Azərbaycan inqilabı üçün daha 14 milyon dollar
Tarix: 19.04.2014 | Saat: 01:57:00 | E-mail | Çapa göndər


“Haqqin.az” saytında Eynulla Fətullayevin “Azərbaycan inqilabı üçün daha 14 milyon dollar” aldlı məqaləsi yayılıb.
Müəllif məqaləsində ABŞ səfiri Riçard Morninqstarın açıqlamasını dəyərləndirərək yazır ki, Morninqstar bizi inandırmağa çalışır ki, ABŞ-la Azərbaycan strateji tərəfdaşdır: “Tutaq ki, belədir. Amma səfirdən soruşmaq lazımdır: bu tərəfdaşlıq münasibətlərinin strateji xarakteri Azərbaycana nədə yardım edib? Vaşinqton bəlkə Qarabağ məsələsinin həllində bizə hansısa şəkildə kömək edib? Morninqstarın ATƏT-in Minsk qrupundakı həmkarı, Azərbaycana zaman-zaman efemer “Filippin reseptləri” sırımağa çalışan, “erməni diasporunun aydın səsi” olan professor Xaçikyana (bunu özü belə deyib) qəribə şəkildə bəy tərifi vuran səfir Uorlikin yöndəmsiz bəyanatlarını nəzərə alanda bizi məmnun edəcək nəticəyə gəlmək çox çətindir.
Əksinə, ABŞ, Morninqstarın sözü ilə desək, “öz strateji tərəfdaşı”nın qan verən yarasına izahedilməz laqeydliklə yanaşmaqda davam edir. ABŞ özünün bu laqeydliyi ilə Putin Rusiyasının müttəfiqi olan təcavüzkar Ermənistanla strateji tərəfdaşı olan suveren Azərbaycanın hüquqlarını eyni tutur. Eyni zamanda ABŞ bunu da anlayır ki, Əliyevin əlində saxlamağı bacardığı nailiyyət, yəni müstəqil Azərbaycan bu ölkəyə çox baha başa gəlib. Strateji tərəfdaşın dövlətçiliyin kövrək əsaslarını sarsıdan daha bir “atalıq qayğısına” baxaq. Bunu axı Vaşinqtonda çox gözəl bilirlər ki, indiki status-kvonun, yəni sistemli sabitliyin və sosial sabitliyin qarantı Prezident İlham Əliyevin şəxsi hakimiyyətidir. Siyasi sistem hətta azacıq da deformasiyaya uğrasa, bu, Azərbaycan üçün fəlakətli nəticələri olan kataklizmlərə, sonuncular da faciəvi sonluqlara gətirib çıxarar.
Səfir Morninqsatr və onun təmsil etdiyi Dövlət Departamenti bunu dərk edirlərmi? Yəqin ki, hə. Uzun-uzadı düşünməyə, dərin analizlər aparmağa ehtiyac yoxdur. Kremlin “jirinovskilər”in və “duqinlər”in timsalındakı planları, Azərbaycanı onların dilindən parçalanma ilə, federallaşma ilə, yeni etnik-siyasi münaqişələrin yaradılması ilə hədələməsi göz önündədir. Vaşinqton vəziyyətin qızışdırılmasının siyasi fəlakətlə,- ilk növbədə də Qərbin maraqları və buradakı ABŞ sərmayələrinin toxunulmazlığı kontekstində,- nəticələnə biləcəyini təbii ki, başa düşməmiş deyil. Buna baxmayaraq ABŞ Əliyev hakimiyyətinin rəqiblərini də öz Milli Demokratiya İnstitutu (MDİ/NDİ) sayaq sistemli təsisatları vasitəsilə pulla, platforma və “Molotov kokteyli” ilə silahlandırır. Səmimi dostlar və strateji tərəfdaşlar da heç belə hərəkət edərmi?!”.
Müəllif yazır ki, Azərbaycan ABŞ-la birgə beynəlxalq terrorçuluqla mübarizə üzrə bütün proqramlarda iştirak edir. Öz hava məkanını ABŞ hərbi təyyarələrinin üzünə açır. ABŞ hərbi birləşmələrinin öz ərazisindən tranzit kimi istifadə etməyinə imkan verir. Amma bütün bunlara cavab olaraq qulağının dibindən “Molotov kokteyli” və permanent inqilablar hədə-qorxusu alır. Hanı məntiq?.
Müəllif Morninqstardan belə bir suala cavab verməsini istəyir: “ABŞ açıq şəkildə inqilabi dəyişikliklərə və Vaşinqtonun strateji tərəfdaşını - Prezident İlham Əliyevi devirməyə çağıran qeyri-hökumət təşkilatlarını və onların liderlərini maliyyələşdirməkdə niyə davam edir? 10 il ərzində üç ABŞ fondu vasitəsilə İlham Əliyevin rəqiblərinin əvvəlcə əlinə, sonra cibinə düşən 32 milyon dollar cənab Morninqstara boş şey kimi görünürsə, onda Azərbaycandakı vəziyyəti gərginləşdirib qarışdırmaq üçün müxalifətə ayrılan pullarla bağlı suallarımızı davam etdirməyə məcburuq. Cənab səfirin nəzərinə onu da çatdırırıq ki, bu milyonlar artıq başqa fondlar tərəfindən ayrılıb.

