“Ölkədə təhsil alan gənclərin ən savadlıları xanımlardır”
Tarix: 26.05.2014 | Saat: 20:21:00 | E-mail | Çapa göndər


Esmira Babayeva: “Araşdırsaq görərik ki, xaricə təhsil almağa gedənlərin çoxu oğlanlardır”

Bu gün Azərbaycan gəncliyi öz inkişafının pik nöqtəsinə çatır desək, yanılmarıq. Artıq beynəlxalq aləmdə Azərbaycanla hesablaşan böyük dövlətlərdə ali təhsil alan tələbələrimizin sayının xeyli artması ölkəmiz üçün bir sıra məsələlərdə geniş imkanlar açır. Onlar hazır kadrlar kimi ölkəyə dönür, inkişaf etmiş ölkələrdə öyrəndiklərini vətənlərində tətbiq etməyə başlayırlar. Azərbaycanın gələcəyi olan bu gənclərin xaricdə təhsilə böyük maraq göstərməsinin isə bir özəl səbəbləri var. Bunlar barədə dəfələrlə oxucularımız üçün müsahibələrdə söz açmışıq. Bəs, görəsən xaricdə təhsil almaq istəyən gənclərimizin hansı istəyi, marağı və ya özəl səbəbləri var?
Bu barədə ölkədən kənarda təhsilini davam etdirmək istəyən aktiv tələbələrimizdən biri ilə söhbət etmişik. Bu fəal xanım tələbəmizlə olan müsahibəni oxuculara təqdim edirik.
- Özünüz barədə məlumat verərdiniz.
Mən Babayeva Esmira 1993-cü ildə Ağstafa rayonunda anadan olmuşam. 2000-ci ildə Ağstafa rayon Yenigün kənd orta məktəbində təhsilimə başlamışam. 2006-cı ildə imtahan verərək, Ağstafa şəhər Texniki-humanitar təmayüllü liseyə qəbul oldum. Texniki fənlərə daha çox maraq göstərmişəm. Bir neçə dəfə fizikadan olimpiadalarda iştirak etmişəm. Liseyi yaxşı qiymətlərlə bitirdim və 2011-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Mexanikləşdirmə və İnformasiya Texnologiyaları fakültəsinə qəbul oldum. Hazırda Proseslerin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə 3-cü kursda oxuyuram. Universitetimizin bir çox tələbəsi kimi mən də bu ali təhsil ocağının ictimai həyatında aktiv iştirak edirəm. 2012-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbə və magistrlərinin elmi konfransında fizika fənnindən iştirak etmişəm. Bu konfransda nailiyyətimə görə birinci dərəcəli diplomla mükafatlandırıldım.
- Universitetinizdə təhsilin səviyyəsi siz qane edirmi?
- Bəli, qane edir. Universitetimiz ölkəmizdə olan ali təhsil ocaqları arasında ön sıralarda durur desəm, yanılmaram. Universitetimizin bir çox Avropa ölkələri ilə də əməkdaşlıq müqavilələri var. Universitetdə müəllimlərin də səviyyəsi biz tələbələri qane edir. Rektorumuz Gülçöhrə Məmmədova ilə sözün həqiqi mənasında fəxr edə bilərik. O, professor, Əməkdar memar, “Akademik Palma” ordeni kavaleri, Beynəlxalq Elmlər Akademiyasının Şərqi Avropa bölməsinin, şərq ölkələri Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvüdür, həmçinin, “Şöhrət” ordeni ilə də təltif edilmiş bir ziyalıdır. Belə bir insanın ali təhsil ocağına rəhbərlik etməsi sevindirici haldır və görünür bu səbəbdəndir ki, o daim tələbələri ilə ünsiyyətdədir, problemlərimizi dinləyir. Rektorumuz bu yaxınlarda Türkiyədə səfərdə oldu. Bu səfər zamanı Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə İstanbul Texnik Universiteti arasında ikitərəfli əməkdaşlıq müqaviləsi də imzalandı. Yəni qısası, bizim universitet ilbəil inkişaf edir. Universitetimizdə təhsil günü-gündən daha da yüksək səviyyəyə qalxır və bu da abituriyentlərimiz və əcnəbi gənclərin, universitetlərin diqqətini özünə cəlb edir. Bundan başqa, universitetimiz təkcə təhsil işləri ilə deyil, səliqə-sahman və görünüşünə görə də dəyişir. Bu yaxınlarda təmir işləri də aparılıb və bu da təbii ki universitetə ayaq qoyan tələbələrin ürəyincədir. İnanıram ki, yaxın gələcəkdə AzMİU daha da irəli gedəcək.
