“Elektron məhkəmə” şəffaflıq və operativliyin təmin edilməsinə xidmət edir”
Tarix: 08.04.2014 | Saat: 23:43:00 | E-mail | Çapa göndər


Fikrət Məmmədov: “Hazırda bütün hakim korpusunun 60 faizi, o cümlədən Bakı şəhəri üzrə 80 faizi, apellyasiya instansiyası məhkəmələri üzrə isə yarıya qədəri yeni, şəffaf prosedurlarla seçilmiş gənc hakimlərdir”

Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun məhkəmə fəaliyyətinin müasirləşdirilməsi ilə bağlı müsahibəsini təqdim edirik:

- Dövlət başçısının "Elektron məhkəmə" informasiya sisteminin yaradılması haqqında sərəncamını şərtləndirən amillər və onun məhkəmə fəaliyyətində hansı dəyişikliklərə səbəb olacağı barədə fikirlərinizi bilmək istərdik.
- Bu gün dövlət başçısı cənab İlham Əliyevin bilavasitə tapşırıqları ilə əhaliyə səmərəli xidmət göstərilməsi, bu zaman korrupsiyaya şərait yaradan halların aradan qaldırılması və vətəndaş məmnunluğunun artırılması üzrə məqsədyönlü strategiya həyata keçirilir. Müasir informasiya texnologiyalarının inkişafı üzrə Dövlət Proqramlarının qəbulu (Elektron Azərbaycan), ölkə Prezidentinin 23 may 2011-ci il tarixli fərmanı ilə əhaliyə elektron xidmətlərin göstərilməsinə başlanılması və onun günbəgün genişləndirilməsi, korrupsiya ilə mübarizədə ölkə Prezidentinin təşəbbüsü ilə yaradılaraq Azərbaycanın milli brendinə çevrilmiş və əhalinin böyük etimadını və rəğbətini qazanmış "ASAN" xidmətin təsis edilməsi vətəndaş-məmur münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə təkan verib. Bu baxımdan məhkəmə sisteminin müasirləşdirilməsi üzrə həyata keçirilən köklü islahatlar çərçivəsində məhkəmə fəaliyyətinin elektronlaşdırılması və müxtəlif texnoloji yeniliklərin tətbiqi obyektiv zərurətə çevrilib. "Elektron məhkəmə" informasiya sisteminin yaradılması haqqında 13 fevral 2014-cü il tarixli sərəncam isə bu sahədə strateji prioritetləri müəyyən etməklə inqilabi təkamülün əsasını qoyub. Belə ki, "Elektron məhkəmə" informasiya sisteminin yaradılması məhkəməyə müraciət imkanlarının daha da genişlənməsinə, ədalət mühakiməsinin həyata keçirilməsində süründürməçilik və sui-istifadə hallarının qarşısının alınmasına, şəffaflıq və operativliyin təmin edilməsinə, məhkəmə qərarlarının icrasına nəzarətin effektivliyinin artırılmasına, elektron kargüzarlığın və sənəd dövriyyəsinin təmin olunmasına xidmət edəcək. Təsəvvür edin, bu sistemin işləməsi ilə insanlar artıq məhkəməyə gəlmədən, elektron formada müraciət edə biləcək, proses barədə məlumatları elektron daşıyıcıda dərhal alacaq, məhkəmə prosesləri audio-video və digər texniki vasitələrlə qeydə alınacaq, habelə prosesi onlayn rejimdə müşahidə etmək imkanı yaradılacaq, proses iştirakçıları məhkəmənin gedişi, qərarlar və onların icra vəziyyəti və s. məlumatları əks etdirən elektron " şəxsi kabinetə" malik olacaq, işlərin elektron dövriyəsi təşkil ediləcək.
- Bildiyimizə görə məhkəmə infrastrukturunun müasirləşdirilməsi və qabaqcıl İKT-lərin tətbiqi üzrə genişmiqyaslı işlər görülüb. Bunları "Elektron məhkəmə" informasiya sisteminin yaradılması üçün hazırlıq kimi qəbul etmək olarmı?
