“Kino incəsənətin ən kütləvisidir”
Tarix: 03.04.2014 | Saat: 22:54:00 | E-mail | Çapa göndər


Elşən Zeynallı: “Çox təəssüf ki, bu gün çəkilən əksər televiziya filmlərinin heç bir ictimai fikir yükü yoxdur”

Müsahibimiz Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının, Azərbaycan Peşəkar Kinorejissorlar Gildiyasının üzvü, kinorejissor Elşən Zeynallıdır:

- Elşən müəllim, Azərbaycanda televiziya filmlərinin istehsalına diqqət necədir?
- N. Nərimanovun kino haqqında dediyi söz yadıma düşür: “Kino, vacib sənətlərdən biridir. Çünki şərqlilər gözlə gördüklərinə daha çox inanırlar”. Azərbaycanda televiziya kinosunun təməli, bünövrəsi Səməd Vurğunun “Aygün” poeması əsasında çəkilən, Azərbaycantelefilm- Yaradıcılıq birliyinin istehsalı olan “Aygün” televiziya filmi ilə qoyulub. Sonralar “Yun şal”, “Dvorjakin melodiyası” və sairə bədii televiziya filmləri çəkildi. Təəssüflər olsun ki, bu sahənin inkişafına sonralar diqqət yetirilmədi.
Bu ənənə inkişaf etmədi. Lakin illər keçib və bu sahə indi yenidən diqqət mərkəzindədir. Bunun da ən böyük dəstəkçisi Azərbaycan dövlətidir. Demək olar ki, bu diqqətin əsas səbəbi zərurətdən doğan bir tələbin olmasıdır. Bu gün dövlət prodüser rolunda çıxış edərək çox böyük cəhdlər edir. Maliyyə dəstəyi göstərir. Maksimum hər bir şərait yaradır ki, Azərbaycanda televiziya kinosu inkişaf etsin. Azərbaycanın 100 illik kino tarixi mövcuddur. Televiziya kinomuzun tarixi isə 50 ildən artıqdır. Buna baxmayaraq, Azərbaycan, televiziya kinosu sahəsində elə də böyük uğurlara malik deyil. Lakin ənənəmiz olub. Böyük kinodan fərqli olaraq, televiziya kinosu yalnız teleekrandan nümayiş olunur və bu televiziya kino estetikası çərçivəsində, düşünülmüş formada istehsal olunaraq, vizual məhsula çevrilib, tamaşaçıya təqdim olunur. Bu məhsulun alıcıları kinoteatr kassaları qarşısında dayanıb bilet alan tamaşaçılar yox, evdə oturub televiziyanı izləyən tamaşaçılardır. Yeni televiziya kinosunun təqdimatı seçim yox, bir növ diktə xarakterlidir. Ona görə də filmlərin ictimai fikir yükü cəmiyyətimiz, insanlarımız üçün önəm kəsb etməlidir. Mövzusundan asılı olmayaraq, tamaşaçı ona təqdim olunan filmləri izləyərkən öz yaşantılarını düşüncəli yaşamalıdırlar. Filmlər 7,17, 27 seriyadan artıq olmamalıdır. Hər şeydən əvvəl filmlər düşünülmüş ideologiya və azərbaycançılıq məfkurəsinin sənət çərçivəsində təbliğatına çevrilməlidir. Cəmiyyətimizin yaşantılarını, insanlarımızın psixoloji həyat tərzini, yaxın tarixi təzadlı anları və keçmişimizin bədii təzahürünü ekranda görməlidirlər. Kino hər şeydən əvvəl istehsalat, sonra incəsənətdir. Milli televiziya filmlərimizin istehsalat sahəsində yaşanan problemləri göz önündədir.
Azərbaycanda televiziya kinosu sahəsində ilk növbədə böyük struktur problemləri var. Azərbaycan televiziya kino sahəsində ən böyük problemlərdən biri də ədəbi materialın, yəni, ssenarilərin ucuz, bayağı, yüngül mövzuların məngənəsindən çıxa bilməməyidir.
Demək olar ki, bu sahədə peşəkar ssenaristlərin və ssenarilərin bu proseslərdə iştirak etməməyidir. Ümumiyyətlə, bu gün ssenari sözünün məğzini anlamayan, lakin ssenarist statusunda, rejissor sözünün məğzini anlamayan, bu statusda fəaliyyətə cəhd edənlər daha çoxdur. Nə peşəkar ssenaristlərin, nə də peşəkar kinorejissorların adlarını o filmlərdə görmək mümkün olmur. Bu gün bizdə ən ümdə problemlərdən biri də, peşəkarlıq problemidir.
Bir sualı düşünək. Peşəkar insanın peşəkarlığı nədən irəli gəlir? Cavab onun ixtisaslı kadr olması, ardıcıl, sərasər, keyfiyyətli şəkildə öz peşəsi ilə məşğul olmağından irəli gəlir. Bu gün Azərbaycan kinosunda böyük peşəkar nəsil itkisi baş verir. Çəkilən əksər televiziya filmləri peşəkarlara həvalə olunmur. Başa düşülən deyil ki, bu nə üçün belədir. Soruşmağa isə kimsə yoxdur. Əvvəldə qeyd etdiyim kimi dövlətin bu dəstəyi qarşısında televiziya kinosunun inkişafını ləngidən amillərdən ən başlıcası qeyri-peşəkarların bu sahədə at oynatmasıdır. Bütün bunlara baxmayaraq, inkişaf meyilləri görsənməkdədir. Görəsən inkişaf isə yalnız bu sahəyə diqqətin olmasıdır. Çünki ən əsası dövlətimiz bunun marağındadır. İnanıram ki, vaxt ötdükcə çətin də olsa inkişaf baş verəcək.
