Sığorta-pensiya sistemində elektron xidmətlər: operativliyin, rahatlığın və şəffaflığın təminatı
Tarix: 05.05.2014 | Saat: 23:45:00 | E-mail | Çapa göndər


Azərbaycanda sosial-iqtisadi proqres modern dövlət və hökumət quruculuğu ilə paralel olaraq baş verməkdədir. Sosial-iqtisadi sahədə əldə olunan nailiyyətlər və gəlirlər birbaşa əhalinin sosial təminatında öz əksini tapdığı kimi, modern hökumət quruculuğu da bilavasitə vətəndaşların rifahına və rahatlığına, eyni zamanda şəffaflığın təmin olunmasına xidmət edir.
Bu mənada, Prezident İlham Əliyevin birbaşa təşəbbüsü və iradəsi altında həyata keçirilən “elektron hökumət”in formalaşdırılması prosesi, tətbiq olunduğu sahələrdə şəffaflıq və operativlik baxımından vəziyyəti tamamilə kökündən dəyişməkdədir. Əslində Prezidentin 2014-cü il 2 aprel tarixli sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”da da qeyd olunur ki, informasiya və kommunikasiya texnologiyaları respublikanın davamlı və dayanıqlı inkişafının təmin edilməsi, cəmiyyətdə şəffaflığın və demokratiyanın inkişaf etdirilməsi üçün əlverişli vasitə olaraq qəbul edilir. Ona görə də ölkədə “elektron hökumət”in formalaşdırılmasına ciddi diqqət yetirilir və bu, məmur-vətəndaş münasibətlərinin İKT vasitələrindən istifadə etməklə sadələşdirilməsinə, şəffaflaşdırılmasına xidmət edir. Bu sahədə dövlət qurumlarının göstərdiyi elektron xidmətlərin keyfiyyətinin daim artırılması və əhatə dairəsinin genişləndirilməsi prosesi gedir.

“DSMF elektron xidmətlərin artırılması sahəsində irəliyə doğru çox ciddi addımlar atır”

Elektron xidmətlərlə bağlı bildirərkən, bu xidmətləri uğurla tətbiq etməyə başlayan Dövlət Sosial Müdafiə Fondunun da fəaliyyətini qeyd etməyə dəyər. Belə ki, son dövrlərdə DSMF tərəfindən elektron xidmətlərin keyfiyyətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi üçün ardıcıl işlər görülür. Sığorta-pensiya sistemində elektron xidmətlərin tətbiqi isə bu sahədə operativliyin, şəffaflığın və dəqiqliyin təmin olunmasında həlledici rol oynamağa başlayıb. DSMF-dən aldığımız məlumata görə, bu gün ölkənin sığorta-pensiya sistemi əhalinin 40 faizdən çoxunu əhatə edir və fondun mərkəzi məlumat bazasında 1 milyon 277 min nəfər pensiyaçı və 2 milyon 750 min nəfər sığortaolunan barədə müvafiq məlumatlar toplanıb. Hazırda Azərbaycanda müasir avtomatlaşmış əsaslarla fəaliyyət göstərən sığorta-pensiya sistemi mövcuddur və informasiya texnologiyalarının uğurlu tətbiqi nəticəsində fond tərəfindən əhaliyə təqdim olunan elektron xidmətlərin sayı 19-a çatdırılıb. Çoxsaylı pensiyaçı və sığortaolunanlara müasir əsaslarla xidmətin təşkili məsələlərinin həllində DSMF öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışır. Bunlardan biri də elektron hesabat xidməti üzrədir. Elektron hesabat xidmətindən istifadə qaydaları və xüsusi proqram təminatı DSMF-nin “sspf.gov.az” saytında yerləşdirilib.
Bu mövzuda bizə fikirlərini bildirən millət vəkili Əli Məsimli qeyd etdi ki, beş ildir, ölkəmizdə “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı” həyata keçirilir: “Həmin proqrama eləcə də Azərbaycanda vətəndaşlar üçün məlumatların asan və şəffaf qaydada əldə edilməsinə xidmət edən "elektron hökumət"in qurulması istiqamətində görülən işlərin tərkib hissəsi kimi ölkəmizdə sığorta-pensiya sistemində müasir informasiya-kommunikasiya texnologiyaları (İKT) geniş tətbiq olunmaqdadır. Görülən tədbirlər pensiya təyinatının tam avtomatlaşmasına aparır ki, bu da həmin sahədə rast gəlinən neqativlərin aradan qaldırılması üçün çox zəruridir. Hazırda Dövlət Sosial Müdafiə Fondunun yerli şöbələrində də bu istiqamətdə müvafiq işlər görülür. Müasir standartlara uyğun avtomatlaşdırılmış pensiya təyinatına keçməkdən ötrü Dövlət Sosial Müdafiə Fondunun şöbələrinin əksəriyyətində müasir kompyuter infrastrukturu yaradılıb. Sahibkarlıq fəaliyyətində “vahid pəncərə” sisteminin tətbiqi digər müsbət məqamlarla yanaşı, sosial sığorta ayırmalarının ödənilməsindən yayınmaların da nisbətən aradan qaldırılmasına da müsbət təsir göstərir. Ona görə də bu işi "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"nda nəzərdə tutulan kimi sığorta-pensiya sistemində elektron xidmətlər vasitəsilə şəffaflığın artırılması istiqamətində işlər sistemli şəkildə davam etdirilməlidir”.
Millət vəkilinin qənaətincə, DSMF elektron xidmətlərin artırılması sahəsində irəliyə doğru çox ciddi addımlar atır: “Məsələn, məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərlə bağlı elektron xidmət tətbiq edilir. Bu xidmət 5 növ müavinət üçün müraciətlərin elektron qaydada DSMF-yə təqdim olunmasını nəzərdə tutur: Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət; hamiləliyə və doğuma görə müavinət; uşağın anadan olmasına görə müavinət; uşağa qulluğa görə müavinət və nəhayət, dəfn üçün müavinət. Müavinətlərlə bağlı elektron xidmətdən istifadə edilməsi üçün adı çəkilən hər bir müavinət növü üzrə ayrıca proqram təminatı hazırlanıb. Yeni proqram təminatı əməliyyatların kağız üzərində deyil, elektron qaydada funksionallaşdırılmasını təmin edir. Bu iş nəzərdə tutulan sistem üzrə həyata keçirilsə, böyük sayda kontingentə beş müavinət növü üzrə xidmətin avtomatlaşdırılması bu sahədə şəffaflığın artmasında mühüm rol oynayacaq”.
Mövzu barəsində bizə danışan əmək və sosial münasibətlər üzrə ekspert Xəzər Teyyublu isə düşünür ki, hər bir işçinin pensiyayaqədərki dövr üçün pensiyanı izləmək hüququ var: “İndiki vaxtda haqqında danışılan elektron sistemə keçid belə bir nəhəng işin asanlaşdırılması və bu sahədə bürokratik əngəllərə son verməkdir. İnkişaf etmiş ölkələrdə bu sistemə keçid 80-ci illərdə baş verib”. Ekspert bu sahədə yeniliklərin tətbiqini belə proqnozlaşdırır: “Hətta, vaxt gələcək vətəndaşlarımızın milli kimliyinə bu proqramlar yüklənəcək, əmək stajı, banklarda pul hesabı, avtosürücülük sənədi, nəqliyyat gedişi və müasir həyatda daha çox kağız halında olan sair sənədləşmə formaları aradan götürüləcək”.