Birinci sual- İREX 730 min manatı hansı məqsədlə ayırmışdı?
Amerika təşkilatı - öz proqram məqsədlərinə əsasən hər yerdə intellektual liderlik və innovasiya proqramları vasitəsilə pozitiv inkişafı yayan Beynəlxalq Araşdırmalar və Mübadilə Şurası (İREX) 2008-ci ildən 2013-cü ilə qədər 730 min manat məbləğində 29 qrant ayırıb.
Bu təşkilatın Azərbaycandakı nümayəndəsi Sara Hennesidir. Lakin nəyə görəsə təşkilatın nümayəndəliyi göstərilən müddətdə iki razılaşma əsasında cəmi 40 min manatlıq qrant dəstəyi alıb. Subsidiyaların qalan hissəsinin mənbəyi böyük sual doğurur. Və 730 min manat hansı intellektual liderliyə və innovasiya proqramlarına xərclənib? Bütün bu pullar müxalifətə və müxalifətə yaxın təşkilatlara axıb.
1) 2013-cü il seçkiləri ərəfəsində həmin Amerika strukturunun pulları hesabına “www.azerbaijanelections.org” saytı yaradılıb. Qısamüddətli layihənin həyata keçirilməsinə 10 min dollar ayrılıb. Seçkilərin başa çatmasından dərhal sonra sayt fəaliyyətini dayandırıb. Hazırda sayta giriş bağlıdır. Bununla belə seçkilər dövründə və seçkilərdən sonra sayt müxalif mövqedən çıxış edib, seçkilərin nəticələrini şübhə altına alıb. Qrant “Turan” informasiya agentliyinə ayrılıb.
2) İş təkcə saytla bitməyib. Hökumətə hücum edən daha bir resurs - “sechkiportali.az” yaradıblar. Birinci resursdan fərqli olaraq ikinci hələ də fəaliyyətdədir. Həmin saytın yaradılması üçün pulu Əli Kərimlinin tərəfdaşlarından birinə - “Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıbəylinin “Demokratik Jurnalistika Məktəbi” layihəsi çərçivəsində ayırıblar. Antihökumət saytının yaradılmasına 25 min dollar verilib.
3) Hökumətin ən fəal tənqidçilərindən biri Emin Hüseynova ümumiyyətlə fantastik məbləğ buraxıblar. O, 275 min dollar məbləğində 5 qrant alıb.
4) Hökumətin digər tənqidçisi Rəşid Hacılı 128 min dollar alıb.
5) Müxalifətçi qardaşlar Anar və Əziz Orucova “Kanal 13” internet kanalının açılması üçün 46 min dollar veriblər.
Bəlkə cənab Morninqstar situasiyanı izah edə bilər?

