“Azərbaycanda elmə dəstək olan mesenatlar siyahısında olmaq istəyirəm”
Tarix: 27.05.2014 | Saat: 23:53:00 | E-mail | Çapa göndər


“Palitra”nın xaricdə təhsil alan tələbələrə bağlı layihəsinin növbəti müsahibi Mərmərə Universitetinin İqtisadiyyat fakültəsinin tələbəsi İlahə Aslanlıdır :
-Mən 1992-ci ildə Bakı şəhərində anadan olmuşam. 1999-cu ildə Türk Dünyası Araşdırmaları Vəkfi Bakı Atatürk Liseyinə daxil oldum və 2010-cu ildə həmin məktəbdən məzun oldum. 2010-cu ilin may ayında YÖS imtahanı nəticəsində, bir neçə universitetə daxil olsam da, İzmir şəhəri 9 Eylül universitetinə daxil olub, ilk tələbə həyatıma da İzmirdə başlamışam. 1 il həmin universitetdə təhsil aldıqdan sonra İstanbul şəhərindəki Mərmərə universitetində təhsilimə yenidən başlamışam. Hazırda da həmin universitetin 3-cü kurs tələbəsiyəm. AzeDer dərnəyinin Mərmərə Universiteti üzrə koordinatoruyam. 1998-ci ildə M.L.Rostropoviç adına musiqi məktəbinə daxil olub, fortepiano sinfini bitirmişəm, eyni zamanda skripka dərsi almışam. Milli rəqs və tanqo rəqsi ilə məşğul oluram. 2011-ci ilin avqust ayında Azer-Türk Bankında staj keçmişəm, rus, ingilis, türk dillərini bilirəm. İngilis dili üzrə olimpiada birincisiyəm.
Bugünkü təhsil aldığım müəssisə mənə yeni bilgilər əldə etməkdə bir çox imkan yaradıb. Bunlardan gündəmdə olan dünyanın maliyyə böhranlarını analiz etmək imkanı vermişdir. Əlavə olaraq Azərbaycan iqtisadiyyatının dünya və Türkiyə iqtisadiyyatı ilə münasibətlərini öyrənmə və müqayisə etmə imkanı yaradıb.
- Xaricdə ali təhsil prosesinin çətin olduğu bildirilir. Sizcə bu nə dərəcədə doğrudur?
-Yəni yaxşı mənada, dərslərə, təhsilə diqqətlə yanaşılır. Mən buna çətinlik deməzdim. Dərslərə diqqətlə yanaşılması normal haldır ki, belə də olmalıdır. Təbii ki, məktəbdə gördüyümüz təhsil sistemindən sonra ali təhsil ocağında gördüyümüz təhsil bir-birindən fərqlidir və daha çox zəhmət tələb edir. Bunun çətinliyi ilk ali təhsil ilində daha çox hiss edilir, lakin sonradan öyrəşirsən. Yadıma gəlir ki, ilk dəfə universitetdə amfi görəndə qorxmuşdum, çünki belə böyük sinif ilk dəfə idi ki, görürdüm və tək qalacağım ağlıma gələndə, hürkmüşdüm. Çətinlik daha çox ailə himayəsindən uzaqda qalmaqdır. Çünki problemlərini özün həll etməyə, qərarlarını özün verməyə başlayırsan. Hər addımında ailən yanında olmur. Çətinlik məncə budur. Dərslərə diqqətlə yanaşılmasına görə də müəllimlərimizə təşəkkür borcluyuq. Bu cür diqqət kiçik şəhərlərdə daha çox görülür. Çünki tələbə sayı azdır və müəllimlər demək olar ki, bütün tələbələri tanıyırlar. Kiçik şəhərlərdə tələbələrin müəllimlərlə, hətta rektorlarla dialoqları möhkəm olur. Böyük şəhərlərdə isə bunun əksi görülür. Elə dərslər olur ki, tələbə sayının çoxluğundan dərslərə ayaq üstə qulaq asırlar. Amma bütün bunlara baxmayaraq oxumaq istəyən tələbə, hər yerdə oxuyur. Hər bir çətinliyin öhdəsindən gəlir. Müəllimlərin də əksəriyyəti əlindən gələni edir. Hətta bəzən ayrıca vaxt ayırıb bizimlə maraqlanırlar və müvəffəqiyyətimizə yardımçı olurlar.
- Orada təhsil alan azərbaycanlı tələbələrlə əlaqələriniz necədir?
