“Xəzər-Lənkəran” futbol klubunun tarixi və inkişaf perspektivləri”
Tarix: 24.04.2014 | Saat: 00:47:00 | E-mail | Çapa göndər


“Ümid edirəm ki, Azərbaycanda futbolun inkişafı uğurlu olacaq. Azərbaycan dövləti futbolun inkişafı üçün lazımi tədbirləri görür. Ölkə çempionatı maraq doğurur. Azərbaycanda futbolun kütləviliyinin təmin edilməsi üçün praktiki addımlar atılır. Həm dövlət qurumları, həm Azərbaycan Futbol Federasiyaları Assosiasiyası məqsədyönlü iş aparmaqla futbolun inkişafına böyük töhfə verirlər. Ümid edirəm ki, bu səylər nəticəsiz qalmayacaq, futbolçularımız beynəlxalq yarışlarda bizi sevindirəcəklər. Biz çox istəyirik ki, uşaqlarımız, gənclərimiz, yeniyetmələrimiz futbol bölmələrinə qoşulsunlar, futbolla məşğul olsunlar. Bunu etmək üçün indi şərait daha da yaxşıdır”. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Bakı Olimpiya Stadionunun təməlinin qoyulması mərasimindəki çıxışında deyib.
Prezidentin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində paytaxt Bakıda və regionlarda idmanın, o cümlədən futbolun inkişafında yeni mərhələ başlayıb. 2004-cü il Azərbaycan futbolunda böyük canlanmanın yaranması ilə yadda qaldı. İdmanın ən populyar növünə iş adamlarının marağı nəticəsində ölkənin müxtəlif bölgələrində yeni futbol klubları yarandı.

“Xəzər-Lənkəran” ölkə futbolunda yeni cığır açdı

Yeni yaranmış klublar arasında yer alan “Xəzər-Lənkəran” ölkə futboluna yeni nəfəs gətirməklə yanaşı, bölgələrdə futbolun inkişafı istiqamətində yeni cığır açdı. Heç kimin gözləmədiyi halda ilk mövsümdəcə çempionluq arzusunu gizlətmədi və hədəfə nail olmaq yolunda böyük addımlar atdı. Artıq çempionatın ilk turlarından sonra komandanın sükanı arxasına futbolçu və məşqçi karyerası ilə adından söz etdirmiş türkiyəli çalışdırıcı Rasim Kara keçdi. Onun gəlişi ölkədə böyük səs-küyə səbəb oldu. Rasim Kara klub rəhbərliyinin də böyük dəstəyi ilə “Xəzər-Lənkəran”da ilk öncə təsisləşmənin özülünü qoydu. Belə ki, mövsümün ortalarına doğru artıq “Xəzər-Lənkəran” rəqiblərini doğma rayonda qəbul edir və komanda kluba məxsus bazada məskunlaşırdı. 2004/2005-ci il mövsümünün ikinci dövrəsindən etibarən uğurlu nəticələr əldə edən “Xəzər- Lənkəran” çempionluğa doğru irəlilədi. Mövsümün sonunda “Xəzər-Lənkəran” və “Neftçi” eyni xala malik olduqlarından, əlavə matça - “Qızıl oyun”a ehtiyac yarandı. Həmin oyunda “Neftçi” qələbə qazansa da “Xəzər-Lənkəran” meydançanı Gəncə şəhər stadionuna toplaşmış 25 mindən artıq azarkeşin alqış sədaları altında tərk etdi. 2005/2006-ci il mövsümündən öncə “Xəzər-Lənkəran” çempionluğa bir nömrəli namizəd göstərilsə də, mövsüm o qədər də uğurlu alınmadı. Uğursuz mövsümün sonunda komanda yenə məşqçi dəyişikliyinə qərar verdi və ölkənin ən titullu çalışdırıcısı Ağasəlim Mircavadov “Xəzər Lənkəran”ın baş məşqçisi oldu. Mövsümün Lənkəranda keçirilən ilk oyunu unudulmaz səhnələrə şahidlik etdi. Belə ki, çempionatın 2-ci turunda “Xəzər-Lənkəran” “Neftçi”ni qəbul etdi. “Xəzər-Lənkəran Mərkəzi Stadionu”nun rəsmi açılışı ilə də yadda qalan oyun günü ölkə Prezidenti İlham Əliyev stadionu ziyarət etdi.

