“Son 10 ildə Azərbaycana 160 milyard dollardan çox sərmayə qoyulub”
Tarix: 11.04.2014 | Saat: 23:41:00 | E-mail | Çapa göndər


Bakı və Abşeron yarımadası əhalisini fasiləsiz su ilə tam təmin edəcək Ceyranbatan ultrasüzgəcli su emalı qurğusu istismara
buraxılacaq


Bakıda “II Xəzər Beynəlxalq su texnologiyaları” konfransı keçirilib. Konfransda dünyanın müxtəlif ölkələrindən 90-dan çox nüfuzlu alim, elmi mərkəzlərin rəhbərləri, Dünya Su Şurasının, 7-ci Dünya Su Forumunun, UNESCO-nun Beynəlxalq Hidroloji Proqramının, Beynəlxalq Su Ehtiyatları Assosiasiyasının, eləcə də su sektoru ilə əlaqəli bir sıra beynəlxalq qurumların rəhbərləri iştirak edib.
Tədbirdə ilk olaraq Baş nazirin müavini Abid Şərifov Prezident İlham Əliyevin II Xəzər Beynəlxalq su texnologiyaları sərgisi və konfransının iştirakçılarına ünvanlanmış təbrik məktubunu oxuyub. Təbrik məktubunda qeyd olunub ki, ölkəmizdə müxtəlif sahələr üzrə keçirilən ənənəvi tədbirlər sırasında su təchizatı sistemlərində qazanılan uğurların və dünyada tətbiq olunan innovativ texnologiyaların nümayiş etdirildiyi sərgi və konfransların özünəməxsus yeri var: “Bu gün dinamik inkişaf edən Azərbaycan ölkə əhalisinin sağlamlığını qorumaq məqsədi ilə keyfiyyətli içməli su təchizatı sistemlərinin müasir standartlara uyğun yenidən qurulması istiqamətində irimiqyaslı layihələr gerçəkləşdirir. Beynəlxalq tərəfdaşlığın genişləndirilməsi və yeni təşəbbüslərin işgüzar dairələrə çatdırılması baxımından mühüm əhəmiyyətə malik konfransların işində 90-dan artıq nüfuzlu alimin, eləcə də sərgidə 24 ölkənin 80-ə yaxın şirkətinin iştirakı bu mötəbər tədbirə marağın yüksək olduğunu göstərir. İnanıram ki, forumunuz qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin daha da dərinləşməsinə yol açacaq və qarşıdakı illər üçün fəaliyyətinizin aparıcı inkişafı meyillərinin müəyyənləşməsinə töhfə verəcək”.
Baş nazirin müavini Abid Şərifov çıxış edərək son illər Azərbaycanda iqtisadiyyatın dinamik inkişaf etdiyini, yüksək makroiqtisadi göstəricilərin əldə olunduğunu diqqətə çatdırıb. Azərbaycanın bütün şəhər və rayon mərkəzlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulduğunu xatırladan baş nazirin müavini əhalinin dayanıqlı, fasiləsiz və keyfiyyətli su ilə təmin edilməsi üzrə kompleks tədbirlərin davam etdirildiyini bildirib: “Prezident İlham Əliyev su ilə əlaqədar problemlərin köklü həllinə nail olunması, ölkənin su təhlükəsizliyinin təmin edilməsi strateji hədəflərini müəyyən edib. Son illər Azərbaycanın bütün şəhər və rayon mərkəzlərinin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur, kənd və qəsəbələrin su təchizatı problemləri mərhələlərlə həll edilir, əhalinin dayanıqlı, fasiləsiz və keyfiyyətli su ilə təmin edilməsi üzrə kompleks tədbirlər həyata keçirilir. Təəssüf ki, Azərbaycanın Dağlıq Qarabağ və ətrafındakı 7 rayon ərazisindəki yaşayış məntəqələri bu layihələrdən kənarda qalıb. Buna səbəb Azərbaycan torpaqlarının 20 faizini təşkil edən həmin ərazilərin Ermənistan tərəfindən işğal olunmasıdır. Azərbaycan hökuməti su ehtiyatlarının və ətraf mühitin qorunması, transsərhəd su obyektlərindən istifadə sahəsində beynəlxalq konvensiyalara əməl edilməsi, su sektoru üzrə beynəlxalq təşkilatlarla əməkdaşlıq istiqaməti götürüb”.
