Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasından gözlənilən nəticələr
Tarix: 19.04.2014 | Saat: 00:10:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyev: “Əminəm ki, 2018-ci ilə qədər bu proqramın icrası nəticəsində bölgələrdə əsas sosial infrastruktur, iqtisadi məsələlər öz həllini tapacaqdır”

Dünya ölkələri arasında iqtisadi inkişaf templərinə görə lider mövqedə qərar tutan Azərbaycan üçün xarakterik xüsusiyyətlərdən biri də mövcud tərəqqinin yalnız ölkə paytaxtını deyil, bütün regionları, hər bir bölgəni əhatə etməsidir. Bu siyasətin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli lider nəinki ictimai, siyasi, həm də iqtisadi sahədə kifayət qədər həlledici addımlar atıb. Heydər Əliyev Azərbaycan iqtisadiyyatının inkişafında böyük və müstəsna rolu olan əvəzsiz şəxsiyyətdir. Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində, ağır şərtlərə baxmayaraq, ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfatı sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olundu. Ən əsası isə bu dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli - Azərbaycan modeli yaradıldı. Ulu öndərin davamçısı, onun strateji siyasətini və ideyalarını müvəffəqiyyətlə həyata keçirən Prezident İlham Əliyevin elmə əsaslanan iqtisadi siyasəti respublikanın sosial-iqtisadi inkişafı prosesində dinamizmi və məqsədyönlülüyü təmin edib, qarşıda duran vəzifələrin həllinə real imkanlar açıb, cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunmasına etibarlı zəmin formalaşdırıb.

2003-2013-cü illər ərzində Azərbaycanda dinamik sosial-iqtisadi inkişaf, demokratik və müasir dövlət quruculuğu sahəsində mühüm addımlar atılıb. Prezidentin həyata keçirdiyi siyasətin ana xəttini regionların inkişafı təşkil edir. Regionların sosial-iqtisadi inkişafına dair əvvəlki iki Dövlət proqramının icra olunduğu 10 il ərzində regionlarda qeydiyyata alınan sahibkarlıq subyektlərinin sayı 7,2 dəfə, vergi daxilolmaları 12,7 dəfədən çox artıb. Respublikanın şəhər və rayonları üzrə vergi gəlirlərinin artımı artıq Sumqayıt, Şirvan, Mingəçevir şəhərlərinə, eləcə də Abşeron və İmişli rayonlarına öz xərclərini tamamilə yerli gəlirlər hesabına təmin etməyə imkan yaradıb. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” ölkəmizin bütün bölgələrinin hərtərəfli inkişafı sahəsində məqsədyönlü siyasətin davamı olmaqla, yeni müəssisələrin və iş yerlərinin yaranmasında, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsində müstəsna rol oynayacaq.
Təkcə bu ilin birinci rübündə regionlarda 100-ə yaxın sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi fəaliyyətə başlayıb, 500-dək müəssisənin isə tikintisi davam etdirilir.

“Hər bir rayon üzrə konkret vəzifələr, tapşırıqlar var”

Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün iqtisadi və sosial yekunlarına həsr olunmuş iclasında çıxış edən Prezident İlham Əliyev deyib ki, 2014-cü il də iqtisadi inkişaf baxımından ölkəmiz üçün uğurlu olacaqdır və ilin üç ayının yekunları bunu təsdiqləyir. Azərbaycan dinamik inkişaf templərini saxlaya bilib: “İlin birinci rübündə regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramı qəbul edildi. Biz ikinci Proqramın yekunlarını fevral ayında müzakirə etmişik. Üçüncü Proqramın qəbul edilməsi əminəm ki, qalan sosial və iqtisadi məsələlərin növbəti beş il ərzində həlli üçün bizə böyük dəstək olacaqdır. Bu da əvvəlki proqramlar kimi çox müfəssəl bir sənəddir. Proqramda bütün məsələlər öz əksini tapıbdır. Hər bir rayon üzrə konkret vəzifələr, tapşırıqlar vardır. Təbii ki, icra mexanizmləri, maliyyə resursları da bu Proqramı dəstəkləyir. Əminəm ki, 2018-ci ilə qədər bu Proqramın icrası nəticəsində bölgələrdə əsas sosial infrastruktur, iqtisadi məsələlər öz həllini tapacaqdır. Eyni zamanda, Bakı və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Proqramı qəbul edilib. Bu Proqram 2016-cı ildə başa çatacaqdır. O vaxta qədər Bakının qəsəbələrində bütün infrastruktur layihələri icra ediləcəkdir. Qazlaşdırma tam axıra çatdırılacaqdır, elektrik enerjisi ilə təminat daha da yaxşı olacaqdır, içməli su, kanalizasiya, kənd yollarının tikintisi layihələri icra ediləcəkdir. İş yerləri açılacaq, məktəblər, xəstəxanalar, tibb məntəqələri tikiləcəkdir. Yəni, hər bir qəsəbədə bu proqram öz nəticəsini göstərəcəkdir”.

