“İtaliyada Azərbaycan ədəbiyyatını araşdıran tələbələr yetişdirirəm”
Tarix: 06.05.2014 | Saat: 21:41:00 | E-mail | Çapa göndər


Məryəm Mehdiyeva: “İşsizliklə mübarizə aparan italyan gənclər üçün Azərbaycan perspektivli ölkədir”

“Palitra”nın xaricdə təhsil alan və ya burada uğurlu fəaliyyət göstərən istedadlı gənclərlə bağlı rubrikasının bu dəfəki qonağı gənc olmasına baxmayaraq, İtaliyada böyük uğurlara imza atan Məryəm Mehdiyevadır. Məryəm xanım haqqında təkcə bir maraqlı faktı qeyd etmək yerinə düşər ki, o italyan gənclərə azərbaycan dilini tədris edir. Bu bacarıqlı və savadlı gənclə olan müsahibəni oxuculara təqdim edirik.
- Öncə özünüz haqda ətraflı məlumat verərdiniz.
-Mən - Mehdiyeva Məryəm 1987-ci ildə anadan olmuşam. 1994-cü ildən 1999-cu ilə kimi Eldar Məmmədov adına 189 saylı orta məktəbdə, daha sonra Namiq Babayev adına 144 saylı orta məktəbdə oxumuşam. 2005-ci ildə Azərbaycan Dillər Universitetinin Tərcümə (italyan dili) fakültəsinə daxil olmuşam. Bu universitetdə oxuduğum müddətdə dəfələrlə İtaliyaya dil kurslarına getmişəm. Universiteti bitirən kimi təhsilimi İtaliyada davam etdirməyə qərar verdim. Hazırda da Perucada Beynəlxalq münasibətlər və reklam fakültəsində təhsil alıram. Artıq iki ildir ki, Venesiyada Ka Foskari Universitetində Azərbaycan dilini tədris edirəm.
-Yəqin ki, sizdə Dillər Universitetində oxuduğunuz müddətdə İtaliyaya dili kurslarına getdikdən sonra bu ölkədə təhsil almaq marağı yarandı...
-Mənim Azərbaycandakı ilk ali təhsilim də italyan dili ilə bağlı idi. Yəni demək istəyirəm ki, mən İtaliyanı 2005-ci ildən, abituriyent olduğum zamanlardan seçmişəm. Təbii ki, o vaxtlar gələcəkdə İtaliyaya gedə biləcəyim, hətta bu ölkədə təhsil alacağım, daha sonra işləyəcəyim ağlıma da gəlməzdi. Amma ingilis dilini deyil, nadir, hamının bilmədiyi bir dili bilməkdə bir fayda olduğunu anlamışdım. Dillər Universitetində oxuduğum zaman bir neçə dəfə İtaliyada olmuşam. O zaman burada təhsil imkanları ilə maraqlanmışam. Çətin olsa da burada təhsil almağın mümkünlüyünü anlayıb cəhd etdim və alındı. Bir neçə ay ərzində əziyyətli bir yol keçmişəm, sənəd yığmaq üçün gah universitetə, gah tərcümə üçün notariusa, gah da səfirliyə qaçdım. İtaliyadan istənilən bəzi sənədləri Azərbaycanda almaq asan deyil. Bir də sənəd adi diqqətsizlik üzündən səhv olarsa, bir əziyyəti iki dəfə çəkməli olursan. Dediklərim şikayət kimi görünsə də, indi geriyə baxıram, əziyyətlərim hər şeyə dəyərmiş.
-Bu ölkənin təhsil sistemi necə, sizi qane edir? Oxuduğunuz universitet barədə də ətraflı danışardınız...