- Məhkəmə sisteminin və infrastrukturun dinamik inkişafının təmini, yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiqi məsələləri ölkə Prezidentinin hələ 2009-cu ildə təsdiq etdiyi Azərbaycan ədliyyəsinin inkişafına dair Dövlət Proqramında əks edilmiş, məhkəmələrdə İKT-lərin tətbiqinin sürətləndirilməsi, müasir tələblərə cavab verən iş prosesinin təşkili, vətəndaşların müraciət imkanlarının genişləndirilməsi ön plana çəkilib. Həmçinin açıq hökumətin təşviqinə və korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planlarında da vətəndaşların müraciət imkanlarının asanlaşdırılması, insan haqlarının etibarlı təmin edilməsi mexanizmlərinin təkmilləşdirilməsi nəzərdə tutulub. Xüsusilə Prezident tərəfindən ötən ilin "İKT ili" elan olunması ilə əlaqədar bu sahədə tədbirlərimiz daha da genişləndirilib. Belə ki, son 2 ildə 4 yeni, müasir İKT-lərlə tam təchiz olunmuş məhkəmə binası inşa edilib istifadəyə verilib. Hazırda 10 məhkəmə üçün belə binaların tikintisi aparılır, habelə çoxsaylı yeni məhkəmə binası layihələndirilmiş, digər məhkəmə binalarının bu tələblərə uyğunlaşdırılması üçün intensiv işlərə başlanılıb. Yeni inşa olunan binalarda beynəlxalq tələblərə uyğun iş prosesinin təşkilinə, vətəndaşların müraciət imkanlarının asanlaşmasına xüsusi diqqət yetirilir, proseslərin audio-video yazısını aparan sistemlər, video-konfransların, təqdimatların keçirilməsi, elektron sənəd dövriyyəsi üçün zəruri infrastruktur yaradılır, müasir tipli təhlükəsizlik sistemləri quraşdırılır, vətəndaşlarla qeyri-prosessual münasibətlərin qarşısı alınır. Həmçinin, Dünya Bankı ilə birgə həyata keçirilən "Ədliyyə sisteminin müasirləşdirilməsi" layihəsi çərçivəsində Məhkəmə-Hüquq Şurası, Ədliyyə Nazirliyi, habelə bir sıra ədliyyə və məhkəmə orqanlarında müasir İT infrastrukturunun qurulması işi tamamlanmış, elektron sənəd dövriyyəsi, məhkəmə işlərinin elektron idarəetmə sistemləri, habelə proseslərin elektron qeydiyyatı sistemi hazırlanıb. Hazırda həmin sistemlər Bakı şəhəri Yasamal Rayon Məhkəməsində sınaq rejimində tətbiq olunur. Təhlillər göstərir ki, məhkəmələrdə ən mühüm problemlərdən biri proses iştirakçılarının məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmamasıdır. Məhkəmə bildirişlərinin vaxtında çatmaması çəkişmə prinsipinə əməl edilməməsi, işlərə qanunla müəyyən edilmiş müddətdə baxılmaması ilə nəticələnir və haqlı şikayətlər doğurur. Bununla əlaqədar "Elektron-bildiriş" informasiya proqramı hazırlanıb və Bakı şəhərinin Xəzər Rayon Məhkəməsində sınaq rejimində tətbiqinə başlanılıb. Bu proqrama uyğun olaraq məhkəmə iclası barədə bildirişlər iş təyin olunan anda hakimin elektron imzası ilə təsdiq olunur və dərhal tərəflərin e-mail ünvanlarına və ya mobil telefonlarına SMS formasında göndərilir. Eyni zamanda vətəndaşlara hüquqi xidmətin yaxşılaşdırılması məqsədilə məhkəmə sisteminin vahid internet portalı yaradılıb. Bu portal vasitəsilə vətəndaşlara məhkəmələrə onlayn rejimində müraciət etmək və cavab almaq, iddia ərizələri və digər məhkəmə sənədlərinin nümunələrini əldə etmək, qəbul günləri və s. barədə ətraflı məlumat almaq imkanı yaradılıb. Məhkəmələrdə təyin edilən işlərin siyahısı və yekun məhkəmə aktları bazasının formalaşdırılaraq portalda yerləşdirilməsi, məhkəmə rüsumlarının elektron qaydada ödənilməsi nəzərdə tutulur.