- Əli Əmirli qəzetimizə müsahibəsində “Ssenarist yetişdirə bilmişəm, amma dramaturq yox” - deyib.
- Vaxtı ilə bir çox yazıçı və şairlərimiz, Moskvada M. Qorki adına Ədəbiyyat İnstitutunda təhsil almışdılar. Ədəbiyyata aid ali təhsil ocağında nəsr, poeziya, dramaturgiya və s. fakültələr var idi. Lakin ssenaristlik bu təhsil ocağında deyildi. Ssenaristlik ixtisası üzrə fakültə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda idi. Çünki ssenari ədəbiyyat növü olmadığından bu, belə idi. Ssenari kinonun bir sahəsi olaraq, kinoda ilkin prosesdir. Ona görə də bu ixtisası kino institutunda tədris edirdilər. Məşhur fransız kinorejissoru Rene Klerin fikrini xatırlasaq yerinə düşər. “Kino 3 dəfə yaranır, doğulur. Ssenari, çəkiliş və montaj dövrü. Ona görə də ssenaristlər, həm də kinematoqrafçı olmalıdırlar. Kinoda sözlə deyil, dramaturji hadisələr hərəkət edən şəkillərlə, danışılmalıdır. Bu, kinematoqrafik düşüncə tərzindən irəli gələn amildir”.
Bu gün televiziya filmlərinin istehsal prosesi sanki bir qarışıqlıq içərisində həyata keçirilir. Mövzuların seçimi doğru aparılmır. Maliyyənin çox hissəsi ölkə televiziyaları arasında bölüşdürülür. Televiziyada ixtiyar sahibləri də özlərini ixtiyarlı görərək, filmlərin bölüşdürülməsində şəxsi münasibətləri üstün tuturlar. İndi qorxulu bir tendensiya yaranıb. Maliyyə bölünür və istehsalata buraxılan filmlərin keyfiyyəti yox, kəmiyyəti düşünülür.
Ümumiyyətlə, filmlərin istehsalı prodakşınlara verilməlidir. O prodakşınlar da seçim edərək mövzuları müəyyənləşdirməli və istehsalı, başda rejissor olmaqla, peşəkar komandaya həvalə etməlidirlər. Yenə də qeyd edirəm ki, heç bir ölkədə televiziya filmlərinə bu qədər dövlət qayğısı göstərilmir. Bu, biz yaradıcı insanlar üçün bir şansdır. Gərək bu şansı dəyərləndirməyi bacaraq. Dəyərlər isə filmdən-filmə inkişafın olmasıdır. İnkişaf isə özfəaliyyət səviyyəsi ilə yox, peşəkarlıq səviyyəsi ilə ölçülür. Televiziya filmlərinin çox böyük mənəvi, ictimai, siyasi təsir gücü olur. Biz bunu qonşu ölkələrdə, Rusiya və Türkiyənin timsalında görə bilirik. Türkiyənin istehsalı olan filmlər, Yaxın Şərq ölkələrinin əksər televiziyaları ilə yayımlanır. Bu sahənin bazarında Türkiyə istehsalçılarının 60-70 faizlik paya sahib olmaları hansı iqtisadi qazancların əldə olunmasını göz önünə gətirir. Bu da daxildə istehsalat inkişafının ildən-ilə artmasına səbəb olur. Rusiyanın özü bu sahədə qısa zamanda başgicəlləndirici uğurlara imza ataraq, keçmiş postsovet məkanını və şərqi Avropanın bazarlarında liderliyi əldə saxlamaqla, ideoloji diktələrini düşünülmüş formada həyata keçirərək, sahənin iqtisadi inkişafına nail olublar. Mən düşünürəm ki, bizdə televiziya filmlərinin inkişaf modeli Türkiyədəki kimi yox, məhz Rusiyadakı kimi olsa daha məqsədəuyğun olardı. Çünki Rusiyada televiziya filmləri incəsənət növü kimi özünü daha çox büruzə verə bilir. Bütün bu uğurların başında isə sağlam mühit və bu sahəni bilən peşəkar insanların olması amilidir.
- Sonda öz sənətiniz haqda sözləriniz...
- Nə deyim, bütün bunlara baxmayaraq, mən optimistəm. İnanıram ki, bizdə də arzuladığımız kimi olacaq İnşallah. Özüm isə peşəmə xəyanət etmədən yaradıcılıq işlərimi davam etdirirəm. Bir neçə ssenarilərin yazılışı üzərində tamamlanma işləri gedir. Bir də “Sürgün” adlı bədii-sənədli janrda filmin çəkilişlərinə hazırlaşıram. Sovetlər dönəmində Azərbaycanlıların Stalin tərəfindən min əzablarla Orta Asiyaya sürgün edilməsi tarixinin təzadlı anlarını və keşməkeşli insan talelərini ekrana gətirərək, tariximizin bəzi qaranlıq qalmış səhifələrinə işıq tutmağa çalışacağam. Çəkiliş məkanları Qazaxıstan, Özbəkistan, Türkmənistan və Bakıdır. Artıq hazırlıq dövrü başlanıb.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info