“Hər dövrdə yeni nəsil və yeni istedadlar yetişir”
Tarix: 14.04.2014 | Saat: 22:29:00 | E-mail | Çapa göndər


Məryəm Əlizadə: “Zaman dəyişdikcə dəqiq elmlərdə durmadan sıçrayışlı kəşflər baş verir. Əgər dəqiq elmlərdə belə sürətli proseslər gedirsə, humanitar elmlərdə də buna adekvat dəyişikliklər baş verməlidir”

Müsahibimiz Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Məryəm Əlizadədir:

-Məryəm xanım, bu gün milli teatrşünaslıq elminin vəziyyəti sizi qane edirmi? Gənc sənətçilər, xüsusilə də gənc teatrşünaslar necə, öz peşələri ilə məşğul ola bilirlərmi?
- Əvvəla, onu deyim ki, milli teatrşünaslıq elmi bu gün professional səviyyəsini qədərincə yüksəldə bilib. Mən bu sözü deyərkən, bizdən əvvəl yaşayıb-yaradan görkəmli teatrşünas alimlərin yaradıcılıqlarına qətiyyən kölgə salmaq istəmirəm. Çünki onlar həqiqətən əsl alimlər olublar. Azərbaycan teatrşünaslıq elminin əsasını görkəmli alim, akademik Cəfər Cəfərov qoyub. Onun saysız-hesabsız əsərləri, teatra həsr olunmuş oçerk və portret yazıları bu gün bizim üçün örnəkdir. Bu gün də mən bir pedaqoq kimi tələbələrə bu misilsiz nümunələri örnək kimi öyrədirəm.
Azərbaycan teatrşünaslıq elmində görkəmli alimlərimizdən Ədilə Əliyeva, Adilə İsmayılova, İnqilab Kərimov, Mahmud Allahverdiyev kimi şəxsiyyətlər az iş görməyiblər. Adilə Səfərova, Veta Nadirova, Tamilla Yusifbəyli, Tamilla Təhmasib kimi teatrşünaslar bizim teatrşünaslıq elminin I mərhələsi üçün böyük işlər görüblər.
Zaman dəyişdikcə dəqiq elmlərdə durmadan sıçrayışlı kəşflər baş verir. Əgər dəqiq elmlərdə belə sürətli proseslər gedirsə, humanitar elmlərdə də buna adekvat dəyişikliklər baş verməlidir. Deməli, bu gün istər musiqişünaslıq, kinoşünaslıq, istərsə də teatrşünaslıq və sənətşünaslıq sahəsində fəaliyyət göstərən alimlər yeni humanitar konsepsiyalar üzərində çalışmalıdırlar.
Bu gün Azərbaycan teatrında nəsil dəyişilməsi prosesi baş verir. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və nazir müavini Ədalət Vəliyev teatr sənətinə gələn gənclərin formalaşmasına böyük dəstək göstərirlər. Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov, Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov, Musiqili Teatrın direktoru Əliqismət Lalayev gənclərə böyük imkanlar yaradır. Mən burada yalnız üç teatr rəhbərinin adlarını sadaladım. Amma bu siyahını genişləndirə də bilərəm.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının repertuarına baxsanız, görərsiniz ki, bu gün tamaşaların 90%-i gənc rejissorlar tərəfindən hazırlanır. Bu il 90 illik yubileyini keçirdiyimiz mədəniyyət və incəsənətimizin məbədgahı olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti sintetik xarakterli ali təhsil ocağıdır. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti bilavasitə ölkənin teatr şəbəkəsi ilə sıx əməkdaşlıq edərək, eyni zamanda mədəniyyət mərkəzi və yeni rejissor, aktyor, teatrşünas kadrlar yetişdirən müəssisə kimi də məhsuldar işləməkdədir. Azərbaycanda mədəniyyət siyasətinin, incəsənətin tədrisinin düzgün qurulmasında, milli mədəniyyətin inkişafında, mədəni irsimizin qorunmasında, onun tələbələrə, gənc nəslə ötürülməsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin xidmətləri danılmazdır.
“Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramından, teatr sənətinin inkişafına yönəlmiş Prezident sərəncamlarından irəli gələn vəzifələrin yüksək səviyyədə həyata keçirilməsi siyasətinin bir qolu da, heç şübhəsiz ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində teatr təhsilinin düzgün təşkili və professional şəkildə tədrisi prosesi ilə əlaqədardır.
Teatr Xadimləri İttifaqının gənclərlə bağlı fəaliyyətinə nəzər salanda isə görürük ki, ittifaqın sədri Xalq artisti, professor Azər Paşa Nemətovun gənclər üçün etdiklərini sadalamaqla bitməz. Onu da deyim ki, TXİ-də gənc rejissorlar, teatrşünaslar, teatr rəssamları və dramaturqlar üçün yaradıcılıq laboratoriyaları fəaliyyət göstərir. Bu laboratoriyaların başlıca məqsədi milli teatrımız üçün istedadlı gənclərin yetişdirilməsi prosesini gücləndirməkdir.
Azər Paşa müəllim gəncləri tez-tez xarici ölkələrə təcrübə mübadiləsinə göndərir. Gənc teatrşünaslar bu yaxınlarda Moldovada(Kişinyov) keçirilən Beynəlxalq Teatr festivalında iştirak ediblər. Sevindirici haldır ki, bu festivalda gənc teatrşünaslarımızdan Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun Teatr və kino şöbəsinin aspirantları Elçin, Aygün və Könül festivalda özlərini layiqincə təqdim edə bildilər.
