“Çində təbliğata qoyulan qadağa aktivliyimizə təsir edir”
Tarix: 22.04.2014 | Saat: 19:59:00 | E-mail | Çapa göndər


Natiq Xəlilov: “Ölkəmizi təmsil etməklə yanaşı, Çinin qanunlarına da hörmət edirik”

Xaricdə təhsil alan gənclərimizin fəaliyyətləri və təhsil ilə bağlı uğurları çox vaxt mətbuatın arxa planında qalır və cəmiyyət də onların gördüyü işlərdən, aktivliklərindən xəbərdar olmur. Bu da təbiidir. Çünki bu gənclər Vətəndən xeyli uzaqlarda olurlar. Belə gənclərdən birinin fəaliyyəti ilə maraqlandıq. Bu, Çində ali təhsilini başa vurmaq üzrə olan Natiq Xəlilovdur. Natiq Xəlilovla olan müsahibəni oxuculara təqdim edirik.
- Təhsillə bağlı işləriniz nə yerdədir?
- Hazırda Çin Xalq Respublikasının Renmin Universitetinin 4-cü kursunda, Hüquqşünaslıq fakültəsində təhsil alıram. Təhsillə bağlı işlərim qaydasındadır və tələbələrin ən ümdə vəzifələrindən sayılan diplom işini bitirmək üzrəyəm.
- Maraqlıdır, diplom işinizin mövzusu nədir?
- Diplom işimin mövzusu xarici vətəndaşların son zamanlar Çində üzləşdiyi viza problemləri ilə bağlıdır. Son zamanlar xarici vətəndaşların Çinə axını çoxaldığından, onlar tərəfindən törədilən cinayətlərin sayı da artıb və nəticədə Çin dövləti xarici vətəndaşlara qarşı qanunları sərtləşdirir. Artıq Çində leqal işçi vizası almaqdan ötrü uzun və mürəkkəb prosesdən keçməlisən. Bu vəziyyət Çində yaşayan və təhsil alan xaricilərin narazılığına səbəb olmuşdu və mən də qərara gəldim ki, tədqiqat işimi bu mövzuya həsr edim.
- Çində təhsilin çətin olduğunu deyirlər. Bu, belədirmi, yoxsa alışmısınız artıq?
- Çində təhsil başqa ölkələrdən fərqlidir. Ən əsası da ona görə ki, çin dili çox mürəkkəbdir və digər dillərdən fərqli olaraq bu dilin əlifbası yoxdur. İmtahanların çoxu yazılı olduğundan müəyyən çətinliklərlə qarşılaşırsan. Çin dilini nə qədər yaxşı bilsən də çinli kimi yazıb-danışmaq demək olar ki, mümkünsüzdür. Fikrimcə, Çində təhsillə bağlı çətinliklər məhz çin dili ilə bağlıdır. Mənə gəldikdə isə artıq 6 ildir ki, burada təhsil alıram və demək olar ki, bütün çətinliklərə tam alışmışam.
- Çin son illərdə daha da dinamik və sürətlə inkişaf edərək dünya gücünə çevrilib. Necə düşünürsünüz, Azərbaycan belə bir ölkə ilə əlaqələri daha da sıxlaşdırmalıdırmı?
- İpək Yolunun tarixi ticarət marşrutları Çin, Yaponiya, Hindistan, Monqolustan, İran, Özbəkistan, Tacikistan, Azərbaycan və digər ölkələrdən keçib. Bu səbəbdən Çin və Azərbaycan arasında əlaqələr qədim tarixə malikdir. Çin Xalq Respublikası və Azərbaycan Respublikası arasında münasibətlər daim inkişaf edir. Çin və Azərbaycan respublikaları arasında möhkəm diplomatik və mədəni əlaqələr mövcuddur. Hər iki dövlət qarşılıqlı şəkildə bir-birinin suverenliyini və torpaqların toxunulmazlığını tanıyır. BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən olan ÇXR hər zaman Azərbaycanı dəstəklədiklərini bildirir. Azərbaycan–Çin münasibətlərini kifayət qədər qənaətbəxş qiymətləndirirəm. İyirmi bir illik diplomatik əlaqələr müddətində Çin və Azərbaycan arasında əmtəə dövriyyəsi 800 dəfə artıb. Müstəqilliyin qurulmasının ilk illərində bu ölkələr arasında ticarət dövriyyəsi cəmi 1,5 milyon dollar təşkil edirdi. Ötən il isə bu rəqəm 1,2 milyard dollara çatıb. Bu o deməkdir ki, Azərbaycan və Çin arasında əmtəə dövriyyəsi 800 dəfə artıb. Bu, bir tərəfdən iqtisadi sahədə yaxşı səviyyəyə çatmağımıza, digər tərəfdən bu sahədə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanlar olmasına dəlalət edir. Fikrimcə, gələcəkdə iki ölkə arasında əlaqələrin daha da genişlənməsi üçün çox uyğun bir zəmin var.
- Bu ölkəyə azərbaycanlı iş adamları, biznesmenlər daha çox üz tuturlar. Necə düşünürsünüz, Çinə daha çox təhsil ardınca baş vurmağa dəyər, ya biznes maraqları üçün?
