Çexiyanın neftə olan tələbatının 26 faizini Azərbaycan təmin edir
Tarix: 26.04.2014 | Saat: 01:55:00 | E-mail | Çapa göndər


ARDNŞ Çexiya şirkətlərini “Star” zavodunun tikintisində iştirak etməyə dəvət edib

2002-2013-cü illərdə Çexiya tərəfindən Azərbaycanda əsas kapitala 1 milyard ABŞ dollarından çox investisiya yatırılıb

Bakı Biznes Mərkəzində Azərbaycan-Çexiya biznes forumu keçirilib. İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilən tədbirdə hər iki tərəfdən maliyyə, sənaye, ətraf mühit, kənd və meşə təsərrüfatı, enerji, tikinti sahələrində fəaliyyət göstərən 60-dan çox iş adamı iştirak edib. İqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov çıxış edərək Azərbaycan-Çexiya iqtisadi əlaqələrinin inkişaf etdiyini, indiyədək iki ölkə arasında 20-dən çox sənədin imzalandığını, ölkələrimiz arasında hökumətlərarası komissiyanın, parlamentlərarası əlaqələr üzrə işçi qruplarının fəaliyyət göstərdiyini deyib.
Bildirilmişdir ki, bütün bunlar hər iki ölkə arasında əməkdaşlığın genişlənməsində əhəmiyyətlidir. Qeyd edilib ki, hazırda Azərbaycanda xidmət, nəqliyyat, ticarət , tikinti, rabitə və s. sahələrdə 13 Çex kapitallı şirkət fəaliyyət göstərir. 2002-2013-cü illərdə Çex Respublikası tərəfindən Azərbaycana əsas kapitala 1 milyard ABŞ dollarından çox investisiya yatırılıb. Azərbaycanın Çex Respublikası ilə investisiya qoyuluşu və ticarət əlaqələrinin inkişafı sahəsində əməkdaşlıqda maraqlı olduğunu vurğulayan Niyazi Səfərov bu baxımdan biznes forum və sərgilərin əhəmiyyətli olduğunu qeyd edib.
Çex Respublikası sənaye və ticarət nazirinin müavini İrji Qavliçek iki ölkə arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün mövcud potensialdan səmərəli istifadənin, iş adamları arasında əlaqələrin genişləndirilməsinin Çexiya-Azərbaycan iqtisadi-ticarət əməkdaşlığının inkişafında əhəmiyyətini, iqtisadi əlaqələrin inkişaf istiqamətlərini diqqətə çatdırıb.
AZPROMO-nin rəhbəri Rüfət Məmmədov Azərbaycanın biznes mühiti və investisiya imkanlarına, Çex Respublikasının Ticarət və Sənaye Palatasının MDB üzrə icraçı direktoru Frantişek Masopust ölkəsinin iqtisadiyyatına, iş adamları arasında əməkdaşlıq imkanlarına dair təqdimatla çıxış ediblər. Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam edib. Qeyd edək ki, Bakı Biznes Mərkəzində Azərbaycan hökuməti ilə Çex hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 2-ci iclası da keçirilib. İclasda çıxış edən Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Elşad Nəsirov Çexiya şirkətlərini ölkədə həyata keçirilən neft-qaz layihələrində yaxından əməkdaşlıq etməyə dəvət edib. Belə ki, E.Nəsirov Çexiya şirkətlərini Türkiyənin İzmir şəhərində inşa olunan “Star” neft emalı zavodunun tikintisində iştirak etməyə dəvət edib: “Azərbaycan özü 2023-cü ilə qədər Bakıda yeni neft-qaz müəssisələrinin tikintisinə başlayacaq. Çexiya neft-qaz avadanlıqlarının istehsalçısıdır. Bu gün Azərbaycan Çexiyadan bu cür avadanlıqlar alır. Çexiya şirkətləri bu yeni müəssisələrin tikintisində yaxından iştirak edə bilərlər”. Bundan başqa, ARDNŞ rəsmisi TAP, TANAP layihələri barədə çexiyalı qonaqların məlumatlı olduqlarını və Azərbaycanın həyata keçirdiyi nəinki yerli, hətta beynəlxalq, xaricdə həyata keçirdiyi layihələrdə də iştirak etməyə çağırıb. Elşad Nəsirov deyib ki, Azərbaycan Çexiyanın Kralupı şəhərindəki neft emalı zavoduna hər il 500 mindən 1 mln. tonadək neft ixrac edir. Onun sözlərinə görə, Çexiya neftə olan tələbatının 26%-ni Azərbaycanın hesabına təmin edir. Qeyd edək ki, 2011-ci ildə Azərbaycandan Çexiyaya 890 min tona yaxın, 2012-ci ildə 500 min, 2013-cü ildə isə 600 min ton neft ixrac olunub. E. Nəsirov əlavə edib ki, Ukraynada cərəyan edən hadisələrin Odessa-Brodı-Qdansk-Plotsk boru kəmərinin tikinti layihəsi üzrə işlərin dayandırılmasına səbəb olmasından təəssüflənir. Bununla belə o bəyan edib ki, bu hadisə Çexiya şirkətləri ilə əməkdaşlığın digər perspektivlərinə mane olmur. O, ARDNŞ-in Çexiya ilə avadanlıqların tədarükü sahəsində əməkdaşlıq etdiyini söyləyib. E. Nəsirov qeyd edib ki, Çexiya şirkətləri Türkiyədə tikilən NEZ üçün, Gürcüstanda və Azərbaycandakı iki gübrə istehsalı zavodu, 2017-2018-ci illərdən isə Azərbaycanda iri neft-kimya kompleksi üçün müvafiq aqreqatlar ixrac edə bilər. Çexiyalı nümayəndə heyəti bu təklifi qəbul edib və bu təklifə görə ARDNŞ rəsmisinə təşəkkür ediblər. İclasın yekununda protokol imzalanıb. Protokola əsasən, ticarət, qarşılıqlı investisiya qoyuluşu, kiçik və orta biznesin və sənayenin inkişafı, energetika, kənd təsərrüfatı, nəqliyyat, İKT, təhsil, səhiyyə, turizm, mədəniyyət, ətraf mühitin mühafizəsi sahələrində əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulur.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Naxçıvanda “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info