“Azərbaycan sazın, sözün və neftin Vətənidir”
Tarix: 29.04.2014 | Saat: 23:43:00 | E-mail | Çapa göndər


Müsahibimiz TRT Bakı təmsilçisi Emrah Timuçin
Yazıcıdır:


- 2014-cü ildə TRT Bakı təmsilçiliyinin yeni layihələri nədən ibarətdir?
- Biz 2014-cü ilə böyük həyəcan, böyük arzu və şövqlə başladıq. Azərbaycana 2 il əvvəl müxbir olaraq gəldim. Bu ilin yanvar ayında TRT Bakı təmsilçisi olaraq yeni vəzifəyə təyin edildim. Əlbəttə ki, həyəcanlı idim, istəkli idim, arzusunda idim. İlk hədəfimiz rəngarəng verilişlərin sayını artırmaqdır. Hazırda dörd yeni layihə üzərində çalışırıq. Bu proqramlardan biri, xüsusilə azərbaycanlılar üçün çox maraqlı olacaq. Çünki azərbaycanlılara həsr olunmuş proqramdır. Verilişin adı “Röya kimi”dir. Bu proqramda əsas məqsədimiz azərbaycanlıların röyalarını həqiqətə çevirməkdir. Bir azərbaycanlının evinə qonaq olub evin bir otağını hərtərəfli təmir edirik. Maddi tələb olmadan, parketdən tavana qədər və otaq əşyalarını 3 gün ərzində yeniləyirik. Aparıcımız, memarımız, texniki işçi heyətimizdə var.
Qonaq olduğumuz evin sadəcə bir röyasını gerçək etmirik. Bundan başqa evin təmiri bitdikdən sonra Azərbaycanın tanınmış müğənnilərindən birini dəvət edirik. Onu qeyd edim ki, bu verilişin ilk bölümü efirdə yayımlanıb. Verilişin ilk musiqili qonağı da Namiq Qaraçuxurlu olub. Biz qonağı olduğumuz evin həm otağını yeniləyirik, həmçinin arzu etdiyi müğənnini evinə dəvət edirik. Belə ki, evinə qonaq olduğumuz azərbaycanlıların 2 röyasını həyata keçiririk.
Verilişimizin izləyicilərini də unutmadıq. Onlara da bir sürprizimiz var. Verilişin əvvəlində bir məlumat verilir. Məsələn, “Azərbaycanın paytaxtı Bakıdır” deyilir. Proqramın sonunda isə “Azərbaycanın paytaxtı haradır?” sualı verilir. Sualın cavabını ilk bilən tamaşaçımızı 5 günlük Türkiyəyə səyahətə göndəririk. Beləliklə, verilişimizin tamaşaçılarının da röyasını gerçəkləşdiririk.
Digər layihələrimizdən biri “Qürbətdəki elçilərimiz” adlı proqramdır. Bu proqramdakı məqsədimiz Azərbaycanda uzun illərdir yaşayan Türkiyənin ictimai xadimləri, türk iş adamları, sənətçiləri Azərbaycanda çalışdıqları müddətdə iki ölkə arasındakı münasibətlərə hansı fədakarlıqlar etdi. Bu, verilişimizin formatıdır.
Bir başqa layihəmiz də “Can Azərbaycan”dır. Bu proqramımızda Azərbaycanın çox gözəl diyarlarına, dilbər guşələrinə səyahət edirik. Orada çəkilişlər aparırıq. Bakı, Şəki, Qəbələ kimi bir çox bölgələrdə olan gözəlliyi əvvəlcə Türkiyəyə daha sonra bütün dünyaya çatdırmaq arzusundayıq.
Çox yaxında siyasi proqram hazırlamağı düşünürük. Ən vacib layihələrimizdən biri də, Azərbaycanda serial çəkməyi planlaşdırırıq. Bizim proyektlərimiz çoxdur. Buradan azərbaycanlılara deyirik ki, “TRT Avaz” sizin kanalınızdır. Azərbaycan türkcəsi ilə yayımlanırıq. Onu da qeyd edim ki, bu layihələrimizdə azərbaycanlılar çalışır və Azərbaycan türkcəsində efirə verilir.
-TRT Televiziya və Radio qurumunun Azərbaycanın telekanalları ilə ortaq layihələri gözlənilirmi?
- İlk öncə onu deyim ki, biz bir “TRT Avaz” kanalı olaraq özümüzü Azərbaycanın bir kanalı olduğumuzu düşünürük. Çünki 8 dildə efirdəyik. Ancaq efir zamanımızın çoxu azəri türkcəsində verilir. Ortaq layihələrimizdən söz açdınız. Bəli! Azərbaycanın İctimai Televiziyası ilə telekörpü qurduq. Həftənin çərşənbə günü “Yeni gün” proqramı ilə ortaq yayında oluruq. Verilişlərimizdə azərbaycanlıları tez-tez qonaq qismində dəvət edirik. Biz ona inanırıq ki, Azərbaycan sazın, sözün və neftin Vətənidir. İncəsənət Azərbaycanda çox yüksək inkişaf edib. Biz də azərbaycanlıların bu istedadından yararlanmaq istəyirik.
Bundan əlavə, 25 nəfərlik azərbaycanlı həmkarlarımızı çox yaxın zamanda Türkiyədə-paytaxt Ankarada qonaq edəcəyik. 15-20 günlük efir təlimləri aparılacaq. Təcrübə məqsədilə azərbaycanlı həmkarlarımız bizimlə, biz də azərbaycanlı həmkarlarımızla efir aparıcılığı, rejissorluq, kamera çəkilişləri sahəsində birgə çalışacağıq. Əsas məqsədimiz Azərbaycan və Türkiyə mediası ilə möhkəm bir bağ qurmaq niyyətindəyik.
