«Mən Vətənimi xarici dostlarımın verdiyi suallara cavablar tapa-tapa daha dərindən öyrənmişəm»
Tarix: 20.05.2014 | Saat: 19:22:00 | E-mail | Çapa göndər


“Polşa universitetlərində tələbənin rektorun qəbuluna düşməsi olduqca asandır”

Xarici ölkələrə təhsil ardınca gedən gənclərimizin sayı ilə yanaşı, onların orada fəaliyyətinin keyfiyyəti də artıb. Uğurlu təhsil alan bu gənclər artıq bir neçə dəfə öz müsahibələrində uğur formulunun sirlərini də açıqlayıblar. Budəfəki müsahibəmiz belə aktiv və bacarıqlı gənclərdən biri ilə olacaq. Bu, Polşada ali təhsilini davam etdirən Yaqub Abbasovdur. Öncül tələbələrdən olan fəal gəncimizlə müsahibəni oxuculara təqdim edirik.
-Adətən, xaricdə təhsil bir arzu olaraq ortaya çıxır və sonradan bu yolda məqsədli şəkildə addımlayıb istəyinə nail olursan. Sizdə necə, təsadüfdən yarandı bu istək, ya əvvəldən arzu edirdiniz?
- İlk olaraq bildirim ki, mən Şərqi Avropanın ən tanınmış və olduqca təmərküzləşmiş şəhərlərindən olan Varşavada-Polşa Respublikasının paytaxtında yerləşən Vistula Universitetində, Beynəlxalq münasibətlər üzrə 2-ci kursda ingiliscə bakalavr təhsili alan bir azərbaycanlı tələbəyəm. Düzünü desəm, xaricdə təhsil almaq həvəsi məndə lap uşaqlıq illərimdən baş qaldırmışdı və mən əmin idim ki, gec ya tez “Avropa arzumu” hər vəchlə olsa da, gerçəkləşdirəcəyəm. İngilis dili ibtidai sinifdən bəri ən çox sevdiyim və ən yaxşı oxuduğum fənn olub. Bunlara baxmayaraq, bir qədər bədiiləşdirib desəm, 11-ci sinfin sonlarına qədər öz ətrafımdakı insanlardan və yaşadığım mühitdən qopub başqa, tamamilə yad bir çevrədə, aşina olmadığım bir dildə danışan tanımadığım insanlara necə uyğunlaşacam qorxusuyla özgüvənimi toplaya bilməmiş və Qərbə inteqrasiya arzumun artıq yavaş-yavaş suya düşdüyü hissinə qapılmışdım. Xoşbəxtlikdən, valideynlərimin də dəstəyi və sonradan qazandığım özgüvən sayəsində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi imtahanlara 3 ay qalmış xaricdə oxuma fikrimin üstünə daha da bağlandım. İngilis dili biliyi səviyyəmin də kifayət etdiyindən, 2 ay kimi dar bir zaman kəsimində IELTS imtahanına hazırlaşdım və sertifikatımı əldə etdim. Beləliklə, artıq avqust ayında Qərbə açılan yolda mən də ilkin qədəmlərimi atdım.
- Qəbul olduğunuz bu əcnəbi universiteti, Polşa təhsil sistemini bəyənirsinizmi?
-Qeyd etdiyim kimi, Varşavada Vistula Universitetində Beynəlxalq münasibətlər üzrə təhsilimi hazırda uğurla davam etdirirəm. Bu fakültəni seçməyimdə əsas rolu siyasətə olan marağım oynayıb. Polşa da daxil olmaqla, bir çox Avropa ölkələrində bakalavr təhsili 3 ildir. Təhsil haqqı məsələsinə gəldikdə isə, Polşa dövlətinin xüsusi endirimi ilə daha ucuz təhsil alan Avropa və bir çox MDB ölkələrindən- Ermənistan, Gürcüstan da daxil- fərqli olaraq azərbaycanlı tələbələr üçün ortalama illik təhsil haqqı 3500 avro civarındadır. Universitetin akademik heyətinin ingilis dili səviyyələri və dərs metodologiyaları qənaətbəxşdir. Müəllimlərimizin və universitetimizin öz tələbələrinə verdiyi dəyər məni hədsiz heyran edir və bu, tələbədə dərsə marağı birə-beş artırır. Dekanlarımızın və hətta Polşanın ən tanınmış şəxslərindən biri olan baş rektorumuzun qəbuluna düşmək olduqca asandır və bir neçə gün öncədən görüş təyin etmək imkanımız da olur. Həmçinin, rektor özü çox tez-tez tələbələrlə birlikdə olur. Buradakı beynəlmiləl mühiti çox sevirəm, müxtəlif ölkələrdən, fərqli düşüncələrdən insanlarla bir ortam paylaşmağın verdiyi həzz, məncə əvəzolunmazdır. Universitetimiz tam olaraq pulsuz və sürətli Wi Fi sistemli internet ilə təchiz olunub. Bu isə internetin imkanlarından təhsilimizlə bağlı yararlanmağa imkan verir. Bununla yanaşı, hər il universitetimizdə “JobSpot” adlı iş sərgiləri keçirilir və Polşanın tanınmış bir çox şirkətləri bu sərgilərdə iştirak edirlər. Bu cəhətdən universitetimiz bizə çox yardımçı olur.
