Heydər Əliyev xalqımızın yaddaşına əbədi həkk olunmuş dahi şəxsiyyətdir
Tarix: 01.05.2014 | Saat: 20:01:00 | E-mail | Çapa göndər


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyi ilə əlaqədar paytaxtın Səbail rayonunda silsilə tədbirlər keçirilir, idarə, müəssisə və təşkilatlarda, elm, təhsil və səhiyyə müəssisələrindəki tədbirlərdə ulu öndərin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilir. Səbail rayon rəhbərliyi, idarə və təşkilat, ali və orta təhsil müəssisələrinin, veteran və gənclər təşkilatının, din xadimlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin, Milli Məclis üzvlərinin, elm və mədəniyyət xadimlərinin, KİV nümayəndələrinin və çoxsaylı qonaqların iştirakı ilə Azərbaycan Dövlət Musiqili Teatrında ulu öndər Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilib. Tədbirdən əvvəl qonaqlar və iştirakçılar teatrın foyesində İstiqlal muzeyi tərəfindən təşkil olunmuş sərgi ilə tanış olublar. Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə geniş məruzə ilə çıxış edib. Natiq qeyd edib ki, hazırda möhtəşəm tarixi hadisənin - Azərbaycanın böyük oğlu, ümummilli lider Heydər Əliyevin 91 illiyinin astanasındayıq. Qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilib, həyatını Azərbaycana, bütün mənalı ömrünü yalnız insanlığa xidmət etməyə həsr edib. O, şərəfli həyat və fəaliyyəti ilə tarixi min illərlə hesablanan, dünyanın zəfər salnaməsinə şanlı səhifələr yazmış qədim bir xalqın simvolu səviyyəsinə yüksəlib. Bu gün qədirbilən hər bir Azərbaycan vətəndaşının qəlbində ulu öndərin ölməz işıqlı obrazı yaşayır. Azərbaycan xalqının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycan siyasi sisteminin yaradıcısı, azərbaycançılıq ideologiyasının banisi, milli özünüdərk prosesinin yaradıcısı ulu öndər Heydər Əliyev Azərbaycan xalqının dövlətçilik tarixində o qədər böyük yeniliklərə, o qədər böyük işlərə imza atıb ki, qeyd etdiyimiz bütün sözlər onun böyük fəaliyyətini əhatə etməkdə acizdir.
Azərbaycan tarixinin Heydər Əliyev dövrü də təkcə sürətli inkişaf, yüksəliş anlayışları ilə səciyyələnmir. Bu, mahiyyətcə yeni tarixin formalaşması kimi bir anlama uyğun gəlir. Heydər Əliyev Azərbaycanın yeni tarixini yaradıb.
Heydər Əliyevin tarixi rolu və xidmətləri daha çox, qeyri-adi istedad və yaddaşa, universal biliyə, tükənməz səbrə və ən nəhayət mahir liderlik keyfiyyətlərinə malik olması ilə əlaqədardır. Heydər Əliyev 34 ildən artıq bir dövrü əhatə edən zəngin siyasi fəaliyyəti ilə Azərbaycan dövlətinin tarixində müstəsna rol oynayıb. Məhz buna görə xalqımız ulu öndərin adını milli tariximizə dövlətimizin xilaskarı, memarı və qurucusu kimi həkk edib. Heydər Əliyev həmişə ən möhkəm tellərlə xalqa bağlı olub, xalqla nəfəs alıb, onun güc və qüdrət mənbəyinə çevrilib. Sağlığında hər bir azərbaycanlı Heydər Əliyevdə öz arzu və istəklərinin təcəssümünü görüb. İndi isə ulu öndərin ideyaları milli iradənin ifadəsi, milli özünüdərkin fundamental əsası kimi qəbul olunur. XX əsrdə xalqımızın yetirdiyi fenomenal tarixi şəxsiyyət - ümummilli lider Heydər Əliyev müasir Azərbaycan dövlətinin ideoloji - siyasi əsaslarını tarixi irs və ənənəyə uyğun yaradaraq praktik surətdə gerçəkləşdirmiş dahi strateq kimi xalqımızın sevgisini qazanmışdır. Ulu öndərin əbədiyyətə qovuşmasından ötən zaman kəsiyi bizə bu fövqəlşəxsiyyətin çağdaş tariximizdə yerini və rolunu daha dərindən başa düşmək, həyata keçirdiyi siyasətin mahiyyətini dərindən dərk etmək, qiymətləndirmək imkanı verib.
