Tarzən Ədalət Behbudov: “Hər bir tarzənin birgə çalışdığı kamança ifaçısı olmalıdır”
Tarix: 15.05.2014 | Saat: 00:48:00 | E-mail | Çapa göndər




Müsahibimiz 2011-ci ildə II Respublika Muğam Müsabiqəsinin, 2012-ci ildə VII Beynəlxalq Avrasiya səsləri Festivalının və 2014-cü il “Budaşqım” Beynəlxalq Müsabiqəsinin qalibləri olan Şuşa Musiqi Kollecinin və Füzuli Rayon Musiqi Məktəbinin müəllimi Ədalət Behbudov və Şuşa Musiqi Kollecinin və Azərbaycan Milli Konservatoriyasının müəllimi Pərviz Fərhadovdur:

- Tədris etdiyiniz tar sənətində hansı pedaqoji yeniliklər var?
- Əvvəlcə onu qeyd edim ki, mən bu sənətə sahib olduğuma görə ustadım Əməkdar artist, tarzən Elçin Həşimova borcluyam. Çünki o məni rayonumuzdan Bakı şəhərinə gətirib, bildiyi tar sənətinin sirlərindən agah etdi. Bu gün də hər addımımda müəllimimlə məsləhətləşirəm. Bu sənətdə olduğuma görə də fəxr edirəm. Əldə etdiyim hər bir uğur, mənim yox Azərbaycan xalqının uğurudur. Sualınıza gəlincə isə, bu gün gənclər arasında tar ifaçıları çoxluq təşkil edir. Ümumiyyətlə, tara, kamançaya və xanəndəlik sənətinə həvəs daha böyükdür. Əlbəttə ki, istedadlı gənclərimiz də çoxdur. Tar sənətimizdən söhbət açsaq, bu gün ustad tarzənlərimiz olan Möhlət Müslümov, Firuz Əliyev, Ağasəlim Abdullayev, Elçin Həşimov sənəti gənc nəsillərin həyat cığırları oldu. Bu ustadlarımızın sayəsində gənclərimiz milli ruha, milli dəyərlərə yiyələndilər. İncəsənətimizin qiymətli incilərindən olan muğama dəyəri Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2005-ci ildən Televiziya Muğam Müsabiqəsinə dəstək olduqdan sonra gənclər arasında muğama həvəs daha da artdı. Bunun nəticəsi olaraq, qastrol səfərlərimizdə muğamımızın böyük alqışlarla qarşılanmasının şahidi oluruq.
- Xarici ölkələrdə tarı solo, yoxsa kamança ilə birgə ifa etmək daha çox marağa səbəb olur?
- Mən düşünürəm ki, hər bir tarzənin birgə çalışdığı kamança ifaçısı olmalıdır. Lakin çox təəssüf olsun ki, çox zaman biz bunun şahidi olmuruq. Bir çox tarzənlər hər tədbirdə müxtəlif kamança ifaçısı ilə çıxış edir. Mən tar və kamançanın birgə ifa olunmasını belə tərənnüm edərdim ki, onlar iki aşiqdirlər. Tarla kamança birgə ifa olduqda, sanki sən tarla kamanın məhəbbətlərinin səsini eşidirsən. Mən bu hissi duyuram. Məsələn, biz heç vaxt Pərvizlə bir yerə ayrı-ayrılıqda getmirik. Çünki tarla kamança birgə ifa olunduqda daha gözəl səslənir. Xarici ölkələrdə belə musiqimizin və xüsusilə muğamımızın səslənməsində tarla kamançanın birgə ifaları daha çox maraq dairəsinə çevrilir.
-Gənclər tar alətində hansı musiqi janrlarında ifa etməyi daha üstün tutur?
- Biz tarda milli musiqimizlə yanaşı klassik əsərləri, xarici estrada və pop janrlarına da müraciət edib ifa etmişik. Məsələn, Araşın “Bora-bora” mahnısını milli alətlərimizdə ifa etmişik. Təəssüf ki, gənclərimiz belə musiqiləri milli alətlərdə ifa etməyə üstünlük vermir. Ancaq bu çox lazımdır. O zaman insanın bütün daxili aləmi üzə çıxır və sən, sənətində daha da inkişaf edirsən. İnkişaf da hər bir sahədə çox lazımdır. Gənc olmağıma baxmayaraq, bütün gənclərə məsləhətim budur ki, klassik musiqilərə də üstünlük versinlər. Çünki bütün dünya musiqiləri Azərbaycan muğamı üzərində qurulub.
-Hansı muğam ruhunuza daha çox yaxındır?
- Mən bütüm muğamlarımıza xüsusi sevgi bəsləyirəm. Ancaq repertuarımda və mənim daxili aləmimdə Segah muğamının yeri tam başqadır. Mən tarda Segah muğamını ifa etdiyim zaman hansı aləmdə olduğumu hiss etmirəm.
Ümumiyyətlə, bizim hər günümüz yeni bir günün başlanğıcıdır. Yəni ki, biz hər gün bir gün, iki gün əvvəli düşünürük.

