Bakıdakı göllərin təmizlənməsinin faydası
Tarix: 23.04.2014 | Saat: 01:29:00 | E-mail | Çapa göndər


Çingiz İsmayılov: “Bu göllər təmiz olsa, ətrafında lokal səviyyədə
turizm bazası yaratmaq olar”
Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması dövlət siyasətinin bir istiqamətdir. Artıq, Bakıda mərhələli şəkildə uzun illərdən qalmış ekoloji problemlər öz həlli tapmaqdadır. Bu istiqamətdə atılan növbəti addım Bakıda mövcud olan göllərin təmizlənməsidir. Qeyd edək ki, hazırda Bakıda 9 göl var və bunların təmizləməsi proqram şəklində həyata keçirilir. Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev Bakıdakı göllərin təmizlənməsinin vacibliyini xüsusi vurğulayıb. Dövlət başçısı bu göllərin ekoloji fəlakət mənzərəsi yaratdığını qeyd edib: “İllər boyu bu göllərə kanalizasiya, çirkab suları, neftlə çirklənmiş sular, lay suları axıdılıb. Bu göllər şəhərin içində, şəhərin mərkəzində bir ekoloji fəlakətdir. Ona görə bu məsələ ilə bağlı artıq bütün göstərişlər verilibdir. Biz daha bundan sonra bu vəziyyətlə barışa bilmərik. Bu məqsədlər üçün nə qədər lazımdırsa, o qədər də vəsait ayrılacaqdır. Bu çirkab su hövzələrini biz təmiz göllərə çevirəcəyik. Bakı indi parklar şəhəridir. Bakı olacaq təmiz göllər şəhəri. Bu vəzifəni mən bu gün qarşıya qoyuram və hesab edirəm ki, biz tezliklə bu işlərə başlamalıyıq. Sözün düzü, artıq biz başlamışıq. Bu sahədə təcrübəsi olan xarici şirkətlərlə artıq müqavilələr də bağlanıbdır. Biz ən ağır, ekoloji və texniki cəhətdən ağır olan layihədən başlamışıq”.
Nəzərə çatdıraq ki, artıq, Böyükşor gölünün təmizlənməsinə başlanılıb. Böyükşor gölünün ərazisi min hektardan böyükdür. Dövlət başçısı Böyükşor gölünün hələlik iki yerə bölünməsi işinin getdiyini deyib: “Bənd tikiləcəkdir. Bu bənd, eyni zamanda, avtomobil yolu olacaqdır. Həm nəqliyyat üçün, həm bu təmizləmə işlərini mərhələlərə bölmək üçün biz bu işləri görürük.
Birinci mərhələdə gölün tikilən Olimpiya Stadionuna yaxın olan hissəsi təmizlənəcəkdir. O sahənin ərazisi 300 hektardır. Orada təmiz, şəffaf su olacaqdır. Gölün ətrafında gözəl bulvar tikiləcəkdir. Bizim Dənizkənarı Bulvarımız vardır. İndi, bundan sonra Böyükşor Bulvarımız da olacaqdır və gözəl yaşıllıqlar salınacaqdır, ağaclar, kollar əkiləcəkdir, istirahət zonaları və təmiz bir göl olacaqdır”.
Prezidentin sözlərinə görə, ikinci mərhələdə isə gölün qalan böyük hissəsi də təmizlənəcək: “Beləliklə, biz şəhərimizdə yeni, gözəl istirahət, sağlamlıq zonası yaradacağıq. Dediyim kimi, bir neçə ildən sonra Bakı təmiz, gözəl göllər şəhəri kimi artıq öz sözünü deyəcəkdir. Düzdür, burada görüləsi işlər çoxdur, doqquz göldən söhbət gedir, ancaq çalışmalıyıq ki, növbəti 5 ya 6 il ərzində yerinə yetirək. Əlbəttə ki, bütün bu işlər dövlət büdcəsində nəzərə alınmalıdır. Maliyyə resursları burada əlbəttə ki, təmin ediləcəkdir və bütün işlər ən yüksək səviyyədə aparılmalıdır”.
Bakı Dövlət Universitetinin Xəzər Elmi-Tədqiqat və İnformasiya Mərkəzinin sədri, professor Çingiz İsmayılov “Palitra” ya bildirdi, hər bir gölün təmizlənməsi və ya qurudulmasına fərdi yanaşılmalıdır: “Yəni bu göllərin mənşəyi, süni və təbii olması öyrənilməlidir. Həmin göllərə axıdılan çirkab suların mənbəyi tapılmalıdır. Və gələcəkdə bu çirkab suların hara yönəldilməsi məsələsi həll olunmalıdır. Bildiyimiz kimi bəzi göllərdə duz da istehsal edilir. Əgər o göllər qurudulacaqsa, o ərazi duzlaşmış torpaqdan təmizlənməlidir. Yəni hər hansı göl harada mümkündürsə qurudulmadır, harada mümkün deyilsə çirkab suların qarşısı alınmalı və ətrafı yaşıllaşdırılmadır”.
Onun fikrincə, Bakıdakı göllərdən eləsi var ki, təmizləmək mümkün deyil: “Çünki onların tərkibində güclü radon, radiasiya var. Ümumiyyətlə, çoxlu zərərli mikroelementlər var. Yəni onların təmizlənməsi də çox mürəkkəb məsələdir. Belə göllər artıq, ekoloji gərgin zonalardır. Onun üçün də hər bir göl üçün ayrıca proqram tərtib olunmalıdır”.
Ç. İsmayılova görə göllərin təmizlənməsi Bakı üçün çox vacibdir: “Amma göllərin hamısının qurudulması Bakının mikroiqlimi üçün çox təhlükəlidir. Çünki Bakı yarımquraq zonadır. Burda quraqlıq olduğu üçün göllər bir az mikroiqlimi mülayimləşdirir. Gələcəkdə o göllər həqiqətən təmiz olsa, mikroiqlimdən başqa, onların ətrafını istirahət zonası, əyləncə mərkəzlərinə çevirmək olar. Yəni lokal səviyyədə turizm bazası yaratmaq olar”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info