Yeni aerovağzal kompleksi istifadəyə verildi
Tarix: 24.04.2014 | Saat: 01:47:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksinin açılışı olub. Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri açılış mərasimində iştirak ediblər. Azərbaycanda sərnişin daşımalarının həyata keçirilməsi üçün aerovağzal binası ilk dəfə 1933-cü ildə yaradılıb. Bakı aeroportunun ərazisində ilk ikimərtəbəli aerovağzal binası 1965-ci ildə tikilib istismara verilib.
1980-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Bakı aeroportunda yeni aerovağzal kompleksinin layihələndirilməsinə və tikintisinə başlanıb. Lakin bu layihənin həyata keçirilməsi yalnız Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra baş tutub. Beynəlxalq standartlar səviyyəsində aerovağzal kompleksinin açılışı ulu öndər Heydər Əliyevin iştirakı ildə 1999-cu ildə olub. Cəmi bir neçə il ərzində Bakı aeroportunda uçuş-enmə zolaqları və yönəldici yollar yenidən qurulub, uçuşları idarəetmə sistemləri müasirləşdirilib, radionaviqasiya və meteoavadanlıq yenilənib, digər silsilə tədbirlər reallaşdırılıb.
Bununla paralel olaraq, ölkənin regionlarında da mülki aviasiya intensiv inkişaf mərhələsinə qədəm qoyub. 2004-cü ildə beynəlxalq standartlara cavab verən Naxçıvan Beynəlxalq Hava Limanı işə düşüb. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində 2006-2008-ci illərdə bir-birinin ardınca Gəncədə, Zaqatalada və Lənkəranda hava limanları istismara verilib. Daha sonra Qəbələdə və Yevlaxda hava limanları inşa olunub.
Bundan əlavə, sərnişin və yük daşımalarının daha müasir səviyyəyə çatdırılması üçün təyyarə və helikopter parkı yenilənib. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) təyyarə parkı dünyanın tanınmış şirkətlərindən alınan yeni və müasir təyyarələrlə zənginləşdirilib. Hazırda AZAL-ın təyyarələri dünyanın onlarla ölkəsinə uçuşlar həyata keçirir.
Azərbaycanın dünyanın inkişaf etmiş ölkələri sırasında layiqli mövqe tutmasını başlıca prioritetlərdən biri kimi qarşıya məqsəd qoyan Prezident İlham Əliyevin həyata keçirdiyi sürətli sosial-iqtisadi inkişaf proqramları mülki aviasiyanın yüksəlişində də mühüm rol oynayıb. Son illərdə ölkəmizdə mülki aviasiyanın inkişafı istiqamətində görülən tədbirlərdən biri də Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni aerovağzal kompleksinin tikintisidir.
2011-ci il martın 17-də Prezident İlham Əliyevin iştirakı ilə təməli qoyulan və bu günlərdə tikintisi başa çatdırılan yeni aerovağzal kompleksi gözəlliyi və funksional keyfiyyətləri ilə seçilir. Dövlət başçısı bir neçə dəfə tikinti işlərinin gedişi ilə maraqlanıb, tapşırıq və tövsiyələrini verib. Prezident İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksinin rəmzi açılışını bildirən lenti kəsib.
“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov görülən işlərlə bağlı dövlət başçısına məlumat verib.
Bildirilib ki, ölkəmizin hava nəqliyyatının modernləşdirilməsinə xüsusi diqqət göstərilir. Nəhəng aviaşirkətlərdən birinə çevrilmiş AZAL həm regionda, həm də MDB məkanında yeni avialaynerlərin sayına görə liderlərdən biridir. Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni aerovağzal kompleksinin istifadəyə verilməsi bu hava limanının strateji əhəmiyyətini daha da artırır. Prezident İlham Əliyev mərasimdə çıxış edib.
“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov respublikamızın hava nəqliyyatının modernləşdirilməsinə göstərdiyi diqqətə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. Cahangir Əsgərov yeni aerovağzal kompleksinin ilk rəmzi sərnişin biletlərini dövlət başçısına və xanımına təqdim edib.
