“Qədim musiqi alətlərimizi daha çox tanıtmalıyıq”
Tarix: 17.04.2014 | Saat: 23:42:00 | E-mail | Çapa göndər


Arzu Səlimova:“Mən deyərdim ki, bizim kaman alətlərindən ibarət kamera ansamblı Şərq aləmində olmayan
bir işdir”

Müsahibimiz Milli Kamera Ansamblının bədii rəhbəri və dirijoru Arzu Səlimovadır:
- Arzu xanım, yaratdığınız və rəhbəri olduğunuz Milli Kamera Ansamblı fəaliyyətində yeni olmağına baxmayaraq nə ilə fərqlənir?
- Bu ansamblın əsas özəlliyi qədim kaman alətlərinin də ifa olunmasındadır. Ansamblın xüsusi repertuarı var və hər əsəri də repertuara salmırıq, özünəməxsus əsərlər seçirik. Repertuarımızda çalışırıq ki, milli musiqimiz və əsərlərimizlə yanaşı, tez-tez Qərb musiqisinə də müraciət edək.
-Ansamblda qədim kamança alətləri var. Onların xüsusiyyəti haqda məlumat verməyinizi istəyirik.
- Bu alətlər kamançanın ən ibtidai formalarıdır. Qədim kamançalar bir simli, çanağı balaca formada olublar. Əsrlər keçdikcə Nizaminin, Füzulinin əsərlərində qədim kamançaların adları çəkilir. Bizim ansamblda kamançanın ibtidai formalarından olan böyük çaxanaq, kiçik çaxanaq, yaylı rübab, yaylı qopuz, bəm kamança da ifa olunur. Düşünürük ki, ansamblın fəaliyyətində qədim kamança alətlərinin növlərini artıraq və qədim musiqi alətlərimiz, incəsənətimiz daha çox tanınsın.
-Gənclərin qədim alət olan çaxanağı mənimsəmələri asan olur, yoxsa çətinliklərlə qarşılaşırlar?
- Düzdür. Bir az çətinliklər var. Əlbəttə ki, müasir kamançadan fərqli olaraq qədim alətlərin forması ilə əlaqədar gənc ifaçıların çətinlikləri olur. Lakin məşq prosesi var ki, burada gənclər incəsənətin hansı çətinlikləri olsa da, öhdəsindən gəlməyi bacarırlar. Qədim alətləri müasir kamança ilə birgə ifada uyğunlaşdırmışıq. Hər yeni ifamızı lentə almışıq. Bir il ərzində düşündüyümüz işləri həyata keçirmişik. Nisbətən də olsa, biz buna nail olduq.
Aprel ayının 17-si bizim ansamblın bir yaşı tamam oldu. Bu gün isə axşam saat 7-də Muğam Mərkəzində ansamblımızın solo konserti olacaq. Bu ansambla marağı olan hər kəsi konsertimizə dəvət edirik.
Ansamblın yaranmasında isə Azərbaycan Dövlət Televiziyası və Radiosunun Musiqi Kollektivlərinin bədii rəhbəri Ramil Qasımovun rolu çox böyükdür. O, heç kəsin təşəbbüs göstərmədiyi bir işə razılıq verdi. Köməyini də əsirgəmədi. Biz də onun etimadını doğrultmağa çalışırıq. Mən deyərdim ki, bizim kaman alətlərindən ibarət kamera ansamblı Şərq aləmində olmayan bir işdir.
- Bir pedaqoq kimi tələbələrin kaman sənətinə olan sevgilərini necə dilə gətirərdiniz?
- Kaman sənəti bu il daha da inkişaf edib. Proqramlar, əsərlər çox mürəkkəb olub. 10-15 il bundan əvvəl ifa olunan əsərlər daha da mükəmməlləşib. Hər sənətdə olduğu kimi bu sənətdə də güclü və zəif ifaçılar var. Gənclərimizdən də razıyam. Biz onları başa düşməli və onlarla ayaqlaşmalıyıq. İşin müsbət alınması üçün ortaq fikir olmalıdır. Mən məcburiyyəti sevmirəm. Ona görə də mənim tələbələrimlə işim yaxşı alınır.
