“Kənd təsərrüfatı yarmarkaları rayonlaşdırılmalıdır”
Tarix: 07.04.2014 | Saat: 23:19:00 | E-mail | Çapa göndər


Əlizaman Rəsulov: “Fermer taxılı istehsal etməlidir, dəyirmanda üyütməlidir və çörək zavodlarında satmalıdır. Onda fermer qazanar və bu sahədə maraqlı olar”

Qeyri-neft sektorunun inkişafı növbəti illər üçün prioritetdir. Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı Prezident İlham Əliyev bildirib ki, məhz kənd təsərrüfatının inkişafı qeyri-neft sektorunun əsas istiqamətlərindən biridir. Ötən il kənd təsərrüfatı təxminən 5 faiz artıb ki, ölkə başçısı potensialın daha da böyük olduğunu deyib: “Mən hesab edirəm ki, 2014-cü ildə və ondan sonrakı illərdə kənd təsərrüfatının inkişafı ilə bağlı daha da böyük işlər görüləcək. Böyük proqramlarımız, planlarımız var. Ərzaq təhlükəsizliyinin təmin edilməsi proqramı da icra edilir. Son illərdə bu istiqamətdə böyük addımlar atılıb, idxaldan asılılığımız böyük dərəcədə azalıb”. Qeyd edək ki, qeyri-neft sektorunun davamlı inkişafına xidmət edən addımlardan biri kimi bu yaxınlarda ölkə başçısı tərəfindən “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilib. Həmçinin Prezident tərəfindən “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncam imzalanıb.
Müsahibimiz Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İxtisasartırma və İxtisaslaşdırma İnstitutunun aparıcı mütəxəssisi, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru Əlizaman Rəsulov ölkədə kənd təsərrüfatının inkişafı, bu istiqamətdə həlli vacib məsələlərlə bağlı fikirlərini bildirdi:


- Bu gün aqrar sahənin inkişafı vacib amillərdən biridir. Kənd təsərrüfatının sənaye əsasında inkişafına aqrar deyilir. Taxılla bağlı dəyirman, üzümlə bağlı şərab zavodu, heyvandarlıqla bağlı ət kombinatının olması aqrar sahəyə aiddir. Kənd təsərrüfatının inkişafında ən mühüm amil alıcının olmasıdır. Lakin bu sahədə bəzi problemlər var ki, bu da məhsulun alıcısının olmaması ilə bağlıdır. Bizim daha çox xarici bazarımız olmalıdır. Mənim fikrimcə, bu da dövlət səviyyəsində həyata keçirilməlidir. Bu, ayrı-ayrı sahibkarın işi deyil. Məsələn, İranda Məhsul Tədarük İdarəsi var və orada əhaliyə gətirib toxum verirlər, gəlib soruşurlar ki, hansı məhsulu əkəcəksiniz. Müqavilə bağlayırlar ki, məsələn, soğanı biz sizdən bu çəkidə, filan qiymətə alacağıq, qalanını başqa yuxarı qiymətə harada satırsınızsa satın. Bizdə də bu cür tədarük idarələri yerlərdə müxtəlif məhsullar üçün əhali ilə müqavilə bağlamalıdır. Bununla da kənd təsərrüfatı inkişaf edəcək. Bu gün problemli sahələrdən biri də odur ki, yerlərdə bu sahədə elmi idarələr, elmi təcrübə stansiyaları yoxdur. Bu vasitə ilə əhaliyə başa salınmalıdır ki, hər hansı məhsulu necə əkmək olar. Sovet dövründə belə idarələr var idi. Təkcə nazirliyin nəzdində 13 elmi-tədqiqat institutu var. Məsələ bundadır ki, həmin elmi-tədqiqat institutlarından heç kəs istifadə etmir.

“Kənardan gələn ərzaq məhsullarına qadağa qoymaq lazımdır. Hər bir ərzaq məhsulu ilə özümüzü təmin edə
bilərik”