-Təhsil sistemi fərqlidir. Burada kredit sistemidir və universiteti bitirmək üçün 180 kreditin olmalıdır. Hər verdiyin imtahan sənə müəyyən sayda kredit verir. Kreditin sayı isə imtahanın çətinliyindən və dərs sayından asılıdır. Məsələn, həftədə 3 dəfə olan dərsin imtahanı sənə 9 kredit qazandırır, həftədə bir dəfə olan fənnin imtahanı isə 3 kredit. 12 kreditlik əlavə fənn də seçə bilərik. Xarici dil seçimi də özümüzə məxsusdur. İngilis və ispan dilləri məcburidir. Seçəcəyimiz dillər isə onların sözü ilə desək, “uzaq dillər”dir. Yəni, ərəb, çin, yapon və s. Mən ərəb dilini seçmişdim. İndi də bu dili elementar səviyyədə bilirəm. Bu mənim universitetimin tətbiq etdiyi sistemdir, qalan universitetlər də demək olar ki, eynidir. Ümumilikdə təhsilin səviyyəsini isə yüksək qiymətləndirirəm. Bizə dərs deyən professorlar təkcə müəllimlik etmir. Hər birinin akademik fəaliyyətdən əlavə başqa peşəsi də var. Xüsusi hüquq fənnini eyni zamanda vəkil olan bir professor tədris edir. Marketinq və sosial araşdırmalar fənlərini Londonda biznesi olan bir xanım tədris edir. Musiqi müəllimimiz Azərbaycana da konsertə dəvət olunmuşdu. Vizual rabitə dərsini məşhur dizayner deyir. Sanki dərs keçməyə deyil, öz təcrübələrini bizimlə bölüşməyə gəlirlər. Bizim universiteti bitirən tələbələrin böyük qismi iş həyatında rahatlıqla addım atır. Mənfi xüsusiyyətlər bürokratiya ilə bağlı ola bilər. Bir şeyi anladım ki, hansı ölkədə olursan ol, işini ehtiyatlı tutmalısan, heç kimə güvənməməlisən. Mən, məsələn, sənədləri poçtla göndərdikdən bir neçə gün sonra universitetə zəng edərək zərfi alıb-almadıqlarını soruşuram.
-İtalyanlar da bizim kimi temperamentli olurlar. Ümumiyyətlə, bu xalqın həyat tərzi haqqında danışardınız.
-Mənim üçün bütün insanlar eynidir. Fərq qoymamağa çalışıram. Amma italyanlar gülərüz, yeyib-içən, deyib-gülən xalqdır. Düzdür, son zamanlar iqtisadi böhranla əlaqədar çox dəyişiblər. Kasıb təbəqədə bir aqressivlik müşahidə edirəm. Xüsusilə də siyasətçilərə, məşhurlara və varlılara qarşı. “Biz çətinlik çəkirik, siz heç nə itirmirsiniz” deyirlər, “olan kasıba olur” deyirlər. Xoşbəxtlikdən mənim işim gənclərlədir, onlar da gələcəyə ümidlə baxırlar.
-Azərbaycanlılar necə, çoxdurlarmı, aktivdirlərmi?
-Çox deməzdim. Az da olsaq, yüksək səviyyədə təmsil etməyə çalışırıq ölkəmizi.
-İtaliyada təhsillə yanaşı ictimai diaspor işləriniz olurmu? Qatılırsınızmı Azərbaycanla bağlı tədbirlərə?
-Əlimdən gəldiyi qədər bu işlərə də vaxt ayırıram. Burada Fərid Abbasovun sədrlik etdiyi AİYA (Azerbaijani-İtalian Youth Association) təşkilatının Venesiya və Peruca üzrə koordinatoruyam. Təşkilatın fəaliyyəti, məqsədi İtaliyada təhsil alan azərbaycanlı tələbələrə hər cəhətdən kömək etmək, italyan və azərbaycanlı tələbələr arasındakı əlaqələri möhkəmləndirmək və ən əsası, Azərbaycanı layiqincə təmsil etməkdir. İtaliyada Azərbaycanla bağlı konfranslarda və tədbirlərdə də iştirak etməyə çalışıram. Yaxında Romada 28 May Respublika Gününə aid tədbir olacaq. Həm unutmayın ki, mənim Venesiyadakı işim Azərbaycan dilinin və mədəniyyətinin ən effektiv şəkildə təbliğidir. Mən Azərbaycan dilində danışan, Dədə Qorqudu oxuyub tərcümə edən, diplom işini Azərbaycan ədəbiyyatı ilə bağlı yazan tələbələr yetişdirirəm.
