Dünya bir pəncərədir...
Tarix: 14.04.2014 | Saat: 19:08:00 | E-mail | Çapa göndər


Rəzzaq Sucayev |

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

(Gözəl ziyalı, səmimi insan Alışov Baləbəy Əhəd oğlunun əziz xatirəsinə)


Sənin itkin qəfil baş verdi. Özü də elə bir vaxtda ki... Bu dəhşətli xəbəri hamımıza əziz olan bir günün axşamında ¬¬– İlaxır çərşənbəsində, bayram süfrələrini bəzədiyimiz anlarda ürək ağrısı ilə qarşıladıq.
Hər şey unuduldu. Kənd camaatı hüznlə yas saxladı. Uşaqların fişəngləri atılmadı. Ürəklər nisgilə büründü. Elimizin ziyalı, ağsaqqal oğlu aramızdan getmişdi.
Bir sutka əvvəl sizinlə bir yerdə idik. Həyətimizdəki baxçada dostlarla, yaxın həmyaşıdlarımızla oturub söhbət edirdik, zarafatlaşıb ötən olaylardan danışır, deyib- gülürdük. Ovqatınız durulmuşdu, xəstəliyinizi unutmuşdunuz.
Artıq siz aramızda yoxsunuz... Deyirlər, böyük yaradan yaşı nəzərə almadan sevdiklərini tez aparır, onların ruhunu yüksəkliklərə, əflaka, göylər aləminə çəkib qaldırır, öz dərgahına qovuşdurur. Çünki o aləmdə ancaq günahsızlar qərar tuta bilir. Bəlkə də lövhi – məhfuzda beləcə yazılıbmış, həmin gün qabaqcadan təyin olunubmuş. Mən buna qəti surətdə əminəm.
Siz elə bir varlıq idiniz ki, dönməz bir əqidəniz vardı, şəxsiyyətinizdə bir qürur, sifətinizdə daima bir rəng daşıyırdınız. Hamıya qarşı təvazökar idiniz. Şirin-şəkər övladlarınızı da beləcə böyütmüşdünüz. Kəndimizin, elimizin-obamızın ağsaqqal ziyalılarından, seçilmiş, bəyənilmiş insanlardan sayılırdınız.
Yoxluğuna heç inanmıram...Bir ay bundan əvvəl Bakı şəhərinə övladlarımıza qonaq getmişdik. Hər gün zəngləşirdik, bir-birimizdən hal-əhval tuturduq. Günün bir vədəsində sözləşib vaxtilə rayonumuza rəhbərlik etmiş möhtəşəm bir ağsaqqalla görüşdük. Çay stolu ətrafında onun maraqlı söhbətlərini dinlədik.
Həyata baxışlarımız, demək olar ki, eyni idi. İki ali təhsilin vardı. Ədəbiyyata, poeziyaya vurğunluğun, sentmental ruhlu baxışların diqqət cəkirdi. Şəhərdə duruş gətirmək hər ikimiz üçün dözülməzdi. Kənddə qurduğun ev-eşiyin, həyət-bacanın səliqə-sahmanından doymurdun. Sevimli balalarının təkidli tələblərini qulaqardına vurur,kənd həyatını heç nəyə dəyişmirdin. Kəndə təzəcə qayıtmışdıq, səhhətinlə əlaqədar harasa getməyə hazırlaşırdın.
Mənə dediyin sözlər ürəyimi sızıldadır. “Bir-birimizin qədrini az bilmişik. İlləri havayı keçirmişik. İndi artıq gecdir. Xəstəlik də aman vermir”.
Hafizəmdə sizinlə bağlı xatirələrim tükənməzdir. Qonşu rayonda orta məktəbdə təhsil aldığımız illər... Həftəlik çörək bişirtdirib çiynimizdə çanta gedib qayıtdığımız – uzun yollar gözümün önündən getmir. Əmək fəaliyyətinə başladığımız günlərin təəssüratı... Orta məktəbdə bir yerdə çalışmışıq. Sonra partiya, sovet orqanlarında fəaliyyət göstərib tez-tez rayon tədbirlərində iştirak etmişik. Bir müddət siz Bakı Ali Partiya Məktəbində təhsil aldınız. O illərdə də əlaqələrimiz kəsilmədi, əksinə, daha isti münasibətlər qurduq. Raykomda şöbə müdiri, sonra sovxoz direktoru işlədiyiniz vaxtlarda sıxı surətdə səmimiyyətimiz vardı.
Ad günüm qeyd olunarkən sizin çıxışınızın lent yazısını yadigar olaraq saxlayıram. Lap bu yaxınlarda vədələşmişdik ki, qonşu rayonların birində qırx mərasimində iştirak edəcək, sanatoriyaya dincəlməyə gedəcəkdik. Vəfasız ömür nə üçün dönük çıxdı? Arzuların hələ qabaqdaydı. Ailənin sonbeşiyinə toy edəcəkdin. Hərdən ona deyərdin: “Əgər bəy tərifində atanı yanında görmək istəyirsənsə, toyuna razılıq ver”.