Yeni dövlət proqramı regionlardakı iqtisadi gücü səfərbər edəcək

YAP-ın İqtisadi məsələlər komissiyasının sədr müavini Aydın Hüseynov hesab edir ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın əsas məqsədi ölkədə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın diversifikasiyası, regionların sürətli inkişafı istiqamətində tədbirlərin davam etdirilməsi, xüsusi ilə kəndlərin inkişafı ilə bağlı infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılmasından ibarətdir. Bu məqsədlərə nail olmaq üçün regionlarda infrastruktur təminatının, o cümlədən əhalinin kommunal xidmətlərlə təminatının daha da yaxşılaşdırılması, ixracyönümlü və rəqabətədavamlı məhsul istehsalı istiqamətində sahibkarlığın inkişafının sürətləndirilməsi, əhalinin, xüsusi ilə kənd əhalisinin məşğulluq səviyyəsinin artırılması və yoxsulluğun səviyyəsinin azaldılması istiqamətində tədbirlərin davam etdirilməsi kimi mühüm vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur. Onun sözlərinə görə, dövlət qarşıdakı 5 ildə möhkəm siyasi stabilliyin və iqtisadi inkişafın təmin olunmasında mühüm vacib faktor olan makroiqtisadi sabitliyin qorunmasını başlıca prioritetlərdən biri kimi müəyyən edib: “Makroiqtisadi sabitliyi nəzərə alaraq dövlətin büdcə siyasətində iqtisadiyyatın prioritet sahələrinin modernləşməsi və onun effektivliyinin, uzunmüddətli dayanıqlılığının təmin edilməsi üçün şəraitin yaradılması, investisiya mühitinin daha da yaxşılaşdırılması prioritet olacaq. İqtisadi artımın, məşğulluğun, büdcə və valyuta gəlirlərinin əsas mənbəyi kimi qeyri-neft sektoru tarazlı və dayanıqlı iqtisadi artıma nail olunmasında və yüksək gəlirli iqtisadiyyatın formalaşmasında strateji amil rolunu davam etdirəcək. Makroiqtisadi siyasətin digər başlıca istiqamətləri orta illik inflyasiya tempinin və milli valyutanın məzənnəsinin məqbul səviyyədə saxlanılması, vergi və gömrük dərəcələrinin optimal həddə müəyyənləşdirilməsi və ÜDM-də qeyri-neft sektoru üzrə büdcə gəlirlərinin xüsusi çəkisinin yüksəldilməsindən ibarətdir. Yeni Proqramın əsas hədəfi regionlardakı iqtisadi gücü tam səfərbər etməklə istifadə olunmamış iqtisadi resursları, xammal ehtiyatlarını istehsal prosesinə cəlb etməkdən ibarətdir”.

Kənd təsərrüfatı, aqrar-sənaye, emal komleksləri yenidən qurulacaq

Ekspert qeyd edir ki, bölgələrdəki istifadə olunmamış iqtisadi təbii ehtiyatların hərəkətə gətirilməsi üçün kənd təsərrüfatının, aqrar-sənaye, emal komplekslərinin müasir istehsal prosesinin tələblərinə uyğun yenidən qurulması işləri həyata keçiriləcək. Dövlət aqrar sahəni qeyri-neft sektorunun inkişafında əsas prioritet bölmə hesab edir. Aqrar sektorun inkişafı həm də əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsində əsas rol oynayır və buna görə də, Dövlət Proqramında kənd təsərrüfatının inkişafında yeni texnologiyaların tətbiqi mühüm əhəmiyyət kəsb edir. Aqrar sahədə fermerlərin birləşməsi və kooperativlərin yaradılması aqrar sektorda gəlirlərin və kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətliliyinin daha da artırılmasına və beynəlxalq standartlara uyğunlaşmasına təkan veriləcək. Ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafının stimullaşdırılması tədbirlərinin davam etdirilməsi, rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının stimullaşdırılması, əsas ərzaq məhsulları ilə özünü təminetmə ilə bağlı tədbirlərin davam etdirilməsi, aqrar bölməyə maliyyə dəstəyinin artırılması, regionlarda kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü, saxlanması və satışı məqsədi ilə istixana, soyuducu və taxıl anbarı komplekslərinin yaradılmasının davam etdirilməsi, ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları bazarının formalaşması əsas tətdbirlərdəndir. Bundan başqa, qeyri-neft məhsullarının ixracının genişləndirilməsi və regionların inkişafında böyük rolu olan kənd təsərrüfatı və emalı məhsullarının bazarlara çıxış imkanlarının artırılması, milli istehsalçıların xarici bazarlarda mövqelərinin möhkəmləndirilməsi də əsas prioritetlərdəndir”.

