Nikolas Devis: “ABŞ, xalqının maraqlarını Qərbin maraqlarına qurban verməyən hökumətləri devirir”
Tarix: 15.04.2014 | Saat: 20:21:00 | E-mail | Çapa göndər


“Amerikanın güc yolu ilə demokratiyanı məhv etməsi cəhdləri ABŞ tərəfindən onun müdafiəsi kimi təqdim edilir”

“2004-cü ildə Haitidə Amerika dövlət çevrilişi edərək prezident Jan-Bertran Aristidi hakimiyyətdən devirdi. Həmin vaxt Aristidin vəkili Kurzban Mayamidə çıxış edərkən belə bir sual vermişdi - nəyə görə Vaşinqtonda heç vaxt dövlət çevrilişi olmur? Dərhal da özü cavabını vermişdi – ona görə ki, Vaşinqtonda ABŞ səfirliyi yoxdur. Amerikalı haitililər söhbətin nədən getdiyini yaxşı bildiklərindən onun çıxışını gurultulu şəkildə alqışlayırdılar. Ukraynanın təhlükəsizlik üzrə keçmiş şefi Aleksandr Yakimenko bildirib ki, hökumətin devrilməsinin təşkilatçıları demək olar ki, Amerika səfirliyində yaşayıblar. Onlar demək olar ki, hər gün səfirliyə gediblər”. Bu fikirlər Amerikanın “AlterNet” saytında nəşr edilən məqalədə yer alıb. Müəllif Nikolas Devis yazır ki, Ukraynada çevrilişi təşkil edənlər ABŞ-ın bu ölkədəki səfiri Payet və çevrilişlərə cavabdeh olan yüksək çinli Amerika rəsmisi, Dik Çeyninin keçmiş köməkçisi, hazırda isə dövlət katibinin Avropa və Asiya üzrə köməkçisi olan Viktoriya Nulandla sıx təmaslarda olublar. Müəllif daha sonra yazır: “Biz belə güman edə bilərik ki, səfirlikdə olduqları müddət ərzində onlar şəxsən Mərkəzi Kəşfiyyat İdarəsinin kuratorları tərəfindən təlimatlandırılıblar. Ukraynada baş verənləri tarix kontekstində dəyərləndirəndə ortaya belə bir fakt çıxır ki, Birləşmiş Ştatlar 1953-cü ildən etibarən xarici dövlətlərdə uğurlu və ya uğursuz olmaqla minimum 80 dövlət çevrilişi həyata keçirib.

“AlterNet”: “Ukraynada çevrilişi təşkil edənlər Mərkəzi Kəşfiyyat İdarəsinin kuratorları tərəfindən təlimatlandırılıblar”

