“Biz adətən milli rəqslərdən istifadə edirik”
Tarix: 02.05.2014 | Saat: 00:54:00 | E-mail | Çapa göndər


Mircavad Cəfərov:“Folklor musiqimizi cazla sintezdə təqdim edəndə Avropada daha yaxşı qəbul olunur”

Müsahibimiz “Cəngi” Estrada-Folklor Ansamblının bədii rəhbəri Mircavad Cəfərovdur.
- Mircavad müəllim, hazırda rəhbərlik etdiyiniz ansamblın bugünkü fəaliyyəti və incəsənətimizə bəxş etdiyi töhfələri haqqında məlumat verməyinizi istəyirik
- Öncə ansamblın yaranma tarixi haqqında məlumat vermək istəyirəm. “Cəngi” Estrada-Folklor Ansamblı 1992-ci ildə mərhum sənətçimiz Rafiq Babayev və mərhum baletmeyster Rəhman Nəsirovun işbirliyi ilə yaradılan bir kollektivdir. Rafiq müəllim vəfatına qədər uzun illər ansambla rəhbərlik edib. Daha sonra Səyavuş Kərimi bu kollektivə rəhbərlik edib. Bu kollektivdə Səkinə İsmayılova, Brilliant Dadaşova, Mübariz Tağıyev, Firəngiz Rəhimbəyova və başqa sənətçilər bu kollektivin tərkibində çalışıb. Mən 2002-ci ildən bu kollektivə rəhbərlik edirəm. Bu müddət ərzində bir çox qastrol səfərlərimiz və konsert proqramlarımız olub. Bizdə həm caz, həm muğam, həm də rəqs qrupları var. Bizim indiki siyasətimiz bundan ibarətdir ki, Azərbaycanda müxtəlif musiqi janrlarını burada tətbiq edək. Məsələn, biz keçən il keçirilən caz festivalında “Cəngi” caz qrupu adı altında çıxış etdik. Fürsətdən istifadə edib bildirirəm ki, Fransada UNESCO-nun dəstəklədiyi festivalda konsert proqramları ilə çıxış edəcəyik. İlin sonunda da Fransada keçiriləcək caz festivalına dəvət aldıq. Braziliyaya da dəvət almışıq. Hal-hazırda danışıqlar gedir.
İndi isə yeni rəqslərin quruluşu ilə məşğul oluruq. Biz adətən milli rəqslərdən istifadə edirik. Hazırda “Caz və caz-folk” adı altında yeni bir layihə üzərində çalışırıq. Burada rəqs kollektivimiz başqa bir aspektdən çıxış edəcək. İndidən bir söz demək istəmirəm, amma çox maraqlı bir layihə olacaq. Arzum budur ki, onu ilin sonuna qədər çatdırıb ictimaiyyətə təhvil verək.
-Ansamblda fəaliyyət göstərən musiqiçilər barədə...
- Ansamblda fəaliyyət göstərən musiqiçilər Azərbaycanın ən aparıcı musiqiçiləridir. Zərb alətləri ifaçısı İskəndər Ələsgərov, nağara ifaçısı Kamran Kərimov, tütək-balaban ifaçısı Coşqun Sadıqov, eyni zamanda oğlum Mircavid Cəfərov da maraqlı layihələrdə öz əməyini sərf edir. O, Milli Konservatoriyanın I kurs tələbəsi, Prezident təqaüdçüsüdür. Gənclərdən pianoçular Vasif Hüseynli və Tural Qasımlı çox istedadlıdırlar və bu proqramda öz əməklərini kifayət qədər sərf edirlər. Arzu Həsənli ismi bir çoxlarına qismən tanış gələ bilər. Arzunun istedadı diqqətimi cəlb etdi və onu bizimlə çalışmağa dəvət etdim. Əməkdar artistlərdən Eldar Məmmədov və Ruslan Hüseynov da bizimlə çalışır. Mən də 2007-ci ildə Əməkdar artist adına layiq görüldüm. Rəqsdə gənc baletmeyster Aytən Bünyadova bizimlə çalışır. Çox istedadlı bir baletmeysterdir. Onu da ansamblımıza dəvət etdim və onun hazırladığı rəqslər var. O, “Naxçıvani”, “Dağlı” rəqsi və bir sıra başqa rəqslərə yeni quruluş verib.
- Repertuar seçiminizdə hansı mahnılara üstünlük verirsiniz?