“DSMF-nin elektron xidmətləri vətəndaşlar tərəfindən dəstəklənir və təqdir olunur”

DSMF-nin sığorta-pensiya sistemi ilə bağlı vətəndaş cəmiyyəti nümayəndələrinin mövqeyini bilmək də maraqlıdır. “Konstitusiya” Araşdırmalar Fondunun eksperti Zaur İbrahimli bildirir ki, ölkə əhalisinin 40 faizindən çoxunu əhatə edən sığorta-pensiya sistemində şəffaflıq, korrupsiya risklərinin aradan qaldırılması, preventiv tədbirlərin görülməsi olduqca vacibdir: “Bu baxımdan sığorta-pensiya sistemində elektron xidmətlərin genişləndirilməsi şəffaflığın təmin edilməsi, məmur-vətəndaş təmasının minumuma endirilməsi, xidmətin keyfiyyətinin yaxşılaşdırılması üçün irəliyə doğru atılan mühüm addımdır. Statistik təhlillər göstərir ki, bu yeniliklər vətəndaşlar tərəfindən dəstəklənir və təqdir olunur. 2013-cü ildə 700 minə yaxın vətəndaşın bu xidmətlərdən istifadə etməsi çox böyük nailiyyətdir. Elektron xidmətlərin çox böyük üstünlüyü məmur-vətəndaş təmasının minumuma endirilməsi və beləliklə də mümkün korrupsiya sövdələşmələrinin qarşısının alınmasıdır. Elektron xidmətlər korrupsiyaya şərait yarada biləcək halların aradan qaldırılması və bütün mərhələlərdə şəffaflığın təmin olunmasına imkan yaradır. Korrupsiya sövdələşmələrinə meyilli məmur və vətəndaşlar üçün bu cür əməllər artıq az faydalı və çox riskli bir əmələ çevrilir. Korrupsiya mühiti dağılır və ona imkan verəcək faktorların çoxu aradan qalxır. Bu isə öz növbəsində şəffaflığa, vətəndaş hüquqlarının daha etibarlı müdafiəsinə imkan verir. Elekton xidmətlər el arasında müxtəlif cür adalndırılan qeyri-rəsmi ödənişlərin də aradan qaldırılmasına səbəb olur. Söhbət “hörmət”, “şirinlik” və s. adlar altında verilən pullardan gedir. Artıq nə məmurun, nə də vətəndaşın “hörmət etmək” imkanı qalmır. Bu isə şübhəsiz ki, hər bir şeyin qanun çərçivəsində baş verməsi, qanunçuluğun, son nəticədə isə şəffaflığın təmin olunması deməkdir”.
Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov isə qeyd etdi ki, Prezident İlham Əliyevin elektron xidmətlərə keçidlə bağlı imzaladığı müvafiq sərəncamdan sonra xüsusən əhaliyə xidmət sahələrində, o cümlədən sosial sahədə, sığorta-pensiya sistemində və dövlət qurumlarının fəaliyyətində şəffaflığın artırılması, əhalinin bu sahədə maarifləndirilməsinə öz müsbət təsirini göstərir: “Ümumilikdə bu, elektron hökumətin qurulması istiqamətində atılan mütərəqqi addımdır və təqdirəlayiqdir”. Vətəndaş cəmiyyətinin nümayəndəsi qeyd edir ki, son islahatlardan sonra artıq QHT-lər və fərdi şəxslər də rahat və maneəsiz, heç bir yerə getmədən elektron qaydada hesabatları təqdim edirlər. Bu, ölkədə əhalinin məlumatlara sərbəst çıxışının təmin olunması, bu sahədə şəffaf idarəetmənin yaranması baxımından vacibdir. Həmçinin, əhalinin də bu yeniliklərlə bağlı geniş məlumatlandırılması olduqca vacibdir. Belə ki, DSMF-nin fəaliyyəti əhalinin geniş kütləsini əhatə edir. Vətəndaş cəmiyyəti sektoru olaraq biz bu işlərin görülməsini dəstəkləyirik və hesab edirik ki, bu islahatlar demokratik və şəffaf dövlət quruculuğunda, əhalinin rifah halının yaxşılaşdırılmasında, şəffaflığın və hökumət qurumlarının effektiv idarətetməsinin, vətəndaşlara keyfiyyətli xidmətin təşkilində vacib addımlardandır”.