Bizim çox gözəl sənətkarlarımız var. Kaman ifası indi çox yüksək səviyyədədir. Əlbəttə ki, bu, işin müsbət tərəfidir. Hətta kamança haqqında yazılmış bir çox kitablar və əsərlər var. Məsələn, Şəfiqə Eyvazovanın Mehri Əsədullayeva ilə birgə yazdıqları bir kitab var. Eləcə də Arif Əsədullayevin, Afət Kazımovanın, Almaz xanımla Təranə xanımın, Novruzəli Bayramovun, Hafiz Kərimovun və başqalarının kamança haqqında yazdıqları kitablar var. Mən də keçən il bir kitab nəşr etdirdim. Bu kitablardan nə qədər çox olsa, bir o qədər yaxşı olar.
- Siz həmçinin Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrində də fəaliyyət göstərirsiniz. Kamançanın orkestrda ifa olunması sizə hansı təəssüratı bağışlayır?
- Əlbəttə ki, çox fərəhləndirir. Bu orkestr Üzeyir bəyin yadigar qoyduğu orkestrdir. 1931-ci ildə bu orkestrin bünövrəsi qoyulub. Bu orkestrə korifey insanlar rəhbərlik edib və edir. Sən bilməlisən ki, kimin qarşısında oturub ifa edirsən. Bu mənim üçün böyük bir fəxrdir. Amma mənim bu orkestrda lent yazılarım azdır. Əhsən Dadaşov adına ansamblda isə 35 ildən artıqdır ki, çalışıram. Qızıl Fondda mənim bir çox lent yazılarım var.
- Sənətiniz haqqında nə deyə bilərsiniz?
- Mən sənətimi çox sevirəm və hörmət edirəm. Mən sənətimə çox bağlıyam. Ailəmdə mənim sənətimi davam etdirən yoxdur. Qızım Asəf Zeynallı adına musiqi kollecini bitirib. Oğlum isə Mənsum İbrahimovun sinfini bitirib. Amma sənət üzrə fəaliyyət göstərmirlər. Mən özümü bu sənətdə görürəm. Əgər yenidən dünyaya gəlsəydim, yəqin ki, bu sənəti seçərdim. Amma özümü bu sənətdə nə dərəcədə sübut edə bildim, bunu deyə bilmərəm. Bunu başqası deyə bilər. Bəzən məndən soruşurlar ki, niyə ad almamısınız? Mən bunu eyib hesab etmirəm. Əsas odur ki, mən işimlə hər kəsi təəccübləndirməyi bacarım. Mənim yenilik etməkdən, işimə novatorluq gətirməkdən xoşum gəlir. Azərbaycan Televiziyası mənə çox doğmadır. Çünki mən ilk addımlarımı bu televiziyada atmışam. Mən başqa kanallarda da çıxış etmişəm. Amma Azərbaycan Televiziyası ana televiziya olub və mən burada doqquz yaşımda ilk çıxışımı etmişəm. On yaşımda “Qırmızı qərənfil” ansamblında çıxış etmişəm. Bu ansamblda 4-5 il fəaliyyət göstərdim. 1974-1978-ci illərdə “Təranə” gənclik ansamblında çıxış etdim. Ansamblın rəhbəri Yusif Heydərov idi. O vaxt bizim vaxtaşırı konsertlərimiz olurdu, qastrol səfərlərə gedirdik.
1978-ci ildən isə “Xatirə” Xalq Çalğı Alətləri Ansamblında fəaliyyət göstərirəm. Bu kollektivlər Azərbaycan Televiziyasının nəzdindədir. Ona görə bu televiziya mənə çox doğmadır.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info