- Başqa ölkədə insanın nə qədər dost tanışı olursa-olsun, öz həmyerlisinə hər zaman ehtiyacı olur. Onun yoxluğu hiss edilir. Yeni gələndə daha çox Azərbaycandakı dostlarımla əlaqə saxlayırdım . Yeni tanışlıqlara açıq bir insan deyildim. İndi isə tanıdığım bütün azərbaycanlı tələbələrlə əlaqəm var. Ən çox da Mərmərə Universiteti tələbələri ilədir, hətta başqa şəhərlərdə oxuyan dostlarım da var. Əvvəllər az-az görüşsək də indi daha mehribanıq və aramızdan bəzilərimiz çox yaxın dost da olmuşuq. Təmsilçi olduğum üçün tələbələrlə daha çox əlaqə saxlayıram. Tanımadıqlarım və yeni gələn tələbələrlə tanış olub, digərləriylə tanış etməyə çalışıram. Tez- tez görüşlər təşkil edirik. Bir-birimizə dəstək və yardımçı olmağa çalışırıq. Təmsilçi olmağım üzərimə tələbələrlə əlaqə saxlamaq, maraqlanmaq kimi daha çox məsuliyyət qoyur. İlk gəldiyim il özüm bu mövzuda çətinlik çəkişdim. Çox tək qaldığım olmuşdu. Sosial şəbəkələrdə azərbaycanlı tələbələri bir arada gördükcə, darıxırdım, qaynayıb qarışa bilmirdim. Ona görə yeni gələn tələbələrin eyni hissləri yaşamağını istəmirəm. Təbii ki, hami bir-birini sevmək, ünsiyyətdə olub, dost olmaq məcburiyyətində deyil. Amma unutmamalıyıq ki, biz Vətəndən kənardayıq, birlik olmalıyıq və bir-birimizə ancaq özümüz kömək və dayaq ola bilərik.
-Azərbaycanlı tələbə olaraq orada ölkəmizin tanıdılması istiqamətində hansı addımlar atırsınız?
- Mənə elə gəlir ki, insan harada olursa-olsun özünü, ailəsini və millətini ilk növbədə, öz mədəniyyəti ilə təmsil edir. Tanıtmağa gəldikdə isə əlimizə düşən hər fürsəti dəyərləndirməyə çalışırıq. Müxtəlif yarışmalar, konfranslar, tədbirlər, sərgilərdə iştirak edirik. Türkiyənin TRT Avaz kanalında yayımlanan "Anne Ben Türkiyedeyim" yarışmasının iştirakçısı olmuşam. Bu yarışmada türk dövlətləri öz ölkələrini təmsil edib, tanıdırdılar. Bundan əlavə türkiyəli və xarici yoldaşlarımıza öz ölkəmizin tarixi, mədəniyyəti, mətbəxi haqqında danışırıq. Azərbaycandan hər gəlişimdə mətbəximizin, gətirməyə əlverişli olan nemətlərindən gətirib xarici və türkiyəli yoldaşlarımı qonaq edirəm və ya dostlarımızdan kiminsə evində yığışıb milli yeməklərimizdən bişiririk, onların da bu gözəl nemətlərdən az da olsa dadmalarına səbəb oluruq. Sosial şəbəkələrdə Azərbaycanın mühüm günləri, musiqisi, tarixi, ədəbiyyatı haqqında paylaşımlar etməyə çalışırıq. Burada bizi çox sevir və hörmətlə yanaşırlar. Təbii ki, bizim üçün ən önəmli mövzu erməni işğalı altında olan torpaqlarımızın Azərbaycanın əzəli torpaqları olduğunu, erməni soyqırımı haqqında məlumatları düzgün şəkildə türkiyəli və xarici yoldaşlarımıza çatdırmaqdır. Bunun üçün də müxtəlif sərgilərdə, toplantılarda iştirak edir, dostlarımızı da dəvət edirik. İnanıram ki, bir gün bu həqiqəti bütün dünya qəbul edəcək və bir gün işğal olunan torpaqlarımızı qaytarıb, o torpaqlarda biz də öz xarici yoldaşlarımızı qonaq edəcəyik.
Hazırda təmsilçisi olduğum dərnək, böyük bir diasporun başlanğıcıdır və yarandığı gündən bu günə qədər 1 il keçməsinə baxmayaraq böyük uğurlara və nailiyyətlərə imza atıb. Azərbaycanla bağlı hər bir gün tədbirlər təşkil edilir və Azərbaycanın adı müvəffəqiyyətlə təmsil edilir. Türkiyənin bir çox şəhərində bu dərnəyin təmsilçiləri var. İnanıram ki, gələcəkdə daha böyük və uğurlu işlər görəcəyik.