Sizin yoxluğunuzla kəndimiz çox şey itirdi. Təsərrüfat rəhbəri işlədiyiniz illərdə kəndimizdə xəstəxana binası tikdirdiniz, bir sıra sosial təyinatlı işlər həyata keçirdiniz, lakin uzun sürən amansız xəstəlik gələcək fəaliyyətinizin davamını yarımçıq qoydu.
Sizin əqidəniz düz, məsləkiniz aydın, dövlətə, vətənə, ata-baba ocağına sədaqət və sadiqliyiniz məlum idi. Ucqar dağ kəndlərinə asfalt yolun, qaz xətlərinin çəkiləsini səbirsizliklə gözləyirdin. Kəndimizə vaxtilə uzaq məsafədən su gətirilməsi təşəbbüsündə olmuşdunuz. Bu arzuların sonralar gerçəkləşəndə çox sevinirdin. “Daha su sarıdan korluq çəkmərik, şəhərlərə çıxanda yol problemlərimiz olmaz” deyirdin.
Bir xatirəni dilimə gətirməyə bilmirəm. Ötən əsrin 80-ci illərinin sonu qarşıq bir zamana təsadüf edirdi. Erməni qəsbkarları ilə ziddiyyət son həddə çatmışdı. Sizinlə yaxınlığımızdakı İran sərhədinə getmişdik. Çox keçmədən şəhidlik şərbətini içəcək ciyərparam, bacımoğlu daxili qoşunların zabiti Bünyad da bizimlə səfərkeşlik edirdi. Zastavada əsgərlərin yanındaydıq. Rus hərbiçiləri ölkəmizdən hələ getməmişdilər. Vəziyyətlə maraqlandığımızı görüb bizdən ehtiyatlansalar da, soldatların müşahidə qülləsindən Savalan dağına, Ərdəbil ellərinə binoklla baxmaq marağımızı söndürə bilmədilər. Elə həmin gün qızmar günəş hər tərəfi yandırırdı. Yerdəki otlar yayın istisindən pörtülmüş, xəzələ dönmüşdü. Yaylağın elatı, yerli- yerində, pozulmayan növrağı hələ də qaydasındaydı. Xanbulağının üstündə oturub süfrə açmışdıq. Çay qaynadıb kəklikotu, sancıgülü axtarırdıq. Qovurulub kül olmuş dağ çiçəklərindən əsər-əlamət qalmamışdı. Yamyaşıl çəmənlər, laləli-nərgizli yaylaqlar, üstünə qan çilənmiş qırmızı güllər, qərənfillər öz yerini boz yamaclara, qurumuş gəvən kollarına vermişdi.
Yaxınlıqdakı çadırdan bir nəfər bizə doğru gəlir, onu süfrəyə dəvət edirik. Dəvətə görə minnətdarlığını bildirir və məramımızı bilərək obaya qayıdır, bir azdan əlində boşqabda motal pendiri, bir də ki kəklikotu geri qayıdır. Oturub bir yerdə çay içirik.
Axşamtərəfi evə qayıdırıq. Günəşin qürub vaxtı kəndə çatırıq. Səhəri gün zəng vurub yaylaq təəssüratlarından danışırsan. Və gələn dəfə yalnız baharda yenidən dağlara getmək arzuni bildirirsən. Çünki baharda təbiət təravətli olur.
Əziz qardaşım, insan da təbiət kimidir. Daha doğrusu, insan təbiətin bir hissəsidir. Gənclik illərində dağ çiçəkləritək təravətlisən, təptəzə tərsən, elə ki yaşa doldun, yel vurmuş, günəş yandırmış bomboz səhraya dönür, sünbülü biçilmiş, küləşi qalmış zəmiyə, yaşıl libasını atmış düzənlikdəki tək ağaca bənzəyirsən.
Siz qocalmamışdınız, qardaş. Qara şəvə saçların əvvəlki kimi yerindəydi. Biz bir-birimizi vaxtsız itirə-itirə hey gedirik.
Doğulduğumuz, qidalandığımız, pərvəriş tapdığımız, günəşlə üz-üzə duran və kəndimizi ikiyə bölən “Şotalata” adlı qəbiristanlıqda məzarların sayı mini çoxdan ötüb. Bura bizim əbədiyyət evimizdir. Torpaqdan yaranıb, torpağa qayıdırıq. Hamımız gec-tez birlikdə olacayıq.
Rahat uyu, əzizim, sizin xatirəniz qəlbimizdən heç vaxt silinməyəcək.






 
Müəllifin son yazıları

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Emil Rasimoğludan yeni şeir
2 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 “Özümü qərib ölkədə hiss etmədim”
5 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info