-Universitetinizin inkişafından danışdınız. Bəs özünüz necə, universitetinizin ictimai həyatında fəal iştirak edirsinizmi?
- Yuxarıda qeyd etdiyim konfransda iştirakçı olmuşam. Bundan başqa universitetimizin ictimai həyatında aktiv olmağa da çalışıram. Universitetimizin Tələbə Həmkarlar İttifaqının fəal üzvüyəm. Fəal tələbələrimizdən olan, Tələbə Həmkarlar İttifaqı Komitəsinin(THİK) sədr müavini, İnşaat mühəndisliyi fakültəsinin tələbəsi Şıxəmmədov Rafael ilə birgə işlərimiz də olur. Biz tələbələrimizin də dəstək və iştirakı ilə əlillər, kimsəsiz uşaqlar, Qocalar evini vaxtaşırı ziyarət edirik. THİK-nın dəstəyi ilə maddi durumu zəif olan tələbələrə müəyyən köməkliklər də olur. Bunlar arasında təqaüdün artırılması, təhsilhaqqı ödənişində kömək və universitetin maddi yardım fondundan tələbəyə dəstək də var. Görünür bu aktivlik səbəbindəndir ki, artıq öz bacarıq və potensilımı məhdud çərçivədə ortaya qoymaq istəmir, bir qədər geniş meydana çıxmaq istəyirəm və bu xüsusda xaricdə oxumağa maraq yaranıb.
-Xaricdə təhsil almaq marağı sizdə haradan yaranıb? Bu işdə sizə xaricdə təhsil alan gənclərimiz stimul olurlarmı?
- Əlbəttə, onların fəaliyyəti ən yaxşı stimuldur. Ətrafımda bir çox fəal tələbələr, magistrlər var. Eləcə də, xaricdə təhsil alan tələbələrlə də əlaqələrim var. Onlarla təhsil mövzusunda çoxlu maraqlı söhbətlərimiz olur. Xaricdə təhsil alan yaxınlarıma baxdıqca, başqa bir ölkədə təhsil almağa məndə də həvəs yaranır. Həmçinin, son dövrlərdə sizin portalınız vasitəsilə yayaımlanan xüsusi müsahibələri də oxuduqca, onların fəaliyyəti ilə yaxından maraqlandıqca, məndə olan həvəs birə-beş artır. Hazırda bakalavr təhsilindəyəm və 3-cü kursda oxuyuram. Çalışacağam magistraturaya da qəbul olum. Magistraturanı AzMİU-da oxumaq istəyərdim. Daha sonra isə Türkiyədə təhsilimi davam etdirmək kimi planlarım var.
-Bir tələbə kimi fikirlərinizi bilmək maraqlı olardı. Gənclərimiz onlar üçün ölkədə yaradılmış imkanlardan maksimal dərəcədə faydalanırlarmı?
