Hərbi məktəblərə keçid ballarının artırılması təklif edilir
Tarix: 02.05.2014 | Saat: 20:32:00 | E-mail | Çapa göndər


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə "Ulu öndər Heydər Əliyev - qaçqın və məcburi köçkün gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, həmçinin Ali Hərbi Məktəbə, Hərbi Liseyə qəbul" mövzusunda konfrans keçirilib.
Konfransda çıxış edən Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, bu ildən etibarən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi (AAHM) və Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul zamanı göstəricilərin yüksək olmasına xüsusi diqqət yetiriləcək: "Biz istəyirik bu gün məcburi köçkün gənclər hərbi məktəblərdə təhsil alsınlar. Onların biliyi, bacarığı, dil qabiliyyətləri, cəsarəti və iradəsi olsun. Bu il Hərbi Liseyə və ya Ali Hərbi Məktəbə qəbul olacaq məcburi köçkün uşaqların neçə bal toplamasına baxacağıq. Aşağı bal toplayan şəxslərin ora getməsi vacib deyil. Vacib odur ki, ora yüksək bal toplayanlar getsin. Əgər ora 500 bal toplayan getsə, biz onu qəbul edəcəyik. Bəli, onda bilinər ki, o həqiqətən hərbçi olmaq istəyir. Yoxsa aşağı balla ora girən şəxsdən nə hərbçi olacaq?!"
Bununla bağlı Baş nazirin müavini rayon icra hakimiyyətləri başçılarını və təhsil şöbələrini əməli iş görməyə çağırıb: "İndidən maraqlanın, hansı uşağın davranışı, nizam-intizamı, vətəpərvərlik hiss necədir, bilik və bacarığı necədir. Seçin və istiqamətləndirin. Məhz o cür uşaqlar gəlsin. Əks halda onlardan general olmayacaq. Adi bir kiçik zabit olacaq. Bizdə adi, sıravi zabitlər çoxdur. Bizə lazımdır ki, bacarıqlı zabit olsun və hərbi sahədə getdikcə yüksəlsin".
Ə.Həsənov bildirib ki, məhz əslən işğal edilmiş rayonlardan olan şəxslərin hərbi peşəyə cəlb edilməsi xüsusi əhəmiyyət kəsb edir: "Biz qisasçı deyilik. Lakin torpağı azad etmək üçün qisasçı olmaq lazımdır. Əks halda biz torpaqları azad edə bilməyəcəyik. Necə olur, sən mənim anamı, bacımı o günə sal, mən də durub rahat baxım sənə?"
Məsələ ilə bağlı jurnalistlərə verdiyi açıqlamasında isə Əli Həsənov bildirib ki, artıq bu istiqamətdə işlərə başlanılıb. Onun fikrincə, bu işdə bütün cəmiyyət maraqlı olmalı və fəallıq göstərməlidir: "Bu, hansısa bir dövlət qurumunun, təkcə Təhsil Nazirliyinin borcu deyil. Bu, bütövlükdə cəmiyyətin borcudur. Valideyndən, uşaq bağçasından, məktəbdən başlamış bütün istiqamətdə iş aparılmalıdır ki, gənclər hərbi peşəyə yönəlsinlər. Çünki bizim torpaqlarımız işğal altındadır. Bizim 1 milyon 200 min nəfər qaçqın və məcburi köçkünümüz var. Düşmən hələ ki, bizim doğuldumuz torpaqlarda oturub. Doğulduğumuz torpağın üzərindəki düşməni orada saxlamaq, gözləmək bizə yaraşmayan işdir. Ona görə də biz elə gənclər yetişdirməliyik ki, o torpaqları azad etməyə həmişə hazır olsun.
Dünyada ədalətsizlik davam edir. Dünyada haqsızlıq baş alıb gedir. Xüsusən son vaxtlar ətrafmızda. Ermənilərə himayədarlıq edənlər artıq azğınlaşırlar. Ona görə də kimdənsə nəsə gözləmək artıq düzgün deyil. ATƏT-in Minsk qrupu o vaxt yaradılarkən məhz elə formalaşdırılıb ki, Dağlıq Qarabağ problemi öz həllini tapmasın. Ötən 20 il bunu göstərdi. Bizim bir güvənc yerimiz var - ölkəmizin Prezidenti, dövlətimiz, xalqımız, ordumuz".

