“Gürcüstanın iqtisadi cəhətdən ayaqda qalmasının başlıca səbəbi azərbaycanlı investorlardır”
Tarix: 09.04.2014 | Saat: 18:48:00 | E-mail | Çapa göndər


Orxan Həsənli: “Oxuduğumuz ölkələrdə yerli tələbələrlə deyil, başqa ölkələrdən gəlmiş tələbələrlə düzgün işlər qurmalıyıq”

Azərbaycandan xarici ölkələrə təhsil almağa üz tutan gənclərimizin sayı ilbəil artır. Onların arasında istedadlı və savadlı tələbələrimiz isə daha çox üstünlük təşkil edir. Belə gənclərdən biri də qonşu Gürcüstanda ali təhsil alan Orxan Həsənlidir. Gürcüstanın Regional İdarəetmə Akademiyasının Mühasibat uçotu-audit fakültəsində Orxan təkcə təhsilini uğurla davam etdirmir, eyni zamanda ictimai işlərdə və diaspor fəaliyyətlərində də aktivlik göstərir. Orxan Həsənlidən aldığımız müsahibədə bu və ya digər məsələlərlə bağlı söhbət apardıq.
- Orxan, Gürcüstandakı ali təhsilinizlə bağlı işlər nə yerdədir?
- Hər şey əvvəlki kimi normal qaydada davam edir və təhsilimə diqqəti daha da artıraraq, bu işdə hələ ki, inamla irəliləyirəm. Təbii ki, bu belə də olmalıdır və sən əgər başqa ölkəyə təhsil almaq üçün üz tutmusansa, bu işdə diqqətli olmalısan, nəinki öz mənafeyini, eləcə də təmsil olunduğun ölkənin mənafeyini də düşünməlisən. Ona görə də bu, üzərimizə əlavə məsuliyyət qoyur, deyə sizin sualınıza cavab olaraq tam səmimi deyə bilərəm ki, təhsil ilə bağlı işlər öz qaydasında davam edir.
- Yəqin Azərbaycanla isti münasibətlərə malik olan Gürcüstan kimi bir ölkədə təhsil aldığınız üçün seçiminizi uğurlu hesab edirsiniz?
- Əlbəttə. Nəzərə alsaq ki, mənim seçimim təkcə məkan baxımından uğurlu olmayıb, digər amillərin də önəmli olduğunu görərik. Əvvəla Gürcüstan bizə qonşu dövlətdir və burada özünü o qədər də qərib hiss etmirsən. İkinci bir tərəfdən, gürcü təhsil sisteminin bir sıra müsbət tərəfləri də var. O ki qaldı bu ölkənin Azərbaycanla olan isti münasibətlərinə, tamamilə haqlısınız ki, bu ölkə ilə olan iqtisadi-siyasi münasibətlər yüksək səviyyədədir. Hər kəs Gürcüstanda hakimiyyət dəyişikliyindən sonra münasibətlərin yenidən sıfırdan qurulacağını düşünürdü. Amma bu ölkədə hakimiyyətin dəyişməsinə baxmayaraq, Azərbaycanla isti münasibətlər davam etdirildi. Bunun da əksi mümkün deyildi. Çünki Gürcüstanın iqtisadi cəhətdən ayaqda qalmasının başlıca səbəbi azərbaycanlı investorlardır və dövlətin bu ölkə ilə qurduğu iqtisadi münasibətlərdir. Bu yaxınlarda hətta Gürcüstanda SOCAR-ın daha bir yeni yanacaqdoldurma məntəqəsi də fəaliyyətə başlayıb ki, bu da ölkəmizin regionda aparıcı dövlət olmasının bariz nümunəsi ola bilər. 20 il əvvəl belə layihələri başqa dövlətlərdə reallaşdıracağımızı deyəndə, inandırıcı görünmürdü. Onu da maraq üçün deyim ki, hər il Gürcüstanda vergi ödəyici şirkətlər arasında SOCAR birinci yeri tutur. Bundan əlavə Gürcüstanda “Azpromo”, “Azərsun”, “Embawood” və digər adlarını sadalamadığım böyük şirkətlər və təşkilatlar da var ki, bu da Gürcüstan iqtisadiyyatında artıq, damar rolunu oynamağa başlayıb. Əgər bu şirkətlərin fəaliyyəti bu ölkədə dondurulsa, bir qədər bədiiləşdirilmiş şəkildə desəm ölkənin ürəyinə- büdcəyə gedən qan-gəlirlər bəlkə də donar! Bundan əlavə yüzlərlə kiçik sahibkarlıqla məşğul olan azərbaycanlılar da var ki, onların da gürcü xalqı ilə birgə iqtisadiyyatın inkişafında böyük rolu olur.
