İKT sektorunda əldə olunan gəlirlər ötən ilə nisbətən 13,3 faiz artıb
Tarix: 17.04.2014 | Saat: 23:52:00 | E-mail | Çapa göndər


Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) 2014-cü ilin ilk rübünün yekunları ilə bağlı kollegiya iclası keçirildi. İclasda rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının nitqindən irəli gələn vəzifələr barədə danışaraq, ötən müddətdə respublikada aparılan uğurlu iqtisadi islahatlar nəticəsində qeyri-neft sektorunun dinamik inkişafına və artım tempinə nail olunduğunu bildirdi. İclas iştirakçılarının diqqətini dövlətimizin başçısının 2014-cü il 7 mart tarixli sərəncamına cəlb edən nazir qeyd etdi ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması və fəaliyyət sahəsinin genişləndirilməsi qarşıda böyük vəzifələr müəyyənləşdirib. Ə.Abbasov “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”, Dövlət proqramları və digər hüquqi sənədlərdə nazirliyin qarşısında qoyulan mühüm tədbirləri bir daha xatırladaraq, növbəti illərdə sektorun üzərinə düşən vəzifələri, gələcək hədəfləri qeyd etdi. Daha sonra kollegiya iclasında ilin ilk rübündə rabitə və informasiya texnologiyaları sektorunda görülmüş işlər və əldə olunan nəticələr barədə məruzə dinlənildi.
Bildirildi ki, cari ilin birinci rübündə informasiya-kommunikasiya texnologiyaları (İKT), informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcmi müqayisəli qiymətlərlə ötən ilə nisbətən 13,3 faiz artıb. Həmçinin İKT, poçt və informasiya sektoru üzrə əldə olunan gəlirlərin ümumdaxili məhsulda payı 1,9 faiz təşkil edib. Hazırda ölkədə hər 100 nəfərə düşən mobil abonentlərin sayı 110-a bərabərdir. Eyni zamanda hər 100 nəfərə düşən internet istifadəçilərinin sayı 73-ə, genişzolaqlı internet istifadəçilərinin sayı isə 55-ə çatıb. Əhalinin internet xidmətlərinə tələbatının artmasının və yaradılmış texniki imkanların nəticəsidir ki, beynəlxalq internet kanallarının ümumi tutumu 250 geqabayt - saniyəyə çatdırılıb. Sonra məruzə ətrafında müəssisə rəhbərlərinin çıxışları dinlənilib.
Kollegiyaya yekun vuran nazir Əli Abbasov dinamik inkişafın təmin edilməsi məqsədi ilə qarşıdakı dövrdə tədbirlərin davam etdirilməsi Azərbaycan Prezidentinin nitqlərindən irəli gələn vəzifələrin həyata keçirilməsi, sahə ilə bağlı müvafiq fərman, sərəncamlar və dövlət proqramlarında RYTN-in qarşısına qoyulan vəzifələrin birmənalı şəkildə icrasının vacibliyini diqqətə çatdırdı. Növbəti illərdə də uğurlu inkişaf tempinin saxlanılması və artırılmasının əsas hədəf kimi qarşıda dayandığını bildirən Ə.Abbasov nazirliyin fəaliyyətinin səmərəli təşkili, o cümlədən kosmik sənayenin inkişafı ilə bağlı nəzərdə tutulan tədbirlərin davam etdirilməsi, elektron xidmətlərin tətbiqinin genişləndirilməsi, telekommunikasiya və poçt xidməti şəbəkəsinin modernləşdirilməsi, poçt xidmətlərinin çeşidinin artırılması və əlavə xidmətlərin təşkili, vətəndaşların qarşılaşdıqları problemlərin qısa müddətdə həlli istiqamətində zəruri tədbirlərin gücləndirilməsi, ölkə ərazisində televiziya və radio proqramlarının yayım keyfiyyətinin və əhatə zonasının genişləndirilməsi, rəqəmli yayıma keçidin tam başa çatdırılması, habelə 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarında telekommunikasiya xidmətlərinin yüksək səviyyədə təşkili istiqamətində müvafiq tapşırıq və göstərişlərini verdi.
Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü il 6 fevral tarixli müvafiq sərəncamları ilə rabitə, informasiya-kommunikasiya texnologiyaları və kosmik sənaye sahələrinin inkişafında xidmətlərinə görə təltif olunanlara mükafatlar təqdim edildi.

