“Kiprdə yerli əhalinin Azərbaycan haqqında yetərincə məlumatı var”
Tarix: 21.05.2014 | Saat: 23:25:00 | E-mail | Çapa göndər


Emil Kərimzadə: “Bir çox ölkələrdən fərqli olaraq dövlətimiz gənclərin xarici ölkələrdə təhsil alması üçün çox geniş imkanlar yaradıb”
Qəzetimizin xaricdə təhsil alan gənclərlə bağlı növbəti müsahibi Şimali Kiprin Doğu Akdeniz Universitetinin Menecment fakültəsinin tələbəsi Emil Kərimzadədir:
-Mən 1995-ci il dekabr ayının 2-də Bakı şəhərində dünyaya göz açmışam. Ailəmin ilk övladıyam. 2013-cü ildə Qəbələ rayonu Vəndam qəsəbəsi E.Bəşirov adına 3 nömrəli orta məktəbi başa vurdum. Burada oxuduğum zaman müəllimlərimə və sinif yoldaşlarıma nizam-intizamlı bir şagird kimi davrandığım və elmə xüsusi maraq göstərdiyim üçün müəllimlərimin sevimli şagirdi idim. Elə həmin il Xəzər Universitetinin Psixologiya fakültəsinə qəbul olundum. Ali təhsilimi xarici ölkədə almaq isə mənim uşaqlıq arzum idi. Azərbaycanı xaricdə daha gərəkli və önəmli təmsil edəcəyimə inandım və uşaqlıq arzumu gerçəkləşdirmək üçün YÖS imtahanı verərək Şimali Kiprin Famagusta şəhərində yerləşən Doğu Akdeniz Universitetinin Menecment fakültəsinə qəbul olundum. Qəbul olunduqdan sonra bakalavr təhsilimə məhz burada başladım. Hazırda həmin universitetin 1-ci kurs tələbəsiyəm. Burada mən öz işində, məşğul olduqları sahədə uğur qazanmış, tanınmış dosentlərdən və professorlardan dərs alır, onların bizlərə öyrətdiklərini yaxşı və mükəmməl bir şəkildə mənimsəməyə çalışıram. Bununla da, layiqli və savadlı bir menecment olaraq yetişib Vətənə qayıdacağıma inanıram. Burada aldığım təhsil və yeni bacarıqlar mənə çox şeyi öyrətdi və hələ də öyrətməyə davam edir. Onu da qeyd edim ki, tələbəsi olduğum Doğu Akdeniz Universiteti olduqca məşhur, sayılıb-seçilən, qabaqcıl ali təhsil ocaqlarından biridir. Bu ali təhsil mərkəzində oxumaq isə bir çox gəncin arzusudur. Buradakı təhsil sistemi məni hədsiz dərəcədə qane edir. Çünki burada biz tələbələrin daha savadlı və bacarıqlı bir şəkildə yetişməsi üçün çox böyük kitabxana, kompyuter laboratoriyaları, araşdırma mərkəzləri, Azərbaycan və Türkiyə tarixi ilə bağlı bir çox tablolar və kitablar var. Müəllimlərimizin bizə qarşı olan qayğı və diqqətini də xüsusi bildirmək lazımdır. Bizlər onların sayəsində bir çox yenilikləri və bacarıqları öyrənirik və bunların bizim gələcək həyatımızda önəmli olacağına inanırıq. Təhsil aldığım ixtisasla bağlı hər gün yeni biliklər və bacarıqlar öyrənirəm. Bu ixtisasla bağlı hər həftə müxtəlif seminarlar, konfranslar, tədbirlər keçirirlər. Bu tədbirlər bizlərə gələcək iş həyatımızla bağlı bir çox şeyi öyrədir. Mən isə baş tutan bütün bu tədbirlərdə iştirak etməyi özümə borc bilirəm və hər birində iştirak edərək yeni məlumatlar və bilgilər öyrənirəm. Mənə bu tədbirlərdə iştirak etməyimin qarşılığında sertifikatlar və müxtəlif mükafatlar verilir və bu da məni hədsiz dərəcədə çox sevindirir. Ümid edirəm ki, gələcək zamanlarda oxuduğum ixtisasla bağlı daha yeni və maraqlı bilgilər öyrənərək daha savadlı və bacarıqlı olacağam və mükəmməl bir kadr kimi yetişməyim üçün bacardığım hər bir şeyi edəcəyəm. Bunu da, qeyd etmək istəyirəm ki, dərslərimdə göstərdiyim uğurlara görə, Doğu Akdeniz Universitetinin “Yüksək Şərəf “ mükafatına layiq görülmüşəm. Bu isə məni çox sevindirdi. Dərslərimə qarşı olan rəğbət hissimi daha da artırdı. Bu mükafatı almağımda isə müəllimlərimin rolu çox böyükdür.