"Qızıl dubl" və Birlik Kuboku
Komanda həmin mövsümdə inamlı təsir bağışladı və çempionatın son turunda Qəbələdə yerli komandanı 4:0 hesabı ilə məğlub edərək qızıl medallara yiyələndi. 28 may 2007-ci ildə - Respublika Günündə isə “Xəzər-Lənkəran” ölkə kubokunun finalında İmişlinin “MKT-Araz” klubuna qalib gəldi. Arzulanan “qızıl dubl” reallaşdı və “Xəzər-Lənkəran” mövsümü ölkə çempionluğu və kuboku ilə tamamladı. Çempionlar Liqasında Azərbaycanı təmsil etmək hüququ qazanan “Xəzər-Lənkəran” şanssız şəkildə Avrokuboklarla vidalaşdı. Bununla belə, “Xəzər-Lənkəran” MDB və Baltikyanı ölkə çempionlarının çıxış etdikləri “Birlik Kuboku”nda komanda Azərbaycanı layiqli təmsil etdi. Böyük azarkeş kütləsi toplayan final matçı “Xəzər-Lənkəran”la Özbəkistan çempionu “Paxtakor” arasında keçirildi. Matçı FİFA prezidenti Yozef Blatter, UEFA prezidenti Mişel Platini, Rusiya Futbol İttifaqının prezidenti Vitaliy Mutko şərəf tribunasından izləyirdi. Fasiləyə komandalar 2:2 hesablı bərabərliklə yollandı. İkinci hissədə matça tam nəzarət edən “Xəzər-Lənkəran” nəticədə 4:3 hesablı qələbə qazanaraq, kuboku Azərbaycana gətirdi.
Ölkə rəhbərliyi də bu hadisəyə biganə yanaşmadı. Azərbaycan Prezidenti əlamətdar qələbə münasibəti ilə “Xəzər-Lənkəran”ın qalib heyətini qəbul edib. Klub üzvlərini təbrik edən ölkə Prezidenti komandaya gələcək yarışlarda daha böyük uğurlar arzuladı. Prezident həmin görüşdə qeyd etmişdi ki, “Xəzər-Lənkəran”ın qələbəsi Azərbaycanın bölgələrində də futbolun inkişaf etdiyini göstərir. Klubun fəxri prezidenti Mübariz Mənsimov öz çıxışında bildirmişdi ki, ölkəmizin adını uca tutmaq üçün bundan sonra daha böyük qüvvə ilə çalışacaqlar.

Ağasəlim Mircavadov:
“Xəzər-Lənkəran”ın yaradılması ölkə futbolunda inqilab idi”