-Çox vacib bir məqama toxundunuz. Əslində bu imkanlardan yararlanmırlar. Gəlin prosesləri diqqətlə araşdıraq. Son on ildə dövlət biz gənclər üçün nə qədər imkanlar açıb. Bunlar arasından idman sahəsindən tutmuş, təhsil, iş imkanları, siyasi proseslərə qatılmaq üçün geniş arena və s. qeyd edə bilərik. Məni isə hazırda idman və ya siyasi məsələlər deyil, konkret olaraq xaricdə təhsil almaq maraqlandırır. Bu mənada gənclərimiz üçün yaradılmış imkanlara baxanda, bundan maksimal dərəcədə yararlanmadığımız qənaətindəyəm. İndi çox az ölkələr var ki, dövlət öz hesabına gəncləri başqa ölkələrdə oxumağa göndərir. Belə bir şəraitin olduğu halda, hələ də bir çox gənclərimizin oyun zallarında, kafelərdə vaxt keçirib, öz potensiallarından istifadə etməmələrini görmək təsiredicidir. Hər şeyi dövlət etməməlidir. İmkan açır, şərait üçün konkret işlər görür, qalır gənclərin özlərinə ki, addım atsınlar. Daha dövlət gedib onları parklardan, oyun zallarından və ya başqa əyləncə yerlərindən məcburi qaydada çıxarıb gətirən deyil. Amma vəziyyət faiciəvi hal da almayıb. Əksinə, son illərdə inanılmaz dərəcədə xaricdə təhsil almağa gedən gənclər ordusu yaranıb. Bir sözlə, məşhur bir el deyimi ilə desək “Hər kəs özünə edir, nə edirsə...”. Bu imkanlardan yararlananlar oxuyub, gələcəyini qurur, tənbəllik edən və ya elmə maraq göstərməyib, vaxt keçirənlər isə gələcəkdə çox güman ki, potensiallarını ortaya qoymadıqları üçün peşman olacaqlar. Ölkə başçısı da bu işdə çox həssas davranır. O da bu məsələləri diqqətdə saxlayır. Təkcə son günlərdə yaşanan bir maraqlı məqamı misal kimi deyim. Vyetnama səfər edərkən, Prezident orada çıxışı zamanı belə bir təkliflə qarşı tərəfin diqqətini çəkdi ki, hələ sovet dönəmində Vyetnamdan Bakıya xeyli tələbələr gəlirdi və onlar burada təhsil alıb, öz ölkələri üçün savadlı kadr kimi yetişirdilər. Eləcə də bizdən Vyetnama hazır azərbaycanlı kadrlar da gedirdilər. Bu ənənəni bərpa etmək lazımdır və universitetlər arasında əməkdaşlıq inkişaf etdirilməli, gənclərimiz burada təhsil almalı, eləcə də əksinə. Bütün bunları ona görə qeyd etdim ki, əksər dövlət başçıları bu tip məsələləri nazirlərinin, məmurlarının öhdəsinə buraxdığı halda Prezident İlham Əliyev bu həssas sahəni öz diqqətində saxlayır. Təbii ki, belə olan halda biz gənclər də sevinirik. Əminəm ki, hələki kənardan izlədiyim bu, xaricdə təhsil alan gənclər bir neçə il sonra Azərbaycan üçün çox vacib, savadlı kadrlar kimi fəaliyyət göstərəcəklər.
-Sosial şəbəkələrdə də aktivsiniz. Sizin təhsil aldığınız sahəyə aidiyyəti olduğu üçün sosial şəbəkələrin gənclərimizin həyatında oynadığı rol barədə də söz açardınız.