İşğal olunmuş rayonlardan Azərbaycan Silahlı Qüvvələrində xidmət edənlərin statistikası açıqlanıb

Müdafiə nazirinin müavini, general-leytenant Çingiz Məmmədov bildirib ki, hazırda Azərbaycan Silahlı Qüvvələrində əslən işğal olunmuş rayonlardan olan 741 nəfər zabit, 284 nəfər gizir xidmət edir. Ermənistandan qaçqın düşən soydaşlarımızın övladlarından Silahlı Qüvvələrdə 452 nəfər zabit və 109 nəfər gizir xidmət edir. Hazırda Silahlı Qüvvələrdə məcburi köçkün və qaçqın statusu olan ailələrdən ümumilikdə 1586 nəfər zabit və gizir xidmət edir. Bu, çox kiçik rəqəmdir. Onun sözlərinə görə, statistik məlumatlara görə, 2010-cu ildən indiyədək Cəmşid Naxçıvanski adın Hərbi Liseyə qəbul olmaq məqsədilə hər il məcburi köçkün ailələrindən 150-dək müraciət daxil olub ki, onlardan da yalnız 25-30 nəfəri hərbi liseyə qəbul ola bilib. Bu il isə bu kateqoriyadan olan 165 gənc sənədlərini hərbi liseyə təqdim edib. Adətən sənəd verənlərin 25-30%-i qəbul olur.
Müdafiə nazirinin müavini qeyd edib ki, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (AAHM) isə 2010-cu ildən indiyədək hər il 60-70 nəfər məcburi köçkün övladı müraciət edir, onlardan təxminən 50%-i məktəbə daxil olur. Hazırda Ali Hərbi Məktəbdə məcburi köçkün ailələrindən olan 103 kursant təhsil alır. 2014-cü ildə AAHM-a daxil olmaq üçün köçkün ailələrindən olan 54 nəfər sənəd təqdim edib. Hazırda AAHM-da Ermənistandan qaçqın düşmüş ailələrdən 46 nəfər kursant təhsil alır. General-leytenant Çingiz Məmmədov onu da əlavə edib ki, məhz Heydər Əliyevin vaxtilə gördüyü işlər və şəxsi səyi nəticəsində aparılan hərbi vətənpərvərlik tədbirləri müasir Azərbaycan dövləti və Ordusunun təməlini qoyub: "Bakıda fəaliyyət göstərən ali hərbi məktəblərə daxil olan azərbaycanlı gənclərin sayı planlı şəkildə artırıldı. Onlar SSRİ-nin digər şəhərlərindəki ali hərbi məktəblərə göndərildilər. 1970-ci ildə isə Cəmşid Naxçıvanski adına Hərbi Lisey yaradıldı. Bu hadisələr gələcəkdə yaradılacaq müstəqil Azərbaycan dövləti və onun Silahlı Qüvvələrinin təməl daşı olan tarixi tədbirlər idi. Bütün bunlar ulu öndər Heydər Əliyevin uzaqgörənliyinin, cəsarətinin və hədsiz vətənpərvərliyinin nəticəsi idi. Əgər o zaman bu işlər görülməsəydi, bu gün biz bir mərkəzdən idarə olunan, vahid komandanlığa tabe, Ali Baş Komandanımızın əmrini yerinə yetirməyə hazır və qadir olan Silahlı Qüvvələrimizi yarada bilməyəcəkdik".
O, qeyd edib ki, Azərbaycan xalqı və onun övladları bundan sonra da nəsil-nəsil ulu öndər Heydər Əliyev və onun siyasi idarəçilik kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Vətənə olan tükənməz məhəbbətindən daim öyrənməli və bu məhəbbətə layiq olmalıdırlar.

