Serbiya mətbuatı Azərbaycanın göstərdiyi yardımı geniş işıqlandırıb
Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) sel daşqınlarının baş verdiyi Serbiyaya yardım göndərib.
Bu gün Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Serbiyaya humanitar yardım dolu təyyarə yola salınıb.
FHN-in Maddi-texniki təchizat idarəsinin rəisi Amal Teymurov jurnalistlərə açıqlamasında bildirib ki, yardım Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı əsasında yola salınır. Humanitar yardım FHN-in, eləcə də Azərbaycan səfirliyinin nümayəndələrinin iştirakı ilə Serbiyanın müvafiq qurumlarına təhvil veriləcək.
Qeyd edək ki, yardımın göndərilməsi mərasimində Serbiyanın Azərbaycandakı səfirliyinin nümayəndələri də iştirak ediblər. A.Teymurovun sözlərinə görə, bu gün axşam Bosniya və Herseqovinaya da yardım yüklənmiş təyyarə yola salınacaq: "Yardıma müxtəlif texniki avadanlıqlar, müxtəlif ölçülü motorlu qayıqlar, 260 ədəd çadır, adyal, elektrik generatoru, su pompaları və s. daxildir". Qeyd edək ki, Serbiyanın bir sıra xəbər agentliklərinin və televiziya kanallarının saytlarında bu ölkədə baş verən təbii fəlakətlə bağlı Azərbaycanın humanitar yardım göstərməsi barədə yazılar yerləşdirilib. Yazılarda qeyd olunur ki, Azərbaycan hökuməti və “AzVirt” MMC Serbiyada sel fəlakətinin qurbanlarına humanitar yardım göstərib. Bu məlumatlarda, həmçinin Azərbaycanın Serbiyadakı səfirliyinin bəyanatındakı sözlərə də yer verilib. Azərbaycan ilə Serbiya arasında strateji tərəfdaşlıq münasibətlərinin xüsusi vurğulandığı bəyanatda seldən əziyyət çəkən qardaş Serbiya xalqına humanitar yardımın göstərilməsi ilə bağlı məlumat verilir.
Tural
|