“Mən hər zaman atamın və babamın şəxsiyyəti ilə qürur duymuşam”
Tarix: 26.05.2014 | Saat: 23:16:00 | E-mail | Çapa göndər


Müsahibimiz Abdulla Şaiqin ev muzeyinin direktoru, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət xadimi Ülkər
Talıbzadədir:


-Ülkər xanım, Abdulla Şaiqin ev muzeyinin bugünkü fəaliyyəti, eksponatların vəziyyəti və yeni eksponatların araşdırılması hansı mərhələdədir?
- Bizim muzeyimiz 1990-cı ilin dekabr ayında Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunub. 1991-ci ilin yanvar ayında isə yaranıb. Abdulla Şaiqin oğlu akademik Kamal Talıbzadənin səyləri nəticəsində bu muzey yaradıldı. Ancaq on il ərzində burada ekspozisiya olmayıb. Müəyyən səbəblərə görə ekspozisiya açıla bilmirdi. Ancaq 2001-ci ildə Heydər Əliyevin qərarı ilə Abdulla Şaiqin 120 illik yubileyi təntənəli surətdə keçirildi. Qərardan sonra yubiley ərəfəsində Mədəniyyət Nazirliyinin göstərişi ilə xüsusi qrup yaradıldı və bizim ekspozisiyamız açıldı.
Hal-hazırda səkkiz minə yaxın eksponatımız var. Muzey yarananda Kamal müəllim Abdulla Şaiqin evdə olan xatirə əşyalarını, əlyazmalarını, kitablarını, bundan başqa müəyyən əşyalarını Nizami adına Ədəbiyyat Muzeyinə verdi. Oradan bəzi əşyaları, kitabları, əlyazmaları muzeyə geri verdilər. Əlyazmalar İnstitutundan da bəzi sənədlər və əlyazmalar bizə verildi. Bunlar muzeyə daxil olan ilk eksponatlardır. Daha sonra isə tədricən muzeyin fondu genişləndi. Kamal müəllim daima axtarışda idi. O, Abdulla Şaiqə aid yeni eksponatları tapıb, fonda daxil edirdi. Hazırda bu proses davam edir. Kamal müəllim ömrünün son günlərinədək bu muzeyə rəhbərlik edib.
2006-cı ilin yanvar ayında Kamal müəllim dünyasını dəyişdi. Bildiyiniz kimi, bizim muzeydə Elmi Şura fəaliyyət göstərir. Elmi Şuranın növbəti iclasında Kamal müəllimin Azərbaycanda gördüyü işləri, onun elmi fəaliyyətini, yaradıcı fəaliyyətini, muzey sahəsində gördüyü işləri, onun zəngin irsini nəzərə alaraq, biz muzeydə Kamal müəllimin ayrıca guşəsini yaratmağa qərar verdik. Ona aid olan bütün şəxsi eksponatları Abdulla Şaiqin mənzil muzeyində topladıq. Elmi Şuranın bu qərarını məktubla birlikdə Mədəniyyət və Turizm Nazirliyinə bildirdik. Onların razılığı ilə burada rəsmi şəkildə Kamal Talıbzadənin guşəsi açıldı. Kamal müəllimin arxivində Abdulla Şaiqə aid bir çox materiallar var idi. O, hamısını muzeyə verməyib. Biz tədricən Kamal müəllimin şəxsi əşyalarını, kitablarını muzeyə gətirib fonda daxil etdik. Həmçinin, əlyazmalarını, çap olunmuş əsərlərini, qəzet və jurnalları tədricən muzeyimizin fonduna daxil edirik və bu eksponatlarla da ekspozisiyanı zənginləşdiririk.
- Abdulla Şaiqin üzə çıxmayan ya da çap olunmayan əsərləri
varmı?

- Kamal müəllim Abdulla Şaiq irsinin ən gözəl tədqiqatçılarından və davamçılarından idi. Abdulla Şaiqin çap olunan əsərlərinin tərtibatçısı Kamal müəllim olub. Bildiyiniz kimi, Sovet dövründə müəyyən qadağalar, şərtlər var idi. Ona görə də Abdulla Şaiqin bir çox əsərlərini nəşrə hazırlayanda Kamal müəllim onları ixtisar edib. Hətta, özü deyib ki, mən atamın əsərlərini şikəst etdim. O, bu mövzuda dəfələrlə mətbuatda çıxış edib. Abdulla Şaiq Novruz bayramı ilə bağlı xatirələrində bir hissə var. Bu hissədə Kamal müəllim müəyyən ixtisarlar apardı. Çünki Kamal müəllim həmin xatirələri nəşrə təqdim edəndə nəşriyyatda Bədii Şurada ona dedilər ki, siz bu hissələri düzəltməlisiniz. Yoxsa, nəşr olunmayacaq.