İkinci sual - Amerika Hüquqşünaslar Assosiasiyası 206 min dolları hansı məqsədlə xərcləyib?
2003-2013-cü illərdə Amerika Hüquqşünaslar Assosiasiyasının Azərbaycandakı nümayəndəliyi 4 razılaşma əsasında 588 min dollar alıb. Bu pullardan müxtəlif təşkilatlara cəmi 519 min dollar ayırıblar. İndi diqqət yetirin, müxalifətçilər bu puldan nə qədər alıblar!
1) Müxalifət fəalları Vidadi Mirkamal, İntiqam Əliyev və Ənnağı Hacıbəyli 91 min dollar alıb.
2) Rəşid Hacılı - 90 min dollar.
3) Sabir Rüstəmxanlının qardaşı, seçki ərəfəsində hökumətin üzərinə hücuma keçən Əlövsət Əliyev - 10 min dollar.
4) 2008 və 2013-cü il seçkilərinin baş tənqidçisi olan “Demokratiyanın tədrisi” qeyri-hökumət təşkilatı - 15 min dollar.
Beləliklə, assosiasiya tərəfindən ayrılmış qrantların böyük hissəsi də müxalifətçilərin maliyyə rezervlərinə axıb.

Üçüncü sual- “Revenue Watch İnstitute” 952 min manatı necə bölüşdürüb?
Həmin təşkilatın Azərbaycanda nümayəndəliyinin qeydiyyatından imtina edilsə də 2006-2013-cü illərdə o, müxalifət yönümlü təşkilatlara 952 min manat ayırıb. İnstitut tərəfindən maliyyələşdirilən 25 layihənin böyük hissəsini başda müsavatçı Qubad İbadoğlu, cəbhəçi Məhəmməd Talıblı, cəbhəçi Rövşən Ağayev və digərləri olmaqla “Milli Büdcə Qrupu” adlanan qrup alıb. Məlum olduğu kimi, bu qrupun fəaliyyətinin əsas məqsədi İlham Əliyev hökumətinin iqtisadi siyasətinin sərt tənqid edilməsidir.

Dördüncü sual- USAİD niyə müxalif QHT-lərin maliyyələşdirilməsini artırıb?
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) ABŞ-ın digər ölkələrə hərbi xarakterli olmayan yardımlarına birbaşa cavabdeh olan federal hökumət strukturudur. 7 aprel 2009-cu ildə ABŞ hökuməti ilə Azərbaycan hökuməti arasında inkişaf proqramlarının birgə maliyyələşməsinə dair xüsusi memorandum imzalanır. Həmin memoranduma əsasən agentlik ikitərəfli razılaşmada əksini tapan məsələlərin həyata keçirlməsi üzrə icraçı təşkilat rolunu üzərinə götürür.
Ancaq bu agentliyin hökumət strukturu olmasına baxmayaraq xüsusən 2010-2013-cü illərdə təşkilat qrant siyasətində əsasən QHT-lərin maliyyələşdirilməsinə və fəaliyyətinin dəstəklənməsinə üstünlük verməyə başlayıb. Hər ehtimala qarşı həmin dövrdə ayrılmış qrantların analizi 2004-2009-cu illəri əhatə edən dövrlə müqayisədə Amerika agentliyinin siyasətində yeni prioritetin gücləndiyinə əminlik yaradır. Təşkilat tərəfindən son illərdə Azərbaycan QHT-lərinə 8 milyon 200 min dollar və daha 93 min manat vəsait ayrılıb. Yəni əvvəllər üstünlük ticarətə, kənd təsərrüfatına, iqtisadi artıma verilirdisə, son illər USAİD siyasi layihələrin maliyyələşdirilməsinə diqqət yönəltməyə başlayıb.

Beşinci sual- 108 amerikalını Azərbaycanın rayonlarında nə topladı?
Səfir Morninqstar Azərbaycan hökumətinin Amerikanın “Sülh korpusu” proqramı ilə əməkdaşlığı uzatmaqdan imtina qərarından çaş-baş qalıb. O, Azərbaycan KİV-lərinə açıqlamasında bu barədə danışıb. 2003-cü ildən başlayaraq həmin proqram çərçivəsində Azərbaycanda 500-dən çox könüllü fəaliyyət göstərib. Həmin dövrdə könüllülər əsasən kənd yerlərində işləyirdi və ingilis dilini tədris edir, mədəni körpülər yaradırdı. Son vaxtlara qədər 108 könüllü ölkədə qalmaqda davam edir və yəqin ki, onlar da tezliklə ölkədən çıxarılacaqlar.
İmzalanan sənədlərə əsasən nazirliklərin və “Sülh korpusu”nun nümayəndələrindən ibarət xüsusi məşvərət komitəsi yaradılmalı, bu komitə birgə layihələri planlaşdırmalı idi.
Komitənin əsas vəzifəsi layihələrə dair təklifləri işləyib hazırlamaq, onların həyata keçirilməsini monitorinq etmək və nəticələrini qiymətləndirməkdir. Ancaq bizə məlum olmayan səbəblərdən bu komitələr heç yaradılmayıb. Ona görə də aydın deyil ki, hansı norma və qaydalara görə Azərbaycan amerikalı könüllüləri cəlb edib ölkənin müxtəlif künc-bucağında yerləşdirirdi? Üstəlik hansı regionun onlara daha çox lazım olduğunu da amerikalılar müəyyənləşdirirdi?