Sonra kompleksin tikinti işləri üzrə baş əlaqələndiricisi Martin Burns və Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının direktor müavini Hacıağa Əliyev çıxış ediblər.
Prezident İlham Əliyev yeni aerovağzal kompleksi ilə yaxından tanış olub.
Azərbaycanın mülki aviasiyası bütün dünyada nəqliyyatın elitar və yüksək texnologiyalara əsaslanan seqmenti kimi tanınmaqdadır. Azərbaycanın coğrafi cəhətdən olduqca əlverişli mövqedə yerləşməsi ölkəmizin dünyanın hava nəqliyyatı sistemindəki rolunu və yerini daha da artırır. Ölkəmizin hava nəqliyyatının modernləşdirilməsinə xüsusi diqqət göstərən Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinin yüksək səviyyədə icra olunması Azərbaycanın aviasiya sahəsinin tamamilə yeni mərhələyə çıxarılmasına şərait yaradıb. Məhz dövlət başçısının xüsusi diqqət və qayğısı sayəsində mülki aviasiyamız 2003-cü ildən etibarən inkişafının yeni mərhələsinə qədəm qoyub.
Son illərdə respublika ərazisində mövcud olan aeroportların maddi-texniki bazasının gücləndirilməsi, aerovağzalların fəaliyyətinin müasir səviyyəyə çatdırılması istiqamətində görülən işlər ardıcıl və sistemli xarakter daşıyır. Mülki aviasiyanın inkişafına Prezident İlham Əliyevin göstərdiyi diqqətin ən önəmli nəticələrindən biri də Heydər Əliyev Beynəlxalq aeroportunda yeni aerovağzal binasının inşasıdır. Bu layihənin həyata keçirilməsində məqsəd sərnişin aviadaşımaları ilə bağlı xidmətin səviyyəsini daha da yüksəltmək, eləcə də uçuşların təhlükəsizliyini dünya standartlarına uyğunlaşdırmaqdır.
Bildirilib ki, ildə 6 milyon sərnişin daşıma gücünə malik olan yeni aerovağzal kompleksinin sahəsi 65 min kvadratmetrdir. Təyyarə qanadları formasında olan dördmərtəbəli möhtəşəm aerovağzal binası memarlıq görünüşü ilə diqqəti cəlb edir. Birinci mərtəbə uçuşa gedən sərnişinlərin qeydiyyatı və gələn sərnişinlərin baqajlarının alınması üçün nəzərdə tutulub. Burada, həmçinin “biznes-klass” sərnişinlərə də yüksək səviyyədə xidmət göstəriləcək. Aerovağzal kompleksinin ikinci mərtəbəsi isə uçuşdan gələn sərnişinlər üçün nəzərdə tutulub. Bu mərtəbədə sərnişinlərin sərhəd nəzarəti, viza alınması üçün köşklər, tranzit sərnişinlərin aviasiya təhlükəsizliyi nəzarəti sahələri, eləcə də uçuşa gedən sərnişinlər üçün istirahət zonaları yaradılıb. Sərnişinlərin gedişi üçün nəzərdə tutulan üçüncü mərtəbədə müasir sərnişindaşınma texnologiyasına əsaslanan, sərnişinlərin gömrük və aviasiya təhlükəsizliyi və sərhəd nəzarəti həyata keçirilir. Bu mərtəbədə xüsusi dizaynla tərtib olunmuş “Duty free” mağazaları, kafelər fəaliyyət göstərir. Aerovağzal binasının dördüncü mərtəbəsində də “bizness klass” sərnişinlərə xidmət göstərmək məqsədilə bar və kafelər, görüşlərin keçirilməsi üçün rabitə avadanlığı ilə təchiz olunan otaqlar yerləşir. Bütün mərtəbələrdə elektron məlumat tabloları yerləşdirilib.
