QHT-lər geosiyasi maraqların xidmətçisidirlərmi?
Tarix: 26.05.2014 | Saat: 19:01:00 | E-mail | Çapa göndər


Elməddin Hacılı |

Müasir politoloji ədəbiyyatda, diplomatik danışıqlarda, eləcə də mətbuatda qeyri-hökumət təşkilatlarının beynəlxalq münasibətlər sistemində oynadıqları rol haqqında fikirlərə tez-tez rast gəlirik. Son illərdə ərəb ölkələrində, Ukraynada və digər ölkələrdə baş verən məlum hadisələrdən sonra QHT-lərin dövlətlərin geosiyasi maraqlarının həyata keçirilməsində göstərdikləri fəaliyyətə diqqət daha da artmış və bu mövzunun araşdırılması xüsusi əhəmiyyət kəsb etməyə başlayıb. Tədqiqatçıları, eyni zamanda ictimai fikiri belə bir sual düşündürməyə vadar edir ki, QHT-lər, xüsusilə beynəlxalq QHT-lər nədir, necə fəaliyyət göstərir və hansı məqsəd və məramlara xidmət edir.
Məlum olduğu kimi, QHT-lər dövlətə və ya dövlətlərarası qurumlara bağlı olmayan, fiziki və ya hüquqi şəxslər tərəfindən yaradılan, fəaliyyətlərini dövlətə bağlı olmadan sürdürən hüquq subyektidir. QHT-lərin yaranma tarixi daha qədimə getsə də, müasir QHT-lərə xas xüsusiyyətləri özündə ehtiva edən qurumlar son iki yüz ildə yaranıb. Tarixdən məlumdur ki, dövlətlərin öz geosiyasi maraqlarının təmin olunması uğrunda mübarizəsi həmişə böyük müharibələrin baş verməsinə səbəb olub. Lakin İkinci Dünya müharibəsindən sonra geosiyasi maraqlar uğurunda mübarizənin başqa bir istiqamətə yönəlməsinin şahidi oluruq. Bu zaman biz ayrı-ayrı dövlətlərin bir-birinə göstərdikləri humanitar yardımlar, demokratikləşmə və insan hüquqlarının təmin olunması üçün ayrılan maliyyə vəsaitlərinin miqyasının artdığını görürük. Əslində isə bütün bunlar həmin dövlətlərin geosiyasi maraqlarına xidmət edən məsələlərdir. İkinci Dünya müharibəsindən sonra yaranan yeni sistemin əsas hüquqi sənədi olan BMT Nizamnaməsində QHT-lərlə də bağlı müddəa öz yerini alıb. Nizamnamənin X fəsil, 71-ci maddəsində əks olunan bu müddəa aşağıdakı kimidir: “İqtisadi və Sosial Şura onun səlahiyyətləri çərçivəsində olan məsələlərlə məşğul olan qeyri-hökumət təşkilatları ilə məsləhətləşmə aparılması üçün müvafiq tədbirlər görə bilər. Bu tədbirlər beynəlxalq təşkilatlarla və buna lüzum varsa, maraqlı Təşkilat üzvü ilə məsləhətləşmədən sonra milli təşkilatlarla razılaşdırıla bilər”. Bundan başqa 1952-ci ildən ildən Beynəxalq QHT-lər Konfransı Avropa Şurası yanında məsləhətçi statusa malikdir. 2003-cü ilin noyabrında Beynəxalq QHT-lərə iştirakçı statusu verildi ki, bu öz növbəsində onların Avropa Şurasının fəaliyyətində mühüm rol oynamasından irəli gəlirdi, Müasir QHT-lərə xas olan xüsusuiyyətlər, BMT-nin İqtisadi və Sosial Şurasının sənədlərində əsas prinsiplər bu cür müəyyən edilib: Xüsusi şəxslər tərəfindən qurulması; dövlətdən asılı olmaması; şəxsi qazanc güdməməsi; ictimai maraqları əsas götürməsi; könüllülük; legitimlik . Amma baxaq, hazırda beynəlxalq QHT-lər öz üzərinə götürdükləri vəzifə və öhdəlikləri, prinsipləri necə yerinə yetirirlər?
