Neft-qaz ixtisaslarına yüksək müsabiqə vəziyyəti yaranır
Tarix: 24.05.2014 | Saat: 02:47:00 | E-mail | Çapa göndər


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə mətbuat konfransı keçirdi. TQDK sədri bildirdi ki, müsabiqəyə buraxılmaq üçün tələb olunan bal keçid ballarından fərqlənir: “Müsabiqədə iştirak üçün tələb olunan balı biz əvvəlcədən elan edirik.
O balı toplayan abituriyentlər ərizə yazıb ixtisas seçə bilərlər. Keçid balları isə müsabiqəyə görə formalaşır”. Onun sözlərinə görə, bir ixtisasa yüksək bal toplayan daha çox abituriyent sənəd verə bilər, digər ixtisasa isə heç kim sənəd vermək istəməz: “Buna görə də keçid balının necə olacağını əvvəlcədən deyə bilmərik”. TQDK sədri onu da qeyd etdi ki, 5-10 il əvvəl neft-qaz sahəsi üzrə olan ixtisaslarla bağlı yüksək müsabiqə vəziyyəti olmayıb, amma indi bu ixtisaslara çox yüksək müsabiqə vəziyyəti yaranır.
Onun sözlərinə görə, ali məktəblərə qəbul üçün müsabiqə şərtlərinin dəyişilib-dəyişilməyəcəyi yalnız cari ilin məzunları üçün keçirilən qəbul imtahanlarının nəticələri məlum olduqdan sonra qərar veriləcək: “Bundan sonra biz müəyyən edəcəyik ki, hər ixtisas qrupu üçün ayrılan plan yerləri və müsabiqədə iştirak etmək istəyənlərin sayı nə qədərdir? Ola bilər ki, bunun nəticələri əsasında müsabiqədə iştirak etmək şərtlərini dəyişə bilərik. Amma hələ ki, elan olunmuş qaydalar mövcuddur. Həm əvvəlki, həm də cari ilin məzunları bizim bununla bağlı yeni elanlarımızı izləməlidirlər. Onlar bilməlidirlər ki, onlar ali məktəblərə, yoxsa orta ixtisas təhsili müəssisələrinə sənəd verə bilərlər”.

Ölkə üzrə 535 nəfər 11-ci sinif şagirdinin şəxsiyyət vəsiqəsi yoxdur
TQDK sədri onu da bildirdi ki, ölkə üzrə 535 nəfər 11-ci sinif şagirdinin şəxsiyyət vəsiqəsi yoxdur. Onun sözlərinə görə, həmin şagirdlər haqqında məlumat şagird-məzun sisteminə daxil edilməyib: “9-cu sinfə aid olan statistika isə daha qorxuludur. Qeyd olunan sinif üzrə 2048 nəfər haqqında məlumat şagird-məzun bazasına daxil edilməyib. Bunlardan 122 nəfəri Bərdə, 260 nəfəri Sabunçu, 108 nəfəri Qaradağ, 106 nəfəri Şəmkir, 125 nəfəri isə Suraxanı rayonunun payına düşür”. M. Abbaszadə onu da qeyd etdi ki, bu şagirdlərin sənədləri yoxdur, ona görə də onlar buraxılış imtahanına buraxılmayacaqlar. Komissiya sədrinin sözlərinə görə, ümumilikdə (9 və 11-ci siniflər üzrə) Sabunçu rayonu üzrə 272 nəfərin məlumatı daxil olmayıb ki, onların da 164-ü oğlan, 108-i qızdır: “Suraxanı rayonu üzrə 152 nəfərin sənədi daxil olmayıb, onlardan 115-i oğlan, 37-si qızdır. Bərədə rayonunda məlumat daxil olmayan 158 nəfərdən 50-si oğlan, 108-i qızdır. Şəmkirdən məlumat daxil olmayan 124 nəfərin 84-ü oğlan, 40-ı qızdır”.
M. Abbaszadə vurğuladı ki, əsasən Azərbaycanda yaşayan xarici vətəndaşlarla problem yaşanır: ”Bunlardan da daha çox problem yaşanan Gürcüstan vətəndaşlarıdır. Həmin vətəndaşlar üçün Azərbaycanda 3 aylıq yaşamaqla bağlı sənəd almaq çox sadə prosedurdur. Hələ ki, sənəd almaq üçün vaxt var. İmtahan günü isə bu problem həll olunmayacaq. Valideynlər övladlarının sənəd problemini həll etməlidirlər. 2551 şagirdin taleyi qeyri-müəyyəndir. Yəni onlar haqqında şagird-məzun bazasında məlumat yoxdur".

