“Azərbaycan xalqının tarixi keçmişini, adət-ənənələrini xalq rəqslərində də görmək olar”
Tarix: 22.04.2014 | Saat: 02:30:00 | E-mail | Çapa göndər


Leyla Zöhrabova: “Bəstəkar kiçik əsər çərçivəsində kamera musiqisində böyük bir mənanı izah etməyə qadir olmalıdır”

Leyla Ramiz qızı Zöhrabova 1984-cü ildə Bakı şəhərində anadan olub. 2002-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbi, 2006-cı ildə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının Tarix-nəzəriyyə fakültəsinin musiqişünaslıq ixtisası üzrə bakalavr, 2008-ci ildə isə Azərbaycan Milli Konservatoriyasının Tarix-nəzəriyyə fakültəsinin musiqişünaslıq ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. Oxuduğu illərdə təhsildə əldə etdiyi uğurlara görə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Fəxri fərmanla təltif olunub. Pedaqoji fəaliyyətə 2006-cı ildən Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin nəzdində fəaliyyət göstərən 39 saylı musiqi məktəbində nəzəri fənlər üzrə müəllim kimi başlayıb, 2008-ci ildən isə BMA-nın Azərbaycan xalq musiqisinin tarix və nəzəriyyəsi kafedrasında müəllim, 2011-ci ildən baş müəllim, 2013-cü ildən BMA-nın dosenti vəzifəsində çalışıb. 2010-cu ildə Leyla Zöhrabova “Azərbaycan xalq rəqslərinin melodik xüsusiyyətlərinin tədqiqi” adlı fəlsəfə doktorluq dissertasiyasını müdafiə edib. Dövri mətbuatda bir sıra məqalələrin müəllifidir. Elmi tədqiqatlarının mövzu dairəsi, Azərbaycan xalq musiqisində milli musiqinin nəzəri əsaslarının, bilavasitə lad və melodikanın tədqiqi problemləri ilə bağlıdır. Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür.

Müsahibimiz sənətşünaslıq üzrə fəlsəfə doktoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti, musiqişünas Leyla Zöhrabovadır.
- Leyla xanım, ötən həftə Azərbaycan Bəstəkarlar İttifaqında “Azərbaycan bəstəkarlarının kamera əsərləri gənc ifaçıların təqdimatında” adlı II konsert baş tutdu. Bu konsert haqqında fikirlərinizi bilmək istəyirik.
- Bu silsilə konsertin I hissəsi dekabr ayında baş tutub. Konsertin əsas meyarı, bilavasitə müasir dövrdə Azərbaycan bəstəkarlarının əsərlərini gənc ifaçıların yaradıcılığında təbliğ və təqdim etməkdən ibarət idi. Qeyd edim ki, bu konsert Azərbaycan Bəstəkarlar İttifaqının təşəbbüsü ilə hazırlanıb. Xüsusilə də ittifaqın sədri, Xalq artisti Firəngiz Əlizadənin böyük dəstəyini vurğulamaq istəyirəm. Firəngiz xanımın son dövrlərdə gördüyü bir çox işlər böyük maraqla qarşılanıb. Bir sıra tədbirlərin, konfransların, konsertlərin keçirilməsinə təşəbbüs göstərdi. Bu konsert ittifaqın yaranmasının 80 illiyinə həsr olundu.
Müasir dövrdə Azərbaycan bəstəkarlarının əsərlərini canlı səsləndirmək, ən əsası gənc ifaçılar tərəfindən böyük maraqla və həvəslə ifası çox vacib məsələlərdən biridir. Məhz onu da demək kifayət edir ki, əgər musiqi səslənirsə, bəstəkar əsəri ifa olunursa, demək, o musiqi yaşayır. Digər tərəfdən bu iki sahənin bir-biri ilə vəhdət şəklində inkişaf etməsini qeyd etmək istəyirəm.