- Yəqin ki, insanların haqlı narazılığını doğuran hallara yol verən hakimlərin məhkəmə sistemindən uzaqlaşdırılması, o cümlədən sonuncu iclasda 10 hakim barədə intizam icraatının başlanılması da məhkəmə fəaliyyətinin təkmilləşməsinə təsirsiz ötmür.
- Əvvəla onu deyim ki, ölkəmizdə hakimlərin intizam məsuliyyətinə cəlb edilməsi proseduru beynəlxalq təcrübədə mövcud olan ən demokratik əsaslar nəzərə alınmaqla müəyyən olunub. Belə ki, hakimlər barədə intizam icraatı yalnız qanunda nəzərdə tutulmuş zəruri əsaslar olduqda başlanılır. İntizam icraatı üzrə araşdırma isə Şuranın hakim üzvü tərəfindən aparılır. Üç ayadək davam edən bu araşdırma dövründə barəsində intizam icraatı başlanılmış hakim bütün materiallarla tanış edilir, onun izahatları dinlənilir və Şuranın iclasına ətraflı məruzə hazırlanır. Məhkəmə-Hüquq Şurasının iclasında intizam məsuliyyəti məsələsinə baxılan hakimə özünün seçdiyi vəkilin və ya hakim yoldaşının köməyindən istifadə etməklə müdafiə olunmaq, Şura üzvlərinə etiraz etmək hüququnun verilməsi, səsvermədə yalnız Şuranın hakim üzvlərinin iştirak etməsi, habelə qəbul edilmiş qərardan Ali Məhkəmənin Plenumuna şikayət hüququnun təsbit olunması intizam icraatı prosedurunun obyektivliyinə əlavə şərait yaradır. Şura fəaliyyət göstərdiyi dövr ərzində insanların haqlı narazılığını doğuran, o cümlədən korrupsiyaya şərait yaradan hallara, süründürməçiliyə və s. pozuntulara yol verən hakimlərə qarşı daim barışmaz mövqedə olub. Təbii ki, öz fəaliyyəti ilə məhkəmə hakimiyyətinin nüfuzuna və hakimin yüksək adına xələl gətirən, haqlı narazılıq doğuran hakimlər məhkəmə sistemində qala bilməzlər. Məsələn, ötən il intizam qaydasında 2, qiymətləndirmə nəticəsində 4 hakimin səlahiyyətlərinə xitam verilib, 5 nəfər tutduğu vəzifədən azad olunub, habelə 3 məhkəmə sədri aşağı işə keçirilib. Ümumilikdə isə Şuranın fəaliyyəti ərzində 161 hakim barədə intizam icraatı üzrə qərar qəbul edilib, kobud pozuntulara və digər neqativ hallara yol verən 70 hakim məhkəmə sistemindən kənarlaşdırılıb. Təkcə korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə görə 5 hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, 7 nəfər tutduğu vəzifədən azad olunmuş, habelə digər intizam tədbirləri görülüb. Hər bir hakim bilməlidir ki, insan haqlarını təmin etmək, qərəzsiz və ədalətli olmaq, məhkəmə hakimiyyətinin nüfuzuna xələl gətirən hər cür hərəkətdən çəkinmək, etik davranış qaydalarına dürüst əməl etməklə vətəndaşlara qayğılı münasibət göstərmək onun ən ümdə vəzifəsidir. Əks təqdirdə o, yüksək hakim adına layiq ola bilməz.
- Son illərdə hakim korpusunda gənc hakimlərin üstünlük təşkil etməsinin şahidi oluruq.