Əvvəlki illərin məzunlarının 50%-i 50 baldan aşağı nəticə göstərib

M.Abbaszadə onu da bildirdi ki, bu il ali və orta ixtisas məktəblərinə I və IV ixtisas qrupu üzrə imtahan verən əvvəlki illərin məzunları olmuş abituriyentlərin imtahan nəticələri çox aşağıdır. O qeyd etdi ki, bu il I ixtisas qrupu üzrə imtahan vermiş əvvəlki illərin məzunu olmuş 12 997 abituriyentin 90%-i 150 baldan aşağı nəticə göstərib: “Bu qrupda abituriyentlərin yalnız 10%-i 150 baldan yüksək nəticə göstərə bilib. IV ixtisas qrupuna sənəd verən abituriyentlər arasında 2 cür kontingent var. Bir kontingent Azərbaycan Tibb Universitetinə hazırlaşır və yüksək nəticə əldə etmək istəyir. Digər kontingent isə yalnız idmançı olmaq istəyir. Bilirəm ki, onlar üçün də yalnız 100 bal toplamaq lazımdır”. TQDK sədri bildirdi ki, IV qrup üzrə 4558 əvvəlki illərin məzunu olmuş abituriyent imtahan verib: “Onların 90%-nin göstərdiyi nəticə 100 baldan aşağıdır. Abituriyentlərin yalnız 10%-i 100 baldan yuxarı nəticə göstərib. Əvvəlki illərin məzunu olmuş abituriyentlər arasında 400, 500, 600 bal toplayan da olub. Orta rəqəmlər onu göstərir ki, imtahanda iştirak etmiş əvvəlki illərin məzunlarının 50%-i imtahanda 50 baldan aşağı nəticə göstərib".

Orta ixtisas təhsili müəssisələrinə sənəd verən 11483 abituriyent ərizəsini təsdiq edib

Ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə sənəd verən 11483 abituriyent ərizəsini təsdiq edib. TQDK sədrinin sözlərinə görə, ərizə qəbulu mayın 12-dən başlayıb. Qəbul haqqında elan, qəbul qaydaları, qəbul aparılan ixtisasların siyahısı, müsabiqə şərtləri və digər məlumatlar “Abituriyent” jurnalının 3-cü sayında dərc olunub. Abituriyentlər göstərilən müddət ərzində TQDK-nın internet saytının müvafiq səhifəsində (www.eservices.tqdk.gov.az/erizetex) şəxsiyyət vəsiqəsinin seriyasını, nömrəsini və PİN kodunu daxil etməklə qeydiyyatdan keçir, iş nömrəsi və şifr əldə edirlər. Sonra iş nömrəsi və şifrdən istifadə etməklə “Abituriyentin elektron ərizəsi” formasına daxil olur, onu doldurur və təsdiqini təmin edirlər. Ümumi orta təhsil (9 illik) səviyyəsini Azərbaycanın ümumi təhsil müəssisələrində 2013-cü və 2014-cü illərdə bitirən abituriyentlər elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarına (SQK) müraciət etmədən elektron ərizə səhifəsindəki müvafiq düyməni basmaqla özləri təsdiq edirlər.
Ümumi orta təhsil (9 illik) səviyyəsini Azərbaycanın ümumi təhsil müəssisələrində 2013-cü ildən əvvəl və ya ölkə hüdudlarından kənarda yerləşən təhsil müəssisələrində bitirən abituriyentlər elektron ərizələrini tələb olunan sənədləri təqdim etməklə müvafiq SQK-larda təsdiq etdirirlər.

Bakı, Gəncə və Naxçıvanda magistraturaya qəbulun II mərhələsi keçiriləcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 25-də Bakı, Gəncə və Naxçıvan şəhərlərində 2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirəcək.
TQDK sədri bildirdi ki, qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrların proqram seçimi mayın 1-dən 8-dək aparılıb. Bu hüquqa malik olan bakalavrlardan 10159 nəfəri qəbul proqramını seçərək təsdiqləyib. Onlardan 8900 nəfəri Azərbaycan bölməsi, 1259 nəfəri isə rus bölməsi üzrə imtahan verəcək. Bakalavrların 4269 nəfərini oğlanlar, 5890 nəfərini isə qızlar təşkil edir. 6101 nəfər ali təhsil müəssisələrinin builki, 4058 nəfər əvvəlki illərin məzunudur. Bakalavrlardan 8957 nəfərinin Bakıda, 249 nəfərinin Naxçıvanda, 953 nəfərinin isə Gəncədə imtahan verəcəyi nəzərdə tutulur. İmtahanın keçirilməsi üçün Bakıda 13, Naxçıvanda 1, Gəncədə isə 2 imtahan mərkəzi ayrılıb. İmtahan mayın 25-də saat 13:00-da başlanacaq və sualların cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılacaq. İkinci mərhələdə bakalavrlara seçdikləri proqram üzrə 5-i açıq tipli olmaqla 50 test tapşırığı təqdim olunacaq (bəzi proqramlar üzrə isə bakalavrlar yazılı imtahan verəcəklər). Hər düzgün cavab bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanın nəticələri “tqdk.gov.az“ internet saytında yerləşdiriləcək.
Qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunduqdan sonra bakalavrlar 2014-cü il mayın 29-dan iyunun 1-dək ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsi ilə ixtisaslaşma seçimini yerinə yetirəcəklər.
Nigar Abdullayeva





 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info