Konsertin proqramından söz açdıqda onu qeyd etmək lazımdır ki, geniş diapazonu əhatə edir. Burada həm korifey bəstəkarların əsərləri səsləndi, həm də bu günümüzdə yaşayıb-yaradan bəstəkarların əsərləri ifa olundu. Məsələn, korifey bəstəkarlarımızdan Hacı Xanməmmədov, Asəf Zeynallı, Qara Qarayev, Fikrət Əmirov, Əşrəf Abbasovun əsərlərini qeyd edə bilərik. Bugünkü dövrdə yaşayıb yaradan bəstəkarlarımızdan Rüfət Ramazanov, Azər Dadaşov, Elnarə Dadaşovanın əsərləri dinlənildi. Konsertdə bir neçə yeni əsərlər də səsləndi. Bunların içərisində bəstəkar Samir Əliyevin “Kölgələrin oyunu” adlı fortepiano pyesi ifa olundu. Müsbət bir keyfiyyət ondan ibarətdir ki, iştirak edən gənclər müxtəlif musiqi məktəblərinin, musiqi ocaqlarının tələbə və şagirdləri idi. Bunların içərisində Bakı Musiqi Akademiyasının, Azərbaycan Milli Konservatoriyasının, Bakı Musiqi Kollecinin, Bülbül adına musiqi məktəbinin şagirdləri böyük şövqlə çıxış etdilər. Bu ifaçılar tərəfindən müxtəlif alətlər üçün yazılan əsərlər təqdim olundu. Ancaq dominantlıq təşkil edən bir xüsusiyyət 2 fortepiano üçün əsərlərin köçürmələri, daha sonra tranbon, fleyta, müxtəlif tərkibli ansambllar üçün və milli musiqi alətimiz olan tar aləti üçün yazılmış əsərlər dinləyicilərin alqışları ilə qarşılandı. Əlbəttə ki, bunun geniş bir silsilə olaraq davamı nəzərdə tutulub. Növbəti konsert may ayında keçiriləcək. Burada digər musiqi məktəblərin şagirdlərinin də ifaları nəzərdə tutulur. Növbəti konsert daha geniş ampulada, geniş çərçivədə öz əksini tapacaqdır.
- Siz gənc musiqiçilərin məktəb yaşlarından musiqiyə həvəs göstərmələrini necə dəyərləndirərdiniz?
- Çox maraqlı sualdır. Bugünkü gündə musiqi daha çox ön plandadır. Burada dövlət tərəfindən qayğı da göstərilir. Gənclərimizin də musiqiyə olan marağı hər zaman olduğu kimi bu gün də müsbət hala çevrilib. Xüsusilə solo ifaları göstərə bilərik. Musiqişünaslıqda da bir sıra gənclərimiz var ki, adları ön planda səslənir. Onlar nəinki Vətənimizdə, həmçinin Vətənimizin hüdudlarından kənarda da müxtəlif konsert və festivallarda iştirak ediblər. Bu artıq sevindirici haldır və musiqimizin geniş bir şəkildə addımlamasına zərurət verir.
- Gənc musiqiçilərimiz solo ifada, orkestr və müxtəlif tərkibli ansambllarda yüksək zövqlə ifa edirlər. Bəs kamera musiqisinə marağı necə görürsünüz?
- Əlbəttə ki, mənim fikrimcə kamera musiqisi nisbətən daha rahat ifaçılıq sənətidir. Ən əsası, ifaçılıqda daha çox müraciət olunan sənətdir. Çünki dərs müddətində kamera əsərlərini solo alətdə müşayiət etmək müsbət bir haldır. Məsələn, gənc musiqiçi üçün orkestrdə ifa etmək bir qədər çətin olur və həmçinin, böyük məşq prosesi zəmin yaradır. Mən bunu belə izah edərdim.
- Tədris prosesində məktəb yaşlı şagirdlərin əsər seçimində müəyyən çətinliklər olur? Onların yaş həddinə uyğun əsərlər proqrama salınır?
- Hər hansı bir musiqi məktəblərinin müəllimləri tərəfindən şagirdlərin bilik və qavrama səviyyəsi nəzərə alınır. Azərbaycan bəstəkarlarının bir sıra əsərləri var ki, nisbətən məktəb proqramlarına sinif mərhələlərinə uyğunlaşdırılır. Burada bəstəkarlarımızın iri həcmli əsərləri, pyesləri, kiçik həcmli prelüdləri var ki, müəllimlər tərəfindən şagirdə düzgün tərzdə aşılanır. Müəyyən istiqamətdə yönəlir.