Sənaye parklarının yaradılması bölgələrdə məşğulluq səviyyəsini yüksəldəcək
A.Hüseynov bildirir ki, 2014-2018-ci illər üçün dövlətin investisiya siyasətinin əsas istiqamətlərini investisiyaların qeyri-neft sektorunun və regionların inkişafına yönəldilməsi, regional investisiya siyasətinin müasir inkişaf tendensiyalarına uyğun olaraq prioritetləşdirilməsi, investisiya fəaliyyətinin sosial istiqamətinin daha da gücləndirilməsi, insan kapitalına, infrastruktura qoyulan investisiyaların prioritetliyinin təmin edilməsindən ibarət olacaq. Həmçinin, bölgələrə sərmayə qoyuluşlarına xarici investorların cəlb edilməsi, o cümlədən ixracyönümlü və əlavə dəyərin xüsusi çəkisi yüksək olan sahələrə yerli və xarici investisiyaların cəlb edilməsi məqsədilə stimullaşdırıcı tədbirlərin sürətləndirilməsi, sənaye parklarına yerli və əcnəbi sərmayəçilərin cəlb edilməsi ilə bağlı stimullaşdırıcı tədbirlər həyata keçiriləcək: “Sənayeləşmə siyasətinə uyğun olaraq, regionlarda yerli xammala əsaslanan sənaye müəssisələrinin fəaliyyətinin keyfiyyətcə müasir səviyyədə qurulması və yeni müəssisələrin, sənaye məhəllələrinin yaradılması istiqamətində tədbirlər həyata keçiriləcək, innovasiya yönümlü texnologiyaların tətbiqi stimullaşdırılacaq, ixtisaslaşmış və ümumi təyinatlı sənaye parklarının yaradılması istiqamətində işlər davam etdiriləcək. Sənaye parklarının yaradılması ölkə iqtisadiyyatının inkişafına, modernləşməsinə, yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının və ölkənin ixrac qabiliyyətinin daha da genişlənməsinə, eləcə də məşğulluq səviyyəsinin yüksəlməsinə əhəmiyyətli təsir göstərəcək. Sənayeləşmə siyasəti çərçivəsində ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli və ixracyönümlü sənaye məhsulları istehsalı sahələrinin yaradılmasının təşviqi, qeyri-neft sənayesinin ənənəvi istehsal sahələrinin - kimya sənayesi, metallurgiya, maşınqayırma, elektrotexnika, elektronika, yüngül sənaye, yeyinti sənayesinin inkişaf etdirilməsi ilə əlaqədar layihələr həyata keçiriləcək. Regionlarda 2014-2018-ci illərdə informasiya və kommunikasiya texnologiyaları infrastrukturu inkişaf etdiriləcək, regionlarda əhaliyə müasir elektron xidmətlərin göstərilməsi daha da genişləndiriləcək, kənd yaşayış məntəqələri də daxil olmaqla ölkə ərazisində genişzolaqlı, ucuz və keyfiyyətli internetə çıxış təmin ediləcək. Regional siyasətin digər bir istiqaməti kimi turizmin inkişafı da prioritet olaraq qalacaq”. Bir sözlə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb etməklə, makroiqtisadi sabitliyin təmin olunmasında, regionlarda sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni müəssisələrin və iş yerlərinin yaranmasında, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsində, kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsində, nəticədə əhalinin rifah halının daha da yaxşılaşdırılmasında və yoxsulluq səviyyəsinin aşağı düşməsində müstəsna rol oynayacaq.
Anar Miriyev

"İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən jurnalistlər arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir"




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Mətbuat milli maraqları müdafiə edir
13.11.2018
Ölkə üzrə pambıq tədarükü 210 min tona yaxınlaşıb
13.11.2018
AYİB-in maliyyə dəstəyi ilə Azərbaycanın özəl sektorunda 157 layihə reallaşdırılıb
13.11.2018
Heydər Əliyev Beynəlxalq Aeroportu 3,8 milyon sərnişinə xidmət göstərib
13.11.2018
İqtisadiyyat naziri: Qeyri-neft sektorunun 3,9 faiz artacağı proqnozlaşdırılır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info