A.Şərifov bildirib ki, II Xəzər Beynəlxalq su texnologiyaları sərgi və konfransına böyük maraq var: “Bu, məhz Azərbaycanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasında, su sektorunun digər sahələrində son illər həyata keçirilən layihələrdən, əldə edilən nailiyyətlərdən qaynaqlanır”.
Baş nazirin müavini qeyd edib ki, Azərbaycanda son illər dünya və Avropa səviyyəli iqtisadi, mədəni və s. sahələr üzrə çoxsaylı beynəlxalq tədbirlər keçirilir. Ən möhtəşəm idman tədbirlərindən olan birinci Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı Avropa Olimpiya Komitəsinin qərar qəbul etməsi ölkəmizin nüfuzundan xəbər verir. Azərbaycan iqtisadiyyatının statistik göstəriciləri barədə məlumat verən A.Şərifov bildirib ki, 2013-cü ildə iqtisadi inkişafımız davam etdirilib. Ümumdaxili məhsul təxminən 6 faiz, qeyri-neft sektorumuz 9,8 faiz, əhalinin pul gəlirləri 8 faiz artıb. İnflyasiya isə 2,4 faiz təşkil etmişdir. Əhalinin pul gəlirlərinin inflyasiyanı 3 dəfədən çox üstələməsi onu deməyə əsas verir ki, vətəndaşların rifah halı ildən-ilə yaxşılaşır. A.Şərifov qeyd edib ki, keçən il ölkə iqtisadiyyatına 28 milyard dollar investisiya qoyulub: “Bu da ölkəmiz üçün rekord göstəricidir. Bu investisiyaların da 17,5 milyard dolları daxili sərmayələrdir. Göründüyü kimi, daxili sərmayə xarici sərmayəni üstələyir və bu, müsbət haldır. Əlbəttə, daxili investisiyada dövlətin yatırdığı sərmayələr üstünlük təşkil edir. Ancaq özəl sektorun təmsilçiləri də Azərbaycan iqtisadiyyatına böyük investisiyalar qoyurlar”. Hazırda Azərbaycanın valyuta ehtiyatlarının 50 milyard dollara çatdığını deyən Baş nazirin müavini bildirib ki, bu, ümumdaxili məhsulun 70 faizini təşkil edir. Dünya miqyasında bu göstəriciyə görə Azərbaycan ən qabaqcıl yerlərdədir: “Bu, Azərbaycanın böyük üstünlüyüdür və bizə imkan verir ki, bundan sonra da ölkəmizin inkişafı ilə bağlı böyük layihələr icra edək. Eyni zamanda, qeyd etmək lazımdır ki, iqtisadiyyatımız son 10 ildə dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biri olub. Son 10 ildə Azərbaycana 160 milyard dollardan çox sərmayə qoyulub, iqtisadiyyat 3,4 dəfə, sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə artıb. Ölkədə 1 milyon 200 min iş yeri açılıb ki, onların da 900 mini daimi iş yerləridir. Yoxsulluq təqribən 50 faizdən 5,3 faizə düşüb. İşsizlik isə 5 faiz təşkil edir. Bu göstəricilərə görə Azərbaycan hətta inkişaf etmiş ölkələri də qabaqlayır. Xarici dövlət borcumuz 8 faiz təşkil edir. Bu da çox yaxşı göstəricidir. Təsadüfi deyil ki, Davos İqtisadi Forumu da Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə 39-cu yerə layiq görüb”.