Elmi əsaslarla reallaşdırılan işlər təqdim olunmalıdır. Bu bir çox dünya ölkələrində belədir. Bizdə kənd təsərrüfatı ilə bağlı elə bir internet saytı yoxdur ki, istehsalçı maariflənsin. Məsələn, Türkiyədə televiziyada kənd təsərrüfatı ilə bağlı xüsusi proqramlar var ki, belə verilişlərdən faydalanmaq lazımdır. Kənd əhalisinin hamısı tam dəqiqliyi ilə məhsul istehsalını bilmir. Sovet dövründə Azərbaycan Tədarük Nazirliyi, yerlərdə isə onun tədarük idarələri var idi. Bir insan bir gündə 20 kvadratmetr yer belləyə bilər, ailədə 5 nəfər varsa min kvadratmetr, on günə bir hektar yer əkə bilər. Yəni, traktor, yanacaq olmasa da bunu reallaşdırmaq mümkündür. Vaxtını boş keçirən insanlar belə, faydalı işlə məşğul olsalar daha yaxşı olar. Eyni zamanda məhsulun yaxşı alıcısı olsa, kənd təsərrüfatı inkişaf edər. Ölkə başçısı da bildirib ki, ayrı-ayrı monopolistlər qoymurlar ki, bazar xalqın əlinə keçsin. Bölgələrdən gətirilən məhsulu imkan vermirlər ki, bazara çıxsın. Dəfələrlə bildirilib ki, onlara qarşı mübarizə aparmaq lazımdır.
- Ölkə başçısı bildirib ki, bütün ərzaq məhsulları tam şəkildə öz tələbatımızı təmin etməlidir və 100 faiz ərzaq məhsullarını Azərbaycanda istehsal edə bilərik. Bu istiqamətdə hansı tədbirlərin həyata keçirilməsini vacib hesab edirsiniz?
- Kənd təsərrüfatında, torpaq sahibkarlığında, məhsuldarlıqla bağlı heç bir texnika, lazım deyil. Şərur rayonunda Türkiyədən gəlib şəkər çuğunduru yetişdirmək üçün əhali ilə müqavilə bağladılar. Nəticədə bir hektardan 70 ton məhsul istehsal olundu. Sonra türklər Şərur rayonunda iki şəkər çuğunduru tədarük idarəsi yaratdılar. Onlar hazır məhsulun bir tonuna 30 kq şəkər tozu verirdilər. Məhsulun alıcısı olmalııdır. Sovet dövründə hər bir insan, istər öz bağından topladığı məhsulu, məsələn, üzümü şərab zavoduna təhvil verirdi, yaxud kəsdiyi heyvanın ətini ət kombinatına verib pulunu alırdı. SSRİ-yə daxil olan respublikaların heç birində adambaşına suvarılan torpaqlar bizimki kimi deyildi. Bizim ölkəmiz cənnətdir. Azərbaycan bütün sitrus meyvələrdən başlamış, qərzəkli meyvələrə qədər bütün ərzaqla özünü təmin edə bilər. Bu, taxılla bağlı bir qədər problemlidir. Çünki taxılda məhsuldarlıq yoxdur. Azərbaycanda bir milyon 200 min ton taxıl istehsal olunsa əhalinin tələbatını ödəyir.
- Taxılçılıq üzrə fermer təsərrüfatlarının yaradılması prosesi təklif olunur. Sizin buna münasibətiniz necədir?
- Taxılçılıq üzrə fermer təsərrüfatları o zaman səmərə verər ki, payçılar öz torpaqlarını onlara versinlər. Bir adam torpağı müsadirə etməsi, hələ fermer təsərrüfatı təşkil demək deyil. Bütün təsərrüfat struktur formaları fermer təsərrüfatı şəklində olmalıdır. Məsələn, Türkiyədə, Amerikada olduğu kimi. Bizdə hazırda aqrar elm mərkəzinin fəaliyyəti yox dərəcəsindədir və onun fəaliyyəti genişləndirilməlidir.
- “2012-2020-ci illərdə Azərbaycanda üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Prezidentin sərəncamı var. Bununla bağlı hansı təkliflər irəli sürərdiniz?
- Ölkəmizdə üzümçülük inkişaf edir, bu sahədə davamlı proses gedir. Ancaq bizdə üzümün bazarı yoxdur. Təzə üzüm halında inkişaf etdirə bilmərik, şərab olmalıdır. Hazırda şərab zavodları yoxdur. Bizim kənd təsərrüfatı məhsuldarlığı, istehsalı, istehlakı nədən asılıdır? Əslində istehsal, emal, istehlak bir nəfərin əlində olmalıdır. Özünün şərab zavodu olmalıdır, istehsal etməlidir, sonra da özü satmalıdır. Sovet dövründə bu proses belə tənzimlənirdi. Bu digər sahələrdə, o cümlədən taxılçılıqda da belə olmalıdır. Fermer təsərrüfatı ən azı 500- 1000 hektardan aşağı olmamalıdır. Çünki 1000 hektardan az olduqda dəyirman onu istehsal etmir. Fermer taxılı istehsal etməlidir, dəyirmanda üyütməlidir və çörək zavodlarında satmalıdır. Onda fermer qazanar və bu sahədə maraqlı olur. Bu, kompleks olmalıdır.
- Ermənistanın yaydığı bir məlumatda orada spirtli içkilər, şərab istehsalının artdığı göstərilir. Sizcə, bu artımı necə dəyərləndirmək olar?
- Ermənistanda şərab istehsalının artımı ancaq Gürcüstandan üzüm almaqla mümkün ola bilər. Onlar üzüm almadan da bunu edə bilərlər. Yəni, zibildən 2000 dərəcəyədək spirt alınır. Bəlkə bu cür almaq mümkün olsun. Ancaq təbii surətdə üzüm istehsalına onların əraziləri imkan vermir.
- Prezident “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Bununla bağlı nə deyərdiniz?
- Əvvəllər kolxoz bazarı vardı, insanlar kolxozdan məhsulunu gətirib burada satırdı. Hazırda Bakı və digər şəhərlərdə təşkil olunan kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkalarında nəzarəti bərpa etmək lazımdır. Yəni, bu yarmarkalar iki gün deyil, bütün həftə boyu fəaliyyət göstərməlidir. Ən önəmlisi də odur ki , bu yarmarkalar rayonlaşdırılsın. Məsələn, bir yerdə Saatlı, digər yerdə Sabirabad, yaxud Şəmkir və başqa rayonların yarmarkaları təşkil olunsun. Hazırda 50 kənd rayonundan yarmarka təşkil etmək olar. Əhali deyə bilər ki, məsələn, gedək Abşeron yarmarkasında yaxşı əncir var, yaxud Sabirabadın yarmarkasına gedək orada yaxşı soğan var və s. yeni yarmarka və bazarlar açılmalıdır. Kəndçiyə şərait yaradılmalıdır ki, öz məhsulunu satsın. Prezidentin sərəncamında çox ədalətli məsələ qoyulub. Bazarların sayını artırmaq lazımdır və burada təmizliyi təmin etmək lazımdır. Ölkəmizdə təmiz məhsulların istehsalı üçün tam şərait var. Təbii məhsulları yetişdirməli və kənardan məhsul almamalıyıq. Türkiyə yeganə dövlətdir ki, xaricdən bir ədəd ərzaq məhsulu almır. Biz də buna qadirik. Kənardan gələn ərzaq məhsullarına qadağa qoymaq lazımdır. Hər bir ərzaq məhsulu ilə özümüzü təmin edə bilərik.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info