Altıncı sual- NED 3 milyon 500 min dolları hara xərcləyib?
NED fondu, əksər eskpertlərin qənaətinə görə, Milli Demokratiya İnstitutu kimi ABŞ-ın kəşfiyyat xidmətləri ilə harmonik əlaqədə olan təşkilat Azərbaycanda özünün Avrasiya və Rusiya üzrə nümayəndəliyi vasitəsilə fəaliyyət göstərir. Bu nümayəndəliyə təşkilatın proqram direktoru Miriam Linskaya başçılıq edir. Vaşinqtondan Azərbaycan QHT-ləri ilə bilavasitə Marta Berd işləyir. 10 il ərzində, yəni 2003-2013-cü illərdə fond Azərbaycan QHT-lərinə 3 milyon 500 min dollar həcmində 78 qrant ayırıb. Üstəlik bu subsidiyaların əsas hissəsi 2010-2013-cü illərdə ayrılıb - 2 milyon 300 min dollar. Fond əsasən müxalət yönümlü QHT-lərə, KİV-lərə və təsisatlara, o cümlədən inqilabçı gənclərin “Açıq Fikir Universiteti”inə, “Turan” agentliyinə və müxalifətçi “Obyektiv TV” internet telekanalına, Anar Məmmədlinin sədrlik etdiyi Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinə, Rəsul Cəfərovun bütün fəaliyyətini ABŞ-ın regiondakı əsas tərəfdaşı olan Azərbaycan hökumətini Avropa institutlarında gözdən salmağa həsr edən İnsan Haqları Klubuna, Könüllülərin Beynəlxalq Əməkdaşlıq Mərkəzinə (Elnur Məmmədov) və Leyla Yunusun Sülh və Demokratiya İnstitutuna, onlarla digər müxalifətçi birlikləyə pul ayırıb. Doğrudanmı cənab Morninqstar bu barədə bilmir ki, ötən ilin yazında NİDA gənclər təşkilatı və bilavasitə MDİ təlimatçıları tərəfindən Fəvvarələr meydanındakı kütləvi iğtişaşlarda iştirak edən etirazçı gənclərin böyük hissəsi məhz həmin Amerika fondunun maliyyəsi hesabına maliyyələşən “Açıq Fikir Univrsiteti”nin divarları arasında təlim keçmişdi? Bundan sonra səfir universitetin fəaliyyətinin bərpasını necə ardıcıl və israrla tələb edə bilirdi? Bəyəm səfir 2010-2013-cü illərdə, prezident seçkiləri ərəfəsində OL və NİDA tipli gənclər təşkilatlarına 10 qrant layihəsi üzrə ayrılmış, tarixi çaxnaşmalar vəd edən 424 min manat barədə informasiyaya malik deyildi? Bəyəm səfir NİDA inqilabçı-gənclərindən yandırıcı maye ilə birlikdə ələ keçirilmiş 94 min manat barədə bilmir? Səfirin “Könüllülərin Beynəlxalq Əməkdaşlığı” təşkilatı ilə SMDTM-in MDİ-nin Vaşinqton bürosu ilə üzə çıxarılmış əlaqələrindən də xəbəri yoxdur? Onu da bilmir ki, MDİ Azərbaycan qanunvericliyindən yan keçərək Anar Məmmədlinin mərkəzinə 267 min dollar ayırıb? Sual olunur: Amerika qanunvericiliyindən yan keçərək kəşfiyyat xidmətləri ilə bağlı olan hansısa Rusiya və ya Avropa təşkilatından 267 min dollar alan Amerika QHT-sini hansı aqibət gözləyərdi?”




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”
20.09.2018
“Bugünkü Ermənistanın ideologiyasının faşist ideyalarına əsaslandığı aydın görünür”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info