Müasir vergi sisteminin banisi - Heydər Əliyev
Tarix: 02.05.2014 | Saat: 21:11:00 | E-mail | Çapa göndər


Azərbaycanın özünün müstəqil vergi sistemi yalnız müstəqillik əldə etdikdən sonra yaranıb. 90-cı illərin əvvəllərindən problemlərlə dolu çətin müstəqillik yollarında irəliləyən ölkəmiz bütün sahələrdə olduğu kimi vergi sahəsində də islahatlar həyata keçirmək, iqtisadiyyatın əsas dayaqlarından sayılan bu sistemi gücləndirmək zərurəti ilə üz-üzə qalmışdı. Bu vəzifənin öhdəsindən ümummilli lider Heydər Əliyev uğurla gələ bildi və o, bir sıra önəmli islahatlar, tədbirlərlə bugünkü vergi sisteminin əsasını qoymuş oldu. Büdcə-vergi sistemində əsaslı islahatlara başlayan ulu öndər iqtisadi sabitlik yaratmaqla özündən əvvəlki hakimiyyətin qoyub getdiyi problemlərin də öhdəsindən uğurla gəldi. Azərbaycan tezliklə təlatümlərdən, sarsıntılardan uğurla çıxaraq gələcəyə inamla baxan bir dövlətə çevrildi. Təbii ki, uzun illərə söykənən siyasi təcrübə Heydər Əliyevə onu deyirdi ki, müstəqillik əldə etmiş bir ölkənin iqtisadi inkişafı əsas amildir və burada da ilk yerlərdən birini vergi sisteminin güclü, mükəmməl təşkil olunması tutur. Məhz vergi sahəsində uğurlu islahatların nəticəsi oldu ki, sahibkarlıqda uğurlar və ümumilikdə iqtisadi inkişaf tempi tez bir zamanda yüksələn xətt üzrə qalxmağa başladı.
Əsası Heydər Əliyev tərəfindən qoyulan vergi strategiyası bu gün də uğurla reallaşdırılaraq Azərbaycannı regionda ən dinamik inkişaf edən bir dövlətə çevrilməsində böyük rol oynayır. Bu gün Heydər Əliyevin siyasi kursuna əsaslanaraq Prezident İlham Əliyevin yürütdüyü siyasət ölkədə sosial iqtisadi inkişafın və sahibkarlığa dövlət qayğısının artırılması, iş adamları üçün əlverişli şəraitin yaradılması kimi mühüm həlqələri əhatə edir. Bu amillərin uğurlu olmasında isə heç şübhəsiz ki təməli düzgün qoyulmuş vergi strategiyasının da böyük rolu oldu. Hazırda ölkəmiz daha yüksək sosial iqtisadi dirçəliş mərhələsinə qədəm qoyub. Təbii ki, iqtisadiyyatda nəzərdə tutulan daha yüksək dirçəlişlər də vergi orqanları qarşısında yeni vəzifələr qoyur. Çünki yuxarıda da qeyd etdiyimiz kimi ölkənin sosial iqtisadi inkişafında səmərəli vergi mühitinin rolu inkar edilməzdir.
Müstəqilliyin ilk illərində vergi qanunvericiliyində olan bir sıra boşluqlar istər vergi ödəyicilərində, istərsə də vergi xidməti orqanlarında haqlı narazılıqlar doğururdu. Məhz belə bir şəraitdə ümummilli lider vergi sistemini yenidən təşkil etdi və vergi münasibətlərinin təkmilləşdirilməsi məqsədilə dövlət başçısının bilavasitə tapşırığı ilə Nazirlər Kabineti bir sıra qərarlar qəbul etdi. Bunlara misal olaraq “Azərbaycan Respublikası ərazisində əhali ilə nağd pul hesablaşmalarının aparılmasında nəzarət kassa aparatlarının tətbiq olunması haqqında” 18 iyul 1995-ci il, 168 nömrəli vergi “Vergi ödəyicilərinin uçotunun təkmilləşdirilməsi barədə” 19 dekabr 1996-cı il, 182 nömrəli “Mənfəət vergisinin ödənilməsini mərkəzləşdirilmiş qaydada həyata keçirən subyektlər haqqında” 31 mart 1997-ci il, 28 nömrəli “Azərbaycan Respublikası ərazisinə gətirilən minik avtomobillərinin aksiz vergisinə cəlb edilməsi haqqında” 16 aprel 1997-ci il “Müəssisə və təşkilatların avans vergi məbləğlərinin hesablanması və ödənilməsi haqqında” 1 may 1997-ci il 71 nömrəli “Məhsulun(işin, xidmətin) maya dəyərinə daxil edilən bəzi xərclərin tənzimlənməsi haqqında” 3 iyul 1997-ci il tarixli qərarları göstərmək olar. Vergi sisteminin təkmilləşdirilməsi və bu sahədə aparılan köklü islahatların daha da sürətləndirilməsi məqsədilə Heydər Əliyevin tapşırığı əsasında 1997-ci ildən başlayaraq vergi münasibətlərinin tənzimlənməsi sahəsində vahid və təkmil qanunvericilik bazasının yaradılması üçün Vergi Məcəlləsinin layihəsinin hazırlanmasına başlanıldı. Beləcə bu istiqamətdə atılan addımlar ölkədə beynəlxalq normalara uyğun vergi administrasiyasının formalaşdırılmasına, vergi sisteminin mərkəzləşdirilmiş formada idarə edilməsinə, bütün vergi sisteminin vahid qanunvericilik bazası əsasında tənzimlənməsinə imkan verdi. 2001-ci ilin yanvarın 1-dən qüvvəyə minən Vergi Məcəlləsi müstəqil Azərbaycanın həyatında yeni tarixi bir hadisə olaraq vergi sisteminin təkmilləşdirilməsi və onun beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində atılmış mühüm addımlardan biri kimi çıxış etdi.