Tarixə nəzər salsaq, beynəlxalq QHT-lərin bir çox sahələrdə, misal üçün, müharibə zamanı yaralıların və hərbi əsirlərin, eləcə də mülki şəxslərin müdafiəsi, köləliyin ləğv edilməsi, qadınlara səsvermə hüququnun tanınması, tərk-silah məsələlərində mühüm rol oynadıqlarını görə bilərik. Amma indki dövrdə bir çox beynəlxalq QHT-lər sənədlərindəki əsas prinsiplərdən kənara çıxaraq siyasi xarakter fəaliyyət göstərməyə başalayıblar. Müşahidə və araşdırmalar göstərir ki, insan hüquqları, fikir azadlığı, demokratiya kimi sahələrdə fəaliyyət göstərən QHT-lərin istifadə etdikləri meyarların nə olduğu, monitorinqləri hansı formul əsasında apardıqları və dövlətləri hansı dəyərlər əsasında bu və ya başqa kateqoriyaya aid etdikləri mücərrəd olduğundan, tərtib etdikləri hesabatlar heç də hər kəs tərəfindən birmənalı qarşılanmır və çox zaman qərəzlilikdə ittiham olunurlar. Analitiklərin qeyd etdiyinə əsasən, bəzi dövlətlər bilərəkdən QHT-ləri öz maraqları istiqamətində istifadə edir. Belə ki, özlərinin diplomatik norma və prinsiplərə sadiq olduqlarını göstərməyə çalışan bu cür dövlətlər başqa dövlətlər haqqında demək istədiklərini beynəlxalq QHT-lərin dili ilə deyir, beynəlxalq aləmdə onlar haqqında imic formalaşdırır və özlərinin xarici siyasətlərində həmin QHT-lərin hesabatlarına istinad edərək hərəkət edirlər. Bu səbəbdəndir ki, bu sahədə fəaliyyət göstərən beynəlxalq QHT-lərə bir çox ölkələrdə etimad azalmaqdadır. Bu cür təşkilatların ən maraqlı funksiyalarından biri də kadr hərəkətliliyidir. QHT-lərin subvensiya və yardım alma hüquqları mövcuddur və buna məhdudiyyət qoyulmur. Bu baxımdan, vəzifədə ikən “özlərini yaxşı aparan” və ya QHT-lərə yaxşı pul qazandıran inzibati-siyasi elita vəzifədən getdikdən sonra o təşkilatlarda “məsləhətçi” vəzifəsinə təyin edilir və olduqca yüksək məbləğdə məvacib alırlar. Nüfuzlu beynəlxalq QHT-lərin idarə heyətinin və məsləhət şurasının tərkibinə nəzər salsaq, bizə heç də yad olmayan “sabiqlərin” simaları ilə rastlaşa bilərik. Təbii ki, QHT-lərin beynəlxalq fəaliyyətinin başqa məqsədləri də mövcuddur. Bunun ən bariz nümunəsi isə insan hüquqları və demokratiya devizi altında yürüdülən birbaşa müdaxiləçilikdir. Fransalı tədqiqatçı Mark Antuan Pöruz dö Monklonun araşdırmasına görə, Gürcüstan, Ukrayna və Qırğızıstan kimi ölkələrdə baş verən inqilabların aparıcı qüvvəsi məhz beynəlxalq QHT-lər olub. Bir çox analitiklər həmçinin “ərəb baharının” da eyni şəkildə beynəlxalq QHT-lərin fəaliyyəti sayəsində baş verdiyini ifadə edirlər. Tədqiqatçılara görə, hələ 2007-2008-ci ildən başlayaraq, Azadlıq Evi, Beynəlxalq Respublikaçılar İnstitutu kimi amerikan QHT-ləri bloqqerlərə, hərəkat liderlərinə konfranslar, treninqlər təşkil edərək inqilaba hazırlıq işləri görürdülər.
Bu yazılanlar onu deməyə əsas verir ki, beynəlxalq QHT-lər kənardan seyr edincə müstəqil fəaliyyət göstərən neytral, milli müstəvidə aid olduğu dövlətin maraqlarını yerinə yetirən, beynəlxalq müstəvidə isə digər ölkələrin dövlətlərinin maraqlarına zidd hərəkət edən təşkilat funksiyalarını yerinə yetirirlər.





 
Müəllifin son yazıları

17.03.2015 Konfliktlərin həllində QHT-lərin yeri və rolu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10523

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib
4 “Özümü qərib ölkədə hiss etmədim”
5 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info