Ölkədə həyata keçirilən su layihələrindən danışan Baş nazirin müavini diqqətə çatdırıb ki, yaxın vaxtlarda Bakı və Abşeron yarımadası əhalisinin fasiləsiz su təchizatını tam təmin etməyə imkan verən Ceyranbatan ultrasüzgəcli su emalı qurğusu istismara buraxılacaq. Bir neçə il bundan əvvəl Oğuz-Qəbələ-Bakı su kəməri istismara buraxılıb. Keçən il 268 milyon kubmetr su tutumu olan Taxtakörpü su anbarı istifadəyə verilib. Bu il ölkənin qərb rayonlarının su təchizatında mühüm əhəmiyyətə malik olacaq 160 milyon kubmetr su tutumu olan Şəmkirçay su anbarının istifadəyə verilməsi gözlənilir. Ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə görülən işlərdən danışan Baş nazirin müavini deyib ki, Azərbaycan hökuməti su ehtiyatlarının və ətraf mühitin qorunması, transsərhəd su obyektlərindən istifadə sahəsində beynəlxalq konvensiyalara əməl edilməsi, su sektoru üzrə beynəlxalq təşkilatlarla əməkdaşlıq istiqamətini götürüb. Bunun nəticəsidir ki, Azərbaycan Cənubi Qafqazda BMT-nin “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə” Helsinki Konvensiyasını ratifikasiya etmiş yeganə ölkədir: “Bizim tərəfimizdən indi BMT-nin İnkişaf Proqramı çərçivəsində Kür-Araz çayları hövzəsində transsərhəd deqradasiyasının azaldılması və transsərhəd sularla əlaqədar digər birgə layihələr həyata keçirilir. Kür çayından istifadə ilə əlaqədar Gürcüstan tərəfi ilə əldə edilmiş razılaşmalar bizim tərəfimizdən yüksək qiymətləndirilir və bu istiqamətdə səylərimizi davam etdirəcəyik”.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov bildirib ki, şirin su ehtiyatları əvəzolunmazlığına və həyati zəruriliyinə görə ən əhəmiyyətli maddi sərvət olmaqla yanaşı, qonşu xalqlar və dövlətlər arasında münasibətlərin formalaşmasında da həlledici amillərdən biridir. “Azərsu” ASC sədri iqtisadiyyatın bütün sahələrində olduğu kimi su təchizatı və kanalizasiya sektorunda da dinamik inkişafın müşahidə olunduğunu diqqətə çatdırıb: “Müasir dünyada elmi nailiyyətlərə, əhatəli tədqiqatlara əsaslanmadan layihələrin uğurlu həllinə nail olmaq qeyri-mümkündür. Azərbaycanın şəhərlərinin, kənd və qəsəbələrinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrində bu prinsip əsas götürülür. Bu baxımdan, alim və mütəxəssislərimiz dünyanın müxtəlif ölkələrində su sektorundakı elmi nailiyyətlərin, innovativ texnologiyaların, yeni avadanlıqların öyrənilməsi və Azərbaycanda tətbiqi üçün səylə çalışırlar. Eyni zamanda Cəmiyyətimizdə də bu problemlərlə əlaqəli elmi tədqiqatlar aparılmaqda, müasir texnologiyalar üzərində işlənilməkdədir. Əminəm ki, konfransda su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi problemləri, içməli su emalında innovativ texnologiyalar, su təchizatı, tullantı və yağış suları şəbəkələrinin səmərəli idarəetmə metodları, SCADA və Coğrafi İnformasiya sistemləri , tullantı suların təmizlənməsi və müxtəlif məqsədlər üçün təkrar istifadəsi, həyata keçirilən layihələr çərçivəsində ətraf mühitin qorunması problemləri əhatəli müzakirə ediləcək, uğurlu həll variantlarının tapılmasında irəliyə doğru mühüm addımlar atılacaq”. Konfransın açılış mərasimində çıxış edən Dünya Su Şurasının vitse-prezidenti Doğan Altınbilək, Koreya su Forumunun vitse-prezidenti Junq Mu Li, Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı akademik Abel Məhərrəmov və Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, Milli Məclisin deputatı Gülçöhrə Məmmədova belə tədbirlərin keçirilməsinin beynəlxalq əməkdaşlıq, yeni tərəfdaşların cəlb olunması baxımından əhəmiyyətli olduğunu bildiriblər. Konfransın plenar iclasından sonra tədbir müxtəlif mövzular üzrə ayrı-ayrı bölmələrdə davam etdirilib. “Su ehtiyatlarından inteqrasiyalı istifadə”, “Su təchizatı və suyun keyfiyyəti: insan inkişafında məhdudiyyətlər və imkanlar”, “İçməli su emalında innovativ texnologiyalar”, “Su təchizatı, tullantı və yağış suları şəbəkələrinin səmərəli idarəetmə metodları; GİS texnologiyalar” və “Yaşıl planet. Tullantı suların təmizlənməsi və təkrar istifadəsi” mövzularında keçirilmiş bölmə iclaslarında mühazirələr dinlənilib, aktual məsələlər ətrafında müzakirələr aparılıb.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Azərbaycanın tranzit imkanları İsveçrədə təqdim olunub
18.09.2018
Bu il Dövlət İnvestisiya Proqramında azı 600 kəndin yolunun təmiri nəzərdə tutulub
18.09.2018
Prezident: Əsas ərzaq məhsulları ilə özümüzü təminetmə səviyyəsinə çox yaxınlaşmışıq
18.09.2018
“Kaşaqan” neftinin gələcəkdə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli planlaşdırılır”
18.09.2018
Masallıda 3230 hektar əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info