Fərari oğlana qız verməmək ənənəsinin əsası qoyulmalıdır

Ə.Həsənov onu da bildirib ki, hərbi xidmətə gedənlərin sayı 4-5 dəfə artmalıdır. Fərarilik birdəfəlik ləğv olunmalıdır: “Fərari oğlana qız vermək olmaz. Biz bu ənənənin əsasını qoymalıyıq". Azərbaycan xalqının böyük qəhrəmanlar, yüksək rütbəli hərbi kadrlar yetişdirdiyini deyən Əli Həsənovun fikrincə, bu, xalqın genində var. Ona görə də gənclərin hərbi vətənpərvərlik ruhunda böyüməsinə xüsusi diqqət yetirilməlidir: "Ölkənin 20 faizi işğal altında ikən ölkənin gəncləri hərbi vətənpərvərlik ruhunda tərbiyə almalı, xüsusən hərbi təhsil almalı, ölkəni işğaldan azad etməyə daim hazır olmalıdır. Bizim güclü ordumuz var və torpaqlarımızı azad etmək iqtidarındadır. Buna baxmayaraq, hər bir gənc də öz növbəsində buna hazır olmalıdır". Əli Həsənov hesab edir ki, hərbi güc, hərbi qüdrət önə çəkilməlidir. Baş nazirin müavini ulu öndər Heydər Əliyev tərəfindən 20-ci əsrin 70-ci illərində bu məsələyə xüsüsi önəm verildiyini xatırladıb: "Heydər Əliyev Cəmşid Naxçıvanski adına Hərbi Liseyi yaratdı, hərbi kadrların yetişdirilməsi, Azərbaycanın hərbi potensialın yaradılması üçün böyük işlər gördü. Əgər ulu öndər Heydər Əliyev gənclərimizin hərbi təhsil məsələlərinə xüsusi diqqət yetirməsəydi, indiki Azərbaycan olmazdı". Ə.Həsənov qeyd edib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev də Azərbaycan Ordusunua kifayət qədər diqqət və qayğı göstərir: "Bu gün Azərbaycan Ordusu regionun ən güclü ordusudur və istənilən an işğal olunmuş torpaqları azad, Azərbaycanın ərazi bütövlüyünü bərpa edə bilər". O, həmçinin bildirib ki, Dağlıq Qarabağ probleminin həllində nə ATƏT-in Minsk qrupundan, nə də digər dövlətlərdən heç nə gözləmir: "Onlar boş-boş vədlər verirlər. Ermənilərə havadarlıq edirlər. Məndə belə bir fikir formalaşıb ki, bu problem həll olunmayacaq. Nə etsə, cənab İlham Əliyev edəcək".
Lakin, Əli Həsənovun fikrincə, Azərbaycan bundan arxayınlaşmamalı, gənclər arasında fərariliyi yox etməlidir: "Gəncləri hərbiyə, orduya yönəltməliyik. Sovet dövründə olduğu kimi orduya, hərbiyə hörmət edilməlidir. Bu var, lakin lazımi səviyyədə deyil. Torpağı işğal altında olan millətin, xalqın gəncləri arasında fərarilik olmamalıdır!" Baş nazirin müavini qeyd edib ki, işğal altında olan rayonların gəncləri arasında hərbi məktəblərə getmək istəyənlərin az olması bir problemdir. Bu, araşdırılmalı və bu istiqamətdə iş görülməlidir: "Düşmən o zaman sülhə getməyə razı olacaq ki, qarşısında həm iqtisadi, həm hərbi cəhətdən güclü dövlət görsün".
Konfransda təhsil naziri Mikayıl Cabbarov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə, müdafiə nazirinin müavini, general-leytenant Çingiz Məmmədov, işğal altında olan rayonlardan seçilmiş millət vəkilləri, həmin rayonların icra başçıları, hərbi təhsil alan məcburi köçkün gənclər və digərləri iştirak edirlər.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info