- Gələcəkdə təhsilinizi davam etdirmək niyyətiniz varmı. Çalışmaq üçün hansı ölkəni seçmək niyyətindəsiniz?
- Türkiyədə təhsil alan xarici tələbələr arasında Azərbaycanın adı ilk üçlükdə hallanır. Bu, böyük uğurumuzun göstəricisidir. Eyni zamanda Azərbaycandakı təhsil səviyyəsinin göstəricisidir. Çünki təməlimizə dayanaraq, gələcəyə yol çəkirik. Azərbaycanın dövlət başçısı, Prezident İlham Əliyevin uğurlu gənclər siyasəti nəticəsində bu gün təkcə Türkiyədə yox, dünyanın ən görkəmli və tanınmış təhsil ocaqlarında azərbaycanlı tələbələrin sayı gün-gündən artır və Azərbaycanın fəxrinə çevrilirlər. Bu da Azərbaycanın uğurlu bir gələcəyi olduğunun göstəricisidir.
Gələcəklə bağlı planlarım çox qarışıqdır. Təbii ki, təhsilimi davam etdirmək istəyirəm. Yaxud Türkiyədə ya da Avropada magistr təhsili almaq istəyirəm. Amma hələ tam olaraq qərar verə bilməmişəm. Daha çox iki ölkə- Almaniya və ya İspaniya arasında qərarsızam. Ona görə də indidən ispan və alman dillərini özüm öyrənməyə çalışıram. Həm bildiyim dillərin sayını artırmaq, həm də indidən heç olmasa bir təməl atmağa çalışıram. Magistr təhsilimi başa vurduqdan sonra isə Azərbaycana qayıdıb, Vətənimə xidmət etmək istəyirəm. Amma harada oluramsa olum qismət olarsa Azərbaycana qayıdıb, arzumu yerinə yetirmək istəyirəm. 1-ci sinifdən 11-ci sinfə qədər oxuyub, məzun olduğum məktəbimin varlığını yaşatmaq üçün əlimdən gələn yardımı etmək arzusundayam və dünyanın harasına gedirəmsə gedim, Azərbaycanın adını uca tutmağa və fəxrlə təmsil etməyə çalışacağam.
- Siz eyni zamanda fortepiano sinfini bitirmisiniz və skripka təhsili almısınız. Hazırda bu sahədə fəaliyyətinizi davam etdirirsinizmi?
- Ümumiyyətlə, musiqiyə həvəs və sevgi ailəmdən irəli gəlir. Atam tar və saz çala bilir, anam və dayım vaxtilə akkordeon sinfi üzrə təhsil alıb, xalam kamança üzrə konservatoriyanı bitirib. Musiqi təhsilimə başlamağım planda yox idi. Həm yaşım həm də əllərim çox kiçik idi. Bir gün anam qardaşımı M.L. Rostropoviç adına musiqi məktəbinə qəbul imtahanına aparırdı. Mənim onda 5 yaşım vardı, mən də getmişdim. İmtahana girən uşaqları görüb həvəsləndim və özümü sınamaq istədim. Çünki kiçik yaşlarımdan musiqiyə həvəsim var idi. Qəbul imtahanından keçdim və fortepiano sinfi üzrə təhsilimə başladım. Bir neçə il sonra isə paralel olaraq skripka təhsilimə başladım. Fortepiano sinfi üzrə diplom aldım, amma təəssüflər olsun ki, skripka təhsilimi tamamlaya bilmədim, çünki məktəb proqramım ağır idi və ali təhsilimi xaricdə almaq istəyirdim, bunun üçün daha ciddi hazırlaşmalı idim. İndi isə ancaq Bakıya tətilə gedəndə skripka və gitara çalışıram. Fortepianoya demək olar ki, çox nadir hallarda yaxınlaşıram. Amma heç birini unutmamışam. Xüsusilə də skripkanı. Ona qarşı xüsusi bir sevgim var. Qismət olsa saksafonda da özümü sınamaq istəyirəm. Çünki caz musiqisini çox sevirəm. İndinin özündə bəzən İstanbuldakı azərbaycanlı tələbələrlə bir araya gəlib gitara çalıb, Azərbaycan mahnılarını oxuyuruq və birlikdə keçirdiyimiz vaxtı daha maraqlı və əyləncəli hala gətiririk.
-İqtisadiyyat və musiqini götürdükdə hansına daha çox üstünlük verirsiniz?
