Ölkəyə gələn turistlərə apartamentlər təklif edilə bilər
Tarix: 02.04.2014 | Saat: 22:43:00 | E-mail | Çapa göndər


Bakıda Azərbaycan və bütün Qafqaz regionunda turizm sənayesinin ən böyük ixtisaslaşdırılmış tədbiri - 13-cü Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər ("AITF 2014") və 8-ci Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar sərgiləri öz işinə başlayır. Sərgilərin təşkilatçıları "Iteca Caspian" MMC və onun Böyük Britaniyadakı tərəfdaşı "ITE Group plc" şirkətləridir.
Sərgilərin açılışı münasibətilə keçirilən mətbuat konfransında çıxış edən tədbirin təşkilatçısı-İTECA Caspian şirkətinin qeyd edilən sərgilər üzrə meneceri Xəyal Əliyeva bildirib ki, AITF Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin rəsmi dəstəyi ilə keçirilir. Sərgiyə Ümumdünya Turizm Təşkilatı (UNWTO), Beynəlxalq Turizm Sərgiləri Assosiasiyası (İTTFA), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstək göstərilir.
AİTF sərgisində 38 ölkədən 351 şirkət və təşkilat iştirak edəcək. Sərgi iştirakçılarının 60%-dən çoxunu xarici eksponentlər təşkil edirlər və onlar xüsusi olaraq Azərbaycan bazarı üçün işlənib hazırlanmış eksklüziv turizm təkliflərini təqdim edəcəklər. Sərgi iştirakçılarının 40%-ni yerli şirkətlər təşkil edir. AITF sərgisində 80-dən çox turizm marşrutu nümayiş etdiriləcək. 8-ci Qafqaz Beynəlxalq Hotel, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar ("Horex Caucasus 2014") sərgisində Azərbaycan, Almaniya, Gürcüstan, Niderland Krallığı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Rusiya, Türkiyə və İsveçrədən olan aparıcı şirkətlər iştirak edəcək. Sərgidə mehmanxana və restoran biznesi üçün lazım olan bütün avadanlıq və ləvazimatlar nümayiş olunacaq. İştirakçılar öz stendlərində təqdimatlar və ustad dərsləri ("master klass") keçirəcəklər. Bu nümayiş zamanı həm iştirakçılar, həm də ziyarətçilər ən yeni avadanlıqları bilavasitə iş prosesində görə biləcəklər.
Bundan başqa, 3-4 aprel 2014-cü il tarixində Bakıda BMÜTT-nin (Ümumdünya Turizm Təşkilatı) Avropa Komissiyasının 57-ci iclası və "Səmərəli turizm klasterlərinin inkişafı" üzrə seminarı keçiriləcək. MTN-nin məlumatına görə, bu qərar Avropa Komissiyasının 56-cı iclasında qəbul edilib və bununla əlaqədar Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə BMÜTT-nin baş katibi Taleb Rifai arasında tədbirin Bakıda keçirilməsinə dair saziş imzalanıb. Ümumilikdə 31 ölkənin BMÜTT nümayəndələri, ekspertləri, Avropa ölkələrinin aidiyyəti qurumlarının nümayəndələri iclasda və seminarda iştirak edəcəklər. Tədbir çərçivəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə Türkdilli ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akınçı, Monteneqronun davamlı inkişaf və turizm naziri Branimir Qvozdenoviç, Xorvatiyanın turizm naziri Darko Lorencin, Macarıstanın Milli İqtisadiyyat Nazirliyinin dövlət katibi İştvan Komoroçski, Litvanın iqtisadiyyat naziri Evaldas Güstas arasında ikitərəfli görüşlər nəzərdə tutulur.

Azərbaycanda turistlər bir
həftədə 700-800 dollar xərcləyir


Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanda turistlər bir həftədə 700-800 dollar pul xərcləyir. O qeyd edib ki, ölkədə turistlərə xidmət göstərən otel və mehmanxanaların tarifləri elə də baha deyil: “Otellərin qiymətləri bazar iqtisadiyyatından asılıdır. Son 2-3 ildə 3 ulduzlu otellərin tikilməsi münasib qiymətlərə xidmət təklif edir. Bu otellərin bir günlük gecələmə qiyməti də 60-80 manat arasındadır. Bu isə turistlər üçün normal qiymətdir”. Nazirliyin şöbə müdiri həmçinin qeyd edib ki, ötən il Azərbaycana 2 milyon 400 min turist gəlib. A.İsmiyev turistlərin daha çox İsmayıllı, Qəbələ, Quba, Qusar və Şəkiyə üz tutduğunu deyib.

Yay turizm mövsümünə hazırlığı müəyyənləşdirmək üçün monitorinqlərə başlanılıb

Mədəniyyət və Turizm Nazirliyi yay turizm mövsümünə hazırlıq səviyyəsini müəyyənləşdirmək üçün monitorinqlərə başlayıb. Aydın İsmiyev bildirib ki, artıq Bakıdakı turizm şirkətlərinin fəaliyyətinin monitorinqinə başlanılıb. Yaxın 1-2 həftə ərzində bu monitorinqlər paytaxtdakı mehmanxanalarda davam etdiriləcək. Mayın sonundan isə regionlardakı mehmanxanaların monitiorinqinə start veriləcək.
Nazirliyin şöbə müdiri əlavə edib ki, hazırda regionlarda turizm xidməti lazımi səviyyədə deyil. Bu problemi aradan qaldırmaq məqsədilə kadrlar üçün təlimlər keçirilir. A.İsmiyev turizm sahəsində peşəkar səviyyədə kadrların hazırlanması üçün müəyyən qədər vaxtın tələb olduğunu da söyləyib.

Turistlıri yeni tikilmiş binalarda
yerləşdirmək olar


A.İsmiyev deyib ki, Mədəniyyət və Turizm Nazirliyi ölkəyə gələn turistlərin yerləşməsi üçün apartamentlərin yaradılması məsələsini müzakirə etmək niyyətindədir. Nazirliyin şöbə müdirinin sözlərinə görə, turistlər üçün posterlərin yaradılması məqsədəuyğun deyil. Buna görə də turistlər üçün apartamentlər yaradıla bilər: "Posterlər aşağı səviyyəli bir yerdir. Oradan ancaq gecələmək üçün istifadə edilir. Orada gecələmək təxminən 15 dollara başa gəlir. Yaxşı olar ki, apartamentlər olsun. Bizdə çoxlu yeni tikilmiş binalar var. Onların sahəsi geniş, otaqları gözəldir. Həmin evlərdən istifadə etmək olar". A.İsmiyev deyib ki, apartamentlər olduqda onlar hansısa turizm şirkətləri ilə müqavilə bağlayır və müştəri qəbul edirlər. Şöbə müdiri apartamentlərin yaradılması təcrübəsinin bəzi xarici ölkələrdə mövcud olduğunu da söyləyib.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info