- Universitetinizdə tələbələr üçün nə kimi imkanlar yaradılıb?
- Universitetimizdə biz tələbələr üçün hər cür geniş imkanlar yaradılıb. İlk olaraq onu qeyd etmək istəyirəm ki, bizim universitetimiz bir kampus şəklindədir. Bir tələbənin ehtiyacı olacaq hər bir şey kampus daxilində var. Burada biz tələbələrin istirahəti üçün kampus daxilində çoxlu parklar, daha çox bilik öyrənmək üçün geniş kitabxana, internetden rahat və ödənişsiz istifadə etməyimiz və tapşırıq və layihələrimizi hazırlamaq üçün geniş kompyuter mərkəzləri və laboratoriyaları, tələbələrin rahat və təhlükəsiz bir şəraitdə yaşamaları üçün hər cür şəraiti olan geniş yataqxanalar, tələbələrin istedadlarını nümayiş etdirmələri üçün müxtəlif tələbə birliyi klubları, hovuzlar, spor salonları, idman meydançaları və bir çox fərqli və müxtəlif yerlər var. Bundan əlavə olaraq universitetimizin daxilində türk dünyasının böyük lideri olan Atatürkün şərəfinə böyük bir abidə və meydan var. Bu meydanda tələbələrimizin əyləncəsi üçün hər həftə müxtəlif tədbirlər və konsertlər keçirirlər. Bu isə tələbələr üçün çox sevindirici və sitimulverici haldır.
- Təhsildən kənar fəaliyyətləriniz varmı? Boş vaxtlarınızda nə kimi işlərlə məşğul olursunuz?
- Mən hələ uşaqlıq illərimdən aktiv olmağı sevmişəm. Həyatda aktiv olduğum müddətcə çox şeyə nail olacağıma inanmışam və belə də olub. Mən hələ orta məktəbdə oxuduğum illərdə bir çox olimpiadalarda, məktəblərarası keçirilən yarışlarda hər zaman aktiv iştirak etmişəm. Texnologiya və idman sahələrində bir çox uğur qazanmışam. Universitetə qəbul olduqdan sonra belə bu aktivliyimi qorumağa çalışmışam və bunu bacardığıma da əminəm. Universitetimizdə tələbələr üçün dərsdənkənar və dərsə daxil olan bir çox məşğuliyyət var. Bu da gənclərin, tələbələrin təhsillə bərabər sosial həyata addımlamalarında çox böyük dəstək olur. Mənim də təhsildən başqa bir çox fəaliyyətlərim var. Burada bir neçə idman növü ilə məşğul oluram. Bundan əlavə olaraq kompyuteri daha dərindən öyrənmək və ingilis dilini daha yaxşı mənimsəmək üçün kurslara gedirəm. Burada dərslərimdən əlavə olaraq digər tələbələr kimi sosial və ictimai fəaliyyətlərim də var. Burada təhsil alan hər bir azərbaycanlı tələbə individual olaraq Azərbaycanı təmsil edir. Bizlərin də fərd olaraq borcumuz Vətənimizi layiqincə təmsil etməkdir. Universitetimiz daxilində bir neçə cəmiyyət fəaliyyət göstərir. Bunlardan biri də Azərbaycan Tələbə Cəmiyyətidir. Azərbaycan Tələbə Cəmiyyəti azərbaycanlı tələbələrimizin problemləri ilə maraqlanır və hər zaman dəstək olur. Onu da qeyd etmək istəyirəm ki, burada təhsil alan bütün azərbaycanlı tələbələr 1994-cü ildə yaradılmış Azərbaycan Tələbə Cəmiyyətinin üzvüdür.
- Niyə məhz xaricdə təhsil almağa üstünlük verdiniz?