Yeni terminalın binasında müasir eskalatorlar və liftlər quraşdırılıb. Burada beynəlxalq aviasiyada istifadə olunan ən son elmi-texniki yeniliklər tətbiq edilib. Müasir görünüşü ilə diqqəti cəlb edən yeni aerovağzalda sərnişinlərə xidmət ən yüksək tələblər səviyyəsində olacaq. Ən müasir avadanlığın tətbiqi uçuşların təhlükəsizliyinə hərtərəfli imkan yaradacaq. Aerovağzal binasında sərnişinlərin dincəlməsi üçün yüksək standartlar nəzərə alınıb. Burada sərnişinlərin zövqünü oxşamaq üçün yaşıl zonalar xüsusi dizaynla yerləşdirilib. Binanın ərazisində eyni vaxtda 12 təyyarəni qəbul edə biləcək teleskopik traplar quraşdırılıb. Teleskopik traplardan ikisi dünyanın ən böyük sərnişin təyyarəsini - ikigöyərtəli “Airbus A380” hava gəmisini qəbul etmək üçün nəzərdə tutulub. Təhlükəsizlik tədbirləri ən müasir standartlar səviyyəsində həyata keçirilir.
Məlumat verilib ki, aerovağzal binasında mühəndis-texniki, sərnişindaşıma və aviasiya təhlükəsizliyi ilə bağlı kadrların işə qəbulu müsabiqə yolu ilə aparılıb. Yeni işçilərin qəbulu və məşqləri ilə bağlı bütün tədbirlər başa çatıb. Ümumilikdə, Heydər Əliyev Beynəlxalq Aeroportundakı yeni aerovağzal binasında hava gəmilərinin qəbulu, yerüstü xidməti üçün bütün lazımi infrastruktur mövcuddur.
Qeyd olunub ki, bəzi beynəlxalq təşkilatlar tərəfindən ölkəmizdə aviasiya təhlükəsizliyi sahəsində aparılan audit nəticəsində Azərbaycana “1-ci dərəcə” statusu verilib. Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportundan dünyanın 15 dövlətinin 33 hava limanına uçuşlar həyata keçirilir. Uzaq məsafələrə, o cümlədən ABŞ-a birbaşa uçuşların təşkili istiqamətində aparılan işlər yekunlaşmaq üzrədir. Respublika daxilində isə Naxçıvan, Gəncə, Qəbələ şəhərlərinə müntəzəm, Zaqatala və Lənkəran şəhərlərinə isə çarter reysləri yerinə yetirilir. 2013-cü ildə Heydər Əliyev Beynəlxalq Aeroportundan təyinat məntəqələrinə və geriyə 2 milyon 857 min sərnişin daşınıb. Bu göstəricilər son illərdə ölkəmizin hava nəqliyyatının modernləşdirilməsinin və təyyarə parkının müasir, yeni təyyarələrlə daha da zənginləşməsi sayəsində əldə olunub. Yeni aerovağzal kompleksinin meydanında 750 avtomobil yerlik dayanacaq və ona birləşən yollar da tikilib, ətrafda geniş yaşıllaşdırma işləri aparılıb.
Dövlət başçısı görülən işlərdən razılığını bildirib, müvafiq tapşırıq və tövsiyələrini verib.
Sonda xatirə şəkli çəkdirilib. Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksinin ilk sərnişinləri - Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva aprelin 23-də Çex Respublikasının paytaxtı Praqaya yola düşüblər.




 
Bölməyə aid digər xəbərlər
21.11.2019
Yeni Azərbaycan Partiyasının yaradılmasından 27 il ötür
20.11.2019
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyaya rəsmi səfərə gəlib
20.11.2019
Sabunçuda yolların, su təchizatı və kanalizasiya sistemlərinin qurulması üçün vəsait ayrılıb
20.11.2019
Sorgu: Respondentlərin 87,6 faizi Prezidentin həyata keçirdiyi islahatları dəstəkləyir
20.11.2019
Mehriban Əliyeva Dmitri Medvedevlə Azərbaycan-Rusiya əməkdaşlığını müzakirə edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10948

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
4 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
5 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info