“Həkim haqlarını qoruyan QHT-lərə ehtiyac var”
Tarix: 01.05.2014 | Saat: 22:38:00 | E-mail | Çapa göndər


Şəhriyar Fətullayev: “Peşəkar həkim karyeramı Azərbaycanda davam etdirmək və bitirmək niyyətindəyəm”

Ali təhsil almaq hər bir gəncin arzusu olsa da, 6 illik ali təhsili seçənlər bu istiqamətdə daha çox əziyyət çəkirlər desək, yanılmarıq. Təbii ki, söhbət tibb sahəsini seçən gənclərdən gedir. O ki, ola bu uzunmüddətli ali təhsili bir daha davam etdirib başqa ölkəni seçəsən. Belə çətin və maraqlı yolu seçən gənclərdən biri də Şəhriyar Fətullayevdir. Maraq üçün bildirək ki, Şəhriyar Türkiyədə həkim-rezident kimi də fəaliyyət göstərir. Bu savadlı və bacarıqlı gəncimizlə olan müsahibəni oxuculara təqdim edirik.
-Özünüz barədə məlumat verərdiniz.
-Mən Şəhriyar Bəxtiyar oğlu Fətullayev 1987-ci ildə Cəlilabad rayonunda anadan olmuşam. Orta məktəb təhsilim bir qədər fərqli olub. Yəni 3 məktəbdə təhsilimi almışam. Bunların ilk ikisini Cəlilabad rayon Maşlıq kənd orta məktəbində, sonuncunu isə Şah İsmayıl Xətai adına Cəlilabad şəhər 4 saylı orta məktəbdə oxuyaraq buradan məzun olmuşam. Məktəb illərində humanitar fənlərə həvəsim olub. Daha çox tarix – xüsusən qədim Roma tarixi ilgimi çəkib. Fənn olimpiadalarında aktiv iştirak etmişəm. Düzü, tarixçi olmağı düşünürdüm. Bu arzu 9-cu sinfə qədər davam etdi. Necə deyərlər, arzum ürəyimdə qaldı. Atam daha çox həkim olmağımı istəyirdi. Düzü, bununla bağlı fikirlərini deyəndə etiraz da etmədi. Uşaqlıqdan yeniliyə açıq xarakterə sahib olduğumdan, özümü sınamaq istədim. Hətta biologiyadan olimpiadaya da qatılmışdım. Buna görə hətta, tarix müəllimim məndən çox incimişdi. 2004-cü ildə orta məktəbi yüksək qiymətlərlə bitirdim. Elə həmin il Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsinə daxil oldum. Beləcə, həkim olmaq yolunda ilk addımımı atdım.
- Azərbaycanda kifayət qədər prestijli olan bir universitetə qəbul oldunuz. Bəs necə oldu ki, başqa bir ölkədə təhsilinizi davam etdirmək qərarını verdiniz?
- Universitetdə ali təhsilimə çox böyük həvəslə başladım. 1 və 2-ci kurslarda daha çox təməl-baza fənləri olduğu üçün klinik elmlərdən uzaq idik. Hər şey 3-cü kursdan sonra başladı. Azərbaycanda yerli ədəbiyyatların olmaması, olanların da yetərsiz olmasından dolayı dərsləri daha çox xarici tibbi ədəbiyyatlardan hazırlaşırdım. Hər kəs Türkiyə türkcəsinə tərcümə olunmuş xarici kitablardan istifadə etməyə başlamışdı. Belə bir deyim var - bir insanın dəyəri oxuduğu kitablarla bəlli olur. Xaricdə təhsilə həvəs də ən çox buradan qaynaqlanırdı. Ölkədən xaricə daha çox iki istiqamətdə fikir axını var idi - Almaniya və Türkiyə.
İlk dövrlərdə mənə Almaniya daha çox cəzbedici gəlirdi. Eyni zamanda tez-tez Türkiyədə təhsil almış həkim mütəxəssislərin də uğurlu xəbərlərini eşidirdik. Bu məsələlərlə bağlı hətta, tələbələr olaraq qrup halında dərsdən sonra oturub müzakirələr də aparardıq. Zənnimcə, Azərbaycanda tibb sahəsi ilə əlaqədar xaricdə təhsil almaq istiqamətində olan dönüş nöqtəsi (kütləvilik baxımından) 2004-cü ildə ATU-ya qəbul olan tələbələrin sayəsində olub. Bu, iddialı səslənə bilər, bəziləri bununla razı olmaya da bilər. Amma araşdırsanız, bunun nə qədər doğru olduğunu görərsiniz. Biz özümüzlə yanaşı bizdən sonra gələn nəsli də bilgiləndirirdik və bu, zəncirvari reaksiya şəklində genişlənirdi. Bunun nəticəsi olaraq da bu gün Türkiyədə universitetdən sonrakı təhsildə, xarici vətəndaşların böyük bir qismini azərbaycanlı tələbələr təşkil edir. Təsəvvür edin, bizim qrupda 12 tələbə var idi ki, bunun 6-sı indi xaricdə təhsil almaqdadır. Bu böyük rəqəmdir.