- TRT Avaz kanalında respublikanın Əməkdar artisti Tünzalə Ağayevanın və Azərinin xüsusi verilişləri var. Bəs, türk sənətçilərinə necə, Azərbaycan kanallarında veriliş hazırlamaq təklifləri olunub?
- Belə bir təklif olunursa, əlbəttə ki, biz böyük həvəslə qarşılayarıq. Bilirik ki, Azərbaycana türk sənətçiləri tez-tez dəvət olunur. Hər həftə konsert proqramları təşkil edilir. Həqiqətən də, Azərbaycan və Türkiyə musiqisi artıq bir-birinə zəncir olaraq bağlanıb.
- Azərbaycanın mədəniyyəti Türkiyədə, Türkiyə mədəniyyəti Azərbaycanda tanınır və təbliğ olunur. Layihə çərçivəsində belə mövzulara müraciət ediləcək?
- Belə bir layihə üzərində çalışdıq. TİKA (Türkiyə İş birliyi Kordinasyon Agentliyi) ilə bərabər “Ortaq Qarabağlarımız” adlı layihə başlatdıq. Çünki Qarabağ Türkiyədə də yaşadılır. Qədim zamanlardan Qarabağdan köçən azərbaycanlılar Türkiyədə məskunlaşıblar. Təəssüf olsun ki, bu gün Qarabağ işğal altında olsa da, ancaq Türkiyədə Qarabağ azaddır. Biz ona sevinirik ki, Türkiyədə yaşayan azərbaycanlılar, qarabağlılar qədim mədəniyyətlərini və adət-ənənələrini yaşadır, dillərini itirməyiblər. Çox gözəl bir məkandır. Biz TRT heyəti olaraq, Afyonun Bolvadin mahalına səfər etdik. Söz açdığımız qarabağlılar Bolvadin mahalında Kiçik Qarabağ, Orta Qarabağ və Böyük Qarabağ qəsəbələrində yaşayırlar. Qəsəbələrində əhali sayı 1000-1500-2000 nəfərdir.
Biz bu haqda necə bir yenilik edə biləcəyimizi düşündük. Azərbaycan Milli Elmlər Akademiyasından Qalib Hüseynlini Türkiyəyə göndərdik. Qalib müəllim orada elmi tədqiqatlar apardı. Qalib müəllimin tədqiqatlarına əsasən, 1800-cü illərdə Qarabağ bölgəsində yaşayan bir qrup əhali Türkiyəyə köç edib, Bolvadin mahalında məskunlaşıblar. Onlar bütün adət-ənənələrini bu günə qədər qoruyub saxlayıblar. Bu gün də onların dili azəri türkcəsidir. Hətta, Qalib müəllimimiz onu da qeyd etdi ki, “Biz bəlkə hansısa adət-ənənələrimizi unutmuş ola bilərik. Ancaq onlar bu günə kimi, qədim adətlərimizi yaşada biliblər”.
Bizim layihəmiz də orada yaşayan azərbaycanlıları Bakıda görüşdürməkdir. Bolvadin mahalında yaşayan qarabağlı sənətçiləri Bakıya dəvət edib, konsert proqramları təşkil etmək arzusundayıq. Birinci görüşümüzü etdik. İstəyirik ki, bu layihələrimizi davamlı olaraq həyata keçirək.
- Azərbaycan mediasını necə görürsünüz?
- Mən buraya müxbir olaraq gəldim və burada azərbaycanlı dostlarımla çiyin-çiyinə çalışdım. Yeri gəldi, bir-birimizə görüntülər verdik. Bunu deyə bilərəm ki, Türkiyədə rəqabət var. Türkiyədə “Son dəqiqə” xəbəri olduğuna görə, müxbirlər bir-birini ötməyə çalışırlar, görüntünü birinci vermək istəyirlər. Amma Azərbaycanda bu yoxdur. Burada birlik, bərabərlik, qardaşlıq yüksək səviyyədədir. Hər kəs əldə etdiyi görüntünü, qaçırılan xəbəri bir-biri ilə paylaşırlar. Bu mənim üçün çox fərqli oldu. Mən Azərbaycanda bunu öyrəndim. Birliyi, bərabərliyi, yardımlaşmağı Azərbaycan mediasından öyrəndim. Bəlkə də bunun səbəbi “Son dəqiqə” xəbərinin Azərbaycanda geniş yayılmamasıdır. Amma həqiqətən, azərbaycanlıları bu barədə təbrik etmək istəyirəm.
- Bakımız haqqında təəssüratlarınızı bilmək istəyirik.
- Bakı mənim üçün xüsusi sevgi bəslədiyim bir şəhərdir. Nəyə görə? Çünki qızım Zeynəb Bakıda dünyaya gəldi. Onun yaş kağızına doğulduğu şəhərin Bakı olduğu qeyd olunub. Bundan ötrü Bakı mənim üçün çox özəldir və bundan sonra da belə olacaq. Azərbaycan bizim qəlbimizə işləyib. Mən üç ildir ki, Azərbaycandayam və bundan sonra Azərbaycanı unutmayacağam. Azərbaycanın yeri mənim üçün ayrıdır. Bakını çox sevirəm. Gündüzləri ayrı, axşamları ayrı bir gözəlliyi olur. Vəzifəmin müddəti bitdikdən sonra Türkiyəyə necə dönəcəyimi bilmirəm. Əlbəttə ki, Türkiyə də ayrı bir yerdir. Amma Türkiyəyə dönərkən, Azərbaycana dair bir çox xatirəm olacaq. Buradan gedəndə də çox üzüləcəyimi bildirmək istəyirəm.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info