Hazırda Abdulla Şaiqin mənzil muzeyinin fondunda xatirələrinin ixtisar olunmayan variantı var. Bu xatirələr “Xatirələrim” adı ilə iki dəfə kitab şəklində, ancaq ixtisarla nəşr olunub. Hal-hazırda ədəbiyyatşünas alim, ədəbiyyat üzrə fəlsəfə doktoru, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi Arzu Hacıyeva Abdulla Şaiqin bədii yaradıcılığı ilə bağlı doktorluq mövzusu üzərində çalışır. Abdulla Şaiqin əlyazmaları əsasında “Xatirələrim” əsərini və onların nəşr olunmayan hissələrini işləyir. Mən ümidvaram ki, gələcəkdə “Xatirələrim” əsəri ixtisar olmadan, olduğu kimi nəşr olunsun. Bu Kamal müəllimin də arzusu olub.
Abdulla Şaiq təkcə yazıçı və dramaturq olmayıb. O, həm də alim olub. Onun Azərbaycan dilinin tədqiqinə həsr edilən əsərləri var. Bu əsərlərin əlyazmaları bizim fonddadır. Bunlar tədqiq edilməyib. Arzu xanım onları araşdıracaq. Əlbəttə, onların əhəmiyyəti olub. Niyə? Çünki Abdulla Şaiqin dərs dediyi dövrdə dərsliklər yox idi. O, bir pedaqoq kimi həm ədəbiyyat tarixindən dərsliklər, Hüseyn Cavidlə birlikdə yazdığı “Ədəbiyyat dərsləri”, “Gülzar”, “Uşaq gözlüyü”, “Ədəbiyyat müntəxəbatı” kimi bir neçə dərsliklər tərtib edirdi. Eyni zamanda Azərbaycan dilini tədqiq edirdi. Uşaqlara Azərbaycan dilini öyrətmək məqsədilə belə tədqiqatlar aparırdı və bu tədqiqatlar əsasında da uşaqlara dərs keçirdi. Azərbaycan dilinə həsr edilən üç tədqiqat əsəri hal-hazırda bizim muzeydə qorunur. Arzu xanım onları da tədqiq edir. İmkan olsa, biz çalışacağıq ki, həmin dərslikləri də izahatlarla nəşr etdirək.
Bizim fondumuzda Abdulla Şaiqin ailə üzvlərinə yazdığı şeirləri və bəzi kiçik əsərləri də var. Bir də onun yazdığı “Qara Altun” adlı irihəcmli povesti də var. Onu AMEA-nın Əlyazmaları İnstitutunun elmi işçisi Arif Ramazanov ərəb əlifbasından latın qrafikasına tərcümə edib. Bu əsəri də yaxın zamanlarda nəşr etdirməyə çalışacağıq. Bu Abdulla Şaiqin nəşr edilməyən əsəridir.
Abdulla Şaiqin seçilmiş əsərləri latın qrafikası ilə üç cilddə nəşr olunub. Demək olar ki, onun ən gözəl uşaq ədəbiyyatına aid olan və tərbiyəvi əhəmiyyət daşıyan hekayələri, şeirləri, təmsilləri bu kitabda toplanıb.
Bundan başqa, Abdulla Şaiqin özünün yazdığı dərsliklər də nəşr olunmalıdır. Bəlkə də Abdulla Şaiqin yazdığı dərsliklər bədii əsər kimi nəşr olunsa, müəllimlər dərsliklərə müraciət edə bilərlər. Əlbəttə ki, biz bu əsərləri dərslik kimi deyil, Abdulla Şaiqin orijinal əsəri kimi nəşr edəcəyik.
- Gənc ədəbiyyatçılar, universitet tələbələri Abdulla Şaiqin mənzil muzeyini ziyarət edib hansısa tədqiqat işləri aparmaq fikrində olublarmı?