Ölkə başçısının vergi orqanları qarşısında qoyduğu mühüm vəzifələri əldə rəhbər tutaraq 1999-cu ilin iyun ayından başlayaraq vergi xidmətinin kompleks islahatlarının müfəssəl strateji planı və bu islahatların həyata keçirilməsinin optimal müddətlərinin işlənib hazırlanması da xüsusi qeyd olunmalıdır. Bu plan dünya standartlarına cavab verən yeni qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi, vergi administrasiyasının müasirləşdirilməsi, vergilərin dövlət büdcəsinə tam və vaxtında səfərbər edilməsinin tədbirlər proqramının həyata keçirilməsini nəzərdə tuturdu. Heydər Əliyevin rəhbərliyi altında ölkədə vergi sisteminin strukturu və vergi sahəsində milli qanunvericilik bazası formalaşdırıldı, Vergi Məcəlləsi qəbul edildi və 2000-ci il 11 fevral tarixli fərmanı ilə Baş Dövlət Vergi Müfəttişliyi ləğv edildi onun bazasında ölkədə dövlətin vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və bu sahədə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı-Vergilər Nazirliyi yaradıldı. Ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə vergi siyasətinin əsas istiqamətləri, vergilərin sayı və dərəcələrinin optimal səviyyəsi müəyyənləşdirildi, ölkədə vergi yükünün aşağı salınması, vergi menecmentinin müasirləşdirilməsi istiqamətində bir sıra uğurlar əldə olundu.
Bu gün Prezident İlham Əliyev ulu öndərin ideyalarını vergi sahəsində uğurla davam etdirir. Ölkə başçısının bilavasitə tapşırıqlarına əsasən vergi sistemində islahatlar həyata keçirilir, aparılan islahatların tərkib hissəsi kimi qabaqcıl dünya təcrübəsinə əsaslanan vergi quruculuğu xidməti davam edir, xidmətin müasir Avropa standartlarına uyğunlaşması istiqamətində əməli addımlar atılır. Artıq əminliklə demək olar ki, bu gün vergi sistemi ən müasir standartlara uyğunlaşdırılıb.
Ümumiyyətlə, Heydər Əliyev tərəfindən təməli qoyulan sosial-iqtisadi inkişaf kursunun Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilməsi ölkəmizin iqtisadi sahədə böyük uğurlara imza atmasına zəmin yaradır. Bu fakt beynəlxalq reytinq agentliklərinin hesabatlarında da əksini tapıb. Azərbaycanda strateji valyuta ehtiyatları artır və bütün bunlar ölkədə sabit iqtisadi bazanı daha da möhkəmləndirir. Təbii ki, burada düzgün vergi strategiyasının qurulmasının böyük rolu var. Təsadüfi deyil ki, bu yaxınlarda Prezidentin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında vergilərlə bağlı hesabatda büdcə gəlirlərində vergilərin rolu və ümumilikdə iqtisadiyyatın yüksələn xətt üzrə inkişaf etməsində vergilərin əhəmiyyəti xüsusi olaraq vurğulanıb. Nazir Fazil Məmmədov çıxışı zamanı bildirib ki, hesabat dövründə dövlət büdcəsinin mədaxili 106,1 faiz yerinə yetirilməklə büdcəyə səfərbər edilmiş 4 milyard 482,7 milyon manat vəsaitin 1 milyard 762,9 milyon manatı Vergilər Nazirliyinin, 330,4 milyon manatı Dövlət Gömrük Komitəsinin, 2 milyard 342,6 milyon manatı isə Dövlət Neft Fondunun hesabına təmin edilib. Buradakı rəqəmlərdən belə nəticə çıxarmaq olar ki, həqiqətən də hər il olduğu kimi bu gün büdcə ilə bağlı məsələlərdə Vergilər Nazirliyinin üzərinə böyük yük düşür və bu qurum öz işini düzgün qura bilib. Dünya ölkələri arasında iqtisadi inkişaf templərinə görə lider mövqedə qərar tutan Azərbaycan üçün xarakterik xüsusiyyətlərdən biri də mövcud tərəqqinin yalnız ölkə paytaxtını deyil, bütün