Ötən əsrin 70-80-ci illərində Heydər Əliyev respublikanın mövcud resurslarını səfərbər etməklə tərəqqi və inkişaf prosesindəki maneələrin aradan qaldırılmasına çalışmış və nəticədə buna nail olub. Sovet İttifaqı kimi böyük bir dövlətin zəngin iqtisadi potensialından, geniş imkanlarından istifadə edərək respublikanı tərəqqi yoluna çıxaran Heydər Əliyev yeni və mütərəqqi sənaye sahələrinin yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirib. Elmi-texniki tərəqqinin nailiyyətlərinin, mütərəqqi texnologiyaların istehsalatda tətbiqi Azərbaycanın bütün SSRİ-də qabaqcıl mövqelərə çıxmasına, sosial-iqtisadi həyatında yüksəlişə rəvac verib. Ümummilli liderin qətiyyəti, iradəsi və təşəbbüskarlığı ilə keçmiş SSRİ-nin ən mühüm strateji əhəmiyyətli müəssisələri məhz Azərbaycanda inşa olunur, bununla da respublikanın gələcək müstəqilliyinin iqtisadi əsası formalaşdırılırdı. Böyük strateq həmin dövrdə özünün dövlət idarəçiliyi strateji proqramında mədəni və mənəvi intibahı həmişə iqtisadiyyatda və sənayedəki uğurlarla cilalayaraq vahid məcrada həyata keçirib. Heydər Əliyevin formalaşdırdığı azərbaycançılıq ideyası milli-siyasi şüurun təməl prinsipi kimi dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratdı. Ulu öndərin milli dirçəliş ideyası tezliklə əməli siyasət müstəvisinə keçərək strateji dövlət siyasətinə çevrildi. Ulu öndər keçmiş Sovetlər birliyinin ali rəhbərliyində təmsil olunduğu dövrdə də doğma Azərbaycanının tərəqqisi üçün səyini əsirgəməmiş, lazım gəldikdə xalqının gələcək taleyi və milli mənliyi ilə bağlı məsələlərdə qətiyyət göstərərək sərt bəyanatlarla çıxış edib, əsl vətənpərvərlik mövqeyi sərgiləyib. Onun dövlətçiliyimizin ən ağır günlərində göstərdiyi prinsipiallıq və iradə sonsuz Vətən sevgisinin parlaq nümunəsidir. Ümummilli lider kimi o, Azərbaycanı labüd fəlakətlərdən qurtarıb, ölkəmizi çevriliş, qiyam cəhdlərindən qoruyaraq cəmiyyətdə özünəinam hissini bərpa edib, sabitliyə, firavanlığa qovuşdurub. Ulu öndər xalqın təkidli tələbi ilə hakimiyyətə gəldiyi ilk gündən Azərbaycanın milli dövlətçilik atributlarını formalaşdırmağa başlayıb, müstəqilliyini şərti müstəqillik aktı və bəyanatlar səviyyəsindən çıxarıb. Həmin dövrdən ulu öndər Heydər Əliyev Azərbaycanda müstəqil dövlətin möhkəmləndirilməsi, idarəetmə proseslərinin mərkəzləşdirilməsi, milli iqtisadiyyatın durğunluq prosesinin dayandırılması məqsədi daşıyan sosial-siyasi və iqtisadi islahatlar həyata keçirməyə başlayıb, 1994-cü ildə "Əsrin müqaviləsi"nin əfsanədən reallığa çevrilməsi ölkənin bütün strateji əhəmiyyətli sahələrinin inkişafına təkan verib. Azərbaycan xalqının milli ideologiyasının vahid sistem halına gətirilməsi də məhz ulu öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövrünə təsadüf edir. Heydər Əliyev özündən sonra gələn nəsillər üçün çox zəngin irs qoyub. Bu irs bütöv bir idarəçilik məktəbini, xalqımızın özünütəsdiq və həmrəylik hisslərini, dövlətçilik şüurunu, çağdaş ictimai-siyasi fikrin ən ümdə keyfiyyətlərini özündə ehtiva edir.
Heydər Əliyev böyük bir dövrdür. Azərbaycan tarixinin Heydər Əliyev dövrü uzun zaman davam edəcək. Bu inam Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin möhtəşəm uğurlarına, xalqın Prezidentə etimadının və dəstəyinin böyüklüyünə istinad edir. Ölkəmizin yeni mərhələdə dinamik inkişafı, dünya birliyində öz yerini daha da möhkəmləndirməsi məhz ümummilli liderin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Bu gün Heydər Əliyev mənəvi-siyasi irsinin ən layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın çağdaş tarixinin yeni şanlı səhifələri yazılır. Ulu öndər Heydər Əliyev ölməz ideyalarından güc alan müstəqil Azərbaycan işıqlı gələcəyə doğru inamla addımlayır.
Sonra Azərbaycan Televiziya və Radiosunun Niyazi adına simfonik orkestri Qara Qarayevin əsərlərini ifa edib, orkestrin müşayiəti ilə Əməkdar artist Aygün Bəylər, Əməkdar artistlər Nərgiz İsmayılova və Anar Şuşalı, İtaliyadan gəlmiş musiqi qrupu, İlahə Əfəndiyeva, tarzən Səbuhi Səfərov, Ramil Qasımov, Xalq artistləri Murad Hüseynov, Azər Zeynalov, Alim Qasımov və Brilyant Dadaşovanın ifaları mərasimi daha rəngarəng edib. Sonda konsert iştirakçılarının birgə ifasında ulu öndərə həsr olunmuş «Sən elə bir zirvəsən» mahnısı səslənib.


Nigar





 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Aşura günü Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info