Qeyd edək ki, DSMF-nin yenilikləri sayəsində hazırda bütün ölkə üzrə iri və orta sahibkarlardan, kommersiya və qeyri-kommersiya xarakterli hüquqi şəxslərdən hesabatlar tam elektron qaydada qəbul edilir. Kiçik ödəniş edən, mühasibatlığı avtomatlaşdırılmamış torpaq pay mülkiyyətçiləri, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər isə DSMF-nin yerli şöbələrində yaradılmış “Yardım masaları”nın xidmətindən yararlanmaqla öz hesabatlarını elektron formada təqdim etmək imkanı qazanırlar. “Yardım masaları”nın fəaliyyətinin genişləndirilməsi ilə bağlı kiçik ödəniş edən sığorta edənlərin elektron hesabatlarının sayının daha da artacağı gözlənilir.
Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi elektron xidməti vasitəsilə sığortaedənlər məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsini həyata keçirə bilərlər. Elektron xidmətdən istifadə etmək üçün “Elektron Xidmətlər Portalına” daxil olaraq DSMF tərəfindən təqdim olunan elektron xidmətlərin siyahısından “Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi” elektron xidmətindən istifadə etmək mümkündür.
“Sığortaolunanın onlayn uçota alınması” adlı xidmət vasitəsilə sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi prosesini elektron qaydada həyata keçirmək mümkündür. Bu xidmət vasitəsi ilə hər bir sığorta edən öz ofisindən kənara çıxmadan birbaşa elektron qaydada müraciət etməklə sığortaolunanlar üçün sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi imkanına malikdirlər. Bu xidmət vasitəsilə vətəndaşların fərdi uçot sistemində uçota alınaraq sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi prosesi elektron qaydada həyata keçirilir. Həmçinin “Sığortaolunanın onlayn uçota alınması” xidməti sığortaedənlərlə DSMF orqanları arasında münasibətlərin sadələşdirilməsinə imkan yaradır və sığorta-pensiya sistemində şəffaflığın daha da artırılmasını təmin edir. Elektron xidmətdən istifadə üçün sığortaedən həm DSMF-nin saytı, həm “Elektron hökumət” portalı vasitəsi ilə “Sığortaolunanın onlayn uçota alınması” elektron xidmətini seçir və müvafiq xanaları dolduraraq sorğu edir.
İctimaiyyətlə mövcud olan əlaqələri daha da inkişaf etdirmək, əhalinin sığorta-pensiya sistemi ilə bağlı istənilən suallarını operativ şəkildə cavablandırmaq məqsədi ilə Dövlət Sosial Müdafiə Fondunda müasir tipli «Call-center» - «Mərkəzləşdirilmiş Çağrı Sistemi» («190»nömrəli telefon məlumat xidməti) yaradılıb.
Onu da qeyd edək ki, sığorta-pensiya islahatlarının nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilməsinin nəticəsi kimi 2013-cü ildə Azərbaycan növbəti dəfə inkişaf etmiş Avropa ölkələri ilə bir sırada Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin üzvü seçilib. Bundan başqa, DSMF beynəlxalq səviyyəli bir sıra müsabiqələr və nominasiyalar üzrə qalib olub.
İlkin AĞAYEV

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun "Sığorta-pensiya sistemində elektron xidmətlər şəffaflığın əsas vasitəsidir" mövzusunda elan etdiyi müsabiqəyə təqdim edilir




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info