- Xarici ölkədə oxumaq mənim uşaqlıq arzum idi və gələcək planlarımı gerçəkləşdirmək üçün xarici ölkədə təhsil almaq və Azərbaycanı qürurla təmsil etmək arzusundaydım. Xarici ölkə olaraq hər zaman Türkiyədə təhsil almaq istəyirdim. Çünki ətrafımda olan, məndən yaşca böyük olan dostlarımın çoxu Türkiyədə təhsil alırdı və onlar hər zaman mənə burada tələbələr üçün yaradılmış geniş imkanlardan, təhsilin yüksək dərəcədə olduğundan danışırdılar. Ona görə də, daha çox Türkiyədə təhsil almağa üstünlük verdim. Türkiyə universitetlərində təhsil alan xarici tələbələrin sayına görə isə azərbaycanlı gənclərimiz ikinci yerdədir. Bundan əlavə olaraq onu demək istəyirəm ki, ümumiyyətlə götürdükdə isə xaricdə təhsil almaq mənə görə çox önəmlidir. Çünki burada insan fərqli mədəniyyət öyrənir, dünyanın bir çox ölkəsindən gələn insanlarla tanış olur, onların dilini və mədəniyyətini öyrənməyə çalışır və dünyanın hər yerindən özünə dost qazanır. Bunu da vurğulamaq istəyirəm ki, bizim universitetimizdə dünyanın 80-dən çox ölkəsindən olan təxminən 16 min tələbə təhsil alır. Azərbaycanın təhsil sistemi ilə Türkiyənin təhsil sistemi arasında çox fərq var və mənə görə Türkiyə təhsil sistemi daha qabaqcıldır və çox inkişaf edib. Yeganə və ən önəmli fərqlərdən biri isə bizim universiteti bitirən tələbə təhsilinin sonunda beynəlxalq diploma sahiblənir. Bu diplom isə dünyanın 80-dən çox ölkəsində keçərlidir.
- Universitetdə təhsil alan tələbələrlə ünsiyyətiniz necədir?
- Universitetimizdə 500-ə yaxın Azərbaycanlı tələbə təhsil alır. Burada oxuyan azərbaycanlı tələbələr hər zaman öz aktivliyi, təşkilatçılığı, peşəkarlığı ilə seçilirlər. Bundan başqa hər kəs, burada olan bütün tələbələr hər zaman bir-birlərinə mənəvi və maddi dəstək olur, hər zaman birlikdə bir ailə şəklində bütün problemlərin öhdəsindən gəlirlər. Burada mənim ən önəmli uğurlarımdan biri də özümə çoxlu yeni savadlı və bacarıqlı dostlar qazanmağımdır. Mən burada olan hər kəslə səmimi və mehriban davranıram, bilgilərimi dostlarımla paylaşıram, bəzi dostlarıma dərslərində kömək edirəm, mənim dar zamanlarımda isə dostlarım mənə hərtərəfli yardım edir və hər bir çətinliyin öhdəsindən bərabər gəlirik.
- Yerli əhali və orada bir çox ölkədən təhsil alan tələbələrin Azərbaycan haqqında yetərincə məlumatı varmı? Onlara Azərbaycanla bağlı necə məlumatlar verirsiniz?
- Birinci onu bildirmək istəyirəm ki, burada oxuyan bütün tələbələrin, yerli əhalinin Azərbaycan haqqında yetərincə məlumatı var. Azərbaycan burada nefti ilə məşhurdur. Bəzən bizlərə neft ölkəsinin uşaqları deyə səslənirlər. Ona görə Azərbaycan adı çəkiləndə hər kəs tanıyır. Bundan əlavə olaraq onu da nəzərinizə çatdırım ki, burada bizləri varlı, imkanlı tələbələr kimi tanıyırlar. Biləndə ki, Azərbaycan vətəndaşlarıyıq, bizlərə bəzən “kardeş ülkenin yavruları” deyə də müraciət edirlər. Bundan başqa ölkəmizi tanıtmaq üçün Azərbaycanla bağlı bir çox rus və ingilis dillərində tədbirlər keçiririk. İşğal olunmuş rayonlarımıza aid bir çox video çarxlar hazırlayırıq, Qarabağımızı hər kəsə tanıtmağa çalışırıq. Çünki burada oxuyan hər bir azərbaycanlı individual olaraq Azərbaycanı təmsil edir. Bizlərin hər birimizin ayrı fərd olaraq borcumuz Vətənimizi layiqincə təmsil etməkdir. Bu bizim ən şərəfli və qürurverici vəzifələrimizdən biridir ki, bizlərdə bunu sevə-sevə etməyə çalışırıq.
- Xaricdə təhsil almaq üçün yaradılan imkanlarla bağlı nələr deyə bilərsiniz?