regionları, hər bir bölgəni əhatə etməsidir. Regionların sosial-iqtisadi inkişafına dair əvvəlki iki dövlət proqramının icra olunduğu 10 il ərzində regionlarda qeydiyyata alınan sahibkarlıq subyektlərinin sayı 7,2 dəfə, vergi daxilolmaları 12,7 dəfədən çox artıb. Respublikanın şəhər və rayonları üzrə vergi gəlirlərinin artımı artıq Sumqayıt, Şirvan, Mingəçevir şəhərlərinə, eləcə də Abşeron və İmişli rayonlarına öz xərclərini tamamilə yerli gəlirlər hesabına təmin etməyə imkan yaradıb. Bir diqqətçəkən məqamı da qeyd etmək olar ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən təhsil və inkişaf strategiyasının davamı olaraq cari ilin yanvarın 1-dən məktəbəqədər təhsil müəssisələri, uşaq bağçaları və körpələr evləri 10 il müddətinə bütün vergilərdən azad edilib. Bu isə təbii ki vergilər siyasətində həyata keçirilən tədbirlərdən ən təqdirə layiq hal kimi qiymətləndirilə bilər.
Həmçinin cari ilin fevral ayında Avropa Parlamentində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Vergilər, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin birgə təşkilatçılığı ilə “İnnovasiya və Mobil imza-Avropa ilə yeni rəqəmsal inteqrasiya vasitəsi kimi” mövzusunda keçirilən konfransda ilk dəfə olaraq elektron imzalar vasitəsilə Vergilər Nazirliyinin və Estoniyanın Sertifikat Mərkəzləri arasında Anlaşma Memorandumu imzalandı ki, bu da 2013-cü ilin may ayından etibarən Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən verilən müasir tipli Mobil imzanın “Asan İmza”nın beynəlxalq əməliyyatlarda tanınmasına və ölkələr arasında sərhədsiz rəqəmsal inteqrasiyaya nail olmağa imkan verdi. Ən vacib məqamlardan biri kimi Prezidentin elektron xidmətlərin dairəsinin daha da genişləndirilməsi və mütərəqqi ödəniş sistemlərinin tətbiqi məqsədilə imzaladığı fərmanla “Asan ödəniş” sisteminin yaradılması barədə müvafiq tapşırıqların verilməsini də qeyd edə bilərik. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Vergilər Nazirliyinin birgə həyata keçirdiyi bu layihənin nəticəsi olaraq inzibati cərimələrin və məhkəmə qərarı ilə ödənilməli olan vəsaitlərin onlayn rejimdə ödənilməsi vətəndaş-məmur münasibətlərini minimuma endirəcək, ölkə vətəndaşlarının bütün sahələrdə Prezidentin diqqət və qayğısı ilə əhatə olunmasının daha bir bariz nümunəsi olacaq.
Ölkəmizin qüdrətli olmasında iqtisadi amillərin rolu barədə qeyd etdik və burada vergi sisteminin böyük rol oynamasını da vurğuladıq. Nəzərə alsaq ki, sənaye də iqtisadiyyatımızda mühüm əhəmiyyət kəsb edir və bu il Prezident ölkədə “Sənaye ili” elan edib, bu mənada Vergilər Nazirliyinin bu məsələdə hansı töhfələr verəcəyi də maraq doğurur. “Sənaye ili” çərçivəsində vergi güzəştlərinin tətbiq olunacağını və bunun da sənayenin inkişafına töhfə verəcəyini demək olar.
Beləliklə, bir zamanlar əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən müasir vergi sisteminin Azərbaycan iqtisadiyyatının möhkəmlənməsində böyük rolu olduğunu əminliklə deyə bilərik və bu strategiya hətta bir model olaraq keçid iqtisadiyyatlı ölkələrin iqtisadi inkişafı baxımından nümunə kimi qəbul edilə bilər.
Yazı Vergilər Nazirliyinin “Vergilər” qəzetinin və Azərbaycan Mətbuat Şurasının keçirdiyi “Heydər Əliyev və Azərbaycanda vergi siyasəti” mövzusunda müsabiqəyə təqdim edilir





 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info