“Mobil operatorlar danışıq tariflərini
aşağı salmasa, məcbur edəcəyik”


“Təəssüf ki, Azərbaycanda hər üç mobil operator danışıq tariflərinin aşağı salınması üçün razılıq vermir”. Bu barədə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov jurnalistlərə açıqlamasında bildirdi: “Hesab edirik ki, bu, baş verməlidir. Çünki bu, Nazirlər Kabinetinin və Tarif Şurasının məsələ ilə bağlı apardığı qaydalara uyğun həyata keçirilir. Mobil operatorlar bunu etməsələr, biz qanuna uyğun olaraq aralarında trafik mübadiləsinin qiymətlərinin bizim qoyduğumuz qaydalara uyğunlaşmasına onları məcbur edəcəyik. Çünki bu mobil xidmətlərin tariflərinin aşağı düşməsinə müsbət təsir göstərəcək”.

“Azərbaycanda efirin qorunmasında böyük problemlər yoxdur”

Nazir onu da bildirdi ki, Azərbaycanda efirin qorunmasında böyük problemlər yoxdur: “Çünki artıq ikinci ildir ki, Azərbaycanda bütün tezliklər spektri boyu mərkəzləşdirilmiş monitorinqin sisteminin birinci hissəsi istifadəyə verilib”.
O, artıq ölkənin 12 bölgəsində qurulmuş avtomatik tezliklərə nəzarət sisteminin fəaliyyət göstərdiyini və mərkəzləşdirilmiş monitorinq sisteminə məlumat verildiyini deyib: “Radio-televiziya efirində isə heç bir problem yoxdur. Bütün sərhəd ölkələri ilə rəqəmsal radio və televiziya tezlikləri bölünüb. Dağlıq Qarabağ, Şuşadan arabir müdaxilələr olur. Onun da qarşısının alınması tamamilə təmin olunur”.

“Azerspace-1”-in istismarından əldə olunacaq gəlir bu il təxminən 15 mln. dollar təşkil edəcək

Ə.Abbasov bildirdi ki, Fransanın “EADS Astrium” şirkəti “Azərkosmos”a Azərbaycanın bu il orbitə buraxacağı aşağıorbitli peykinin birgə kommersiya fəaliyyətinə qoşulmaq üçün müraciət edib. Onun sözlərinə görə, bu təklif məsləhətçi şirkət və mütəxəssislər tərəfindən araşdırılır: "Bu, kommersiya layihəsidir. “Azərkosmos” üçün iqtisadi cəhətdən əlverişli olarsa, ona qoşulacaq”. Ə.Abbasov qeyd etdi ki, aşağıorbitli peyklə bağlı tenderdə iştirak edən şirkətlərin sayı çox olduğundan, tenderin müddəti uzadılıb: “Hesab edirik ki, bu, yüksək təşkil olunmuş tenderdir. Yaxın vaxtlarda qalib elan olunacaq”. “Azerspace”-in ikinci planına toxunan nazir bildirdi ki, 2017-ci ildə ikinci telekommunikasiya peyki orbitə buraxılacaq və bu istiqamətdə tender şərtləri hazırlanır: “Hələlik hər şey proqram üzrə gedir”. Nazir qeyd etdi ki, “Azerspace-1”-in istismarından əldə olunacaq gəlir bu il təxminən 15 mln. dollar təşkil edəcək. “Azərspace-1” bu il kreditlərinin verilməsi üçün müəyyən qədər Maliyyə Nazirliyinin köməyindən istifadə edəcək. Gələn ildən isə artıq plana görə, öz kreditlərini rentabelli fəaliyyətinə görə təmin edəcək.

Rabitə və Yüksək Texnologiyalar
Nazirliyi fəaliyyətini genişləndirəcək


Nazir onu da bildirdi ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi fəaliyyətini genişləndirəcək. Buraya yeni texnologiyalar, kosmik texnologiyalar, həmçinin nano və biotexnologiyalar, mikroelektronika, atom enerjisisindən sülh məqsədləri ilə istifadə edilməsi və dünyada qəbul edilmiş digər texnologiyalar aiddir.
O, qeyd etdi ki, əsasən yeni texnologiyalar üzrə iqtisadi sektorun güclənməsi üçün müəyyən işlər görüləcək: “Hesab edirəm ki, işlərimizi uğurlu həyata keçirsək, iqtisadiyyatımızda elmtutumlu, iqtisadiyyat və innovativtutumlu sahələrin güclənməsinə gətirib çıxaracaq. Digər tərəfdən intellektual potensial, gənc kadrların biliyə olan tələbatı, həmçinin də cəmiyyətin intellektual potensialının güclənməsinə xidmət edəcək”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info