- Biz müasir dünyanın tələbatına uyğun mahnılara üstünlük veririk. Mənə görə bu elə də asan məsələ deyil. Burada musiqiçilər, sənətçilər musiqi biliyindən rəqs biliyinə qədər hamısı nəzərə alınır və onun üzərində yeni-yeni tez mobil müxtəlif proqramları dəyişmək imkanımız var. Muğam üçlüyü ilə caz üçlüyünün birlikdə olduğu bir layihəmiz var. Biz hal-hazırda bu layihə ilə çıxış edirik.
Uzun illərin verdiyi təcrübəyə əsasən demək istəyirəm ki, hər kəs bütün dünyada öz musiqisini təbliğ edirsə, qəbul olunur. Mən çalışıram ki, başqa dünya dövlətlərində qəbul olunmaqdan çox, sırf öz milli musiqimizin təbliği ilə məşğul olaq. Amma biz caz və muğamdan istifadə edərək, öz folklor musiqimizi caz musiqisinin sintezi ilə təqdim edəndə Avropada daha yaxşı qəbul olunur. Bu, onlar üçün yenilikdir.
Ümumiyyətlə, başqa dövlətlər o millətə hörmət edirlər ki, onun öz mədəniyyəti, öz musiqisi var. Biz bunu təqdim etməliyik. Bizim indiki fəaliyyətimizdə əsas fakt budur.
Mən Alim Qasımovla 1987-ci ildə onun təkidi ilə çalışmağa başladım. Biz bir müddət muğam üçlüyü ilə birlikdə çalışdıq. Eyni zamanda Vaqif Gərayzadə ilə, indiki “Aypara” qrupu ilə də çalışdıq. O dövrdə də sintez yaranmışdı. Hamı bu sintezlərdən istifadə edir. Amma mənim fəaliyyətimdə ən önəmli faktlardan biri odur ki, milli musiqiyə xələl gətirmədən hər hansı bir musiqiyə müraciət edərkən, musiqimizi inkişaf etdirmək üçün onu olduğu kimi təqdim edib, aranjemanında fərqli yanaşmaq lazımdır.
Yenilik, sadəcə olaraq hər hansı bir musiqi parçasını olduğu kimi saxlayıb, aranjemanına yeni bir ruh gətirmək lazımdır. Bu tamamilə başqadır. Aranjemanı hər kəs bir cür başa düşür. Musiqi savadı, musiqi biliyi, musiqi təcrübəsindən çıxış edərək aranjeman etmək lazımdır.
Mən bir neçə aranjemançı tanıyıram ki, milli musiqini bilmir, amma estradanı, pop musiqini və ya cazı bilir. Yaxud da əksinə. Burada fərqli yanaşmalar olur. Nəticədə isə yaxşı məhsul olmur. Burada da nə etdiyini bilmək üçün kifayət qədər biliyə malik olmalısan.
-Folklor musiqisi dedikdə bizim qədim musiqilərimiz yada düşür. Bəs, ümumilikdə türk xalqlarının musiqisinə müraciət edirsinizmi?
- Biz repertuarımızda qardaş Türkiyənin klassik musiqilərinə müraciət etmişik. Bununla əlaqədar disk işıq üzü görməlidir. Bunun üzərində çalışırıq. Mən Tacikistanda qastrol səfərində olmuşam. Əməkdar incəsənət xadimi, Əməkdar artist Salman Qəmbərovla birlikdə caz festivalına dəvət olunduq. Biz onların musiqisini götürüb onun caz interpretasiyalarında onlara təqdim etdik.
Qonaq getdiyin ölkənin musiqisini özümüzünkü kimi təqdim etmək fərqlidir. Çünki heç kim Azərbaycan muğamını azərbaycanlı kimi təmsil edə bilməz. Eləcə də başqa musiqiləri. Allahın yaratdığı torpaq, hava, su öz mühitinə uyğun incəsənət yetişdirir. Bu onun məhsuludur. Sadəcə yanaşma fərqlidir. Mən qonaq getdiyim ölkənin musiqisini ifa edirəmsə, bu həmin millətə hörmətdir. Zeynəb Xanlarovanın təcrübəsində də bu var idi. Bu başqa millətlərə xoş gələn bir haldır. Məsələn, I Muğam festivalında Özbəkistanlı bir xanım “Qarabağ şikəstəsi”ni ifa etdi. Təbii ki, azərbaycanlı kimi ifa etmədi. Amma mənə xoş oldu ki, o, bizim musiqimizlə maraqlanıb.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info