Kamança ifaçısı Pərviz Fərhadov:
“Kamança mənim həyatımı ifadə edir”

- Pərviz müəllim, sizin bu sənət yolunda ilk addımlarınız
necə başladı?

- Mənim də bu sənətə gəlməyimdə ustadım, Əməkdar artist Elnur Əhmədovun rolu əvəzsizdir. Məndə musiqiyə və kamançaya həvəs və sevgini yaranmasında Elnur müəllimin sənəti səbəb oldu. 2007-ci ildə Azərbaycan Milli Konservatoriyasına daxil olub, 2011-ci ildə ustadımın sinfini bitirdim. Bir pedaqoq olaraq mənim də çox istedadlı tələbələrim var. Hər bir tələbənin öz xüsusi bacarığı var. Tələbələri də gərək fərqləndirmək olmaz. Çünki hər bir tələbə öz üzərində çalışır və onlara dəyər vermək lazımdır.
- Ədalət Behbudovla dünyanın bir çox ölkələrində səfərdə olmusunz. Uğurlarınızdan söhbət açmağınızı istərdik.
- Bizim Ədalətlə xarici ölkələrdə uğurlarımız çox olub. 2007-ci ildə Ədalət Behbudovla birgə fəaliyyətə başladıq. 2009-cu ildən dövlət tədbirlərində iştirak edirik. “Gəncləşən muğam” layihələrində iştirak etdik. 2010-cu ildə də “Avrasiya səsləri” V Beynəlxalq Festivalının iştirakçısı da olduq. 2011-ci ildə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin təşəbbüsü ilə ilk solo konsertimizi keçirdik. 2011-ci ildə II Respublika Muğam Müsabiqəsinin qalibi olduq. Daha sonra 2011-ci ildə Füzuli rayonunda solo konsertimiz xanəndə Aytən Məhərrəmova ilə olub. 2012-ci ildə Sibirdə Buryatiya Respublikasında “Avrasiya səsləri” VII Beynəlxalq Festivalında iştirak etdik. Bu bizim muğamımızın yüksəkliyi idi ki, tar, kamança və nağara ilə 21 ölkə arasında bizim ölkə I yerə layiq görüldü. Festivalın açılış proqramında biz Şüştər rəngi ifa etdik. Bu ifadan sonra rus xalq mahnısı olan “Kalinka” mahnısını ifa etdiyimiz zaman bütün rus dinləyiciləri ayağa qalxıb bizi alqışladılar. Bu festival 3 turdan ibarət idi. Ancaq biz I turdan I yerə layiq görüldük. Qalan II, III yerlər üzərində festival davam etdi. Bu bizim üçün böyük qələbə idi. Həmin festivalda UNESCO-nun Dünya Xalq Təşkilatının prezidenti Kamerla Padirsonda iştirak edirdi. Buryatiya Respublikanın mədəniyyət naziri Timur Çibikov şəxsən diplomları bizə təqdim etdi. Ümumrusiya Azərbaycan Konqresinin vitse-prezidenti Yusif Cəfərov da festivaldan sonra bütün azərbaycanlılar üçün ziyafət verdi. Orada Yusif müəllim bizim üçün xoş sözlər söylədi. Eləcə də, 2012-ci ildə Türkiyədə Ankara İzmir şəhərlərində Dünya Azərbaycanlıların Həmrəylik Günü münasibətilə konsertlərimiz olub.
2013-cü ildə Azərbaycan Respublikasının Tacikistandakı səfiri cənab Abbasəli Həsənovun dəstəyi ilə bizim Tacikistanda Respublika günü ilə əlaqədar 4 solo konsertimiz oldu. 2013-cü ildə Çelyabinskidə ulu öndər Heydər Əliyevin 90 illiyi ilə bağlı konsertlərimiz olub.
Həmçinin, 2013-cü ildə “Buta Palace” da keçirilən “Eurovision” mahnı müsabiqəsinin seçim turunun final mərhələsində çıxış etdik. Həmin ərəfədə “İnstrumental Kompozisiya” adlı klip və musiqi albomumuz işıq üzü gördü. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi “Gəncliyin səsi” festivalında iştirak etmişik.
2014-cü ildə Füzuli rayonunda Xanəndə Vüsal Zamanovla solo konsertimiz və Özbəkistandakı səfirimiz Hüseyn Quliyevin təşəbbüsü ilə Vüsal Zamanov və Aytən Məhərrəmova ilə birgə konsertlər verdik. Bu ilin mart ayında Azərbaycan Respublikasının Özbəkistandakı səfiri Hüseyn Quliyevin dəstəyi ilə Səmərqənd və Daşkənd şəhərində 2 solo konsertimiz oldu.
- Kamança sizin üçün nəyi ifadə edir?
- Kamança mənim həyatımı ifadə edir. Hər bir duyğularımı onunla bölüşürəm. Arzularım onda əks olunub.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info