“Dan ulduzu” unudulmuş bəstəkar mahnıları və klassik musiqilərimizi təbliğ edir”
Tarix: 23.05.2014 | Saat: 00:11:00 | E-mail | Çapa göndər


Tariyel Abbasov: “Bu günə qədər yazılan bütün milli musiqilərimiz bizim xalqımız üçün əbədi, zəngin xəzinədir”

Müsahibimiz Gülarə Əliyeva adına “Dan ulduzu” İnstrumental Ansamblının bədii rəhbəri, Əməkdar artisti Tariyel
Abbasovdur.

- Tariyel müəllim, Gülarə Əliyeva adına “Dan ulduzu” instrumental ansamblının fəaliyyəti hansı mərhələdədir?
- Ansamblın fəaliyyəti mübaliğəsiz çox yüksək səviyyədədir. Ansamblın məşq fəaliyyəti davamlı olaraq həftədə 4-5 gün aparılır. Dövlət tədbirlərində iştirak edirik. Özəl və dövlət kanallarında musiqi verilişlərinə dəvət alırıq. Bu il ulu öndər Heydər Əliyevin 91 illik yubileyi ilə əlaqədar olaraq, Qaradağ rayonunda və Heydər Əliyev Fondunun rəhbərliyi ilə Heydər Əliyev Mərkəzində keçirilən konsertlərdə iştirak etdik. Necə ifa etmişik deyə, qiymət verə bilmərəm. Ancaq çalışırıq ki, Gülarə xanımın qoyduğu izlə ansamblı qoruyaq. Ansamblı hansı səviyyədə yaradıbsa, biz də o şəkildə fəaliyyətimizi davam etdiririk. Bu ansambl bizə miras qalmış bir əmanətdir. Əmanətə də xəyanət olmaz. Düzdür, biz bu ansamblı Gülarə xanımın qoyduğu kimi davam etdirə bilmərik. Ancaq çalışırıq ona yaxın şəkildə fəaliyyətimizi davam etdirək. Mən 34 ilə yaxındır ki, bu ansamblda fəaliyyətdəyəm. Mənim borcumdur ki, bu ansamblı Gülarə xanımın qoyduğu kimi gələcək nəsillərə çatdırım.
-Ansamblın repertuarına daxil olan musiqilərə xüsusi nəzarət olunurmu?
- Bəli. Bu ansambl yaranan gündən hər zaman qədim musiqilərimizi, xalq mahnılarımızı, peşəkar bəstəkar musiqilərini təbliğ edib. Mən də çalışıram ki, bu gün unudulmuş professional bəstəkar mahnılarını və klassik musiqilərimizi yeni nəslə çatdırım. Əsasən də ifalarımızı yeni aranjemanda dinləyicilərimizə çatdıraq. Çünki bu mahnılar ölməz musiqilərdir. Zaman keçsə belə, bu mahnıları dinlədiyin zaman sanki yeni bir nəfəs duyursan. Təəssüf ki, yeni nəsil bu mahnıları bilmir.
İfaçı seçiminə gəlincə isə, professional şəkildə yanaşırıq. İfaçılarımız arasında gənclər olsa da, yalnız istedadı və gözəl səsə malik olan gəncləri qəbul edirik. Gülarə xanımın vaxtında ansambl laboratoriya kimi olub. Səhnəmizin əksər müğənniləri bu ansamblda yetişib. Düşünürəm ki, sadalamağa ehtiyac yoxdur. Ansamblımızın ilk ifaçısı respublikanın Xalq artisti Leyla Şərifova idi. Ansamblla sıx əlaqədə olan respublikanın Xalq artisti Yalçın Rzazadə olub. Bu gün də Yalçın müəllim öz köməyini ansambldan əsirgəmir. Mən çalışıram ki, gənclərə daha çox diqqət ayırım və ansamblın məşq prosesində gənclərə xüsusi nəzarət edim. Bəstəkar musiqilərini ifa etdiyimiz zaman professionallığa xüsusi diqqət yetiririk. Çünki burada musiqi savadının olması əsas şərtdir.
- Bu günə kimi ansamblın repertuarında hansı bəstəkarlara daha çox müraciət edilib?
- Ansamblın repertuarında ən çox Səid Rüstəmov, Tofiq Quliyev, Rauf Hacıyev, Oktay Kazımov, Ramiz Mirişli, Emin Sabitoğlu, Vasif Adıgözəlov, Arif Məlikov, Tahir Əkbər, Hacı Xanməmmədov, Süleyman Ələsgərov kimi professional bəstəkarların mahnılarına müraciət edirik. Çünki bu bəstəkarların yazıb-yaratdıqları mahnılar ölməzdir. Mən düşünürəm ki, bu mahnılar bizim xalqımız üçün 200 il belə, bəs edər. Əgər bir dövr gəlsə və bəstəkar yetişməsə bizim xalqımızın musiqi mədəniyyətinə dahi bəstəkarlarımızın töhfələri kifayət edər. Bu günə qədər yazılan bütün milli musiqilərimiz bizim xalqlımız üçün əbədi, zəngin xəzinədir.
-Yeni nəsil bəstəkarların yaradıcılığına müraciət edirsiniz?
- Düzünü desəm gənc bəstəkarların yaradıcılıqlarından məlumatım yoxdur. Elə bir musiqi ilə tanış olmadım ki, onu repertuarımıza daxil edək. Müraciət edən belə, yoxdur. Əgər olsa, məmnuniyyətlə dinləyib, həmin mahnı üzərində çalışarıq. Hazırda Tahir Əkbər, Mehriban Əhmədova ilə çalışırıq. Onların mahnılarını repertuarımıza daxil edirik.
-Pedaqoq olaraq, tar sənətinə gənclərin diqqətini necə qiymətləndirirsiniz?
- Gənclərimiz milli ruhda inkişaf edirlər. Ancaq tarın ifa yolunu dəyişiblər. Tar sənətinin yolu Hacı Məmmədovun sənətidir. Ustadım Əkrəm Məmmədov bu yolun davamçısıdır. Çalışıram ustadımın mənə öyrətdiklərini mən də tələbələrimə ötürə bilim. Müəllimin borcudur ki, bildiyini öyrətsin. Tar xalqımızın milli musiqi alətidir. Mədəniyyətimizin əvəzsiz inciləri sırasındadır. Mən ömrümün bu çağını yaşadığıma görə tara borcluyam.
- Gülarə Əliyeva yaddaşınızda necə qalıb?
- Mənim Gülarə xanımla bağlı olan təəssüratlarım çoxdur. Gülarə xanım son dərəcə kübar bir qadın idi. Böyük fitri istedada malik idi. Güclü piano ifaçısı idi. Bütün insani cəhətlər Gülarə xanıma məxsus idi. Düşünürəm ki, Gülarə xanım kimi olmaq çox çətindir. Ansamblın bütün heyətinə ana qayğısı, nəvazişi göstərirdi. Onun kimi musiqiçi bu gün tapılmaz.
-Ansamblın fəaliyyətində hansı işlər görülür və xarici səfərlər
gözlənilir?