“Xəzər-Lənkəran”a iki ildə dörd titul qazandıran məşqçi Ağasəlim Mircavadovu dinləyək: “Xəzər-Lənkəran” klubu yarandığı gündən iddialı olub. Klubun rəhbərliyi komandanı yaradanda qarşıya iddialı olmaq, həmişə medallar uğrunda mübarizə aparmaq, Avrokuboklara vəsiqə qazanmaq, bölgədə futbolu inkişaf etdirmək vəzifəsi qoyub. Keçmiş SSRİ dönəmində cənub bölgəsində həmişə futbol olub, istedadlı futbolçular yetişib. Mübariz Mənsimov isə “Xəzər-Lənkəran”ı yaratmaqla ölkə futbolunda inqilab etdi. Məhz onun sayəsində ölkəmizdə klub sistemi inkişaf etdi, futbolçulara münasibət dəyişdi, klubların imici artdı. “Xəzər-Lənəkran” üçün stadion inşa edildi, baza yaradıldı, uşaq futboluna diqqət artırıldı. Mübariz və Mais Mənsimov qardaşları bölgədə futbola münasibəti dəyişdilər. Mən bu klubda işləyərkən rəhbərliyə təklif etmişdim ki, komandanın nəzdində internat məktəbi yaradaq. Həmin məktəbə cəlb ediləcək uşaqlar məktəbdə qalaraq həm dərslərini oxusunlar, həm də futbolun sirlərini öyrənsinlər. Belə olan halda bölgədə olan istedadlı uşaqları seçə və internata cəlb edə bilərdik. Təklifim bəyənilsə də, nədənsə reallaşmadı. Mən komandanın baş məşqçisi olanda yerli futbolçularla keyfiyyətli legionerlərin sintezini yaratmışdım.
Çempion olanda da, kuboku qazananda da heyətdə olan futbolçuların 7-si yerli, 4-ü legioner idi. Avrokuboklarda isə uğur qazana bilmədik. Bu məsələdə şans da bizim yanımızda olmadı. Klublarımız Avropa kuboklarına hazırlığı vəsiqə qazanandan sonra başlamamlıdır. Bizim klublar vəsiqə qazanandan sonra legioner axtarırlar. Əslində həmin legionerləri əvvəlcədən heyətə qatmaq lazımdır ki, Avrokuboklara hazır komanda çıxsın. Təəssüf ki, “Xəzər-Lənkəran” 10 illik yubiley ilində çempionluq şansını itirib, kubokda mübarizə aparırlar. Buna baxmayaraq komanda yenə də iddialıdır. “Xəzər-Lənkəran”ın çox əla azarkeşləri var. Mənim dövrümdə məşqləri 1000-2000 azarkeş izləyirdi. Onlar komandanı çılğıncasına dəstəkləyirlər. Mən baş məşqçi olanda onlarla tez-tez görüşürdüm. Onların bir fikri ilə razıyam ki, azarkeşlər hesabdan asılı olmayaraq komandanın, futbolçuların meydançada can qoymalarını istəyirlər. “Xəzər-Lənkəran” məşqçi seçəndə bu amillərə diqqət etməlidir. Gələn məşqçi bölgəni, klubu, azarkeşləri sevməli və bu sevgini futbolçulara aşılamalıdır. Mən 10 illik yubiley münasibətilə Mübariz, Mais Mənsimov qardaşlarını, Tuyqun Nadirovu, klubda əziyyəti keçən hər kəsi, azarkeşləri təbrik edirəm. Lənkəranlı azarkeşlər qələbəyə layiqdirlər. Heç olmasa ölkə kubokunu qazanaraq azarkeşlərini təsəlli etməlidirlər. Bir də istərdim ki, vaxtilə kluba təklif etdiyim internat məktəbi yaradılsın. Bu internat məktəbi bölgədə futbolun inkişafında böyük rol oynaya bilər”.