Ümumilikdə, Polşa təhsil sistemini 10 ballıq şkala üzərindən 7 ilə qiymətləndirərdim. Ən azından, bir çox Azərbaycan universitetlərindən açıq şəkildə öndə görünür. Amma əminəm ki, bizim də universitetlər hazırkı inkişaf mərhələlərini uğurla keçib Avropadakı universitetlərə çatacaqlar.
- Təhsilin səviyyəsini ağız dolusu təriflədiniz. Bəs həyat səviyyəsi, yaşam şərtləri necədir orada?
-Polşanı seçdiyimə görə heç də peşmançılıq hissi yaşamamışam, bunu iki illik Avropa təcrübəmə əsaslanaraq deyirəm. Bura gələndə, ailəsindən ilk dəfə kənarda yaşayan bir gənc kimi müstəqil həyata atılmanın çətinliklərini yaşadım, həyəcan və müvəqqəti stresslər oldu. Lakin bu, sadəcə bir həftə çəkdi. Tələbəlik illərimdə yaşadığım çətinliklər mənim üçün ən şirin və unudulmaz xatirələr olaraq qalacaq. Polşa da daxil olmaqla, bütün Avropa ölkələrində tələbəyə, gəncliyə göstərilən qayğı və diqqət səviyyəsi, onlara verilən imtiyazlar məni hələ də təəccübləndirməkdədir. Digər Avropa şəhərlərində də olmuşam, amma nədənsə Polşa məni həmişə özünə məharətlə cəlb edə bilib. Sadə, köməksevər, dinamik, gülərüz və yetərincə mehriban olan varşavalılarla bir çevrəni paylaşmaqdan həmişə məmnunluq hissi duymuşam. İqtisadi yöndən də yanaşsaq, orta gəlirli azərbaycanlı ailəsindən gələn bir tələbə üçün Polşada yaşam olduqca əlverişli və ucuzdur.
-Azərbaycanlı gənclərlə, soydaşlarımızla əlaqələr qurursunuzmu? Çətinliklər olanda birləşə bilirsinizmi?
- Bizim xoşbəxtliyimizin bir əsas səbəbi də odur ki, istiqanlı millətik. Bir-birimizə daim diqqət və qayğı ilə yanaşırıq. Bu səbəbdən də harada olmağımızdan asılı olmayaraq, daim əl tuturuq soydaşlarımıza. Amma digər qonşu ölkələrə nisbətən, Polşadakı azərbaycanlı tələbə sayı azdır və ildən-ilə bu say artmaqdadır. Vaxtaşırı həmyerlilərimizlə bir araya gəlirik və bir-birimizə, yeni gələn azərbaycanlı tələbələrə hər cür köməklik etməyə çalışırıq.
-Özünüz necə, təhsildən başqa ictimai, diaspor işlərində aktivsinizmi?
-Təhsilim və ictimai fəaliyyətim arasında balanslaşdırılmış vaxt seçimim əsas prioritetimdir. Dünya Azərbaycanlıları Konqresinin Polşa nümayəndəliyi və şəxsən öz adımdan bu iki il ərzində universitetimizdə müxtəlif tədbirlər keçirtmişəm və eləcə də, Azərbaycanla əlaqədar olan bir çox tədbirlərdə yaxından iştirak etməyə çalışmışam. Xaricilərə, ətrafımdakı polşalılara əlimdən gəldiyi qədər Vətənimi tanıtmağa çalışıram. Mən bu işdən xüsusi zövq alıram və özümü ruhən qidalanmış, Vətənimə olan övladlıq borcumu müəyyən dərəcədə yerinə yetirmiş kimi hiss edirəm.