-Bəli, bu belədir, mən də bir çox gənclər kimi sosial şəbəkələrdə aktivlik göstərirəm. Biz bəzən gənclərimizin çoxunun sosial şəbəkələrə aludə olmağından şikayətlənirik. Amma unutmayaq ki, bizdə sosial şəbəkələr son 6-7 ildə aktiv şəkildə istifadə olunur. Avropa, Amerika artıq bu aktivliyi bizdən əvvəl göstəriblər. Bunun bir sıra müsbət cəhətləri var. Sadəcə olaraq sosial şəbəkələrdə çox vaxt keçirmək lazım deyil. Biz bunu problem olaraq araşdırmalıyıq, bundan istifadə etməni pisləməli deyilik. Təsəvvür edin ki, illər öncə ispan dilini bilən hər hansı bir amerikalı gənc sosial şəbəkələr vasitəsilə xeyli ispaniyalı gənclə əlaqələr qurub öz mədəniyyətini, xalqını, dövlətini təbliğ edib, onlarda real təsəvvür yaradanda, biz bu virtual həyadan kənar idik. Zənnimcə, biz də burada aktiv olmalı və öz problemlərimizi düzgün formada sosial şəbəkələrə daşıyıb, aktiv fəaliyyət göstərməliyik. Məsələn, tələbələrin ayrıca bir sosial şəbəkədə birləşib səhifələr yaratması və ya “Facebook” vasitəsilə hansısa tədbir təşkil etməsinin nəyi pisdir? Dəfələrlə olub ki, tələbələr sosial şəbəkələrdə kitab təqdimatlarının olduğunu görüb, dəvətli olub, gedib imzalı kitablar əldə ediblər. Qısası, sosial şəbəkələr həyatımıza daxil olub, sadəcə olaraq kimisi onu mənfi istiqamətə yönləndirib, kimisi isə öz maraq və məqsədləri üçün yönləndirib.
-Bəs, siz xaricdə təhsil almaq imkanlarından yararlana bilməsəniz, hansı planlarınız olacaq?
-Düzü, gənclər plan qurmurlar. Yəni, biz çox vaxt sonranı düşünmürük. Bunu müdriklər edir ki, bu da yaşlaşdıqca mümkün olur. Sadəcə biz ya xəyal qururuq, ya da bu xəyalı reallaşdırmaq üçün müəyyən cəhdlər edirik. Hələlik isə xaricdə təhsil almaq mənim üçün xəyal olaraq qalır. Bir təəssüfedici hal da hələlik bizdə qalır ki, bu da xanımlarımızın dar çərçivədə saxlanmasıdır. Biz bu kompleksləri yarıb, keçməliyik. Bəlkə də araşdırsanız görərsiniz ki, xaricə təhsil almağa gedənlərin çoxu oğlanlardır. Halbuki əminəm ki, ölkədə təhsil alan gənclərin ən savadlıları xanımlardırlar. Bunu orta məktəbdə də görmüşəm, ali məktəbdə də. Deməyim odur ki, belə olan halda əla oxuyan xanımlarımızın çoxunu xaricdə deyil, elə öz ölkəmizdə görürük. Görünür, bu da bayaq qeyd etdiyim bəzi komplekslər və ya valideyn nəzarətinin həddindən artıq ciddi olmasından irəli gəlir. Əslində mən də onun tərəfdarıyam ki, nadir xalqlarda olan valideyn istiqanlılığı, qayğısının bizdə daha çox olması qalsın, yaşasın. Amma bəzən risk etməyə, gənci nəzarətindən bir qədər kənar buraxmağa dəyər. Axı, bu sərbəstlik sonda onun gələcəyini parlaq edəcək. Gəncləri lazımsız, əyləncəli, təhlükəli işlərin ardı ilə göndərmirik. Konkretləşdirsəm fikrimi, əgər xaricdə təhsil almaq istəyim baş tutmasa, yenə də ölkəmizdə aktiv həyata qatılmağı, öz sahəm üzrə İnformasiya Texnologiyaları Nazirliyində çalışmağı düşünürəm.
-Sonda bizə arzu və ya təklifiniz varmı?
-Əgər bir neçə il əvvəl hər hansı bir tələbədən soruşsaydın ki, sən mətbuata müsahibə verərsənmi? O, bunu zarafat kimi anlayardı. Artıq indi gənclərimiz də mətbuata daşınır, tələbələrimizin fəaliyyətləri ilə maraqlanırsınız. Bu çox əladır. Əvvəllər medianı zəbt etmiş lazımsız şou məlumatları və ya yalan siyasi xəbərləri daha maraqlı sosial- iqtisadi məlumatlar və ya müsahibələr əvəzləyir. Bu mənada, bu işdə deyərdim ki, bir ilkə imza atan kollektivinizə dərin təşəkkürümü bildirirəm və işlərinizdə uğurlar arzu edirəm. Bir tələbə kimi isə hələlik təklifim yoxdur.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info