- 2013-cü ildə M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Gülarə Əliyevanın 80 illik yubileyini dövlət səviyyəsində keçirdik. Yubiley çərçivəsində Mədəniyyət Nazirliyinin dəstəyi ilə ansamblın audio diski işıq üzü gördü. Ansamblın keçmiş rəhbəri, Əməkdar incəsənət xadimi Həsənağa Qurbanov vəfatından əvvəl Gülarə xanım haqqında kitab hazırlayırdı. Ömür vəfa etmədiyi üçün bu kitab yarımçıq qaldı. Mən Həsənağa müəllimin əlyazmalarını tapdım, tamamladım və “Bizim Gülarə Əliyeva” adlı kitabı nəşr etdik. Dövlət səviyyəli tədbirlərdə də Elza İbrahimovanın, Şəfiqə Axundovanın 90 illik, Mirzə Babayevin 100 illik yubileyində bizim ansamblın müşayiəti ilə konsertlər təşkil olundu.
Ansamblın xarici səfərləri də gözlənilir. Təkliflər olunur. Ansamblın heyəti də səfər çərçivəsində xüsusi hazırlıq görür. “Dan ulduzu” instrumental ansamblının uğuru tək mənim uğurum deyil, bütün ansamblın üzvlərinin uğurudur.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“BANM-ın tələbələri məzun olan kimi ən yaxşı şirkətlərə işə qəbul ola bilir”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info