Gənclərdən söz düşmüşkən onu da deyim ki, bizim mərhum rejissorumuz Vaqif İbrahimoğlunun 7 tələbəsindən biri olan Gümrah Ömər Gəncə Teatrının, Günay Mingəçevir teatrının, Tural isə Lənkəran Teatrının baş rejissorlarıdır. Azərbaycan teatr tarixinə baxsaq görərik ki, bu günə qədər 25-30 yaş həddində gənclər heç bir zaman baş rejissor təyin edilməyiblər. Rejissor kadrlarının yetişməsində Azər Paşa müəllimin də böyük zəhməti var.
Tədris prosesi bitəndən sonra da biz tələbələrimizlə işləyirik. Onları peşələrinin professional dərəcəsinə çatdırmağa çalışırıq. Ən istedadlı tələbələr universiteti bitirdikdən sonra da biz onlarla əlaqəni kəsmirik. Və tədricən onlar bizim həmkarlarımıza çevrilirlər.
- Gənc teatrşünas kadrların fəaliyyəti sizi qane edirmi?
- Mən “Bu gün teatrşünaslıqda kadr yetişmir” fikrini təsdiqləyə bilmərəm. Aliyə Dadaşova, Könül Əliyeva, Elçin Cəfərov, Aygün Süleymanova, Sevda Babayeva, Ramilə Qurbanlı, Leyla Əliyeva, Rəbiqə Nazimqızı, Fərid Hüseyn, Etibar Cəbrayıloğlu, Samirə Əşrəf, Təranə Məmmədova və bir çoxlarının adlarını fəxrlə qeyd edə bilərəm. Mən mükəmməl qələm sahibləri olan jurnalistlərin də teatrdan yazmaqlarını çox alqışlayıram. Əgər teatr bizim istedadlı və bilikli jurnalistləri cəlb edirsə, bu hal ancaq alqışlanmalıdır. Teatrşünaslıq çox mürəkkəb bir sahədir. O bir tərəfdən humanitar elmlər cərgəsindədir, bir tərəfdən də sırf yaradıcılıq sferasıdır. Mənə görə, ümumiyyətlə, sənətşünaslıq və onun konkret növü olan teatrşünaslıq bilgi ilə diskursla, yəni məntiqi zəncirbəndlə ötürülən mətləblərlə, duyğularla qavranılanların qovşağında dayanan ötürücüdür. Bu modelin tərkib hissəsinin biri olmayanda emosionallıq dominant olur, digəri olmayanda mücərrəd qurğular ortaya çıxır. Üçüncüsü, yəni ötürücü faktoru yoxdursa, sözügedən model mənasız bir qurğu kimi işlək olmur.
Azərbaycan teatrı tarixinə nəzər salanda görürük ki, tariximizin müxtəlif dövrlərində istər professional teatrşünasların, istərsə də professional rejissorların sayı az olub. İsmayıl Hidayətzadə, Məhərrəm Haşımov, Adil İsgəndərov, Mehdi Məmmədov, G. Güləhmədova-Martınova, U. Rəfibəyli, Tofiq Kazımov, Zəfər Nemətov, Ağakişi Kazımov, Cənnət Səlimova, Azər Paşa Nemətov, Vaqif İbrahimoğlu, Hüseynağa Atakişiyev, Mərahim Fərzəlibəyov, Oruc Qurbanov... Bu gün artıq Bəhram Osmanov, Mehriban Ələkbərzadə, İrana Tağızadə, Mikayıl Mikayılov, İradə Sayya və b. istedadlı rejissor nəsli yetişibdir ki, onlar öz peşələrinin biliciləridir. Onu da deyim ki, bugünkü gənc rejissorların əksəriyyəti Vaqif İbrahimoğlunun və Azər Paşa Nemətovun yetirmələridir.
Rejissor, teatrşünas kadrlarını yetişdirmək işinə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti çox böyük önəm verir. Amma universiteti bitirdikdən sonra təcrübədə peşənin qarşıya qoyduğu çətinliklərə təəssüf ki, hamı tab gətirə bilmir. Bu sənətdə gərək sənin güclü xarakterin və güclü şəxsiyyətin olsun.
Teatrşünaslıq çətin peşə olduğu üçün yüksək səviyyəli professionallardan çox az adamın adını çəkə bilirəm. İlham Rəhimli, İsrafil İsrafilov, Aydın Talıbzadə, Kəmalə Cəfərzadə... kimi şəxslər milli teatrşünaslıq elmini bu gün layiqincə yaşadırlar. Ən əsası isə odur ki, bu fədakar insanlar-görkəmli alim və tənqidçilər Azərbaycan teatr sənətinin incilərinə dəyər verməyi bacarırlar.
- Həyatda əsas amalınız nədir?
- Hər il IV kursla vidalaşanda kədərlənir və düşünürəm ki, görəsən I kursa yenə də istedadlı uşaqlar gələcəkmi? Sentyabr ayında I kurs tələbələri ilə tanış olanda isə yenidən sevinirəm ki, istedadlı gənclərimiz var. Nə yaxşı ki, hər dövrdə yeni nəsil və yeni istedadlar yetişir. Bunları görmək, duymaq və gənclərə işləmək məni çox məmnun edir.
Həyatdakı əsas amalım peşəmin əlifbasını gənclərə dərindən öyrətməkdir. Eyni zamanda da peşəmizi sevdirmək istəyirəm ki, gənclər qarşıya çıxan çətinliklərdən qorxmasınlar və elm, sənət yolunun düzgün istiqamətini seçə bilsinlər. Çünki bu, yol işıqlı yoldur. Kim ki, işıqlı yolla gedir, mütləq sənətin zirvəsinə yetəcəkdir.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info