İlyas Əfəndiyevə həsr edilən elmi sessiya
Tarix: 23.05.2014 | Saat: 01:42:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə Xalq yazıçısı, Dövlət mükafatı laureatı, görkəmli dramaturq İlyas Əfəndiyevin anadan olmasının 100 illiyi münasibətilə elmi sessiya keçirilib.
Tədbir iştirakçıları əvvəlcə akademiyanın foyesində Mərkəzi Elmi Kitabxana tərəfindən təşkil edilmiş, görkəmli yazıçı və dramaturq İlyas Əfəndiyevin həyat və yaradıcılığını əhatə edən film və kitab sərgisi ilə tanış olublar. AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli tədbiri sözü ilə açıb, dövlət başçısı tərəfindən ölkəmizdə elm və mədəniyyət xadimlərinə göstərilən yüksək diqqət və qayğını önə çəkərək Prezident İlham Əliyevin Xalq yazıçısı İlyas Əfəndiyevin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamının böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Azərbaycanın Xalq yazıçısı, Dövlət mükafatı laureatı, böyük ədib, görkəmli dramaturq və ictimai xadim İlyas Əfəndiyevin Azərbaycan ədəbiyyatında lirik-psixoloji nəsrin əsas yaradıcılarından biri olduğunu qeyd edən akademik İsa Həbibbəyli görkəmli yazıçının həyat və yaradıcılığından ətraflı bəhs edib. Bildirib ki, 1939-cu ildə qələmə aldığı “Kənddən məktublar” əsərində, bundan 30 il sonra yazdığı “Körpüsalanlar” romanında da yazıçı öz əsərləri ilə lirik-psixoloji nəsri daha da inkişaf etdirib. Akademik İsa Həbibbəyli XX əsr Azərbaycan ədəbiyyatının klassiki, görkəmli yazıçı və dramaturq İlyas Əfəndiyevin keçmiş sovet dövrünün istehsalat proseslərini, ictimai motivlərini daha çox qabartmadığını, bununla da yeni obrazlar sistemi yaratdığını nəzərə çatdırıb. Qeyd edib ki, Cəfər Cabbarlı vasitəsilə başlayan və digər yazıçı və şairlərimizlə davam etdirilən müasir cəmiyyətin demokratikləşməsi prosesini önə çəkən Xalq yazıçısı xüsusilə qadın obrazlarından bacarıqla istifadə edib ki, təkcə onun “Körpüsalanlar”ındakı Səriyyə obrazından dolğun bir kitab yazmaq mümkündür. Görkəmli yazıçı müasir insanın mənəviyyatını, iç dünyasını, ümumiyyətlə, real insan obrazını ədəbiyyata gətirib ki, bunu, onun dramaturgiyasına da aid etmək olar. Akademik İsa Həbibbəyli Xalq yazıçısı İlyas Əfəndiyevin insanları aydınlığa aparan, hər biri hətta bir neçə yüz dəfə tamaşaya qoyulmuş pyeslərini Azərbaycan teatrının inkişafında yeni mərhələ kimi səciyyələndirib, bu gün də cüzi rejissor düzəlişləri ilə həmin əsərləri yenidən tamaşaya qoymağın mümkünlüyünü və müasir cəmiyyətin formalaşmasında bu gün ona ehtiyac da duyulduğunu xüsusi vurğulayıb.
Sonra filologiya üzrə elmlər doktoru, professor Şirindil Alışanlının “Milli bədii fikrin inkişafında İlyas Əfəndiyev fenomeni”, filologiya üzrə elmlər doktoru Tehran Əlişanoğlunun “İlyas Əfəndiyevin romanlarında sosial utopiya”, filologiya üzrə fəlsəfə doktoru Safurə Quliyevanın “İlyas Əfəndiyevin dramlarında sosial mühit” və sənətşünaslıq üzrə fəlsəfə doktoru Vidadi Qafarovun “İlyas Əfəndiyev və teatr” mövzularında məruzələri dinlənilib. Məruzələrdə xalq yazıçısının yaradıcılığına ətraflı nəzər salınıb, müxtəlif səpkili əsərləri geniş elmi təhlilə cəlb edilib. Burada yazıçının ədəbi irsi, yaradıcılıq axtarışları, obrazlarda yaşadılan fikir və düşüncələri, ədəbiyyata müasir roman tipi gətirməsi, yeni dövr gəncliyinin tipik obrazlarla ifadəsi, milli dramaturgiyamızda yeni üsluba imza atması, əsərlərində mənəvi-əxlaqi dəyərlərə xüsusi önəm verilməsi kimi məsələlərdən əhatəli söhbət açılıb. Sonda akademik İsa Həbibbəyli yekun sözü ilə çıxış edib, Ədəbiyyat İnstitutunda hazırlanan çoxcildlik Azərbaycan ədəbiyyatı tarixinin altıncı cildində Xalq yazıçısı İlyas Əfəndiyevin də yaradıcılığına geniş yer verildiyini qeyd edib, lakin bunun kifayət etmədiyini, yeni dövrün işığında görkəmli yazıçı haqqında ümumiləşmiş monoqrafik tədqiqatlara ehtiyac duyulduğunu diqqətə çatdırıb. Elmi sessiya boyu Azərbaycanın Xalq yazıçısı, dövlət mükafatı laureatı, böyük ədib, görkəmli dramaturq və ictimai xadim İlyas Əfəndiyevin həyat və yaradıcılığının müxtəlif məqamlarını əks etdirən slaydlar nümayiş olunub. Tədbirdə elmi ictimaiyyət nümayəndələri, akademiyanın humanitar elmlər sahəsində çalışan alim və tədqiqatçıları, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yaponiyanın dəstəyi ilə Balakənin iki kəndində su təchizatı layihəsi həyata keçirilib
24.09.2018
Avropalı qonaqlar Naxçıvan Dövlət Universitetində
24.09.2018
Yaz-yay mövsümündə Balakənə 22 mindən çox turist gəlib
24.09.2018
Cəlilabadda 16 artezian quyusu qazılıb
24.09.2018
Havanın temperaturu enəcək, leysan yağacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info