- Hər nə qədər sənətim iqtisadiyyatla bağlı olsa da, gələcəyin iqtisadçısı olsam da musiqinin həyatımdakı yeri əvəzsizdir. Amma bir baxımdan musiqi təhsilimi davam etdirməmə və konservatoriyaya getməmə səbəbim gələcəyimi musiqidə görməməyim idi. Xaricdə musiqi təhsili almaq imkanım da var idi. Musiqi məktəbindən ayrılmaq mənim üçün çox çətin idi. Çünki musiqini və musiqi alətlərində ifa etməyi çox sevirdim və istedadım da var idi. İqtisadiyyat və musiqini götürdükdə isə musiqiyə daha çox üstünlük verirəm. Çünki musiqi mənim uşaqlığımdır, musiqi mənim bir parçamdır. İnsanın hər cür mənəvi vəziyyətinə uyğun musiqi var və musiqiyə hər zaman ehtiyac var.
-Xaricdə bir çox universitetlərdə təhsil prosesində istehsalata üstünlük verirlər. Sizin təhsil aldığınız universitetdə bu sistem necə qurulub?
- Hər bir universitetdə olduğu kimi mənim oxuduğum universitetdə bəzi fakültələrdə istehsalat məcburidir. Amma Maliyyə fakültəsi üçün təəssüf ki, məcburi deyil. Bu bizim öz seçimimizə qalıb. Məcburi olması əslində daha yaxşı olardı. Ən azından həm istehsalat üçün müraciətimizə cavabı uzun müddət gözləməzdik, həm istehsalat üçün müəssisələri tapmaqda çətinlik çəkməzdik. Həm də üzərimizdə məsuliyyət hiss edib biganə yanaşmazdıq. Buna baxmayaraq hələ ilk ali təhsil ilimdən sonra mən Azərbaycanın Azer- Turk Bankında 1 aylıq iş təcrübəsi görmüşəm. Bu təcrübə ilk təhsil ilindən sonra məni bu sənətə daha çox həvəsləndirmişdi. Düşünürəm ki, hər bir tələbəyə öz sənətini mənimsəmək üçün vacibdir.
- Siz bir gənc kadr kimi ölkə iqtisadiyyatının inkişafında rolunuzu necə görürsünüz?
- Azərbaycan çox zəngin iqtisadiyyata malikdir. Bu danılmaz bir haldır. Ölkəm çox böyük potensiala sahibdir. Bunu daha da irəli aparmaq və daha da zənginləşdirmək təbii ki, biz gənclərin boynundadır. Hazırda özümü iqtisadçı kimi hazır hiss etmirəm. Hələ öyrənəcəyim çox şey var. Gələcəyim, ölkəmin gələcəyi üçün çox çalışmalıyam. Amma inanıram ki, ali təhsilimi tam başa vurduqdan sonra özümə əmin bir şəkildə Vətənimə qayıdıb, əlimdən gələn hər bir şeyi əsirgəməyəcəyəm. Buna görə xaricdə təhsil alaraq, zəngin biliklərə sahib olub, qazandığım, öyrəndiyim bütün bilikləri Vətənimin xeyri və daha da inkişafı, müasirləşməsi üçün həsr edəcəyəm. Bu sənətə atdığım ilk addımdan bəri reallaşdırmaq istədiyim bir arzum var. Azərbaycanda təhsil almış olduğum liseyə, elmə, təhsilə dəstək olan mesenatlar siyahısında olmaq istəyirəm. Həmin məktəbi bitirib, xaricdə təhsil almaq istəyən gənclərə əlimdən gəldiyincə maddi və mənəvi yardım etmək arzumdur. Türk Dünyası Araşdırmaları Vəqfi, Bakı Atatürk Liseyi qurucusu, Turan Yazqanın davamçısı olmaq üçün əlimdən gələn hər şeyi etməyə hazıram. Azərbaycan iqtisadiyyatına insan sərmayəsi - ağıllı, bilikli, elmli insan sərmayəsi - qatmaq yəqin ki, başlanğıc planı üçün pis olmaz .
- Ümumiyyətlə, gənclər ölkəmizin inkişafına hansı töhfələri verə bilərlər?
- Çox gənc yaşda çox böyük uğurlar gazanmış, nailiyyətlər əldə etmiş gənclərimiz var. Biz bununla fəxr edirik. Gələcək, gənclərin əlindədir və hər bir gənc öz sənətinə düzgün yiyələnsə, Azərbaycanın gələcəyinin parlaqlığına şübhə ilə yanaşmaq mümkün olmaz. Azərbaycanın bütün sahələrdə yaxşı mütəxəssislərə ehtiyacı var. Bütün ixtisaslar üzrə təhsil alan tələbələrimizin Azərbaycana qayıdaraq sahələr üzrə əksikliklərin aradan qaldırılmasını təşkil etsinlər.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info