Hər şey ondan başladı ki, prezident Eyzenhauer İran nümunəsində gördü ki, Mərkəzi Kəşfiyyat İdarəsi öz xalqının maraqlarını Qərbin kommersiya və geosiyasi maraqlarına qurban vermək istəməyən hökumətləri devirə bilir. Amerika çevrilişlərinin böyük əksəriyyəti sərt repressiyalar, insanların oğurlanması, istintaq və məhkəməsiz edam edilməsi, korrupsiya, dəhşətli yoxsulluq, qeyri-bərabərlik və xalqların demokratiya arzusunda uzunmüddətli uğursuzluğuna səbəb olur. ABŞ-ın yardımı ilə Ukraynada hakimiyyətə gələn plutokratik və ultrakonservativ xarakterə malik qüvvələr də çətin ki, istisna olsun. Noam Xomski Uilyam Blumun “İkinci Dünya müharibəsindən sonra Amerika hərbçiləri və MKİ-nin müdaxiləsi: ümidlərin öldürülməsi” kitabını bu mövzuda yazılan ən yaxşı kitab kimi dəyərləndirib. Ukraynada baş verənlər haqqında qəzetlərdən nə oxuyur və televiziyadan nə izləyirsinizsə, bütün bunlar “Ümidlərin öldürülməsi»ndə əksini tapıb. Bu başlıq heç vaxt olmadığı qədər yerinə düşüb. Ukraynanın bütün regionlarında insanların ümidləri İran (1953), Qvatemala (1954), Tailand (1957), Laos (1958-1960), Konqo (1960), Türkiyə (1960, 1971, 1980), Ekvador (1961 və 1963), Cənubi Vyetnam (1963), Braziliya (1964), Dominikan Respublikası (1963), Argentina (1963), Honduras (1963, 2009), İraq (1963, 2003), Boliviya (1964, 1971 və 1980), İndoneziya (1965), Qana (1966), Yunanıstan (1967), Panama (1968 və 1989), Kamboca (1970), Çili (1973), Banqladeş (1975), Pakistan (1977), Qrenada (1983), Mavritaniya (1984), Qvineya (1984). Burkina-Faso (1987, Paraqvay (1989), Haiti (1991 və 2004), Rusiya (1993), Uqanda (1996) və Liviya (2011) xalqlarının ümidləri kimi məhv edilib. Bu siyahıya ABŞ-ın uğursuz çevrilişləri daxil edilməyib. Afrikada baş verən, ABŞ-ın əli olduğu sübut edilməyən, amma ciddi şübhələrin olduğu çevrilişlər də var. Dəhşətli realıq ondan ibarətdir ki, Amerikanın güc yolu ilə demokratiyanın məhv etməsi cəhdləri ABŞ tərəfindən onun müdafiəsi kimi təqdim edilir. Bununla da dünyanı daha təhlükəli, ədalətsiz edir, ümidləri məhv edirlər. 2005-ci ildə ABŞ-ın İraqdakı müharibəsinin qızğın vaxtında yazıçı Harold Pinterə ədəbiyyat üzrə Nobel sülh mükafatı təqdim edildi.


“Amerikanın dəstəyi ilə xarici hökumətlərin devrilməsi dünyanı daha təhlükəli, ədalətsiz edib”