- Haqlısınız, son dövrlərdə daha çox ölkəmizdən bura ticari maraqlar üçün insanlar üz tuturlar. Bu da təsadüfdən yaranmayıb. Çin nəinki Asiyanın, bütün dünyanın fabrikinə çevrilib. Bu ölkəyə dünyanın hər bir yerindən iş adamları gəlir, həmçinin Azərbaycandan. Zənnimcə, Çində kifayət qədər biznes imkanları var. Amma bir faktı qeyd edim ki, ölkədə əhalinin sayı çox olduğu üçün burada loru dildə desək, hər cür adama rast gəlmək olur. Xüsusən də, biznes sahəsində kifayət qədər kələkbaz var. Ona görə Çinə biznes dalınca gələn həmvətənlərimə tövsiyə edərdim ki, bura gəlməmişdən öncə bu ölkənin qanunları ilə az da olsa tanış olsunlar ki, sonra problemlərlə üzləşməsinlər. Sualınızın əsas məğzinə gəldikdə isə əlbəttə ki, hər iki məqsədlə bu ölkəyə baş vurmağa dəyər.
- Təhsil aldığınız bu ölkə nisbətən qapalılığı ilə də seçilir. Bu qapalılıq və məhdudiyyətlər təhsil sahəsinə nə qədər təsir edib?
- Biz azərbaycanlı tələbələr olaraq, xaricdə təhsil aldığımız zaman, eyni zamanda Vətənimizi də təmsil etməliyik. Bu, hər bir azərbaycanlı gəncin mənəvi borcudur. Biz də çalışırıq aktiv olaq, ölkəmizi layiqincə təmsil edək. Bəli, Çinin siyasi və ictimai sistemi Amerikadan və Avropa ölkələrindən fərqlidir. Burada diaspor fəaliyyəti ilə və təbliğatla məşğul olmaq qadağandır. Bu kimi nüanslar bizim azərbaycanlı gənclərin ictimai fəaliyyətinə təsir edir. Biz isə öz növbəmizdə ölkəmizi təmsil etməklə yanaşı, Çinin qanunlarına da hörmət edirik.
–Necə düşünürsünüz, Azərbaycan Çindən daha nələri öyrənməlidir?
- Hazırda Çində demək olar ki, istehsalı olmayan bir əşya, avadanlıq, ləvazimat yoxdur. Son zamanlar ölkəmizdə yeni zavodlar və fabriklər tikilsə də, fikrimcə, Azərbaycanda bir çox sahədə istehsalatı Çindəki kimi daha da genişləndirmək olar. Bu halda həm vətəndaşlar üçün yeni iş yerləri açılar, həm də iqtisadiyyatımız daha da sürətlə inkişaf etmiş olar. Biz Çindəki kimi çoxşaxəli iqtisadi inkişaf tempini də seçməliyik. Artıq bu istiqamətdə bir sıra ciddi addımlar da atmağa başlamışıq.
- Çində ali təhsil almaq istəyən gənclərimiz ilk növbədə nələri bilməlidirlər?
- Çinə gələnlər bilməlidir ki, bura Avropa və ya Amerika deyil. Burada təhsil bir az daha mürəkkəbdir. Çinə təhsil almağa gələn gənclər çətinliklərə hazır olmalıdırlar. Çini təhsil üçün seçənlərin bura gəldikləri zaman ingilis dilini bilmələri məsləhətdir. Çünki ilk dərslər ingilis dilində keçirilir. Çin dili üzrə dərsliklərin hamısı ingilis dilindədir. Bura nəhəng bir ölkədir və şəhərlər meqapolisdir. Təhsillə yanaşı, adi həyatda da problemlərlə üzləşə bilərlər. Digər məqamlar isə hamımızın bildiyi fərqli mətbəxlə bağlıdır. Çinin mətbəxi bizim mətbəxdən çox fərqlidir. Çinlilər çörəyin əvəzinə düyü yeyirlər, çəngəl-bıçağın yerinə isə çubuqlardan istifadə edirlər. Amma bunlar hamısı ikinci dərəcəli problemlərdir. Bundan başqa onsuz da burada kifayət qədər Şərq və Qərb mətbəxini özündə təcəssüm etdirən kafe-restoranlar da var. Hər şey insanın özündən asılıdır. İstək olduğu zaman sadaladığım çətinliklərin hamısının öhdəsindən gəlmək olar.
- Yəqin ki, bir çox xaricdə təhsil alan tələbələrimiz kimi, siz də sonda Azərbaycana qayıdıb, gələcək planlarınızı burada quracaqsanız?
- Əlbəttə, bu belə də olmalıdır. Vətənin yerini heç nə, heç bir məkan verməz. Biz azərbaycanlılar isə Vətənə bağlılığımız ilə seçilirik. Bu mənada əksər gənclərimizin sonda ölkəyə qayıdıb bilik və bacarıqlarını Azərbaycanda tətbiq etmələri təbiidir. Mən də təbii ki, sonda ölkəyə qayıdacağam və sözsüz ki, Vətənə alnıaçıq, təhsildə heç bir problemi olmayan biri kimi qayıtmaq istəyirəm.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“BANM-ın tələbələri məzun olan kimi ən yaxşı şirkətlərə işə qəbul ola bilir”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info