçün güclü vətənpərvərlik hissi və milli ruh lazımdır. Milli ruhun da təməlində milli ənənələr, musiqi, ədəbiyyat, ana dili dayanır. Ona görə bu sahə ümumiyyətlə, ölkəmizin gələcək inkişafı üçün çox önəmlidir”.
“Biz elə etməliyik ki, gənc nəsil milli ruhda böyüsün, vətənpərvər, Vətənə sadiq olsun, Vətən üçün işləsin, çalışsın. Bunu etmək üçün güclü vətənpərvərlik hissi və milli ruh lazımdır. Milli ruhun da təməlində milli ənənələr, musiqi, ədəbiyyat, ana dili dayanır. Ona görə bu sahə ümumiyyətlə, ölkəmizin gələcək inkişafı üçün çox önəmlidir”.
Qeyd edək ki, Azərbaycan musiqisinin ən dəyərli nümunələrindən olan muğamın qorunması, yaşadılması və dünyaya tanıdılmasında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın müstəsna xidmətləri var. Hətta dövlət başçısı İlham Əliyevin və Mehriban Əliyevanın səmərəli fəaliyyətinin nəticəsi olaraq hələ 2003-cü ildə Azərbaycanın muğam sənəti UNESCO-nun Qeyri-maddi-mədəni irs siyahısına daxil edilib. M.Əliyeva bildirib ki, muğam Azərbaycanın milli sərvəti kimi dünya musiqi xəzinəsinin incisidir. Heydər Əliyev Fondu muğamın qorunması və təbliği məqsədilə "Azərbaycan Muğamı" multimedia toplusunu və "Muğam Aləmi" nəşrini təqdim edib. Bütün bunlar ölkəmizdə dövlət səviyyəsində muğama verilən dəyərin göstərisidir. Davamlı olaraq təşkil olunan muğam müsabiqələri gənclərimizi daha da ruhlandırır. Son muğam müsabiqəsində də bir çox gənc muğam ifaçısı təmsil olunurdu. Həmsöhbətimiz həmin muğam müsabiqəsinin qaliblərindən biri Ramiq Bayramovdur. Azərbaycan Milli Konservatoriyasında Xalq artistləri, xanəndə Mənsum İbrahimov və Aygün Bayramovanın tələbəsi olan R.Bayramov sənətə gəlişi ilə bağlı bildirdi ki, hələ uşaqlıqdan xalq mahnılarına, muğama böyük marağı olub. Deyir ki, onu harada axtarsalar, radionun qarşısında muğamata qulaq asan yerdə tapırmışlar. Görkəmli xanəndələr Mütəllim Mütəllimovun, YaqubMəmmədovun, Arif Babayevin və digər sənətkarlarımızın ifalarını dinləməkdən yorulmadığını deyən gənc ifaçının sözlərinə görə, valideynləri onun musiqiyə marağının ötəri hiss olduğunu düşünərək, ona o qədər də əhəmiyyət vermirdilər: “Muğamata, xalq musiqisinə, oxumağa olan marağımı məktəbdə müəllimlərim daha yaxşı başa düşürdülər. Bizə ədəbiyyat dərsi deyən Təvəkkül müəllim sözə-sənətə çox bağlı insan idi. Onun bir qəzəli var, “Axtar Qarabağda, gəz Qarabağda” adlı. Bu qəzəli hazırda xanəndələr çox ifa edirlər. Təvəkkül müəllim valideynlərimin yanına gəldi və onlara dedi ki, bu uşağın səsi var, bu səs Allah vergisidir. Ona dəstək olun, gedib oxusun. Müəyyən vaxt keçdi və səsim bir qədər də dəyişib püxtələşdi. Məktəbimizin müxtəlif tədbirlərində, rayonda keçirilən konsert proqramlarında çıxış etməyə başladım. Bir gün israrlı xahişlərimdən sonra anam məni qonşu kənddəki musiqi məktəbinə apardı. Orada səs şöbəsi olmadığına görə, bir qədər sonra atamla Ağcabədi rayon mərkəzində fəaliyyət göstərən Üzeyir Hacıbəyli adına uşaq incəsənət məktəbinə gəldik». Musiqi məktəbində onun səsinə qulaq asdıqdan sonra məktəbin müəllimi, rayonda tanınan xanəndə Fazil Heydərov atasına deyir ki, sən bu uşağı ver bizə, qalanı ilə işin yoxdur. Həmin gündən sonra isə Ramiqin həyatında hər şey dəyişir: «Artıq arzularım çin olmağa başlamışdı. Muğam sənətinin sirlərini öyrənməyə başladım”. Bundan sonra uğurlar bir-birini əvəz etməyə başlayıb. Belə ki, 2005-ci ildə Ramiq İsmayıllı rayonunda keçirilən «Vətənimiz, dilimiz, mədəniyyətimiz, qabiliyyətimiz» adlı ümumrespublika bədii qiraət və xalq mahnıları ifaçılarının müsabiqəsində münsiflər heyətinə rəhbərlik edən Xalq artisti Canəli Əkbərovun xeyir-duası ilə uğur qazanır. 2006-cı ildə Astarada keçirilən 3-cü uşaq muğam festivalında diploma layiq görülür. Burada ilk dəfə tanınmış xanəndə Mənsum İbrahimovla görüşür. Nəhayət, 2008-ci ildə Ramiqin böyük arzusu həyata keçir. O, Azərbaycan Milli Konservatoriyasının Muğam şöbəsinə qəbul olunur və Mənsum İbrahimovun sinfində təhsil almağa başlayır. Üç il ustad xanəndənin sinfində muğam dərsi alan Ramiq sonuncu kursu Xalq artisti Aygün Bayramovanın sinfində bitirir. Bundan əlavə, görkəmli xanəndələrimiz Arif Babayev, Əlibaba Məmmədov, Qəzənfər Abbasov və başqa müəllimlərdən də dərs alır. Bütün bu çalışmalar öz nəticəsini verir. 