İsgəndər Cavadov:
“Komanda 2004-cü ildən üzü bəri çempionatımıza əlavə rəng qatıb, rəqabət mühiti yaradıb, bölgə futbolunun imicini artırıb”
Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti, xüsusi təqdimata ehtiyacı olmayan veteran futbolçu İsgəndər Cavadov da “Xəzər-Lənkəran”ın həmişə iddialı komanda olmasını xüsusi qeyd etdi: “Mənim bu komandaya həmişə simpatiyam olub. Çünki komanda yaranandan iddialıdır. Daim yüksək yerlər uğrunda mübarizə aparır. Klub rəhbərliyi bölgədə futbolun inkişafı üçün çox işlər görür. Komanda üçün stadion, baza yaradılıb. “Xəzər-Lənkəran” 10 il ərzində yaxşı inkişaf yolu keçib, unudulmaz oyunlara imza atıb. Mən xüsusilə bu komandanın azarkeşlərini qeyd etmək istədim. Sovet dönəmindən həmin bölgədə yaxşı futbol məktəbi olub. İndi həmin ənənəni “Xəzər-Lənkəran” davam etdirir. Komandanın oyunlarını stadiondan ən azı 10 min azarkeş izləyir. Azsaylı komandalardandır ki, belə güclü azarkeş dəstəyinə sahibdirlər. Bu dəstək təkcə Lənkəranda keçirilən oyunlarda olmur, Bakıda keçirilən oyunlarda da azarkeşlər onları tək qoymur. Rəhbərlik komandaya hər cür şərait yaradıb. Mənim 10 illik yubileydə komandaya arzum budur ki, belə diqqət və qayğı, azarkeş dəstəyinin qarşılığı olaraq “Xəzər-Lənkəran” artıq beynəlxalq arenada öz sözünü deməlidir. Bu azarkeşlərə Lənkərandakı stadionda Çempionlar Liqasının oyunlarını seyr etmək zövqünü yaşatmağın vaxtı çatıb. Əminəm ki, klub belə bir uğura imza ata bilsə, rəhbərlik komandaya diqqəti daha da artıracaq, stadionu genişləndirəcək. 10 illik yubiley münasibətilə komandanın bütün üzvlərini-rəhbərlikdən tutmuş sıravi işçisinə qədər, hamısını təbrik edirəm. Komanda 2004-cü ildən üzü bəri çempionatımıza əlavə rəng qatıb, rəqabət mühiti yaradıb, bölgə futbolunun imicini artırıb”.

Rüstəm Rəhimov:
“İnşallah növbəti 10 illikdə əldə edilən qələbələr komandanın tarixində qızıl hərflərlə yazılar”

Azərbaycan Veteran Futbolçular İttifaqının sədr müavini, veteran hakimi Rüstəm Rəhimov hesab edir ki, “Xəzər-Lənkəran” 10 il ərzində bir çox uğurlara imza atmış klubdur: “10 il çox da böyük vaxt deyil. Amma bu müddət ərzində komanda ölkə çempionu olub, kuboka sahib olub, Birlik Kubokunu qazanıb. Klub rəhbərliyi komandaya hər cür şərait yaradıb. “Xəzər-Lənkəran” 10 il ərzində bölgədə futbolun inkişafı üçün çox iş görüb, bölgəyə yeni futbol nəfəsi gətirib. Müasir stadion, baza, otel yaradılıb. Mübariz Mənsimov komandanı təyyarə ilə də təmin edib. Daha klub rəhbəri nə etməlidir? Futbolçulara qalır meydançada can qoyaraq oynamaq. Əfsuslar olsun ki, son vaxtlar komanda yaxşı oyun göstərmir. Tez-tez baş verən məşqçi dəyişikliyi komandaya mənfi təsir göstərir. Komanda yerli futbolçulara daha çox diqqət ayırmalı, uşaq futbolunu inkişaf etdirməlidir. “Xəzər-Lənkəran” elə komandadır ki, həmişə “üçlük”də olmalıdır. Lənkəranda futbolun inkişafı üçün yorulmadan çalışan mütəxəssislər var. Onlar bölgədə futbolun inkişafı üçün çox iş görürlər. Mən 10 il ərzində komanda üçün əziyyət çəkən hər bir şəxsi təbrik edirəm. 10 yaşlı “Xəzər-Lənkəran” ötən illər ərzində böyük uğurlar qazanıb. İnşallah növbəti 10 illikdə əldə edilən qələbələr komandanın tarixində qızıl hərflərlə yazılar».
Anar Miriyev

“İdman Araşdırmalar Mərkəzinin “Xəzər-Lənkəran” futbol klubunun 10 illik yubileyi münasibətilə elan etdiyi müsabiqəyə təqdim etmək üçün”




 
Bölməyə aid digər xəbərlər
21.11.2019
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Putinlə görüşəcək
21.11.2019
Bakı və Təbriz şəhərləri arasında əməkdaşlıq haqqında müqavilə imzalanacaq
21.11.2019
Sumqayıtda çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsinə vəsait ayrılıb
21.11.2019
Zakir Fərəcov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
21.11.2019
Bakıda internet xidmətinin göstərilməsində fasilələr yaranacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10950

1 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
2 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
3 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
4 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
5 Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info