- Doğrudur. Məhkəmə sisteminin hakim adına layiq olmayan şəxslərdən təmizlənməsi, onları əvəzləyəcək yüksək biliyə və mənəvi keyfiyyətlərə malik gənc hüquqşünasların seçimi prosesi ilə paralel həyata keçirilir. Bu seçim Avropa Şurasında ekspertizadan keçirilərək yüksək dəyərləndirilmiş mütərəqqi qaydalar əsasında aparılır. Həmin qaydalarla 4 seçim prosesi təşkil olunub. 10-larla yerli və beynəlxalq təşkilatların, diplomatik korpusların nümayəndələri tərəfindən müşahidə edilən həmin proseslərdə 2600 hüquqşünas iştirak edib, şərəfli hakim adına isə yalnız 307 nəfər layiq görülüb. Kadr seçimi tariximizdə ilk dəfə olaraq imtahanlar onlayn rejimdə internet vasitəsilə canlı yayımlanıb. Bütün müşahidəçilər imtahanların şəffaf və obyektivliyi ilə bağlı müsbət rəylər verib, nüfuzlu beynəlxalq təsisatlar, o cümlədən Avropa Şurası Ədalət mühakiməsinin səmərəliliyi üzrə komissiyası (CEPEJ) və Avropa İttifaqı bu sahədə Azərbaycan təcrübəsinin tətbiqini tövsiyə ediblər. Gördüyümüz bütün bu tədbirlər nəticəsində biz məhkəmə sisteminə ayrılmış və vakant qalmış ştatların tam əksəriyyətinin komplektləşdirilməsinə nail olduq. Təsəvvür edin 2007-ci ildə Bakı şəhərinin rayon məhkəmələrində faktiki olaraq 45 hakim fəaliyyət göstərirdisə, hazırda bu rəqəm 101 təşkil edir. Həmçinin, apellyasiya məhkəmələri hakimlərinin sayı 3 dəfəyə, Ali Məhkəmə hakimlərinin sayı isə 2 dəfəyədək artırılıb. Onu da qeyd etmək istərdim ki, hazırda bütün hakim korpusunun 60%-i, o cümlədən Bakı şəhəri üzrə 80%-i, apellyasiya instansiyası məhkəmələri üzrə isə yarıya qədəri yeni, şəffaf prosedurlarla seçilmiş gənc hakimlərdir.
- Bəzi hallarda mətbuatda Avropa Məhkəməsinə Azərbaycandan olan şikayətlərin və məhkəmənin ölkəmizə qarşı qərarlarının guya artması qeyd olunur və bu məhkəmə sistemindən narazılıq fonunda göstərilir.
- Heç bir dövlət ədalət mühakiməsinin tam təkmil olmasını deyə bilməz. Avropa Məhkəməsinin ötən il bütün avropa dövlətləri üzrə çıxardığı qərarların üçdə birinin məhz ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu ilə bağlı olması bunu bir daha sübut edir. Avropa Məhkəməsinin həmin qərarları ilk növbədə hüquq sisteminin daha da təkmilləşdirilməsi və inkişafı, insan haqlarının etibarlı təminatı naminə əsaslı mənbə kimi qəbul olunur. Elə Məhkəmənin presedent hüququ da məhz buna xidmət edir. Lakin təəssüf ki, Avropa Məhkəməsinin ölkəmizlə bağlı qərarları bəzi hallarda ucuz sensasiya yaratmaq, məhkəmə-hüquq sisteminə qərəzli qiymət vermək, yaxud onun fəaliyyətinə kölgə salmaq naminə istifadə olunur. O ki qaldı Azərbaycana qarşı çıxarılan qərarların sayına, onlar nəinki artıb, əksinə 2013-cü ildə azalaraq 8 qərar təşkil edib. Halbuki, konvensiyanın tələblərinin pozulması ilə bağlı əhalisinin sayı Azərbaycanla təxminən eyni olan Macarstana qarşı 40, Yunanıstana qarşı isə 32 qərar çıxarılıb. Əhalisinin sayı ölkəmizə nisbətən daha az olan Bolqarıstana, Moldovaya, Slovakiyaya qarşı çıxarılan qərarların sayı Azərbaycanla müqayisədə 2-3 dəfə çoxdur. Ümumiyyətlə, Avropa Məhkəməsinə Azərbaycandan daxil olan şikayətlərin sayı ümumi Avropa göstəricisindən 2 dəfədən çox aşağıdır. Amma bu bizdə heç də arxayınlıq yaratmır, Avropa Konvensiyasının və məhkəmə presedentlərinin öyrənilməsi və tətbiqi, habelə hüquq sistemimizin inkişafı naminə istifadəsi işi əzmlə davam etdirilir.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info