2011- ci ildə Ramiq Bayramov Tehran şəhərində keçirilən konsert proqramında çıxış edir. Bundan sonra mütəmadi olaraq müxtəlif tədbirlərə, şənliklərə dəvət alır, hərbi hissələrdə konsertlərdə tez-tez konsertlər verir. Bundan başqa, daha bir uğuru da odur ki, Ramiq Bayramov müstəqilliyimizin 20 illiyi ilə bağlı Üzeyir Hacıbəylinin ev-muzeyində solo-konsert verib. Daha sonra isə Böyük Britaniyanın OXFAM humanitar təşkilatının nümayəndəsi Azərbaycan Milli Konservatoriyasında gənc xanəndələr arasında seçim edərkən Ramiqin ifası onun diqqətini cəlb edir. O, ANS TV- nin səsyazma studiyasında gənc xanəndənin səsini yazdırır və onun «Eurovision»un reklam çarxında iştirakını təmin edir. Buna görə Ramiqə OXFAM təşkilatının sertifikatı verilib. Həmsöhbətimiz 2012-ci ildə iyunun 14-dən 25 dək Türkiyənin Qəbzə şəhərində keçirilən beynəlxalq mədəniyyət və folklor festivalında Azərbaycanı təmsil edib. Ramiqin ən böyük arzusu isə ölkəmizdə keçirilən muğam müsabiqəsində iştirak etmək olub. Müsabiqəyə ciddi hazırlaşan Ramiq bunun üçün öz müəllimi Mənsum İbrahimova müraciət edib. Bundan başqa, digər ustad sənətkarların dərslərində də iştirak edib. Deyir ki, muğam ifaçısı hər zaman öyrənməlidir: “Xalq tərəfindən sevilən xanəndə olmaq üçün görkəmli sənətkarlardan hələ çox şey öyrənməliyəm. İndiyədək həyatda əldə edə bildiklərinə və hələ bundan sonra qazanacaqlarına görəmüəllimlərinə borcluyam”. Onu da qeyd edək ki, müəllimi, görkəmli xanəndəmiz Mənsum İbrahimov da Ramiqlə bağlı böyük ümidlərinin olduğunu deyib. Muğam müsabiqəsinə qoşulacağı təqdirdə isə onun uğur qazanacağına inandığını bildirib. Beləliklə, arzusunu reallaşdırmaq istəyən R.Bayramov muğam müsabiqəsində iştirak etdi. Bu müsabiqədə iştirakın nəticəsi olaraq isə R.Bayramov III yerin qalibi oldu. Belə mühüm bir müsabiqənin qaliblərindən biri olmaqdan məmnunluğunu deyən R.Bayramov ilk öncə bu muğam müsabiqəsinin təşkilatçılarına, xüsusilə də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya öz təşəkkürünü bildirdi: “Belə bir müsabiqədə iştirak etmək mənim kimi muğam sevən neçə-neçə gəncin arzusudur. Muğamlarımızın gənc nəslin mənəvi inkişafındakı rolu danılmazdır. Biz gənclər belə müsabiqədə iştirak etməklə həm ölkədə tanınırıq, həm bizim üçün yeni imkanlar açılır. Musiqimizin ən dəyərli nümunələrindən olan muğamı qoruyub yaşatmaq bizim borcumuzdur. Düzdür, müsabiqə zamanı onu izləyən tamaşaçıların, xüsusilə də ustad sənətkarların qarşısında çıxış etmək çox çətindir. Amma bu, bizim üçün nəinki bu sənətdə, mənəvi inkişafımızda mühüm rol oynayan musiqimizin qorunmasında, daha da yüksəklərə qaldırılmasında bir imtahandır. Bu imtahandan qalib çıxdığıma görə, bir daha H.Əliyev Fondunun rəhbərliyinə və müəllimlərimə öz minnətdarlığımı bildirirəm”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
12.12.2019
“Ermənistan danışıqlar prosesinə bu və ya digər şəkildə maneələr yaratmaqdadır“
10.12.2019
“Beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana qarşı törədilmiş təcavüz aktlarını qınamaq üçün vahid bir yanaşma yoxdur”
09.12.2019
Erməni işğalı BMT-də ifşa edilib
05.12.2019
“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün daha optimist işarələrə ehtiyac var”
03.12.2019
Milli qəhrəmanlarımıza sonsuz ehtiramın nümunəsi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11405

1 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
2 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
3 Naxçıvanın Daxili işlər naziri Fazil Ələkbərov Dünya Şotokan Karate Federasiyasının 1-ci vitse-prezidenti seçilib
4 Azərbaycan idmançıları Moskvada dünya rekordunu qıraraq çempion olublar
5 Regionların inkişafı bütövlükdə Azərbaycanın inkişafı deməkdir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info