“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni binasının açılışı olub
Tarix: 06.05.2014 | Saat: 00:53:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Kitabxanasının yeni binasının açılışı olub. Prezident İlham Əliyev açılışda iştirak edib. AMEA prezidenti, akademik Akif Əlizadə dövlət başçısına məlumat verib ki, “Akademiya şəhərciyi”ndə tikilmiş yeni binanın ümumi sahəsi 28 min kvadratmetrdən çoxdur. Bu kitabxana respublikamızda milli və dünya əhəmiyyətli elmi nəşrlərin zəngin fondlarına malik olan ən iri, universal təmayüllü, aparıcı elmi kitabxanadır. Akademiyanın struktur bölməsi kimi fəaliyyət göstərən Mərkəzi Kitabxana kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq, kitab tarixi və informasiyalaşdırma sahəsində fəaliyyət göstərir. Bu zəngin tarixə malik elm və mədəniyyət ocağı AMEA sistemində aparılan bütün kompleks və sahəvi problemlər üzrə ixtisaslaşdırılmış məlumat-informasiya mərkəzi və ölkə miqyasında baş elmi-texniki informasiya müəssisəsidir. Qeyd edilib ki, altımərtəbəli yeni bina orijinal layihəsi və müasirliyi ilə diqqəti cəlb edir. Dövlət başçısının tapşırığına uyğun olaraq Mərkəzi Kitabxanada ən son elmi-texniki yeniliklərə əsaslanan informasiya-kommunikasiya texnologiyalarının tətbiqi xüsusi diqqətdə saxlanılıb.
Prezidentə AMEA-nın Mərkəzi Kitabxanasının ilk oxucu kartı təqdim edilib. Məlumat verilib ki, kitabxanaya üzv olmaq istəyənlərə oxucu bileti avtomatik qaydada təqdim edilir. Ölkəmizin kitabxanaçılıq tarixində ən müasir avadanlıq və sistemlər ilk dəfə məhz bu kitabxanada tətbiq olunub. Girişdəki elektron köşklərdə kitabxananın strukturu, hər bir mərtəbənin sxemi, müxtəlif bölmələrin yerləşdiyi mərtəbələr, kitablar, o cümlədən fonda yeni daxil olan nəşrlər barədə müfəssəl məlumat almaq mümkündür. Hərəkət qabiliyyəti məhdud insanların informasiya almaları üçün burada xüsusi köşk quraşdırılıb. Kitabxananın bütün mərtəbələrində quraşdırılan monitorlarda fonda daxil olan ən son yeniliklər barədə dolğun məlumatlar əksini tapıb. Burada kitabların sifarişi də elektron qaydada aparılır. Diqqətə çatdırılıb ki, kitabxanada 300 kompyuter quraşdırılıb. Server vasitəsilə sistemə qoşulan kompyuterlər vahid şəbəkə təşkil edir və müvafiq tələblərə uyğun müasir proqramlarla təchiz edilib. Bu da abunə haqqını ödəmək şərti ilə dünyanın aparıcı kitabxana resurslarına qoşulmaq imkanı yaradır.
Kitabxanada 1945-ci il martın 27-də təsis olunmuş Azərbaycan Elmlər Akademiyasının 15 nəfərdən ibarət ilk tərkibinə həsr edilən xüsusi guşə də yaradılıb. Bu elm ocağının akademikləri üçün zal da hərtərəfli təminatı ilə diqqəti cəlb edir. Həmin zalda eyni vaxtda 50 akademik elmi araşdırmaları ilə bağlı səmərəli iş apara bilər. Mərkəzi Kitabxananın yeni binasındakı 14 oxu zalında 1000-dən çox oxucunun eyni vaxtda elektron və çap məhsullarından istifadə etmək imkanı olacaq. Bilavasitə Akademiya işçiləri üçün nəzərdə tutulan abunə xidmətlərindən 80 oxucu eyni zamanda yararlana biləcək. Ölkəmizin müxtəlif guşələrində yaşayan virtual abunəçilərin sorğularının cavablandırılması üçün də burada hər cür şərait yaradılıb.
Qeyd edilib ki, kitabxanada dissertasiya zalı da fəaliyyət göstərir. Burada səmərəli fəaliyyət üçün bütün imkanlar var. Müzakirə otağı və müasir texnika ilə təchiz edilən digər otaqlar da oxucuların istifadəsindədir. Bildirilib ki, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı əsasında yeni binada Mərkəzi Kitabxana ilə yanaşı, İnformasiya Resursları Mərkəzi də fəaliyyət göstərəcək. Yeni binada 3,5 milyon kitabı əhatə edən əsas fond, eləcə də böyük miqdarda çertyoj, xəritə, film və digər informasiya daşıyıcıları saxlanacaq. Ümumilikdə akademiyanın istifadəsinə verilən Mərkəzi Kitabxananın yeni binası həm alimlərə dünya kitabxanalarının zəngin fondlarından faydalanmaq imkanı yaradacaq, həm də burada bütün struktur vahidlərinin məqsədyönlü fəaliyyəti nəticəsində informasiya idarə olunan və əlaqələndirilə bilən strateji resursa çevriləcək. Kitabxanada, həmçinin yeni nəşrlərin mütəmadi sərgisi keçiriləcək. Diqqətə çatdırılıb ki, kitabxananın 4 milyona yaxın kitabın saxlanılmasına imkan verən qapalı və xüsusi şəraitli fondu var. Kitabxananın imkanlarından görmə qabiliyyəti zəif olan insanların da hərtərəfli yararlanmaları üçün müvafiq şərait yaradılıb. Prezident İlham Əliyevə AMEA-nın Rəyasət Heyətinin, yeni layihələndirilən Riyaziyyat və Mexanika İnstitutunun, Respublika Seysmoloji Xidmət Mərkəzinin, həmçinin Akademiyanın əməkdaşlarının Mərdəkan qəsəbəsindəki istirahət zonasının memarlıq eskizləri təqdim olunub. Prezident Azərbaycan Milli Elmlər Akademiyasının “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni binasının açılışınd da iştirak edib. Dövlət başçısına Azərbaycan Milli Ensiklopediyasının “Azərbaycan” xüsusi cildi barədə məlumat verilib. Bildirilib ki, bütövlükdə Azərbaycan Respublikasına həsr olunmuş cilddə 14 bölmədə 155 məqalə toplanıb. Nəşr 2007-ci ildə Azərbaycan, 2012-ci ildə isə rus dilində işıq üzü görüb. Hazırda “Azərbaycan” cildinin ingilis dili versiyası üzərində iş görülür. Sonra Prezident İlham Əliyevə redaksiya heyətinin rəhbəri Mehriban Əliyeva olan “Azərbaycan Muğam Ensiklopediyası”, 847-ci ildə hazırlanmış dünyada ilk ensiklopediyanın surəti, eləcə də alman alimlər Mixael Reinhard Hes və Reinhart Moritzenin İmadəddin Nəsimiyə həsr olunmuş kitabları təqdim edilib. Dövlət başçısı binada yaradılmış şəraitdən razılığını bildirib, tapşırıqlarını verib.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info