- Bəxtiniz bir də ona görə gətirib ki, dünyanın ən gözəl şəhərlərindən olan Venesiyada yaşayırsınız.
-Bəli, həqiqətən də bu, mənə müsbət enerji verir. Venesiya dünyanın ən gözəl, ən fərqli şəhərlərindəndir. 400-dən çox körpü əlaqələndirir bu şəhəri. Venesiya avtomobil sürə bilməyəcəyin bir yerdir. Amma buna rəğmən yolun məşhur körpülərdən birinin üstündən keçirsə, turistlərin əlindən tıxacda ilişib qalırsan. Möcüzəli bir yerdir, günün hər saatında fərqli rənglərə boyanır. Başdan başa tarixdir, bir incəsənət əsəridir. Məşhur San Marko meydanı isə axşamları canlı orkestrə qulaq asıb rəqs edə biləcəyin nağıllar aləmidir.
-Venesiyanın ən prestijli universitetində dərs deyən ilk azərbaycanlı müəlliməsiniz. Bu fəaliyyətiniz barədə də geniş danışardınız.
-Öncə deyim ki, bu, Azərbaycanın İtaliyadakı səfirliyinin təşəbbüsüdür. Ümid edirəm ki, onların Ka Foskari Universiteti ilə əməkdaşlıqları uzun sürər. Venesiyadakı işim həftədə iki dəfə Azərbaycan dilini tədris etməkdir. Bundan başqa həftədə bir dəfə Ural-altay filologiyası fənni çərçivəsində seminar keçirəm. Azərbaycan dilini və ədəbiyyatını çox sevən və hər zaman yüksək qiymətləndirən bir professorun məsləhəti ilə bu seminarı Dədə Qorqud dastanına həsr etməyi qərara aldıq. Qeyd edim ki, bu əsər tələbələrin böyük marağına səbəb oldu. Mən də fürsətdən istifadə edib qəhrəmanlıq dastanı ilə yanaşı uşaqları oğuz elinin adət-ənənəsi ilə də tanış etməyə çalışıram. Çoxları “italyanlar azərbaycanca niyə öyrənsin?” deyirlər. Bilmirlər ki, o universitetdə bizimlə sərhəd olan bütün ölkələrin dili öyrənilir. Türkcə, rusca, farsca, hətta gürcü və ermənicə. Bizim dilimizi niyə öyrənməsinlər ki? Biz onlar üçün inkişaf imkanları geniş olan bir neft ölkəsiyik. İşsizliklə mübarizə aparan gənclər üçün Azərbaycan perspektivli bir ölkədir.
-Belə başa düşdüm ki, sayənizdə Venesiyada Azərbaycanı yetərincə tanıyırlar...
-Bəli. Özü də təkcə universitet mühitində deyil. Ümumiyyətlə, Azərbaycan keçən il Venesiyada bir çox ilklərə imza atdı. Bir il bundan qabaq Biennale adlanan incəsənət tədbirində ölkəmiz ilk dəfə iştirak etdi və çox böyük uğur qazandı. Azərbaycanın reklamı Venesiyadakı nəqliyyat vasitələrində də yerləşdirildi. Tələbələr hələ də Azərbaycan pavilyonunun gözəlliyindən danışır, tədbirdə paylanan Azərbaycan yazılı çantalarla dərsə gəlirlər.
- Bildiyim qədərilə tərcüməçi olduğunuzu da unutmursunuz. Bu sahədə də fəaliyyət göstərirsinizmi?
-Bəli. Tərcüməçiliyi də sevirəm. İnsan fərqli mühitlərə düşür. Turistlərlə turist olub gəzir, alimlərlə, tədqiqatçılarla məlumatlanır, fabrikdə fəhlə olur, futbolda stadiona enir, qalibiyyət və ya məğlubiyyət həyəcanı yaşayır, konsertlərdə də həm işləyir, həm də əylənir. Bu arada qeyd edim ki, “Neftçi” komandası İtaliyanın məşhur “İnter” komandası ilə oynayarkən stadionda tərcüməçi mən olmuşdum.