- Türkiyə universitetləri özəllikləri ilə seçilirlər. Oxuduğunuz ali məktəbin səviyyəsi sizi qane edirmi?
-Ankara Universiteti birbaşa Mustafa Kamal Atatürk tərəfindən qurulan, cümhuriyyət tarixini və missiyasını milləti ilə bütünləşdirmiş, Türkiyə universitetlərinə müəllimlər yetişdirən köklü bir ali məktəbdir. Universitetin iki böyük xəstəxanası var - 1200 çarpayılıq Cebeci xəstəxanalar kompleksi və adını məşhur türk təbibi İbn Sinadan alan 1286 çarpayısı, 26 əməliyyatxanası ilə səhiyyə xidməti göstərən universitet xəstəxanası. Rezident-həkim kimi çalışdığım Ortopediya və Travmatologiya El cərrahiyyəsi kafedrası, İbni Sina xəstəxanasında yerləşir və 5 əməliyyatxanası ilə (Türkiyədə sayına görə ən çox) dünyanın ən son texnologiyalarının istifadə edildiyi, mikrocərrahiyyə, rekonstruksiya, kiçik və böyük oynaq artroplastiyası, bütün növ oynaq artroskopiyası, sümük və yumşaq toxuma şişlərində ətraf qoruyucu cərrahiyyələrin, minimal invaziv müdaxilələrin olunduğu, öz dəsti-xətti olan köklü bir klinikadır. Burada təhsil almanın qürurunu və sevincini yaşayıram. Fürsətdən istifadə edib ortopedist olmaq istəyən tələbələrə də buraya təhsil almağa gəlmələrini məsləhət görərdim. İnşallah, öyrəndiyimiz bu yeni bilgiləri Azərbaycanda tətbiq edib, yeni nəsillərə öyrədib, xalqımızın haqq etdiyi gözəl səhiyyə xidmətini, digər həkim yoldaşlarımızla birgə inkişaf etdirmək üçün əlimizdən gələni hər zaman etməyə hazırıq.
-Xaricdə təhsil alan gənclərimizin böyük əksəri ictimai işlərdə də aktivdirlər. Siz necə, ictimai-diaspor işlərinə də vaxt ayıra bilirsinizmi?
- Burada təhsil alan digər həkimlər kimi istər səfirlik, istərsə də özümüz təşkil etdiyimiz tədbirlərə, ictimai işlərə qatılmağa çalışıram. Amma işimizin verdiyi yorğunluq, daha aktiv iştiraka izin vermir.
-Azərbaycan səhiyyə sistemində olan yenilikləri izləyirsinizmi? Ümumiyyətlə, tibb sahəsinin hazırkı durumu sizi qane edirmi?
-Azərbaycan sovet tibb ənənələrindən ayrılmış, hətta imtina etmiş, deyərdim, modern tibbə yeni-yeni inteqrasiya olunmağa başlayan, inkişaf edən səhiyyəyə sahibdir. İndiki səviyyəsi bizi tam qane etməsə də, irəlidə beynəlxalq səhiyyə standartlarına tam cavab verən sağlıq xidməti verəcək. Buna heç bir şübhəmiz yoxdur. Öz ixtisasıma uyğun olaraq onu deyə bilərəm ki, ortopediya və travmatologiya sahəsində artıq xaricdə təhsil alıb gəlmiş mütəxəssislərin sayəsində dünyada istifadə olunan əməliyyatlar Azərbaycan vətəndaşlarına tətbiq olunmağa başlayıb. Bu, daha çox sporadik xarakter daşıyır və kütləviliyi artırmaq üçün isə səhiyyə qanunvericiliyini yenidən gözdən keçirilməsi gərəkdiyini düşünürəm. İndiki səhiyyə qanunları ilə nə elmi nə də faktiki olaraq praktiki cəhətdən çox da irəli getmək qeyri-mümkündür. Səhiyyənin maddi texniki bazası dövlətimizin xüsusi diqqəti sayəsində yenidən qurulur, çalışacaq insan qaynaqlarının yetişməsinə pullar ayrılır. Bu təqdirəlayiq, alqışlanan addımlar olsa da, çalışma şərtləri olaraq, istər həkim maaşlarının yetərli qədər olmaması, istərsə bir çox əməliyyatların bahalı olması onların tətbiqini çətinləşdirir. Nəticədə maddi imkanı çox olan insanlar son dövrlərdə xaricə üz tutur, sərmayə ölkədən xaricə axır. Məsələn, Türkiyə sağlıq turizmində, xarici vətəndaşlardan öz vətəndaşlarına çəkilən xərclərin iki mislini alır. Halbuki Azərbaycan bu müalicələri çox müvəffəqiyyətlə tətbiq etməyi bacaran mütəxəssislərə sahibdir.