- Tələbələrimizin fəaliyyətləri necə, iqtisadi yatırımlar kimi səmərəli olurmu?
- Doğru buyurdunuz. İqtisadi amillərlə yanaşı, digər məqamlarda da üstünlüklərə yiyələnməli və eləcə də təhsil sistemində də önəmli işlər qurmalıyıq. Azərbaycanlı tələbələr Gürcüstanda təhsil alarkən xaric ölkələrdən gələn gənclərlə ünsiyyətdə olmaq üstünlüklərindən yararlanmalıdırlar. Əslində bu məqama daha çox üstünlük verməliyik ki, oxuduğumuz ölkələrdə yerli tələbələrlə deyil, başqa ölkələrdən gəlmiş tələbələrlə düzgün işlər quraq. Bunun nəticəsində də, gənclər yönündə ölkələrarası isti münasibətlər daha da bərkiyir. Bu gün gənclərin dövlətdə rolunun mühümlüyünü izah etməyə isə zənnimcə, ehtiyac yoxdur.
- Təhsillə bağlı hansı müqayisələri apara bilərdiniz?
- Əslində Gürcüstanın Azərbaycandan təhsil ilə bağlı öyrənəcəyi daha çox şey var. Gürcüstanda reytinq siyahısında yüksəklərdə olan Beynəlxalq Qara dəniz və Georgina Universitetini Azərbaycanda fəaliyyət göstərən Azərbaycan Diplomatik Akademiyası ilə müqayisə etsək, aradakı fərqin həddindən artıq çox olduğunu sezərik. Ümumiyyətlə, son illərdə Azərbaycanın bəzi ali təhsil ocaqlarında ciddi dəyişikliklər olub ki, bu da gələcəyə nikbin baxmağa əsas verir. Əminəm ki, yaxın on il ərzində Azərbaycana olan maraq və təhsilimizdə baş verəcək ciddi dəyişikliklər sayəsində nəinki bizdən başqa ölkələrə oxumağa gedənlər daha çox olacaq, əksinə bir çox əcnəbi tələbələr seçimini Qafqazın ən inkişaf eləmiş ölkəsinə- Azərbaycana edəcəklər. Gürcüstanda olan ictimai-psixoloji mühit təhsil müəssisələrinin fəaliyyətində də öz əksini tapıb. Gürcüstan Universitetindən digərinə köçmə prosesinin rahatlığı, universitetlərin açıq fəaliyyəti region ölkələrinin gəncləri üçün cazibəli görünür. Zənnimcə, biz də bu üsuldan istifadə etməliyik. Gürcüstandakı azərbaycanlı tələbələrin universitetlərlə bürokratik mənada problemi demək olar ki, yoxdur. Səfirliyin təhsil üzrə attaşesi tələbələrlə daim ünsiyyətdədir.
- Qarşıdan yay tətili gəlir. Vətəndə digər ölkələrdə oxuyan azərbaycanlı tələbələrlə görüşmək imkanınız olacaq.
- Əlbəttə. Biz tətil olmadan da çalışırıq ki, daim bir-birimizlə sıx əlaqələr quraq. Yay tətilində Azərbaycana gəldikdə xaricdə təhsil alan dostlarımızla görüşəcəyik. Bu artıq bizdə ənənə halını alıb. Bir də ki, bizim millət olaraq özünəməxsus xüsusiyyətlərimiz var ki, bunlardan biri və ən müsbəti də istiqanlılığımızdır. Bu, gənclərimizə, tələbələrə də sirayət edib. Hətta cəmiyyət içinə çıxmayan kollektivə, dosta-tanışa açıq olmayan tələbələri belə, məcburi şəkildə öz toplantılarımıza, yığıncaqlara, görüşlərə çəkib gətiririk. Ümumiyyətlə, mən tətil zamanı da bu və digər işlərdə aktiv olmağa çalışıram. Yay tətilində Aran Regional Debat Mərkəzi region gəncləri arasında respublika çempionatı keçirəcək. Bununla bağlı Sabirabad gəncləri ilə tez-tez görüşlərimiz də olacaq.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info