Yazıçı həmin vaxt təqdimetmə mərasimindəki çıxışını bu haçalanmanın analizinə həsr etmişdi. O, ABŞ haqqında bunları demişdi: “Amerika bütün dünyada hakimiyyəti patoloji baxımdan manipulyasiya edərək, ümumi xeyrin gücü ilə maskalanır. Çox ağıllı və uğurlu hipnoz aktıdır. Bu, qəddar, laqeyd, lovğa, amansız, eyni zamanda ağıllı fəaliyyətdir”. 1953-cü ildən həyata keçirilən Amerika çevrilişlərinin baza prinsipləri dəyişməyib. Fərqli ölkələrdə həyata keçirilən çevrilişlərin əsas fərqi ABŞ-ın fəaliyyətinin miqyası ilə bağlıdır. Amerikanın cəlb olunması və güc tətbiqinin səviyyəsi arasında möhkəm əlaqə var. Amerikalıların İraqda həyata keçirdiyi müharibə zamanı rejimin devrilməsində yüz min hərbçi iştirak edirdi və yüzlərlə insan həlak oldu. 1965-ci ildə İndoneziyada Suxartonun devrilməsində ABŞ-ın iştirakı gizli qaldı, amma orada da yüzlərlə insan həlak oldu. Üstündən çox il keçəndən sonra Amerika təmsilçiləri Suxartonun kütləvi qətllərində iştiraklarını etiraf etdilər. Müəyyən müddət keçdikdən sonra onlar Ukraynada baş verənlərdə iştirakları ilə açıq şəkildə öyünəcəklər. Harold Pinter izah edir ki, Birləşmiş Ştatlar həmişə “aşağı intensivli münaqişələrə” üstünlük verirlər. MKİ və xüsusi təyinatlı dəstə Amerikanın dünya ağalığına təhlükə olan hökumətlərin devrilməsi üçün marionetika və gizli əməliyyatlardan istifadə edir. Çevriliş belə əməliyyatın kuliminasiyasını təşkil edir. “Aşağı intensivlik” metodu nəticə verməyəndə, ölkə ABŞ-ın birbaşa hərbi təcavüzünə məruz qalır. İraq Mərkəzi Kəşfiyyat İdarəsinin 1996-cı ildə həyata keçirdiyi uğursuz çevriliş cəhdindən sonra birbaşa hərbi müdaxiləyə məruz qaldı. Birləşmiş Ştatlar general Noreqini hakimiyyətdən uzaqlaşdırmaq üçün keçirdiyi uğursuz 5 çevriliş cəhdindən sonra 1989-cu ildə Panamaya hücum etdi. Səddam Hüseyn və Noreqi Amerikanın əməliyyatları və metodları haqqında yaxşı məlumatlı olduqlarından, bu, onlara hərbi güc tətbiqinə qədər uzun müddət amerikalılara müqavimət göstərməyə imkan verdi. Amerikanın təşəbbüsü ilə həyata keçirilən çevrilişlərin metodikası arasında ciddi fərq yoxdur. Ukrayna təcrübəsi göstərir ki, 1953-cü ildə həyata keçirilən çevrilişlə 2014-cü ildə həyata keçirilən çevrilişin metodları demək olar ki, eynidir. Bu metodun 3 mərhələsi var:
1. Müxalifət qüvvələrinin yaradılması və möhkəmləndirilməsi. Rejimin dəyişdirilməsi ilə bağlı Amerika planının birinci mərhələsində tətbiq edilən seçki qutusu və ya antikonstitusiya çevriliş metodu arasında ciddi fərq yoxdur. Bu metodların bir çoxu İkinci Dünya müharibəsindən sonra Avropa və Asiya ölkələrində sağ qüvvələrin hakimiyyətə gətirilməsi üçün hazırlanıb. Bu metodlar arasında konservativ siyasi qüvvələrin, tələbə təşkilatlarının, həmkarlar ittifaqlarının və kütləvi informasiya vasitələrinin formalaşdırılması və maliyyələşdirilməsi, qurban ölkə və regional, beynəlxalq və ABŞ KİV-ində haqqı ödənilən təbliğat kampaniyasının yaxşı təşkil edilməsi kimi məsələlər yer alır. Buna nümunə İkinci Dünya müharibəsindən sonrakı İtaliyadır. Müharibədən sonra Birləşmiş Ştatlar Fransa və İtaliyada konservativ namizəd və partiyalara kommunist olmayan həmkarlar ittifaqları vasitəsilə maddi vəsait göndərilməsində Amerika Əmək Federasiyasının casuslarından istifadə etmişdi. Amma 1946-cı ildə keçirilən seçkilərdə səslərin çoxunu sosialistlər və kommunistlər qazandı. Onlar 1948-ci ildə keçiriləcək növbəti seçkilər üçün Demokratik Xalq Cəbhəsi yaradılması istiqamətində güclərini birləşdirdilər. ABŞ katolik kilsəsi ilə birlikdə genişmiqyaslı təbliğat kampaniyası həyata keçirdi. Bu kampaniyada Frenk Sinatra kimi italyan-amerikalı məşhurların xidmətindən geniş istifadə edildi. 10 milyonlarla məktub çap edilərək italyan mənşəli amerikalılara göndərdilər ki, onlar da həmin məktubları İtaliyadakı qohumlarına təqdim etsinlər. ABŞ müharibədə dağılmış, bombardman nəticəsində 50 min dinc sakini ölən, əhalisinin çoxu xarabalıqda yaşayan ölkəni yardımı kəsməklə hədələyirdi. 1946-cı ildə 40 faiz səs alan Demokratik Xalq Cəbhəsinin səsi 1948-ci ildə 31 faizə düşdü. Nəticədə İtaliya ABŞ tərəfindən dəstəklənən korrupsiyalaşmış koalisiyanın əlinə keçdi. Növbəti 46 il ərzində İtaliyanı xristian demokratların rəhbərlik etdiyi bu koalisiyalar idarə etdi. İtaliya xəyali kommunist diktaturasından xilas edildi, amma ən vacibi ölkə sosial-demokratların müstəqil proqramından məhrum edildi”.

Anar Miriyev
Ardı var




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info