-Bəs gələcək peşəkar həkim kimi sizi hansı məsələlər daha çox maraqlandırır?
-İlk olaraq ictimai məsələlər. Ölkədən uzaqda yaşasaq da mətbuatda, sosial şəbəkələrdə baş verən son hadisələrlə bağlı həkimlərə qarşı insanlarda aqressiyanı, inamsızlığı təşviq edən məlumatlar oxuyuram və çox təəssüflənirəm. İnsanların səhiyyə maarifini artırmaq üçün mətbuat ən vacib halqanı təşkil edir. Əlbəttə ki, günahlandırmaq asandır. Əsas olan təkliflər vermək, həll yolları göstərməkdir. Bundan dolayı səhiyyə mütəxəssislərinin fikirlərini öyrənmək, insanlarla interaktiv debatlar təşkil etmək, ortadakı problemin birlikdə, qarşılıqlı hörmət əsasında həll edilə bilməsinin gərək olduğunu düşünürəm. Təsir əks-təsirə bərabərdir.
İkincisi isə təhsil və elmi konfranslar məsələsidir. Azərbaycan kiçik ölkədir, bundan dolayı peşəkarlığı artırmaq üçün, ixtisaslar üzrə konqreslərin, elmi toplantı saylarını artırmaq lazımdır. Məsələn, Ankara əhalisi 5 milyona yaxındır, amma eyni gündə ayrı-ayrı mərkəzlərdə 3-4 ortopedik toplantılar təşkil edilir. Təsəvvür edirsinizmi, bu, nə deməkdir? İnsanlar bir-birini öyrədir. Hazırda rezidentura təhsili alan rezident həkimlərə, ixtisasına görə peşəkar müəllimlərin təcrübələrini bölüşdüyü kurslar təşkil etmək (sadəcə xəstəxanada tədris bəs etmir), onları gərəkdirsə, ölkədən xaricə göndərib, tibbi dünyagörüşlərinin artırılması yolunda işlər görmək lazımdır. Bunlar üçün də dərnəklər qurmaq lazımdır.
Üçüncü amil isə hüquqi məsələlərdir. Azərbaycan Səhiyyə Nazirliyinin rəsmi internet səhifəsində ayrı-ayrı ixtisaslar üzrə həkimlərin vəzifələri, müdaxilə edəcəkləri vəziyyətlər, məsuliyyətləri haqqında məlumatlar yerləşdirilib. Gəlin baxaq, bunu hansı həkim bilir? Bunun tətbiqini daha praktik etmək üçün baş həkimlik səviyyəsində, xəstəxanalarda hüquqi bilgiləndirmələr aparılmalıdır. Medikollegial proseslərdə həkim haqlarını qoruyan QHT-lərə ehtiyac var. Məsələn, Həkimlər Birliyi niyə də olmasın? Tibbi sığorta sisteminin tətbiq olunmağa başlanması kimi aktual məsələlər həll olunmalıdır. Önümüzdə aşılması gərək olan əngəllər çoxdur. İnşallah, dövlətimizin də dəstəyi ilə bunların da öhdəsindən gələcəyik.
-Bəlkə elə siz də bu problemlərin aradan qaldırılmasında öz töhfənizi verəsiniz? Türkiyədə işlərinizi bitirdikdən sonra vətənə dönmək haqda düşünürsünüzmü?
- 2 il sonra həkim olmaq yolunda 12 illik təhsilimi basa vuracağam. Bu kifayət qədər uzun bir təhsil olsa da, yenə də bəzi məsələləri həll etmək üçün yetərli deyil. Akademik karyera haqqında düşünmək lazımdır. Ortopediya çox geniş sahədir, yüzlərlə müalicə-əməliyyat texnikaları var. Əlbəttə ki, bunların hamısını öyrənmək və tətbiq etmək qeyri-mümkündür. İnşallah, fikrimdə daha çox həvəs göstərdiyim artroplastiya, artroskopiya, sümük və yumşaq toxuma şişlərinin cərrahi müalicəsinə yönəlik öyrəndiyim biliklərin daha da təkmilləşdirilməsi üçün təhsilimin artırılması var. Qarşımda duran bu kimi məsələləri həll etdikdən, özümü yetərli hiss etdikdən sonra, professional həkim karyeramı Azərbaycanda davam etdirmək və bitirmək niyyətindəyəm. Təbii ki, hər şey heç də hər zaman, plan üzrə getmir, şərtlər dəyişilə bilər.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir
08.11.2018
“Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info