- Azərbaycanda xaricdə gənclərimizin təhsil alması üçün yetərincə imkanlar və şanslar yaradılıb. Bir çox ölkələrin, ən əsas da postsovet ölkələrin gənclərindən fərqli olaraq bizim dövlətimiz bizim gənclərimizə xarici ölkələrdə təhsil almaq üçün çox geniş şanslar verib. Bunlardan biri də Təhsil Nazirliyinin qərarı ilə “2007-2015 - ci illərdə Azərbaycan Gənclərinin Xarici Ölkələrdə Təhsili üzrə Dövlət Proqramı” çərçivəsində bir çox gənclərimizin dünyanın inkişaf etmiş ölkələrində bakalavr, magistr və doktorantura proqramları üzrə təhsil almasıdır. Bundan əlavə olaraq dövlətimiz bəzi gənclərimizə aylıq təqaüd ayıraraq, bəzi tələbələri isə təhsil haqqından azad edərək onlara bu cür imkanlar yaradaraq gəncliyimizə, bizləri xarici ölkələrdə təmsil edən tələbələrimizə dəstək olur və onların savadlı kadr kimi yetişməsinə, faydalı gənclərimizin sırasına qatılmasına geniş imkanlar yaradır. Bizim universitetimizdə də belə tələbələrin sayı heç də az deyil. Bir çox tələbəmiz dövlətimizin imkanlarından yararlanaraq burada təhsil haqqından azad olunub, dövlətimiz tərəfindən aylıq təqaüd alan tələbələr sırasına daxil edilib və ödənişsiz yurdlarla təmin olunublar. Bu hal isə biz gəncləri çox sevindirir və bizlərin savadlı və mükəmməl mütəxəssis kimi yetişməsinə səbəb olur.
- Gələcək planlarınızla bağlı nə deyə bilərsiniz?
- İlk olaraq hər bir insan bu həyatda özünə bəlli bir hədəf seçməlidir. Hədəfi olmayan insan heç bir uğura imza ata bilməz. Hədəfə çatmaq üçün isə durmadan çalışmaq, mübarizə aparmaq lazımdır. Mənim isə gələcək planlarım və hədəflərim hədsiz dərəcədə çoxdur. İlk olaraq universiteti bitirdikdən sonra Avropa və ya Amerikada magistr təhsilimə davam etmək istəyirəm. Bir neçə il xarici ölkələrin birində işləmək istərdim. Sonda öz doğma Vətənimə geri qayıdaraq ölkəmə faydalı və bacarıqlı bir mütəxəssis kimi xidmət etməyi arzulayıram. Bu arzularıma və hədəflərimə nail olacağıma inanıram.
- Xaricdə təhsil almaq istəyən tələbələrə nə kimi məsləhətlər verə bilərsiniz?
- İlk öncə onu bildirmək istəyirəm ki, ilbəil xaricdə təhsil alan tələbələrimizin sayı durmadan, sürətlə artır. Bu hal isə dövlətimiz gənclərə göstərdiyi qayğı və imkanlar nəticəsində gerçəkləşir. Xaricdə təhsil alan bir tələbə kimi bu fikrə münasibətim müsbətdir. Bir dövlətin inkişafı etməsi, onun güclənməsi, dünya ölkələri içərisində tanınması bir sözlə, müasir standartlara cavab verən ölkəyə çevrilməsi dövlətin sosial bazasının intellekt və savadından asılıdır və dövlət üçün çox önəmlidir. Gənclərimizin harada və necə təhsil almağından asılı olmayaraq, hər bir azərbaycanlı yaşadığı milli-mənəvi dəyərlərə, adət-ənənələrə bağlı olmalıdır. Bunun üçün də, durmadan hər zaman çox çalışmalıyıq, biz tələbələrə inananların, ümid bəsləyənlərin ümidini boşa çıxarmamalıyıq. Xaricdə təhsil alan gənclərimiz say etibarı ilə çoxluğu ilk növbədə sosial bazamızı gücləndirir. Xaricdə təhsil alan gənclərimiz savadlı və geniş imkanlara sahiblənirlər. Bu mənada çox şanslıdırlar. Xaricdə təhsil alan hər bir azərbaycanlı tələbə layiqli təmsilçilərimiz olaraq hər zaman adımızı yüksəklərə qaldırmalıdır. Onların xaricdəki fəaliyyətləri də Vətənimiz baş ucalığıdır. Bundan başqa xaricdə təhsil alan gənclərimiz Vətənimiz üçün birlik nümayiş etdirməlidirlər. Sonda xaricdə təhsil almaq istəyən, təhsil almaq arzusunda olan tələbələrə uğurlar arzulayıram.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir
08.11.2018
“Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info