- Bəli. Bu hallarla çox qarşılaşıram. Bura tez-tez gəlirlər. Bu yaxınlarda buraya filoloqlar da gəliblər. Kamal müəllimin dövründə buraya Abdulla Şaiqin yaradıcılığı ilə bağlı magistr işi üçün, diplom işi üçün gəlirdilər. Bizim fondda olan kitablardan, yazılardan istifadə edirdilər. Mədəniyyət və İncəsənət Universitetinin, Turizm İnstitutunun tələbələri gəlib, burada iki-üç ay təcrübə keçirlər. Fondun materiallarından istifadə edərək, Abdulla Şaiqin mənzil muzeyi ilə bağlı, ekspozisiyası ilə bağlı diplom işi yazırlar. Biz onlar üçün çox geniş imkanlar yaradırıq. Çünki bu da Abdulla Şaiqin yaradıcılığının, şəxsiyyətinin təbliğatı ilə bağlıdır. Nə qədər çox gənc gəlib, burada olan geniş materialdan istifadə etsə, bir o qədər yaxşıdır.
- Muzey bələdçisi olaraq təhsil alan gənclər burada təcrübə keçmək üçün müraciət edirlərmi?
- Bəli. Neçə ildir ki, biz onlarla müqavilə bağlayırıq. Müqavilə əsasında İncəsənət Universitetinin və Turizm İnstitutunun tələbələri gəlirlər, muzeyimizin baş mühafizi Səidə xanım onlara xüsusi dərslər keçir, onlara mühazirələr oxuyur. Bu mühazirələrə onlar hazırlaşırlar, sonra kurs işləri istehsalat təcrübəsi dəftərləri təsdiqləyirik və onlara xasiyyətnamə veririk.
- Abdulla Şaiq nəslinin nümayəndəsi olaraq, bu şəcərənin Azərbaycan incəsənətində olan rolu haqqında nələr düşünürsünüz?
- Mən bu suala necə cavab verəcəyimə görə çətinlik çəkirəm. Çünki bu suala ancaq Azərbaycanın görkəmli ədibləri cavab verə bilər. Onu deyə bilərəm ki, Abdulla Şaiq Azərbaycan uşaq dramaturgiyasının banisi, Azərbaycan uşaq ədəbiyyatının klassiki, ədəbiyyatşünas alimdir. Kamal müəllim hər zaman təsirlənib deyərdi ki, Abdulla Şaiqi niyə uşaq yazıçısı kimi təqdim edirlər? Axı Abdulla Şaiq böyük türkçü idi. Hazırda ədəbiyyatşünaslar türkçü ədib kimi və türkçülüyün carçısı kimi də tədqiq edirlər. O, vətənpərvər ruhlu ədib olsa da, romantizm ruhunu da əsərlərində əks etdirirdi. Abdulla Şaiq özü də böyük bir nəslin nümayəndəsidir. O, Axundzadələr nəslindən olub. O vaxtı ziyalı nəsillər Axundzadələr adlandırılardı. Şaiqin atası həm Tiflisdə müəllim vəzifəsində çalışıb, həm də Zaqafqaziya Şeyxülislamının müavini olub. Abdulla Şaiq nəslinin nümayəndəsi oğlu Kamal Talıbzadə də Azərbaycanda görkəmli akademik, alim, mədəniyyət xadimi kimi tanınıb. Kamal müəllim Abdulla Şaiqin ev muzeyini yaratmaqla Azərbaycan incəsənətinə elə bir töhfə bəxş edib ki, bu gələcək nəsillər üçün dəyəri ölçülməyən bir töhfədir. Kamal müəllim hər zaman deyərdi ki, Abdulla Şaiqin şəxsi əşyaları az olsa da, mən istəmişəm ki, onun ev muzeyində şəxsiyyətini layiqincə təqdim edə bilim.
Bizim muzeyin xüsusiyyəti ondan ibarətdir ki, yarandığı gündən elmi fəaliyyətə böyük əhəmiyyət verir. Bu muzeydə fondun materialları əsasında bir-neçə kitab tərtib olunub. Biz də Kamal müəllimin qoyduğu ənənələri davam etdiririk.
Abdulla Şaiqin və Kamal Talıbzadənin nəinki, Azərbaycan incəsənətində, ələlxüsus, Azərbaycan xalqının böyük tarixində əvəzsiz izləri var. Mən hər zaman atamın və babamın şəxsiyyəti ilə qürur duymuşam.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info