- Az-çox təbliği işlər gördüyünüzü dediniz. Bəs, polşalılar Azərbaycan haqda nələri bilirlər? Tələbələr arasında hansı formada təbliğatlar aparılması məqsədəuyğun sayılar?
-Mən Vətənimi xarici dostlarımın verdiyi suallara cavablar tapa-tapa daha da dərindən öyrənmişəm. Yuxarıda qeyd etdiyim kimi, xaricdə təhsilimin bu iki ili boyunca müxtəlif yollarla ölkəmin təbliğatına çalışıram. Bu il həm Xocalı soyqırımı, həm də Novruz bayramı ilə əlaqədar bəzi tədbirlər həyata keçirtdik. Səfirliyimiz bizi kitablarla və bukletlərlə təmin etdi. Buna görə də Polşadakı səfirliyimizə minnətdarlığımı bildirirəm. Digər tərəfdən də, polşalılar, eləcə də digər xarici həmsöhbətlərimin ölkəmiz haqqında verdikləri yaradıcı suallar da, məndə həmişə maraq doğurub. Nə qədər qəribə səslənsə də, mənə ən çox ünvanlandırılan suallardan biri məhz müsəlman ölkəsi olduğumuzdan dolayı Azərbaycanda poliqamiyanın (çoxarvadlılıq) mövcud olub-olmaması ilə bağlı olub.
- Hər bir gəncin mütləq şəkildə bəlli bir gələck planları olur. Sizin necə, yaxın illər üçün Azərbaycanla bağlı hansısa planlarınız varmı?
-Əlbəttə bu, belə də olmalıdır. Gənclər daim yeniliklər axtarışında olurlar və gələcəklərini daha əmin şəkildə qurmaq üçün bəlli planlar qururlar. Yaxın gələcəkdə hələ ki, əsas planım magistr təhsilimi hansısa başqa bir Avropa ölkəsində davam etdirmək barədə olacaq. Xaricdə oxuma səbəblərimdən biri, bəlkə də ən başlıcası təhsilimi başa vurub, dünyagörüşlü, intellektual və xarici dillər səviyyəsi yerində olan bir Azərbaycan gənci kimi ölkəmə geri dönməklə bağlıdır. Əgər arzumu gerçəkləşdirə bilsəm, universitetlərmizin birində müəllimlik etmək, bilik və təcrübəmi gənclərlə bölüşmək istəyim var.
-Xaricdə təhsil alan aktiv gənc kimi Azərbaycan gənclərinə, həmyaşıdlarına nələri tövsiyə edərdin?
- Çox təəssüf ki, gəncliyimiz öz valideynlərindən asılı, evinə bağlı, utancaq şəkildə böyüdülür. Vətənə qayıdanda bu prinsiplərlə böyüdülmüş, stereotiplərə bağlı bir gənclik görmək məni heyfsləndirir. Məhz bu yöndən avropalı valideynləri çox qısqanıram. Xaricdə təhsil almaq həvəsi olan bir çox gənclərimiz də, fikrimcə, məhz bu səbəbdən dolayı istəklərini reallaşdıra bilmirlər. Üzümü həmyaşıdlarıma tutaraq demək istərdim ki, əlinizdəki imkanlardan maksimum dərəcədə yararlanın. Xaricdə təhsil, valideynlərdən kənar və müstəqil yaşam sizin gözünüzü açacaq, özgüvəninizi ortaya çıxardacaq və hər şeydən önəmlisi, sizi Vətənin ən xeyirli, ali savadlı, dünyagörmüş bir gəncinə çevirəcək! Vaxtınızı çayxanalarda, oyun zallarında israf etməyin, gəncliyinizin qədrini bilin.
-Son olaraq bizə arzu, istək və ya təkliflərinizi bildirərdiniz.
- Qərib yerdəyik və bizləri yada salıb fəaliyyətimiz, təhsilimizlə maraqlanmağınız bizi daha da sevindirir. Biz tələbələrə belə önəm verib, cəmiyyətə daha yaxından təqdim etdiyiniz üçün qəzetinizə dərin təşəkkürümü bildirirəm. Təklifim isə bu olardı ki, xaricdə təhsil almaq istəyən gənclərə stimul verəcək belə müsahibələrin sayını daha da artırasınız.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info