- İtalyan gənci ilə azərbaycanlı gənci arasında necə müqayisə aparmaq olar?
- İnsanlar hər yerdə eynidir. Hər şey gəncin aldığı ailə tərbiyəsindən və qarşısına qoyduğu məqsədlərdən asılıdır. Təbii ki, yaşadığın ölkə, aldığın təhsil, ümumiyyətlə, cəmiyyət müəyyən təsir göstərir, amma hər şeydən əvvəl insanın öz prinsipləridir. İsti evi, işığı, normal qidası, müəllimlərlə fərdi məşğələyə verəcək pulu olmayan o qədər gənc istədiyinə nail olur ki. Nə qədər insan da əlində olan bütün imkanları puç edir. Azərbaycan ya İtaliya, fərqi yoxdur, gənc və güclü olmağından istifadə etməlisən! Bütün işləri görüb təcrübə toplamalısan. Bu gün italyan gənci də, azərbaycanlı bir gənc də mübarizələrlə dolu bir cəmiyyətdə yaşayır. Ona görə hər kəs özünə bir yol seçib arzularına doğru hərəkət etməlidir.
- Gələcək planlarınız nələrdən ibarətdir? Ümumiyyətlə, Vətənə qayıdıb biliklərinizi burda da tətbiq etmək fikriniz varmı?
-Mən də gənc olduğuma görə planlarım da çox olmalıdır, deyilmi? Hamısını da sıra ilə həyata keçirirəm. İlk iş universiteti bitirməkdir. İşlə üst-üstə düşdüyü üçün bəzən oxumağı təxirə salıram. Azərbaycana gəlmək məsələsinə qayıtdıqda isə, mən Azərbaycandan getməmişəm ki. İlin ən azı yarısını Bakıda keçirirəm artıq. Burada da boş durmuram, həmişə işim olur. İtaliyada yaşadığım müddətdə də Azərbaycanla bağlı işlər görürəm. Ona görə də özümü sizdən çox uzaq hiss etmirəm.
- İtaliyada təhsil almaq, bura üz tutmaq istəyən gənclərə hansı məsləhətləri verərdiniz?
-Əsas səbirli olsunlar. Sənəd işi və həvəsdən salmaq üçün verilən məsləhətlər sizi yora bilər. Mən İtaliyaya getdiyim vaxt tək idim, bu qədər imkanlar yox idi. Bəlkə də mən kifayət qədər məlumatlı deyildim. Hər şeyi özüm həll etməli idim. İndi dövlət özü xaricdə təhsilə daha çox diqqət və vəsait ayırır. Məlumatlanmaq üçün də daha çox vasitə var. Məhz İtaliyaya gəlmək istəyənlər AİYA-a üzv olub lazım olan məlumatı artıq burada təhsil alan gənclərdən də ala bilərlər. Amma harada və hansı fakültədə oxumaq istədiklərinə qərar verib sonra kimdənsə kömək istəsinlər. Bəzi adamlar “mən İtaliyaya necə gələ bilərəm” soruşub hər şeyi sənin onların əvəzinə etməyini gözləyirlər. Soruşanda ki, sən gəlib hansı fakültədə oxumaq istəyirsən, deyirlər bilmirəm, nə olursa olsun. Bax, burada nə mən, nə də başqa biri sizə kömək edə bilər. Hər universitetin öz qəbul qaydası var, hər biri də fərqli sənədlər və rekvizitlər tələb edir.
-Sonda bizə arzu, təklif və istəyiniz?
-Sizə tək arzum, daim oxucularınıza sadiq, cəmiyyətə isə xeyirli olmağınızdır. Təşəkkür edirəm diqqət ayırdığınız üçün və təklifim odur ki, həmişə gənclərə geniş yer ayırasınız.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10494

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info