- Bəstəkarlarımız kamera musiqisinə tez-tez müraciət edirlər?
- Fikrimcə, kamera musiqisinə aid əsərlər çoxluq təşkil edir. Bu müsbət keyfiyyətdir. Bugünkü dövrdə simfoniya, opera, operetta yazan bəstəkarlar nisbətən azdır. Lakin kamera musiqisi bir tərəfdən çətin bir sənət növüdür. Bəstəkar kiçik əsər çərçivəsində kamera musiqisində böyük bir mənanı izah etməyə qadir olmalıdır. Bu tərəfdən yanaşdıqda kamera musiqisi çətindir. Ancaq kifayət qədər də kamera musiqi əsərlərimiz var. Korifey bəstəkarlarımızın kamera əsərləri şübhəsiz ki, var. Müasir dövrümüzdə də kamera əsərləri yazan bəstəkarlarımız da var və onların əsərləri də səslənir.
- Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi üzrə son tədqiqatlarınız nədən ibarətdir?
- Mən artıq neçə illərdir ki, Bakı Musiqi Akademiyasında Azərbaycan xalq musiqisi və nəzəriyyəsi kafedrasında müəllim vəzifəsində, daha sonra baş müəllim, hazırda isə Bakı Musiqi Akademiyasının dosenti vəzifəsində çalışıram. Bu illər ərzində xalq musiqisi haqqında bir neçə tədqiqatlarım olub. Bu mənim magistr işimdə, diplom işimdə və nəhayət, vəzifə doktorluğu ilə bağlı olan elmi işimdə də görünür. Xalq musiqisi bilavasitə Azərbaycan musiqisinin əsasını təşkil edir. Xalq musiqisi Azərbaycan musiqisinin inkişafında əsrlər boyu xüsusi rol oynayıb və daim diqqət mərkəzində olub. Tədqiqat işlərimdə xüsusilə, Azərbaycan xalq rəqslərini tədqiqat obyekti kimi seçdim. Xalq rəqslərinin həm lad əsaslarının təhlilini, həmçinin fəlsəfə doktorluğu elmi işimdə Azərbaycan xalq rəqslərinin melodik xüsusiyyətlərini araşdırmışdım. Bunu nəzəri olaraq bir sıra məcmuələrə müraciət olunub. Məcmuələr əsasında bir sıra elmi axtarışlar, elmi nəticələr üzə çıxarılıb. Azərbaycan xalq rəqslərinin milli xüsusiyyətləri, rəngarəng melodik hərəkət formaları, quruluşu, inkişaf yollarının müxtəlifliyi tədqiqat üçün zəngin materialdır. Bu səbəbdən bu mövzuya müraciət etdim. Azərbaycan xalqının tarixi keçmişi, adət-ənənələri xalq rəqslərində də görmək olar. Azərbaycan etnomusiqişünaslığı da xalq rəqslərinin öyrənilməsi ilə tanınmış musiqişünaslarımız işlər aparıb.
- Azərbaycan xalq musiqisində ən çox hansı nüanslara toxunmaq istərdiniz ki, onları tədqiq etməyi daha zəruri bilirsiniz?
- Azərbaycan xalq musiqisindən söhbət etdikdə qeyd etdiyim kimi, bir çox əsərlər bu barədə yazılıb. Lakin onların çoxu tarixi materiallara aiddir. Digər bir tərəfdən yanaşıldıqda bir çox nümunələrinin təhlilini etmək, xalq mahnılarının zənginliklərinin vurğulanması, üzə çıxarılması, rəqslərdə də göstərmək lazımdır. Hazırda, mənim əsas elmi işlərimdən biri də xalq mahnılarının tədqiqi problemlərinin öyrənilməsidir. Hər hansı bir musiqiçi musiqimizin müəyyən bir sahəsində çalışması, müxtəlif tədqiqatların aparılması, musiqimizin daha da geniş şəkildə inkişafına gətirib çıxaracaq. Bu əlbəttə ki, mənim maraq dairəmin əsas hissəsidir. Çalışacağam ki, Azərbaycan xalq musiqisinin və ən əsası milli rəqslərinin tədqiqi problemləri ilə məşğul olum.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10490

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info